Məhkəmə qərarları › İş №2(004)-1698/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1698/2022

27.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1698/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı, cavabdeh - Cavabdeh ("xxxx") ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ("xxxx") ASC-yə qarşı “boşdayanma müddəti üçün əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ("xxxx") ASC-yə qarşı “boşdayanma müddəti üçün əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” tələbinə dair iddia ərizəsi ilə 15.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 2009-cu ilin iyun ayından 16.02.2015-ci il tarixədək boşdayanmaya görə əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanaraq Cavabdeh ("xxxx") ASC-dən iddiaçının xeyrinə tutulması, həmçinin 50 manat dəyərində mediasiya xərcinin, məhkəmə ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ("xxxx") ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 08.08.2005-ci il tarixdən 16.02.2015-ci il tarixədək müxtəlif vaxtlarda Cavabdeh ("xxxx") ASC-də çalışmışdır. 27.02.2009-cu il tarixdən 16.02.2015-ci il tarixədək sonuncu vəzifəsi Material Planlama və Təchizat Departamentində loqistika üzrə mütəxəssis olmuşdur. Əmək müqaviləsinə əsasən onun əmək haqqı 518,07 manat məbləğində olmuşdur. İllərlə Cavabdeh ("xxxx") ASC fəaliyyət göstərməmiş və o, bu müddət ərzində faktiki olaraq boş dayanmışdır. Boşdayanmaya görə isə qanunvericiliklə nəzərdə tutulmuş ödənişləri almamışdır. 01.10.2021-ci il tarixdə Cavabdeh ("xxxx") ASC tərəfindən ona əmək haqqı və son haqq hesaba görə 177,26 manat pul ödənilmişdir. Ödənilən pul düzgün hesablanmadığı üçün o, Cavabdeh ("xxxx") ASC-nin özünə və Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etmişdir. Lakin Cavabdeh ("xxxx") ASC-yə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq onun nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, göstərilənlərə əsasən iddiaçı 2009-cu ilin iyun ayından 16.02.2015-ci il tarixədək boşdayanmaya görə əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanaraq Cavabdeh ("xxxx") ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirmişdir ki, 2009-cu ilin iyun ayında Cavabdeh ("xxxx") ASC-nin fəaliyyəti dayandıqdan sonra faktiki olaraq boşdayanıb, lakin bu boşdayanma müddəti üçün ödənişlər almayıbdır. 16.02.2015-ci il tarixdə özü ərizəsinə əsasən işdən azad edilmişdir. 27.02.2009-cu ildən 16.02.2015-ci il tarixədək öz əlavə iş yeri kimi digər müəssisələrdə, o cümlədən "xxxx" Sığorta şirkətinin Gəncə regional şöbəsində işləmişdir. Cavabdeh ("xxxx") ASC-də əsas iş yeri kimi işlədiyi müddət ərzində isə Cəmiyyət fəaliyyətini dayandırdıqdan sonra faktiki olaraq işə çıxmamış, eyni zamanda ödənişsiz məzuniyyətə buraxılması, bu barədə həmkarlar ittifaqının iclasları haqqında məlumatsız olmuşdur. 16.02.2015-ci il tarixdə işdən azad olunduqdan sonrakı müddət ərzində boşdayanmaya görə şifahi qaydada Cəmiyyətin rəhbərliyinə müraciət etsə də, lakin bir nəticəsi olmamışdır. Buna görə də uzun müddət, yəni 7 il gözləmiş və hazırda rəsmi qaydada mediasiya şurasına və məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də məhkəməyə müraciət etməsi ilə bağlı iddia müddətinin keçməmiş hesab edilərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ("xxxx") ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, boşdayanmaya görə kompensasiyanın verilməsi tələbi ilə "Azərbaycan Alüminiumu” ASC-yə ("xxxx" ASC) qarşı iddia qaldıran vətəndaş İddiaçı 2005-ci ildən 2009-cu ilədək faktiki işçilər sırasında olmuşdur. Dünya maliyyə-iqtisadi sistemində və Alüminium sənayesində 2008-2009-cu illərdə yaranmış böhran nəticəsində Cavabdeh ASC-də iş həcminin kəskin azalması, istehsal olunan məhsulun satış qiymətinin bir neçə dəfə aşağı düşməsi istehsalın və işin tam dayanması ilə nəticələnmişdir. Səhmdar Cəmiyyətinin hal-hazırkı vaxtadək hər-hansı istehsalat fəaliyyəti yoxdur, istehsalat sahələri Konservasiya rejimində saxlanılır. İstehsalat fəaliyyətinin tam dayanması işəgötürənin təqsiri olmadan baş verdiyindən, qarşısı alına bilinməyən hallar mövcud olduğundan boşdayanma deyil, fors-major halı kimi qiymətləndirildiyindən müəssisədə zəhmətkeşlərin hüquqlarını müdafiə edən yerli azad Həmkarlar İttifaqı Komitəsinin razılığı əsasında 2009-cu ilin aprel ayından İddiaçı da daxil olmaqla bütün işçilər qrup halında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq ödənişsiz məzuniyyətə buraxılmışlar. Belə ki, Səhmdar Cəmiyyətində istehsalın və işin dayanması ilə əlaqədar olaraq işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi prosesinə başlanılmışdır və onlar barələrində yeni əmrlər verilməklə hər 42 gündən bir ödənişsiz məzuniyyətə buraxılmışlar. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi boşdayanma, işəgötürən tərəfindən qarşısı alına bilinməyən halların, yəni fors-major halının mövcud olması səbəbindən baş vermişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 16.02.2015-ci il tarixli 18K saylı əmr ilə xitam verilmişdir. İşlədiyi dövrə aid ona istifadə etmədiyi əmək məzuniyyətinə görə 171,00 manat hesablanaraq özünün də təsdiq etdiyi kimi ödənişi təmin edilmişdir. Cəmiyyətin hal-hazırda ona əmək haqqı və ya əmək haqqına bərabər hər-hansı borcu yoxdur. Məlumat üçün bildiririk ki, əmlakının və səhmlərinin 100%-i dövlətə məxsus təsərrüfat hesablı dövlət müəssisəsi olan "xxxx" ASC-nin istehsalat fəaliyyəti 2009-cu ilin aprel ayından tam dayandığından Azərbaycan Respublikasının Prezidentinin 09.04.2021-ci il tarixli 2570 saylı Sərəncamı ilə "xxxx" ASC-nin struktur vahidlərindən biri olan Sumqayıt “Alüminium" İstehsalat Sahəsi ləğv edilmişdir. Cəmiyyətin restrukturizasiyasını və sağlamlaşdırılmasını, habelə yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaqla alüminium sənayesini inkişaf etdirmək, alüminium istehsalını artırmaq, bu sahənin rəqabət qabiliyyətini və ixrac imkanlarını genişləndirmək üçün dövlət-özəl tərəfdaşlığı əsasında investisiyaların cəlb edilməsi üçün "xxxx" ASC-nin tabeçiliyi digər struktur vahidləri ilə birlikdə “Azərbaycan Sənaye Korporasiyası" ASC-yə verilmiş və hazırda təhvil-təslim işləri aparılır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq Cavabdeh ("xxxx") ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 ərizə təqdim edərək, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. Belə ki, iddiaçı 2009-cu ildən ASC fəaliyyətinin faktiki dayandırdığı vaxtdan boşdayanmaya görə işəgötürənə hər hansı pretenziya bildirməmiş, 16.02.2015-ci il tarixdə isə öz ərizəsi ilə işdən azad olunaraq əmək kitabçasının ona təqdim edilməsinə baxmayaraq ehtimal olunan hüququnun pozulması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh ("xxxx") ASC Gəncə X2 08 avqust 2005-ci il tarixli, 251-K nömrəli əmrindən görünür ki, İddiaçı 08.08.2005-ci il tarixdən Kommersiya Departamentinin logistika şöbəsinə dəmiryol üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. - Cavabdeh ("xxxx") ASC ilə İddiaçı arasında bağlanmış 20 fevral 2006-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Gəncə Gil-Torpaq İstehsalat sahəsi üzrə idxal ixrac şöbəsinin idxal-ixrac əməliyyatları üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. -Cavabdeh ("xxxx") ASC Gəncə X2 18 oktyabr 2007-ci il tarixli, 488-K nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 18.10.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə xitam verilmişdir. - Cavabdeh ("xxxx") ASC Sumqayıt X2 27 fevral 2009-cu il tarixli, 39-K nömrəli əmrindən görünür ki, İddiaçı 16.03.2009-cu il tarixdən Material Planlama və Təchizat Departamentinə logistika üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. - Cavabdeh ("xxxx") ASC Sumqayıt X2 31 mart 2009-cu il tarixli, 49-K nömrəli əmrindən görünür ki, Sumqayıt X2 işçiləri olan X4, X9, İddiaçı və X7 01.04.2009-cu il tarixindən iki aylıq ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. Cavabdeh ("xxxx") ASC Sumqayıt X2 11 iyun 2009-cu il tarixli, 148-K nömrəli, 11 avqust 2009-cu il tarixli, 219-K nömrəli, 30 sentyabr 2009-cu il tarixli, 262-K nömrəli, 26 noyabr 2009-cu il tarixli, 362-K nömrəli əmrindən görünür ki, İddiaçı müvafiq olaraq 15.08.2009-cu il tarixindən, 01.10.2009-cu il tarixindən və 01.12.2009-cu il tarixindən iki aylıq ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. -Cavabdeh ("xxxx") ASC Sumqayıt X2 29 yanvar 2010-cu il tarixli, 22-K nömrəli, 31 mart 2010-cu il tarixli, 69-K nömrəli, 30 iyul 2010-cu il tarixli, 2082-K nömrəli, 30 sentyabr 2010-cu il tarixli, 255-K nömrəlivə 30 noyabr 2010-cu il tarixli, 331-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq 01.02.2010-cu il tarixdən, 01.04.2010-cu il tarixdən,01.08.2010-cu il tarixdən, 01.10.2010-cu il tarixdən və 01.12.2010- cu il tarixdən iki aylıq ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. -Cavabdeh ("xxxx") ASC Sumqayıt X2 31 yanvar 2011-ci il tarixli, 45-K nömrəli, 31 mart 2011-ci il tarixli, 115-K nömrəli, 31 may 2011-ci il tarixli, 162-K nömrəli, 01 avqust 2011-c1 il tarixli, 202-K nömrəlivə 30 sentyabr 2011-ci il tarixli, 245-K nömrəli və 29 noyabr 2011-ci il tarixli, 281-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq 01.02.2011-ci il tarixdən, 01.04.2011-ci il tarixdən,01.06.2011-ci il tarixdən, 01.08.2011-ci il tarixdən, 01.10.2011-ci il tarixdən və 01.12.2011-ci il tarixdən iki aylıq ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. -Cavabdeh ("xxxx") ASC Sumqayıt X2 31 yanvar 2012-ci il tarixli, 20-K nömrəli, 30 mart 2012-ci il tarixli, 54-K nömrəli, 31 may 2012-ci il tarixli, 94-K nömrəli, 31 iyul 2012-ci il tarixli, 128-K nömrəli, 28 sentyabr 2012-ci il tarixli, 174-K nömrəli və 30 noyabr 2012-ci il tarixli, 210-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq 01.02.2012-ci il tarixdən, 01.04.2012-ci il tarixdən,01.06.2012-ci il tarixdən, 01.08.2012-ci il tarixdən, 01.10.2012-ci il tarixdən və 01.12.2012- ci il tarixdən iki aylıq ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. -Cavabdeh ("xxxx") ASC Sumqayıt X2 31 yanvar 2013-cü il tarixli, 17-K nömrəli, 29 mart 2013-cü il tarixli, 53-K nömrəli, 31 may 2013-cü il tarixli, 83-K nömrəli, 31 iyul 2013cü il tarixli, 110-K nömrəli, 30 sentyabr 2013-cü il tarixli, 136-K nömrəli və 29noyabr 2013cüil tarixli, 166-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq 01.02.2013-cü il tarixdən, 01.04. 2013-cü il tarixdən,01.06. 2013-cü il tarixdən, 01.08. 2013-cü il tarixdən, 01.10. 2013-cü il tarixdən və 01.12. 2013-cü il tarixdən iki aylıq ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. -Cavabdeh ("xxxx") ASC Sumqayıt X2 31 yanvar 2014-cü il tarixli, 14-K nömrəli, 31 mart 2014-cü il tarixli, 32-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq 01.02.2014-cü il tarixdən, 01.04.2014-cü il tarixdən iki aylıq ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. -Cavabdeh ("xxxx") ASC Sumqayıt X2 30 may 2014-cü il tarixli, 55-K nömrəli, 11 iyul 2014-cü il tarixli, 76-K nömrəli, 22 avqust 2014-cü il tarixli, 94-K nömrəli, 03 oktyabr 2014-cü il tarixli, 116-K nömrəli, 14 noyabr 2014-cü il tarixli, 128-K nömrəli və 26 dekabr 2014-cü il tarixli, 149-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq 01.06. 2014-cü il tarixdən, 13.07.2014-cü il tarixdən, 24.08.2014-cü il tarixdən,05.10.2014-cü il tarixdən, 16.11.2014-cü il tarixdən və 28.12. 2014-cü il tarixdən qırx iki təqvim günü ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. -Cavabdeh ("xxxx") ASC Sumqayıt X2 06.02.2015-ci il tarixli, 13-K nömrəli əmrindən görünür ki, İddiaçı 08.02.2015-ci il tarixdən qırx iki təqvim günü ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. -Cavabdeh ("xxxx") ASC Sumqayıt X2 16.02.2015-ci il tarixli, 18-K nömrəli əmrindən görünür ki, İddiaçı 16.02.2015-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılması və onun bağlanmış əmək müqaviləsinə Azərbaycan respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 16.02.2015-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. - Azərbaycan Alüminiumu” ("xxxx") ASC-nın HİK-nin 30.03.2009-cu il tarixli, 26 nömrəli, 25.05.2009-cu il tarixli, 28 nömrəli, 28.09.2009-cu il tarixli, 3 nömrəli, 24.11.2009cu il tarixli, 6 nömrəli, 28.01.2010-cu il tarixli, 11 nömrəli, 30.03.2010-cu il tarixli, 13 nömrəli, 25.05.2010-cu il tarixli, 17 nömrəli, 27.07.2010-cu il tarixli, 21 nömrəli, 30.09.2010-cu il tarixli, 25 nömrəli, 29.11.2010-cu il tarixli, 29 nömrəli,26.01.2011-ci il tarixli, 31 nömrəli, 29.03.2011-ci il tarixli, 35 nömrəli, 31.05.2011-ci il tarixli, 39 nömrəli, 28.07.2011-ci il tarixli, 43 nömrəli, 30.09.2011-ci il tarixli, 47 nömrəli, 29.11.2011-c1 il tarixli, 50 nömrəli,30.01.2012-ci il tarixli, 53 nömrəli, 30.03.2012-ci il tarixli, 54 nömrəli, 31.05.2012-ci il tarixli, 3 nömrəli, 31.07.2012-ci il tarixli, 6 nömrəli, 30.11.2012-ci il tarixli, 8 nömrəli, 31.01.2013-cü il tarixli, 9 nömrəli, 29.03.2013-cü il tarixli, 11 nömrəli, 31.05.2013cü il tarixli, 12 nömrəli, 31.07.2013-cü-ci il tarixli, 13 nömrəli, 30.09.2013-cü il tarixli, 14 nömrəli 31.01.2014-cü il tarixli, 16nömrəli, 31.03.2014-cü il tarixli, 17 nömrəli, 30.05.2014cü il tarixli, 19 nömrəli, 11.07.2014-cü-ci il tarixli, 20 nömrəli, 03.10.2014-cü il tarixli, 24 nömrəli, 14.11.2014-cü il tarixli, 28 nömrəli, 26.12.2014-cü il tarixli, 30 nömrəli və 06.02.2015-ci il tarixli, 31 nömrəli protokollarından görünür ki, İddiaçı yuxarıdakı əmrlərdə qeyd olunan tarixlərdə ödənişsiz məzuniyyətə göndərilməsinə razılıq verilmişdir. İddiaçı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 08.08.2005-ci il tarixdə "xxxx" ASC-nin nəzdində olan Gəncə “Gil-torpaq” X3 Departamentinin logistika şöbəsinə dəmiryol üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ərizəsi ilə onunla bağlanmış əmək müqaviləsinə 18.10.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Daha sonra 19.10.2007-ci il tarixdə "xxxx" MMC-də Satınalmalar Departamentinin logistika şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmiş və həmin vəzifədən öz ərizəsi ilə 16.03.2009-cu il tarixdə azad olunmuşdur. İddiaçı 16.03.2009-cu il tarixdən Material Planlama və Təchizat Departamentinə logistika üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 01.06.2011-ci il tarixdə isə əlavə iş yeri olaraq "xxxx" Sığorta Şirkətinin qərb rayonu üzrə satışların idarəetməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə əvəzçilik üzrə təyin edilmişdir. İddiaçı əsas iş yeri üzrə "xxxx" ASC ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 16.02.2015-ci il tarixdə xitam verilmişdir. İddiaçı 27.02.2015ci il tarixdə isə əsas iş yeri olaraq "xxxx" Sığorta Agentliyinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasını - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, əmək funksiyası əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək müqaviləsi üzrə öhdəliklər isə Əmək Məcəlləsinin 10-cu maddəsində sadalanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələridir. Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Beləliklə,məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 08.08.2005-ci il tarixdən "xxxx" ASC-nin Kommersiya Departamentinin logistika şöbəsinə dəmiryol üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əsas iş yeri olaraq 16.02.2015-ci il tarixədək həmin cəmiyyətdə müxtəlif vəzifələrdə işləmişdir. İşin faktiki hallarından göründüyü kimi "xxxx" ASC 2009-cu ildən faktiki olaraq fəaliyyətini dayandırmış, işçilər isə, o cümlədən iddiaçı Qurbanov X6 İttifaqının razılığı ilə ödənişsiz məzuniyyətə buraxılmışdır. Bu müddət ərzində iddiaçı tərəfindən ödənişsiz məzuniyyətə buraxılması, həmçinin boşdayanmaya görə ona əmək haqqının ödənilməsi ilə hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. O cümlədən iddiaçı 01.06.2011-ci il tarixdən "xxxx" Sığorta Şirkətində əlavə iş yeri üzrə işə qəbul edilmiş və orada işləməyə başlamış, 27.02.2015-ci il tarixdən isə həmin şirkətdə əsas iş yeri olaraq çalışmağa başlamışdır. İddiaçı "xxxx" ASC-dən işdən azad olunduğu tarixdən əmək kitabçasını almasına baxmayaraq iddia olunan hüququnun pozulması ilə bağlı nə cəmiyyətə, nə də məhkəməyə müraciət etməmişdir. İddiaçı yalnız 2021-ci ilin oktyabr ayında cəmiyyətə ona son haqq-hesabın ödənilməsi ilə bağlı müraciət etmiş və cəmiyyət tərəfindən ona 177,2 manat ödəniş edilmişdir. Lakin iddiaçı 16.02.2015ci il tarixdən məhkəməyə müraicət etməməsi bağlı üzrlü səbəbləri barədə mötəbər sübut təqdim etməmiş və bunu kifayət qədər əsaslandıra bilməmişdir. Cavabdeh tərəfindən isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmişdir. Qeyd olunan müddət ərzində isə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün kifayət qədər vaxtı olmuşdur. Bundan əlavə iddiaçı işdən azad edildiyi 16.02.2015-ci il tarixdən bir illik müddəti buraxaraq 7 il sonra 15.02.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir illik müddət ərzində məhkəməyə müraciət etməmişdir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri əsas götürərək hesab edir ki, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir illik müddət ərzində məhkəməyə müraciət etmədiyinə görə iddia tələbi təmin edilməməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-ci hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Mülki Məcəllənin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir illik müddət ərzində məhkəməyə müraciət etmədiyinə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbinə əsasən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ("xxxx") ASC-yə qarşı “boşdayanma müddəti üçün əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ("xxxx") ASC-yə qarşı “boşdayanma müddəti üçün əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar