Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1674/2021 17.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh" MMC-yə qarşı “əmək haqqının və gecikdirilmiş günlərə görə faizlərin tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh" MMC-yə qarşı “əmək haqqının və gecikdirilmiş günlərə görə faizlərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2020-ci ilin: iyun əmək haqqından ödənilməmiş 350 manat + əmək haqqının gecikdirilmiş 205 günə görə 717,5 manat faiz məbləği; - iyul əmək haqqından ödənilməmiş 350 manat + əmək haqqının gecikdirilmiş 175 günə görə 612,5 manat faiz məbləği; sentyabr əmək haqqı üzrə ödənilməmiş 466 manat (boşdayanmaya görə əmək haqqının üçdə iki hissəsi) + əmək haqqının gecikdirilmiş 114 günə görə 532 manat faiz məbləği; oktyabr əmək haqqı üzrə ödənilməmiş 466 manat + əmək haqqının gecikdirilmiş 83 günə görə 387 manat faiz məbləği); - noyabr əmək haqqı üzrə ödənilməmiş 466 manat + əmək haqqının gecikdirilmiş 53 günə görə 247 manat faiz məbləği; - dekabr əmək haqqı üzrə ödənilməmiş 466 manat + əmək haqqının gecikdirilmiş 22 günə görə 102 manat faiz məbləği; - 2019-2020-ci iş ilimə görə istifadə edilməmiş əmək məzuniyyətinə görə 700 manat kompensasiya olmaqla, cəmi 5862 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh MMC Şirkətinə bir il müddətinə, aylıq 766,48 manat əmək haqqı olmaqla aşbaz vəzifəsinə işə qəbul edilmişdir. Şirkətlə aralarında yaranmış əmək münasibətlərinə dair əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilsə də, kağız üzərində əmək müqaviləsinə yalnız xx.xx.2020-ci il tarixində imza etdirmiş və üstəlik əmək müqaviləsinin nüsxəsini ona təqdim etməmişlər. xx.xx.2020-ci il tarixinə kimi hər gün işə çıxmış və gecikmələrlə olsa da əmək haqqımı almışdır. Lakin xx.xx.2020-ci il tarixində müdir kimi bildiyi Elçin istehsalatın dayandırıldığını bildirmiş, bundan sonra Bəxtiyar bütün personalı yığaraq bildirmişdir ki, Cavabdeh MMC istehsalatı qısa bir müddətə dayandırır. Dayanmağın səbəbi isə Şirkətin xidmət göstərdiyi “Crescent bay” tikinti şirkətinin borcunu ödəməməsidir. Bütün işçi personalı evə buraxılaraq iş başlayan kimi çağırılacaqları bildirilmişdir. xx.xx.2020-ci il tarixindən etibarən işsiz evdə oturmuş, iş axtarmamış, yalnız aşbaz olduğu Cavabdeh MMC-də istehsalatın bərpa olunmasını və işə qayıtmaq xəbərini gözləmişdir. xx.xx.2020-ci il tarixində tabe olduğu baş aşbaz Cəbrayılov Şəhriyar onun avadanlıqların daşındığı yerə dəvət etmiş və Şirkətin HR-i əmək müqaviləsinə imza etməsini xahiş etmişdir. Halbuki, Cavabdeh MMC-də xx.xx.2019-cu il tarixdən işləyir, amma əmək müqaviləsini xx.xx.2020-ci il tarixdə geri tarixə imzalatdırdılar. İmzalanmış əmək müqaviləsinin nüsxəsini ona təqdim etmədilər. Üstəlik işdən öz xahişi ilə çıxması barədə ərizə tərtib edərək imzalanmasını tələb etsələr də, imzalanmaqdan imtina etmişdir. Bundan sonra Cavabdeh MMC xx.xx.2020-ci il tarixli məktubla ona müraciət edərək xx.xx.2020-ci il tarixindən işə çıxmamasının səbəbi barədə məlumat verilməsini tələb etmiş, məktubun məqsədinin onu qanunsuz olaraq işdən çıxarılması olduğunu anlamışdır. Həmin məktuba xx.xx.2020-ci il tarixdə cavab verərək ətraflı, onların özlərinin də bildiyi həqiqətləri - işə işəgötürənin təqsiri üzündən yaranmış boşdayanma səbəbindən işə çıxmamasını, mütəmadi işə nə vaxt çıxacağı barədə məlumatları tələb etməsini qeyd etmiş və təkrar olaraq işə hansı tarixdən dönə biləcəyi və iş yeri olaraq hansı ünvana gəlməli olduğu barədə məlumat verilməsini, işəgötürənin təqsiri üzündən bütün boşdayanma müddətinə (xx.xx.2020-ci il tarixdən etibarən) maaşının üçdə iki hissəsinin ödənilməsini və aralarında bağlanmış əmək müqaviləsinin surətinin təqdim olunmasını xahiş etmişdir. Cavab məktubundan qanundan bir az anlayışının olduğunu anladığı üçün Şirkət xx.xx.2020-ci il tarixli yeni məktubla müraciət edərək xx.xx.2020-ci il tarixində müddətinin bitəcəyi üçün əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir. Lakin, həmin məktubdan sonra nə əmək müqaviləsinə xitam verilməsi barədə əmr, nə əmək kitabçasıı, nə də ki son haqq hesabı bugünə kimi verilməmişdir. İddia ərizəsinə əlavə etdiyi AFBank tərəfindən verilən hesabdan çıxarışdan göründüyü kimi, Cavabdeh MMC onun əmək haqqı hesabına gecikmələrlə olsa da, ödənişlər etmişdir: - Dekabr xx.xx.2019-ci il tarixində - 260.96 manat; - Yanvar xx.xx.2020-ci il tarixində - 700 manat; - Fevral xx.xx.2020-ci il tarixində - 700 manat (gecikmə 10 gün); - Mart xx.xx.2020-ci il tarixində - 700 manat (gecikmə 0 gün); - Aprel xx.xx.2020-ci il tarixində - 700 manat (gecikmə 7 gün); - May xx.xx.2020-ci il tarixində - 700 manat (gecikmə 4 gün); - İyun xx.xx.2020-ci il tarixində - 350 manat (gecikmə 17 gün və əmək haqqının qalan hissəsinin gecikməsi - 205 gün); iyul xx.xx.2020-ci il tarixində - 350 manat (gecikmə 19 gün və əmək haqqının qalan hissəsinin gecikməsi - 175 gün); - Avqust xx.xx.2020-ci il tarixində - 700 manat (gecikmə 09 gün); - Sentyabr - 0 manat (bugünə kimi 114 gün gecikmə və davam edir); - Oktyabr - 0 manat (bugünə kimi 83 gün gecikmə və davam edir); - Noyabr – 0 manat (bugünə kimi 53 gün gecikmə və davam edir); - Dekabr - 0 manat (bugünə kimi 22 gün gecikmə və davam edir). Qeyd olunan əmək haqqı gecikmələrindən əlavə, şirkət xx.xx.2020-ci il tarixində əmək müqaviləsinə xitam veribsə, bir il ərzində verilməyən əmək məzuniyyətinə görə son haqq-hesab olaraq kompensasiya da ödənilməlidi. Cavabdeh “Cavabdeh" MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin 4.6-cı bəndinə görə əmək haqqı növbəti ayın 10-dək ödənilir. Əmək Məcəlləsinin 172.1-ci maddəsinin tələbinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.2-ci maddəsinin tələbinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Belə olan halda müəyyən edilir ki, iddiaçıya 2020-ci ilin fevral, aprel və may aylarının əmək haqqının verilməsi zamanı heç bir gecikmə olmamışdır. İyun və iyul aylarının əmək haqqarının bir qismi avqust və sentyabr aylarında verilmişdir. Bu isə MMCyə sifarişçi tərəfindən ödənilməli olan məbləğin gecikdirilməsi ilə bağlı olmuşdur. Bu halı iddiaçı özü də iddia ərizəsində təsdiq edir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 2020-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylan üzrə iddiaçıya ümumiyyətlə əmək haqqı verilməmişdir. Belə ki, o, xx.xx.2020-ci i! tarixdən etibarən heç bir xəbərdarlıq etmədən işə gəlməmişdir. Bununla bağlı iddiaçının ünvanına xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə məktublar göndərilmiş, lakin, iddiaçı xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə göndərilən məktubları mənzilin qapısını açmamaqla qəbul etməmişdir. Əmək Məcəlləsinin 169-cu maddəsinin 1 və 2-ci bəndlərinin tələblərinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. İddiaçı iddia ərizəsində cavabdehin təqsiri üzündən boşdayanma olduğunu göstərsə də, bu barədə işəgötürənə və ya iş yeri üzrə rəhbərinə xəbərdarlıq etməmişdir. İşə çıxmadıqdan 4 ay sonra isə əsassız bir məktub göndərmişdir. İddia ərizəsində iddiaçı guva əmək kitabçasının və son haqq hesabın verilmədiyini bildirir. Halbuki, hazırki etiraza əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçı özü şəxsən xx.xx.2021-ci il tarixdə imza ataraq, əmək kitabçasının surətini almışdır. İddiaçının son haqq hesabı isə xx.xx.2020-ci i! tarixli əmrə əsasən onun bank hesabına köçürülmüşdür. Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdiirlməsinə dair ərizə verərək göstərmişdir ki, cavabdehin nümayəndəsinin bildirdiyinə görə, xx.xx.2020-ci il tarixində ödənilən 350 manat və xx.xx.2020-ci il tarixindəki 350 manat - iki hissədə ödənilən iyun ayının əmək haqqısı, xx.xx.2020-ci il tarixində ödənilən 700 manat iyul ayının əmək haqqısı olmuşdur. Beləliklə, iş materiallarına əlavə olunmuş “AFBank”ın əmək haqqı hesabından çıxarışdan və Cavabdehin vəkilinin izahatından aydın olur ki əmək haqqı iyun ayı üçün xx.xx.2020-ci tarixində 350 manat və xx.xx.2020- ci il tarixində 350 manat olmaqla 7 və 40 gün, iyul ayı üçün xx.xx.2020-ci tarixində 700 manat olmaqla 40 gün, avqust ayı üçün 182 gün, sentyabr ayı üçün 152 gün, oktyabr üçün 121 gün, noyabr ayı üçün 91 gün və dekabr ayı üçün 80 gün gecikdirilmişdir və amək haqqı ödənilməyən aylar üzrə gecikmə davam edir. 2019-2020-ci iş ilinə görə istifadə edilməmiş əmək məzuniyyətinə görə 700 manat kompensasiya xx.xx.2021-ci il tarixində ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdehdən iyun əmək haqqının gecikməsinə görə 329 manat faiz məbləği (7x47 gün), iyul əmək haqqının gecikməsinə görə 280 manat faiz məbləği (7x40 gün), sentyabr ayı üzrə üzrə ödənilməmiş 466 manat + əmək haqqının gecikdirilməsinə görə 708,32 manat faiz məbləği (4.66 x 152 gün), oktyabr ayı üzrə ödənilməmiş 466 manat + əmək haqqının gecikdirilməsinə görə 563,86 manat faiz məbləği (4.66x121 gün), noyabr ayı üzrə ödənilməmiş 466 manat + əmək haqqının gecikdirilməsinə görə 424,06 manat faiz məbləği (4.66x91 gün), dekabr ayı üzrə ödənilməmiş 466 manat + əmək haqqının gecikdirilmiş günlərə görə 372,8 manat faiz məbləği (4.66x80 gün) olmaqla, cəmi 4542,04 manat pulun tutularaq onun xeyrinə ödənilməsi və cavabdehin son haqq-hesabın gecikdirilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimə lənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, şirkət pandemiya dövründə xidmət göstərdiyi sahələrdən öz borclarını yığa bilmədiyindən və ümumiyyətlə sifarişlər azaldığından məcburi olaraq Bakı şəhərində faəliyyətini dayandırmağa məcbur olmuş və bu səbəbdəndə, iyul və avqust aylarının əmək haqqlarının ödənilməsində gecikmələr olmuş və həmin vaxt isə Qəbəblə şəhərində faəliyyətini hələ də, davam etdirdiyindən əməkdaşların bir qismini işləmək üçün ora ezam etmiş, iddiaçı isə Qəbələ şəhərinə getməkdən imtina etmiş və işə çıxmamışdır. Tərəflərindən dəfələrlə yazılı xəbərdarlıq göndərilməsinə baxmayaraq qapının bağlı olması səbəbəbindən həmin xəbərdarlıqların iddiaçıya çatıdırılması mümkün olmamış, iddiaçı işə çıxmadığı üçün də, sentyabr-dekabr ayları ərzində ona əmək haqqı ödənilməmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin bitməsinə az müddət qaldığından cavabdeh öz hüquqlarından istifadə edərək tərəflər arasında bağlanmış əmək müqaviləsinin bitmə müddətini gözləmiş və qanunvericiliyin müvafiq maddəsinə əsasən də, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. xx.xx.2021-ci il tarixdə keçirilmiş mhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin direktoru X5 izahaında göstərmişdir ki, pandemiya dövründə Bakı şəhərində fəaliyyətlərinii dayandırsalar da, Qəbələdə davam etdirmişlər. Könüllü şəkildə bəzi işçilər Qəbələ rayonuna ezam edilmişdir. Avqust-sentyabr aylarında layihə açılmadığına görə işçilərin əmək haqqlarını verə bilməmişdir. Həmin ərəfədə bəzi işçilər rayona ezam olunmağa razı olmadıqları üçün ərizə yazaraq işdən çıxmışdırlar. Rayona ezam edilən işçilər hər bir şəraitlə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, İddiaçı ilə birlikdə "Cavabdeh" MMC-də aşbaz işləmişdir. Özü MMC-də 2019-2020-ci illər ərzində işləmişdir və hələ də, adı şirkətdə gedir. Müqaviləsinə xitam verilməmişdir. İşə düzəldiyi zaman Emil artıq orada işləyirdi. Sentyabr ayının ortalarında MMC-də fəaliyyət dayandırılmış, layihənin açılacağı zaman xəbər edəcəklərini bildirsələr də, bü günədək xəbər yoxdur. Ona Qəbələ rayonuna ezam edilmək təklif edilməyib. Sonuncu dəfə oktyabr ayında 450 manat məzuniyyət pulu almışdır. Ondan sonra ona heç nə ödənilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı ilə birlikdə "Cavabdeh" MMC-də aşbaz işləmişdir. MMC-də Emildən əvvəl işləmişdir. MMC yay aylarında artıq fəaliyyətini dayandırmış, onlara bir müddət gözləməli olacaqlarını, işin açılacağını bildirmişdir. 4 ay gözlədikdən sonra Dərnəgüldə yerləşən mətbəxə çağıraraq, məzuniyyət pulunu ödəmişlər. Bu zaman Emil narazılığını bildirdi. Müqavilə vaxtı uzadılmadığına görə müqaviləsinə xitam verilmişdir. Ona da Qəbələ rayonuna ezam edilmək təklif edilməyib. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutların məmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru X4 müraciət edərək, aşbaz peşəsinə qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 61/19 saylı əmək müqaviləsinin surətindən görünür ki, işçi 3 ay müddətinə, xx.xx.2020-ci il tarixinədək aylıq əmək haqqı 766,48 manat olmaqla şirkətə aşbaz peşəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin direktoru X3 xx.xx.2020-ci il tarixli, 43/20 nömrəli əmrindən görünür ki, MMC-də aşbaz vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəllisinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi ilə) xitam verilmiş, işçiyə “30.51” təqvim günü müddətinə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi əmr olunmuşdur. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-də İddiaçı adına açılmış ***-*******-1 saylı hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı sentyabr, oktyabr noyabr və dekabr ayları üzrə əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, iddiaçının Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə baxılmış, MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktub və sənədlərə baxış zamanı iddiaçının 2020-ci ilin avqust, sentyabr aylarında işə getmədiyi və bu səbəbdən də həmin aylar üçün əmək haqqının ödənilmədiyi müəyyən olunmuşdur. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh MMC-də aşbaz işləmiş, Cəmiyyətdə müvafiq sifarişlər olmadığına, görülmüş xidmətlərə görə haqqın ödənilməməsinə görə işləri dayanmış, bu səbəbdən 2020-ci ilin sentyabr, oktyabr noyabr və dekabr ayları üzrə əmək haqqı ödənilməmiş, xx.xx.2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haq-hesab olaraq 2019-2020-ci iş ilinə görə istifadə edilməmiş əmək məzuniyyətinə görə xx.xx.2021-ci il tarixində 700 manat kompensasiya ödəniş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 169-cu maddəsinin 1 və 2-ci bəndlərinin tələblərinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Həmin Məcəllənin172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 172-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən İddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi zaman Cavabdeh MMC tərəfindən ona 2020-ci ilin sentyabr, oktyabr noyabr və dekabr ayları üzrə əmək haqqının ödənilməməsini, şirkətdə boşdayanma hallarına görə işçinin təqsirinin müəyyən olunmamasını, həmçinin əmək haqqının gecikdirilməsində cavabdeh şirkətin təqsirinin sübuta yetirilmədiyini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən 2020-ci ilin sentyabr, oktyabr noyabr və dekabr ayları üzrə əmək haqqının 2/3 hissəsi miqdarında, yəni 1864 manat (466x4=1864) tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu hissədə iddanı təmin edərkən, cavabdeh tərəfindən, şirkətin Bakı şəhərində fəaliyyətini dayandırmağa məcbur qaldıqdan sonra, fəaliyyətini Qəbələ şəhərində davam etdirməsi, bu səbəblədə bəzi işçilərin Qəbələ şəhərinə ezam edilməsi, iddiaçıya da bu barədə təklif olunsa da, onun tərəfindən buna etiraz edilməsi və işə çıxmaması, bu səbəbdən də, ona əmək haqqının ödənilməməsi barədə iddiaya dair etirazlarına münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə bu halları təsdiq edəcək hər-hansı bir sübutlat, o cümlədən də, ezam əmri təqdim edilməmiş, tərəflərindən edilmiş xəbərdarlıqlara rağmən işə çıxmaması halında, cavabdehlə əmək müqaviləsinə nə üçün qanunvericiliyin müvafiq maddəsinin tələblərinə uyğun olaraq deyil, bir neçə ay gözləyərək məhz əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verilməsi halına da, işəgötürənin hüquqları ilə əlaqələndirərək, tutarlı əsaslar gösdərə bilməmişdirlər. Bundan başqa cavabdeh bir tərəfdən şirkətin Bakı şəhərində fəaliyyətini dayandırması, həmin müddətdə isə fəaliyyətlərinin Qəbələ şəhərində davam etməsi, işçilərinin bir qisminin ora ezam edilməsi, digər tərəfdən isə, iddiaçının Qəbələ şəhərinə getməkdən imtina etməsi və işə də, çıxmaması, bu səbəbdəndə ona əmək haqqı verilməməsi barədə, ziddiyyətli izahatlar verərək, şirkətin faktiki olaraq Bakı şəhərində fəaliyyətini dayandırdığı halda iddiaçının necə və hansı şəkildə işə çıxmalı olması halına da, aydınlıq gətirə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, işin araşdırılmış halları ilə cavabdeh tərəfindən iddiaçıya, son haq-hesab olaraq 2019-2020-ci iş ilinə görə istifadə edilməmiş əmək məzuniyyətinə görə xx.xx.2021-ci il tarixində illik, 700 manat məbləğində tam olaraq kompensasiyanın ödənilməsi də müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə iddia tələbinin “əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənişin tutulması” hissəsinə hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçı tərəfindən əmək haqqının cavabdehin təqsiri ucbatından əmək haqqının gecikdirilməsinə dair heç bir mötəbər sübut təqdim olunmadığına, bu mənadə tələb həmin hissədə əsaslandırılmadığına görə təmin edilməməlidir. Məhkəmə bu hissədə iddia tələbini təmin etməyərkən həm də, cavabdeh tərəfindən əmək haqlarının gecikdirilməsinin məcburi boşdayanmaya görə baş verməsini, eləcə də məcburi boşdayanmanın cavabdehin təqsiri ucbatından baş verməməsini də, nəzərə alır. Belə ki, iddia tələbində də, məhz işçinin təqsiri olmadan boşdayanma vaxtının mövcudluğuna istinad edilərək, işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq iddia tələbi irəli sürülməklə, iddiaçı tərəfindən də, məcburi boşdayanma halının cavabdehin təqsiri ucbatından olmaması təsdiq edilərək etiraf edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 1864 (bir min səkkiz yüz altmış dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1674/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1674/2021
17.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver