Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1606/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Kredit Reyestri Bürosu cəlb edilməklə Cavabdeh MMM Qeyri Bank Kredit Təşkilatına qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun silinməsi, borcun silinməsi barədə məktubun Azərbaycan Respublikası Kredit Reyestri Bürosuna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMM Qeyri Bank Kredit Təşkilatına qarşı “kredit müqaviləsinin ləğvi və kredit müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək edərək, tələbə əlavə olaraq maraqlı şəxs Azərbaycan Respublikası Kredit Reyestri Bürosu cəlb edilməklə borcun silinməsi barədə məktubun Azərbaycan Respublikası Kredit Reyestri Bürosuna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMM Qeyri Bank Kredit Təşkilatı ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlamaqla 4500 ABŞ dolları kredit götürmüş, lakin sonra baş vermiş devalivasiya nəticəsində müqavilə öhdəliklərini icra edə bilməmişdir. Öhdəliklərini hal-hazırda da icra edə bilmir. Həmçinin, adına sözügedən borc məbləği mövcud olduğundan başqa banklar kredit götürə bilmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələblərinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini əsas götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində “müqavilə azadlığı” və “subyektlərin iradə sərbəstliyi” prinsipləri nəzərdə tutulmuşdur. “Prinsip” sözü, “başlanğıc, rəhbər müddəa” anlamanı gəlməklə prinsiplərə zidd olunan müvafiq sahəvi və ya sahələrarası hüquq normaları etibarsız hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, müqavilənin ləğvi MM-in 421-ci maddəsinin tələbləri nəzərə alınmaqla, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda həyata keçirilə bilər. Yəni, müvafiq tələb üzrə subyektiv hüquq müqavilə şərtlərini icra etməyən tərəfə deyil, əks tərəfə, yəni, qarşı tərəfin müqavilə öhdəliklərinə əməl etməməsi səbəbindən hüquqları pozulan tərəfə aiddir. Müqavilə üzrə qanuni gözləntilərdən məhrum olan tərəf iddiaçı deyil, müqavilə üzrə qarşı tərəfdir. İşin hallarında görünür ki, müvafiq kredit müqaviləsi üzrə müqavilə tərəfi İddiaçı müqavilə üzrə öhdəsinə düşən vəzifələrə əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Mübahisə predmeti olan müqavilələr üzrə etibarsızlıq xüsusatları mübahisə mövzusu olmamış, həmçinin məhkəmənin özü tərəfindən etibarsızlığa dair əsaslı hallar müəyyən edilməmişdir. Məhkəmə qərar qəbul edərkən nəzərə alır ki, İddiaçı kredit müqaviləsi üzrə zamin qismində deyil, məhz əsas borclu qismində çıxış etmişdir. Əgər iddiaçı müqavilə üzrə zamin qismində çıxış etmiş olsaydı, o halda zaminliklə bağlı 2 illik kəsici müddətin ötürülməsi əsası ilə iddia tələbinin təmin edilməsi yolverilən ola bilərdi. İddia müddətinin ötürülməsi öhdəliyin xitamına səbəb olmamaqla sadəcə iddiaçı tərəfindən tələb etmə hüququnun itirilməsi ilə nəticələnir. Yəni, iddia müddəti ötürüldükdə iddiaçı tərəfindən tələbin məhkəmə qaydasında realizə edilərək təmin edilməsi mümkün hesab edilmir. Bunun əsası qismində qanunla imperativ qaydada müəyyənləşdirilmiş iddia müddətinin ötürülməsi çıxış edir. Lakin, icra edilməmiş öhdəlik qüvvədə qalmaqda davam edir. Çünki, öhdəliyə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsində (həmçinin müqavilə üzrə) konkret olaraq müəyyənləşdirilmişdir. Hazırki mülki iş üzrə kredit müqaviləsi üzrə əsas borclu və zamin tərəfindən öhdəliyin icra olunmaması və ya öhdəliyə xitam verilməməsi mülki işin mübahisəsiz halıdır. Bu səbəbdən, icra edilməmiş öhdəliyə görə iddia müddətinin keçməsi əsası ilə öhdəliyin xitamı və bu barədə vahid məlumat bazasında informasiyanın yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Kredit Reyestri Bürosunda saxlanılan məlumatlar data (informasiya) xarakterlidir, hər hansı əlavə öhdəliyin yaranması səbəb olmur. Hazırki mülki iş üzrə Azərbaycan Respublikası Kredit Reyestri Bürosunda iddiaçı barəsində mövcud olan məlumatlar həqiqidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Kredit Reyestri Bürosu cəlb edilməklə Cavabdeh MMM Qeyri Bank Kredit Təşkilatına qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun silinməsi, borcun silinməsi barədə məktubun Azərbaycan Respublikası Kredit Reyestri Bürosuna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1606/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1606/2024
23.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver