Məhkəmə qərarları › İş №2(004)-1749/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1749/2022

25.05.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1749/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əfəndiyeva Gülnar Füzuli qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili X6 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqı və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqı və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-dən iddiaçının 2010-cu ildən 2021-ci ilin noyabr ayına qədər ödənilməmiş 39600 manat əmək haqqının və su xəttinin çəkilməsi ilə əlaqədar iddiaçıya vurulan 115000 manat ziyanın, cəmi 154600 manat pulun və ödənilmiş 445 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, qeyd edilənlərə əsasən hesab edirlər ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. İddiaçı ilə 20.05.2013-cü il tarixdən müddətli əmək müqaviləsi bağlanmış, hal-hazırda Sabunçu rayon Sukanal İdarəsinin Su anbarları və nasos qurğularının istismarı sahəsinin maşinisti peşəsində işləyir. İddia ərizəsində qeyd etdiyi Balaxanı qəsəbəsi 3-cü Mədən ərazisindən yaşadığı 2-ci Mədən ərazisinə su xəttinin çəkilməsi ilə əlaqədar olaraq bildirirlər ki, su xəttinin onun tərəfindən çəkilməsinə dair hər hansı bir sübut yoxdur. Həmin d-76 mm diametrli su xətti balans mənsubiyyətinə əsasən Cavabdeh ASC-nin Sabunçu Rayon Sukanal İdarəsinə məxsusdur. Eyni zamanda həmin su xəttinin üzərində olan onlarla istehlakçıların su təchizatı həmin şəxslərlə Rayon SKİ arasında bağlanılmış müqaviləyə əsasən Sabunçu RSKİ tərəfindən təmin edilir və xəttin istismar xidmətləri də Sabunçu RSKİ tərəfindən həyata keçirilməkdədir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 47-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su kəmərləri və ya kanalizasiya sisteminin tərkib hissəsi olan və su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən alınmış və ya tikilmiş mühəndis-texniki qurğular, su kəmərləri, avadanlıq və digər əmlak ayrıca müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, onların əmlakı hesab olunur”. Eyni zamanda iddiaçı əmək hüquqlarının pozulması, artıq iş saatlarına cəlb olunması və əmək haqqının ödənilməməsini iddia edir. Bununla bağlı bildirirlər ki, Rayon RSKİ tərəfindən təqdim edilən əmək haqqı ödənişi və iş vaxtının uçotu cədvəlləri təsdiq edir ki, iddiaçinin müraciəti əsasızdır və həqiqətə uyğun deyildir. Belə ki, iş vaxtından artıq işlərə Əmək Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq qanunvericilikdə müəyyən olunmuş müddət ərzində yalnız işəgötürənin əmri və işçinin razılığı ilə, eləcə də müstəsna hallarda yol verilir. Balaxanı qəsəbəsi, 2-ci Mədən ünvanında yerləşən məhəllədaxili nasos stansiyasının fəaliyyəti iki nəfər maşinist, İddiaçı və digər maşinist tərəfindən tənzimlənmişdir. Təsdiq olunmuş iş qrafikinə əsasən maşinistlər günaşırı olaraq (bir gündən bir) işləyirlər. Bu səbəbdən İddiaçı iş vaxtımdan artıq işlərə cəlb olunmasına və ya hər gün işə çıxmasına ehtiyac yoxdur və bu kimi hallara yol verilməmişdir. Əlavə olaraq bildirirlər ki, Sabunçu Rayon SKİ-nin Su anbarları və nasos qurğularının istismarı sahəsinin rəisi X3 ayrı-ayrı vaxtlarda yazdığı xidməti yazılara əsasən Balaxanı qəsəbəsi, 2-ci Mədən ünvanında yerləşən məhəllədaxili nasos stansiyasının maşinisti İddiaçı işinə məsuliyyətsiz və səhlənkar yanaşaraq dəfələrlə əmək vəzifələrinin kobud şəkildə pozulması, əmək funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərinin lazımınca icra edilməməsi kimi hallara yol vermiş və bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun olaraq intizam tənbehləri tətbiq olunmuşdur. Eyni zamanda sahə rəisi sakinlərin şikayəti əsasında həmin nasosxananın xidmət göstərdiyi ərazidə dəfələrlə sakinlərlə görüşmüş və məlum olmuşdur ki, İddiaçı ərazidə yaşayan sakinləri vaxtlı-vaxtında su ilə təmin etmir və onlarla kobud rəftar edir, bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Bu səbəbdən ona dəfələrlə xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq nəticə çıxartmamışdır. Bildirirlər ki, iddiaçının əmək hüquqlarının pozulması, artıq iş saatlarına cəlb olunması, əmək haqqının ödənilməməsi kimi hallara yol verilməmiş və ona hər hansı maddi ziyan vurulmamışdır. Beləliklə, hazırkı iddianın heç bir hüquqi əsası yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həm ərazini su ilə təmin etmək üçün, həm də pul qazanmaq üçün o xətti çəkmişdir. Sonra onu Azərsu ASC-yə işə götürmüşlər və 12 saat iş saatı yazılıb, 6 saatın pulunu ödəmişlər. Onu işdən çıxarmaq məqsədilə iş yerini dəyişmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia ərizəsinin məzmununua uyğun izahat verərək bildirmişdir ki, iddiaçının qaldığı ərazidə su xətti olmadığı üçün iddiaçı öz vəsaiti hesabına həmin əraziyə su xətti çəkmiş və əhaliyə su verilməsini təmin etmişdir. Daha sonra Azəsru ASC həmin çəkilmiş su xəttini öz balansına daxil etmiş və iddiaçının çəkdiyi xərcləri ödəməmişdir. Beləliklə də, iddiaçıya maddi ziyan dəymişdir. Həmçinin Azərsu ASC İddiaçı işə götürmüş, Şakir 12 saatlıq iş rejimində işlədiyi halda, ona 6 saatlıq iş rejiminə görə pul ödəmişdir. İş materiallarına əlavə edilmiş texniki şərtdən də görünür ki, Şakirə su xətti çəkməsi üçün icazə verilmişdir. Cavabdehin nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, 2006-cı ildə texniki şərti Şakirə Azərsu ASC vermişdir. Şakir 12 saatlıq iş rejimində işlədilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiklərini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, su xəttini Şakir çəkməmişdir, texniki şərt hesabına çəkilmişdir. Hazırda həmin xətt Azərsunun balansındadır. Şakirin turbanı çəkməyini inkar etmir, amma qəbul da etmir. Şakir o xətti çəkdikdən sonra vətəndaşlardan qeyri-qanuni şəkildə pul yığmışdır. Şakir işdən çıxarmaqla, iş yerini dəyişməklə hədələməmişlər. İş yerində nümunəvi işçi olmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, 2006-cı ildə texniki şərt Azərsu tərəfindən verilmişdir, lakin heç bir öhdəlik götürülməmişdir. İddiaçı bu xətti çəkməsi ilə bağlı sübut olmadığı üçün, onun tərəfindən çəkildiyini qəbul etmirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X14 iddiaçı ilə pasyolka deyilən ərazidə yaşadıqlarını, qonşu olduqlarını, həmin xətt çəkiləndə orda qaynaqçı işlədiyini, 4 aya yaxın o suyun üzərində işlədiyini, xətti birdən birə çəkmədiyini, Şakirin 30-40 metrlik boruları ayrı-ayrılıqda gətirdiyini, işlədiyi dövrdə məvacib aldığını, Şakirin o xəttə su vurduğunu, həmin xətti həm ərazini su ilə təmin etmək üçün, həm də su pulu yığmaq üçün çəkiyini, su idarəsi gələnə qədər vətəndaşların Şakirə pul verdiyini bildirmişdir. Cavabdehin nümayəndəsinin sulalına cavab olaraq bildirmişdir ki, işlədiyi dövrdə əmək haqqı almışdır, onunla əmək müqaviləsi bağlanılmamışdır. Şakirə suya görə hər ay pul verilirdi, lakin hamı vermirdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 iddiaçı ilə pasyolka deyilən ərazidə yaşadıqlarını, qonşu olduqlarını, turba işi olanda Şakirin onu çağırdığını, pasyolkanın içində su turbası çəkdiklərini, Şakirin qəsəbəyə su vurmaq istədiyini, işləyib pul aldığını, məbləğin yadında olmadığını, bir dəfə 100 dollar aldığını, Şakirin turbaları alıb gətirdiyini gördüyünü, lakin pul verib turba aldığını görmədiyini, aralarında əmək müqaviləsi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 iddiaçı ilə pasyolka deyilən ərazidə yaşadıqlarını, qonşu olduqlarını, bir yerdə işlədiklərini, Balaxanıda 2006-2007-ci illərdə qaynaqçı işlədiyini, turbaları Şakirin çəkdiyini, Şakirin pulunu verdiyini, suyu çəkdiyini, ehtiyac olduğundan, ərazidə su olmadığından turbaları çəkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 onun işçisi olduğunu, halhazırda da işlədiyini, çox məsuliyyətsiz adam olduğunu, vətəndaşları incitdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 2005-ci ildə işləmədiyi üçün həmin turbaları kimin çəkdiyini bilmir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 bir işlədiyini, onunla heç bir şəxsi qərəzli münasibətinin olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, əmək haqqının kəsilməsi, əlavə işlərə cəlb edilməsi halları olmamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, turba ilə əlaqəli heç nə bilmir, əmək haqqı ilə bağlı şahidlik edir. İş materiallarında olan Azərsu ASC tərəfindən Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 3-cü Mədən ərazisində yaşayan sakinlərə və orada məskunlaşmış bir qrup məcburi köçkünlər V.Alışov, M.İsmayılova, İ.Sultanov, T.Əliyeva, N.Quliyev, Q.Muradov və başqalarına ünvanlanmış texniki şərtdən görünür ki, Azərsu ASC Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 3-cü Mədən ərazisində yerləşən fərdi yaşayış evlərinin su təchizatına aşağıdakı texniki şərtləri vermişdir: 1. Təsərrüfat-məişət məqsədləri üçün birləşmə nöqtəsi təqdim olunan cizgiyə əsasən şəhər şossesi ilə keçən d350 mm su kəmərindən diametri 40 mm-dən artıq olmayaraq qəbul olunsun. 2. Su sərfinin dəqiq qeydiyyatı məqsədilə hər bir fərdi evin girişində su sayğacı quraşdırılsın. 3. Su təchizatının normal olması üçün ehtiyat su tutumu nəzərdə tutulsun. 4. d40 mm su xətti və sayğac sakinlərin öz gücü və vəsaiti hesabına quraşdırıldıqdan, həmçinin qazıntı işlərinin aparılması və asfalt örtüyünün sökülməsi üçün aidiyyatı təşkilatların razılığı alındıqdan sonra birləşmə “Bakı Su Kəməri” İstehsalat İdarəsi tərəfindən yerinə yetiriləcəkdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərsu ASC-yə ünvanlanmış 01.09.2021-ci il tarixli ərizədən görünür ki, o 2006-cı ildə Balaxanı qəsəbəsində 3-cü Mədən ərazisindnə yaşadığı 2-ci Mədən ərazisinə 3 km uzunluğunda su xətti çəkdiyini, bunun üçün 75000 manat pul verib 3000 metr boru aldığını, bundan başqa xətlərin qazılması, çəkilməsi və qaynaq edilməsinə 40000 manat pul xərcləndiyini, cəmi 115000 manat pul xərcləyib su çəkdiyini, həmin xəttin Azərsu ASC-nin əməkdaşları tərəfindən istifadə olunduğunu, həmin cəmiyyətin əməkdaşlarının onun çəkdiyi su xətti vasitəsilə qəsəbə sakinlərinə su verib, pul yığdıqlarını, dəfələrlə şifahi surətdə su işçilərinə müraciətlər etidyini, su xəttinin çəkilməsinə xərclədiyi pulun alınıb ona verilməsini təmin etməklərini xahiş etdiyini, lakin müraciətlərinin müsbət həll olunmadığını bildirmiş, ona görə də məcbur olub cəmiyyətə rəsmi ərizə ilə müraciət edərək su xəttinə çəkdiyi xərcin 115000 manat pulun ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Su xəttinin onun vəsaiti hesbaına çəkildiyini Əsədov Nizami, Abdullayev Vüqar, Şahmarov Anar, Mustafayev Qurban və digərləri imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərsu ASC tərəfindən İddiaçı ünvanlanmış 27.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, onun Azərsu ASC-yə ünvanladığı 01.09.2021-ci il tarixli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Balaxanı qəsəbəsi, 3-cü Mədən ərazisindən yaşadığı 2-ci Mədən ərazisinə çəkilmiş 76 mm diametrli su xəttinin balans mənsubiyyəti Azərsu ASC-nin Sabunçu rayon Sukanal İdarəsinə məxsusdur. Həmin su xətti boyunca yaşayan istehlakçıların su təchizatı həmin şəxslərlə Sabunçu RSKİ arasında bağlanılmış su təchizatı və kanalzasiya xidmətlərinə dair müqaviləyə əsasən müvafiq sukanal idarəsi tərəfindən təmin edilir. Həmçinin xəttin istismar xidmətləri də Sabunçu RSKİ tərəfindən həyata keçirilməkdədir. İş materiallarında olan İddiaçı tərəfindən Azərsu ASC-yə və Azərbaycan Respublikası ƏƏSMN yanında X16 xidmətinə ünvnalanmış şikayətdən görünür ki, İddiaçı Azərsu ASC-nin Sabunçu şöbəsində maşinist işlədiyini, əslində maşinist deyil su paylanmasında işlədiyini, Azərsu ASC-nin Sabunçu şöbəsinin rəhbərliyinin onu qanunla müəyyən edilmiş 6 saat əvəzinə hər gün 12 saat işlətdiyini, ancaq 6 iş saatının əmək haqqını ödədiyini, 2021-ci il avqustun 26-da vacib işi olduğu üçün təcili başqa yerə getdiyini, həmin vaxt iş yoldaşı Səadət Mehtiyevdan onu əvəz etməsini və sahə rəisi Mirsahibə onun təxirəsalınmaz işi olduğu üçün rayona getdiyini deməsini xahiş etdiyini, sahə rəisindən onun əmək haqqını tam ödəməyi xahiş edərkən onunla kobud rəftəar etdiyini və işdən qovduğunu bildirmiş və öz işinə bərpa edilməyi və uzun müddət 12 saat işləməyinin zəhmət haqqısının ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 05.10.2021-ci il tarixli cavab məktubundan görünür ki, həmin məktubda İddiaçı Cavabdeh ASC-nin Sabunçu rayon Su Kanal İdarəsində əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə ünvanladığı müraciətə X16 Xidmətinin Bakı şəhər İdarəsində baxıldığı, araşdırma zamanı Cavabdeh ASC-nin Sabunçu rayon Su Kanal İdarəsinin rəhbərliyi tərəfindən X16 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş məktub və sənədlərdə onunla müəssisə arasında 20.05.2013-cü il tarixli müddətli əmək müqaviləsinin bağlandığı,hal- hazırda əmək müqaviləsinə xitam verilmədiyi və cəmiyyətdə nasos qurğularının maşinisti vəzifəsində çalışdığının qeyd edildiyi bildirilmişdir. İddiaçı nəzərinə çatdırılmışdır ki, müraciətində qeyd etdiyi artıq iş saatlarına cəlb edilməyinizlə bağlı ona ödənişlərin edilməməsinə dair məlumatlar Azərsu ASC-nin Sabunçu rayonu Su kanal İdarəsinin rəhbərliyi tərəfindən təqdim olunmuş əmək haqqı ödənişi və iş vaxtının uçotu cədvəllərində öz təsdiqini tapmamışdır. Müraciətdə və X16 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi izahatında iddia etdiyi məsələlərlə müəssisə tərəfindən təqdim olunmuş sənədlər arasında ziddiyyət yarandığından aralarında yaranmış mübahisənin həlli məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Azərsu ASC tərəfindən İddiaçı ünvanlanmış 14.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Azərsu ASC-nə daxi olan işə bərpa və vəzifədən sui-istifadə barədə 08.09.2021-ci il tarixli, Ə-11590 nömrəli ərizəsinə baxılmışdır. Araşdırma zamanı müəyyən olmuşdur ki, o, hal-hazırda Sabunçu rayon Sukanal İdarəsi üzrə Su anbarları və nasos qurğularının istismarı sahəsinin Nasos qurğuları maşinisti peşəsində işləyir və işdən azad olunmamışdır. Lakin, rəhbərliyininin tapşırıqlarını layiqincə yerinə yetirə bilmir, əmək funksiyasının icrasını lazımı səviyyədə icra etmir, işinə məsuliyyətsiz və səhlənkar yanaşdığına görə barəsində intizam tənbehi tətbiq edilmişdir. Müraciətində qeyd olunan digər xüsusatlara dair müvafiq qaydada araşdırma aparılmış, lakin öz təsdiqini tapmamışdır. İş materiallarında olan işəgötürən Azərsu ASC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən müəyyən olunur ki, müqavilə 20.05.2013-cü il tarixdən 20.05.2014-cü il tarixədək bağlanılmışdır. İşçi 20.05.2013-cü il tarixdən işə başlayır. İşçiyə hər ay 173 manat əmək haqqı ödənilir. İş materiallarında olan hesabat vərəqindən görünür ki, Əliyev X15 ASC-də nasos qurğularının maşınısti vəzifəsində çalışır və ona 01-30 sentyabr və 01-31 oktyabr 2021-ci il tarixə 351,45 manat əmək haqqı hesablanmış, həmin əmək haqqından 51,08 manat tutulmalar çıxılmış və 300,37 manat əmək haqqı verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan nin Sabunçu rayonu Su kanal İdarəsi Su anbarı və nasos qurğularının istismarı sahəsinin Balaxanı qəsəbəsi 2-ci Mədən nasos stansiyasında işləyən maşinistlərin 2021-ci ilin sentyabr ayına görə növbətçilik cədvəlinə əsasən İddiaçı sentyabr ayında 15 gün və oktyabr ayında isə 15 gün işdə olmuşdur. İş materiallarında olan SANQİ sahəsinin rəisi Mirsahab İsgəndərov, X10 sədri Məzahir Vəliyev, KİNKTİŞ-in kadrlar üzrə mütəxəssisi Xəyyam Camalov, əməyin təşkili üzrə mühəndis Vəli Kərimov, SANQ Sahəsinin ustası Oqtay Məmmədov tərəfindən tərtib edilmiş 30.08.2021-ci il tarixli aktdan görünür ki, 26.08.2021-ci il tarixdə Balaxanı qəsəbəsi, Şəhər Şosesi 2-ci Mədən ərazisində yerləşən məhəllədaxili nasos stansiyasına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin nasosxanada nasos qurğuları maşinist peşəsində işləyən İddiaçı nasosxananı işlək vəziyyətdə saxlayaraq tabe olduğu sahə rəisinə məlumat vermədən, iş yerini özbaşına tərk etmiş, nəticədə 26-28-30 avqust 2021-ci il tarixlərində işə gəlməmişdir. Bu məsuliyyətsizliyin nəticəsi olaraq sutka ərzində 12 saat fəaliyyət göstərən nasos stansiyasının iş qrafiki ciddi şəkildə pozulmuş və ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olmuş, Cavabdeh ASC-nin nüfuzuna xələl gətirmişdir. İş materiallarında olan 30.08.2021-ci il tarixli 44İ №-li İntizam tənbehi haqqında əmrdən görünür ki, su anbarları və nasos qurğularının istismarı sahəsinin nasosxana maşinisti İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan SANQİ sahəsinin rəisi Mirsahab İsgəndərov, energetik İbrahim İsayev, mexanik Mətləb Nəsirov tərəfindən tərtib edilmiş 25.10.2021-ci il tarixli aktdan görünür ki, 25.10.2021-ci il tarixində saat 10:30 radələrində Balaxanı qəsəbəsi, Şəhər Şosesi 2-ci Mədən ərazisində yerləşən məhəllədaxili nasos stansiyasının elektrik enerjisinə baxış keçirilən zaman həmin nasos stansiyasının işlək vəziyyətdə və qapısının bağlı olduğu aşkarlanmışdır. Sahə rəisi Mirsahab İsgəndərovun iştirakı ilə nasos stasniyasının qapısı açıldı və nasos stansiyasına baxış zamanı aşkarlandı ki, nasosxanaya daxil olan su borusunda su olmadan nasos aqreqatları işlək vəziyyətdə qalmışdır. Həmin nasos stansiyasının işinə cavabdeh şəxs olan maşinist İddiaçı qapını bağlayaraq məlumat vermədən iş yerini özbaşına tərk etmişdir. İddiaçı ona həvalə edilmiş vəzifələrin icrasına diqqətin daha da artırılması və işinə məsuliyyətlə yanaşması barədə dəfələrlə edilmiş xəbərdarlığa, eləcə də əmək vəzifələrini kobud şəkildə pozduğuna görə barəsində 30.08.2021-ci il tarixində tətbiq olunmuş intizam tənbehinə, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə baxmayaraq nəticə çıxartmamışdır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf iddia ərizəsində su xəttinin çəkilməsi ilə əlaqədar 115000 manat xərc çəkdiyini və 2010-cu ildən 2021-ci ilin noyabr ayına qədər 12 sata işləyib, lakin 6 saatlıq iş rejiminə görə əmək haqqı aldığını bildirsə də, iş materialları ilə qeyd edilən hallar müəyyən edilməmişdir. İddiaçı su xəttinin onun tərəfindən çəkilməsi və həmin xəttin çəkilməsi ilə əlaqədar qeyd edilən boruların alınması barədə kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməmiş və iş materialları ilə belə hallar təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki iş materialları ilə, iddiaçı və cavabdeh Azərsu ASCarasında iş görülməsinə dair hər hansı öhdəçilik, cavabdehin iddiaçıya hər hansı pul ödəmək vəzifəsi müəyyən edilmir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə də göründüyü kimi iddiaçının 12 saatalıq iş rejimi ilə işlədilərək 6 saatlıq iş rejiminə görə əmək haqqı alması halları öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh ASC-dən iddiaçının 2010-cu ildən 2021-ci ilin noyabr ayına qədər ödənilməmiş 39600 manat əmək haqqının və su xəttinin çəkilməsi ilə əlaqədar iddiaçıya vurulan 115000 manat ziyanın, cəmi 154600 manat pulun və ödənilmiş 445 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar