Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1712/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Əliyev X1 Cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 qarşı yetkinlik yaşına çatmayan uşaqlar ilə birlikdə mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqları xx xxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxx 2009-cu il təvəllüdlü X4 və xx xxxxxxx 2012-ci il təvəllüdlü Cavabdeh2 ilə birlikdə ünvan 1, mənzil 115 ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx xxxxxxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxx 2009-cu il təvəllüdlü X4 və xx xxxxxxx 2012-ci il təvəllüdlü Cavabdeh2 adlı övladları doğulmuşdur. Tərəflər arasında olan münasibətlər əvvəl yaxşı olsa belə, sonradan pisləşmişdir. Bunun nəticəsi olaraq, iddiaçı ünvan 1 ünvanında yerləşən 15 saylı mənzili 2018-ci ilin dekabr ayında tərk etmək məcburiyyətində qalmışdır. O, həmin mənzildə 2006-cı ildən etibarən azyaşlı uşaqları ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Övladlarının gələcək təminatı kimi və yaşayış yerlərinin etibarlı olması məqsədi ilə qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən 115 saylı mənzilə köçməyi məqsədəmüvafiq bilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh2 keçmiş gəlinidir. Qanunvericiliyin tələbinə əsasən ailə üzvü olmayan şəxslərin mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən istifadə etməsi üçün notariat qaydada verilmiş mülkiyyətçinin razılığı olmalıdır. İddiaçı ilə Cavabdeh2 arasında belə bir razılıq olmamışdır. Bundan əlavə iddiaçı 2 ilə yaxındır ki, ünvan 2 mənzil 115 ünvanında yerləşən yaşayış sahəsindən çıxıb getmişdir. Hazırda iddiaçı valideynləri ilə birlikdə yaşayır. Beləliklə də, iddiaçının Cavabdeh2 mülkiyyətində olan mənzilə ehtiyacı qalmamış, hazırda onun daimi yaşayış yeri vardır. Eyni zamanda, iddiaçı iddia tələbində evdən məcburi şəkildə çıxarıldığını qeyd etmişdir. Lakin məcburi şəkildə çıxmamış, öz razılığı ilə evdən getmişdir. Onun məcburi çıxarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 115 saylı mənzil xx xxx 2019-cu il tarixdən ilkin olaraq Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən verilmiş xx xxxxxxx 2004-cü il tarixli 005192 saylı orderdən müəyyən olunur ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 115 saylı mənzili pay haqqını tam verməklə “xxxxxxx” MTK-dan əldə etmişdir. Məhkəmə mülki qanunvericiliyin aşağıda qeyd olunan normalarına istinad etməklə hesab edir ki, iddiaçının mübahisələndirilən mənzilə köçürülməsinə əsas olan biləcək həmin yaşayış sahəsindən istifadə hüququ yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin xx xxxx 2018ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən mənzil... kooperativinin üzvü... mənzil üçün... pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən sAzərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə hesab edir ki, mübahisəli mənzil üzərində Cavabdeh2 mülkiyyət hüquqları ilkin olaraq xx xxx 2019-cu il tarixdə dövlət qeydiyyatından keçməsinə baxmayaraq, həmin mənzil onun tərəfindən əvəzli surətdə mənzil tikinti kooperativindən 2004-cü il tarixdə əldə edildiyindən bu münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə araşdırmaları zamanı mənzilin mülkiyyətçisi ilə iddiaçı arasında mübahisəli mənzildən istifadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanmaması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının həmin mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, onun həmin mənzilə köçürülmə barədə iddiası əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, onun tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1712/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1712/2020
14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver