Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1749/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzərinə müvafiq məhkəmə qətnamələr ilə qoyulmuş aliment həcminin hər iki cavabdehə münasibətdə azaldılaraq ayrıayrılıqda Cavabdeh2 xeyrinə birgə nikahdan dünyaya gəlmiş qızları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının və gəlirlərinin ¼ hissəsi həcmində və Cavabdeh1 xeyrinə birgə nikahdan dünyaya gəlmiş oğulları xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının və gəlirlərinin ¼ hissəsi həcmində tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(075)-2192/2017 nömrəli qətnaməsinə və icra vərəqəsinə əsasən, xx.xx.2017-ci il tarixindən başlayaraq ondan Cavabdeh2 xeyrinə birgə nikahdan dünyaya gəlmiş qızları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının və gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutulur. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 591/2023 nömrəli qətnaməsinə və icra vərəqəsinə əsasən, xx.xx.2022-ci il tarixindən başlayaraq ondan Cavabdeh1 xeyrinə birgə nikahdan dünyaya gəlmiş oğulları - xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının və gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutulur. O, hal-hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin Gömrük X1 şöbəsinin baş inspektoru vəzifəsində işləyir və aylıq qazancı 4300-5000 manat arasında dəyişir. Dövlət Gömrük Komitəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 1000-240/02- 30/031 nömrəli arayışa əsasən orta aylıq əmək haqqı 4854 manat təşkil edir. Hal-hazırda o, faktiki olaraq 4 uşağın saxlanması üçün aylıq qazancının 2/3 hissəsi, yəni 66,66 faizi miqdarında, təxminən hər iki cavabdehə ayrı-ayrılıqda 1600-2000 manat miqdarında, ümumilikdə 3200-4000 manat miqdarında aliment ödəyir. Bundan başqa onun aylıq əmək haqqından qanunvericiliklə müəyyən edilmiş aylıq əmək haqqının 14 faizi miqdarında gəlir vergisi, sosial sığorta - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna ödənilən aylıq əmək haqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna ödənilən aylıq vəzifə maaşına əlavələrin 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqları - aylıq əmək haqqının 2 faizi miqdarında və aylıq vəzifə maaşına əlavələrdən icbari tibbi sığorta haqqı - aylıq vəzifə maaşına əlavələrin 2 faizi miqdarında və digər icbari ödəmələr - Silahlı Qüvvələrin Yardım Fonduna aylıq əmək haqqınını 3 faizi miqdarında və həmkarlar ittifaqına üzvlük haqları - aylıq əmək haqqının 2 faizi miqdarında və aylıq vəzifə maaşına əlavələrdən həmkarlar ittifaqına üzvlük haqları aylıq vəzifə maaşına əlavələrin 2 faizi miqdarında tutulur. Üzərində həddindən artıq çox yüksək miqdarda aliment yükü yaranır və eyni zamanda yuxarıda qeyd etdiyi icbari ödəmələrdən sonra onun əmək haqqı çox az məbləğ təşkil edir. Çox çətin və çıxılmaz vəziyyətdədir. Qeyd olunan hal, yəni hər 2 birgə nikahdan olan 4 uşağa görə alimentlərin ümumi məbləğinin aylıq qazancının 2/3 hissəsində, yəni 66,66 faizinin tutulması yaşamaq hüququnu da pozur və onu maddi cəhətdən həddindən artıq pis vəziyyətə salır. İddia tələbinə aidiyyəti olmasa da əlavə olaraq bildirmişdir ki, cavabdehlərdən hər ikisi də onun uşaqlarla görüşməyinə mane olur. Hüquqşünas olaraq bilir ki, uşaqlarla ünsiyyət və görüşmək üçün məhkəməyə müraciət edə bilər. Lakin cavabdehlər uşaqların heç birisinin onu görmək istəmədiyini, məhkəmədə bu barədə iddia qaldırsa da uşaqların onu görmək istəməməsi səbəbindən iddianın uğursuz olacağını deyirlər. Çox yüksək miqdarda cavabdehlərə aliment ödəyir və qarşılığını da belə görür. Onun ödədiyi aliment sayəsində özəl məktəb-litseylərə və özəl bağçalara gedirlər. O, ata kimi qanunvericilikdə nəzərdə tutulan alimenti ödəyir, amma konstitusiyada qeyd olunduğu kimi uşaqların qayğısına qalmaq, maddi və mənəvi tələbatlarını təmin etmək valideyn olaraq tək atanın deyil, həm də ananın haqqıdır və borcudur. Həmçinin məhkəmənin diqqətinə çatdırmışdır ki, Cavabdeh2 hal-hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Tarifləri və X5 Şöbəsinin böyük inspektoru vəzifəsində işləyir və təxminən onun qədər 4300 - 5000 manata yaxın aylıq qazancı var. Cavabdeh1 hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkim-hematoloq vəzifəsində işləyir və onda olan məlumata görə 1000 manat əmək haqqı alır. Digər tərəfdən uşaqların saxlanılması vəzifəsi yalnız bir valideynin üzərinə qoyula bilməz. Uşaqların saxlanılması üçün valideynlər birgə və bərabər məsuliyyət daşıdıqlarından, bütün xərclərin də ona həvalə edilməsi əsaslı hesab edilə bilməz. Mövcud qanunveriliyə əsasən uşaqlarını saxlamaq hər iki valideynin borcudur. Belə olan halda uşaqların saxlanılmaları yükünün bütövlüklə onun üzərinə yönəldilməsi və müvafiq olaraq cavabdehlərin bu xərclərdə heç bir iştirakının olmaması ədalətli deyil, cavabdehlərin öz valideynlik vəzifələrindən yayınmaları kimi dəyərləndirilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.7-ci bəndində məhkəmələrə tövsiyə edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Hal-hazırda o, faktiki olaraq 4 uşağın saxlanması üçün aliment ödəyir. Daha əvvəlki nikahdan olan övladları - xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay aylıq qazancının və gəlirlərinın 1/3 hissəsi həcmində aliment ondan tutulur. Əlavə olaraq indiki nikahdan olan övladlar - xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay aylıq qazancının və gəlirlərinin 1/3 hissəsi həcmində aliment ondan tutulur. Hesab edir ki, bu düzgün hal deyildir, birbaşa Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun deyil, mahiyyətinə ziddir və onun hüquqlarını pozur. Belə ki, bu halda ondan cavabdehlərin xeyrinə hər iki birgə nikahdan dünyaya gəlmiş uşaqlara ayrı-ayrılıqda qazancının 1/3 hissəsi, ümumilikdə aylıq qazancının yarısından çox hissəsi, yəni 2/3 hissəsi, cəmi 66,66 faiz miqdarında aliment tutulması qanunvericiliyə uyğun deyildir. Çünki Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə görə 3 və daha çox uşağa görə - qazancın yarısı miqdarında aliment tutulmalıdır. Digər halda isə, üzərində həddindən artıq aliment yükü yaranır, o, faktiki olaraq maaşının yarısından çoxunu, yəni 2/3 hissəsini, ümumi olaraq 66,66 faizini aliment ödəməyə sərf edir. Qeyd olunan halda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3-cü maddəsi, yəni 3 və daha çox uşağa görə - qazancın yarısı norması tətbiq edilərək, üzərinə müvafiq məhkəmə qətnamələri ilə qoyulmuş aliment öhdəlikləri cavabdehlərə münasibətdə azaldılmalı, əvvəlki birgə nikahdan dünyaya gələn uşaqlar üçün aylıq qazancının 1/4 hissəsi, indiki birgə nikahdan dünyaya gələn uşaqlar üçün aylıq qazancımın 1/4 hissəsi, ümumilikdə hər iki nikahdan dünyaya gələn uşaqlar üçün aylıq qazancının yarısı tutulmalıdır. Göründüyü kimi, qanunvericilik 3 və daha çox uşağa görə bir qayda olaraq alimentin miqdarını müəyyən edib. Bu səbəbdən də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ondan tutulan alimentlərin ümumi miqdarı onun aylıq qazancının yarısından çox hissəsini təşkil edir və qanunda nəzərdə tutulan hissədən artıq olur. Ona görə də, hər 2 birgə nikahdan olan 4 uşağa görə alimentlərin ümumi məbləğinin aylıq qazancının 2/3 hissəsində, yəni 66,66 faizinin tutulması, bu alimentlərin ümumi məbləğinin aylıq qazancının yarısından 16,66 faiz çox olması məhkəmə tərəfindən nəzərə alınmalı, cavabdehlərin xeyrinə tutulan alimentlərin məbləği hər ikisinə münasibətdə ayrıayrılıqda aylıq qazancının 1/4 hissəsinə, yəni 25 faizə endirilməlidir ki, qazancından tutulan alimentlərin ümumi məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni iki aliment bir yerdə 50 faizini təşkil etsin. Göründüyü kimi, ailə qanunvericiliyi aliment almaq hüququ olan uşaqların sayından asılı olaraq aliment ödəməli olan şəxsin gəlirlərindən tutulması mümkün olan alimentin yuxarı həddini müəyyən etmişdir. Belə tutmanın son həddi isə 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısıdır. Uşaqların sayına görə aliment ödəməli olan şəxsdən tutulan alimentin həcminin yuxarı həddinin müəyyən edilməsində qanunvericinin məqsədi aliment almaq hüququna malik olan şəxslərin mənafeləri ilə aliment ödəmək vəzifəsi olan valideynin qanuni maraqları arasında ədalətli tarazlığa nail olmaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, ailə qanunvericiliyi aliment almaq hüququ olan uşaqların sayından asılı olaraq aliment ödəməli olan şəxsin gəlirlərindən tutulması mümkün olan alimentin yuxarı həddini müəyyən etmişdir. Belə tutmanın son həddi isə 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısıdır. Uşaqların sayına görə aliment ödəməli olan şəxsdən tutulan alimentin həcminin yuxarı həddinin müəyyən edilməsində qanunvericinin məqsədi aliment almaq hüququna malik olan şəxslərin mənafeləri ilə aliment ödəmək vəzifəsi olan valideynin qanuni maraqları arasında ədalətli tarazlığa nail olmaqdır. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulması qanunvericiliyin tələbidir. Açıq- aşkar görünür ki, qeyd olunan maddədə uşaqların sayı nəzərdə tutulub, həmin maddədə bir nikahdan olan uşaqların sayı qeyd olunmamışdır. Bundan başqa, Cavabdeh2 xeyrinə birgə nikahdan dünyaya gəlmiş qızları - xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 1600- 2000 manat miqdarında aliment ödəyir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, o, alimenti dövlətin uşaqlar üçün nəzərdə tutduğu minimum həddindən 4-5 dəfə çox ödəyir, qeyd olunan məbləğ ölkə üzrə uşaqlar üçün müəyyən edilən yaşayış minimumundan dəfələrlə artıqdır. Eyni zamanda Cavabdeh2 hal-hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Tarifləri və X5 Şöbəsinin böyük inspektoru vəzifəsində işləyir, təxminən 4800 manat miqdarında əmək haqqı alır. Eyni zamanda məhkəmənin diqqətinə çatdıraraq qeyd etmişdir ki, onda olan məlumata görə ödədiyi alimentlər yığım kimi Cavabdeh2 adına açılmış bank hesabında saxlanılır, istifadə edilmir. İstifadə edilməməsinin də səbəbi çox güman orta aylıq 4800 manat miqdarında əmək haqqı almağı ola bilər. Çünki aldığı əmək haqqı çox yüksək məbləğdir, uşaqların maddi təminatının və təhsil haqqlarının ödənilməsinə artıqlaması ilə bəs edir. Cavabdeh2 xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödədiyi alimentlə birlikdə onun aylıq qazancı 6500 - 6800 manat təşkil edir. Belə ki, məbləğ çox yüksək məbləğdir və hər ay vəzifə maaşına əlavələr artdıqca ödədiyi alimentin məbləği də avtomatik olaraq artır. O, ata kimi qanunvericilikdə nəzərdə tutulan alimenti ödəyir, amma konstitusiyada qeyd olunduğu kimi uşaqların qayğısına qalmaq, maddi və mənəvi tələbatlarını təmin etmək valideyn olaraq tək atanın deyil, həm də ananın haqqı və borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Mövcud qanunveriliyə əsasən uşaqlarını saxlamaq hər iki valideynin borcudur. Belə olan halda uşaqların saxlanılmaları yükünün bütövlüklə üzərinə yönəldilməsi və müvafiq olaraq cavabdehlərin bu xərclərdə heç bir iştirakının olmaması ədalətli deyil. Qeyd olunan Azərbaycan Respublikası Konstitusiyasının müvafiq normalarından da aydın göründüyü kimi, bir valideyn olaraq cavabdehlərin hər ikisi uşaqların maddi təminatının təmin edilməsində iştirak etməlidir, valideyn olaraq tək ata yox. Qeyd olunanlardan da göründüyü kimi alimentin 300-350 manat civarında azaldılması uşaqların maddi təminatının azaldılmasına o qədər də təsir etmir, çünki vəzifə maaşına əlavələr hər ay artdıqca ödədiyi alimentin məbləği də artır. Lakin o, maddi cəhətdən çox çətin və çıxılmaz vəziyyətdədir, özünü maddi cəhətdən təmin etməkdə, minimum tələbatlarını ödəməkdə çətinlik çəkir. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il tarixindən başlayaraq ondan Cavabdeh2 xeyrinə birgə nikahdan dünyaya gəlmiş qızları - xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının və gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutulur. Qeyd olunan 1/3 hissə aldığı maaşdan və vəzifə maaşına əlavələrdən avtomatik olaraq hər ayın əvvəli tutulur. Aliment ailə qanunvericiliyinin tələbinə əsasən, eləcə də məhkəmə qətnaməsinə əsasən, əmək haqqından və vəzifə maaşına əlavələrdən avtomatik olaraq tutulur. İndiyə qədər də alimentin azaldılması üçün heç bir məhkəməyə müraciət etməmişdir. Vəkil tərəfindən iddia ərizəsinə verilən etirazda qeyd olunan «İddiaçı nikah pozulduğu dövrdən etibarən uşaqları ilə görüşməmiş, onlara bir az da olsa mənəvi qayğı, ata nəvazişi göstərməmişdir....” ifadələrinə qarşı cavab olaraq bildirir ki, o, həmişə uşaqlarını görməyə çalışmış, cəhd etmiş, hər dəfə uşaqların təhsil aldığı müəssisə barədə yalan məlumat vermişdilər. Bir yolla uşaqların Bakı İstanbul Liseyində təhsil aldığını öyrənmiş, onlarla görüşməyə getmiş, böyük qızı Nuray onu tanımaq istəmədiyini və görüşməkdən imtina etdiyini bildirmişdir. Sonradan Cavabdeh2 ona ultimatum xarakterli xəbər göndərərək, uşaqları ilə görüşməsini onun və qızı Nurayın istəmədiyini, hətta görüşlə bağlı məhkəməyə versə belə 10 yaşlı uşağın fikrinin nəzərə alındığını və heç vaxt uşaqlarla görüşə bilməyəcəyini, uşaqların arxasında durduğunu bildirmişdir. Bundan əlavə, övladları Nuray və Zəhra İsayevanın özəl təhsil müəssisəsi olan Bakı İstanbul Liseyində orta təhsil almaları və illik ödəniş servis xidməti də daxil olmaqla cavabdeh X7 üçün 6600 AZN, Zəhra üçün 7100 AZN məbləğində təhsil haqqı üçün çəkdiyi xərclərə münasibətdə bildirir ki, Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir və Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Ailə Məcəlləsinə uyğun olaraq, valideynlər uşaqların ümumi təhsil almasını təmin etməyə borcludurlar. Bu müddəa, icbari xarakterli olduğu üçün ümumi orta təhsili ehtiva edir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-cil il tarixli Qərarı ilə təhsil haqqının ödənilməsi müstəsna hal kimi dəyərləndirilmir və Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulan “və digər hallarda” ifadəsinə aid edilmir. Qeyd olunanlardan da aydın olur ki, ümumi orta təhsil məktəblərində təhsil almaq ödənişsizdir. Cavabdeh2 il ərzində yüksək məbləğdə, yəni 13700 manat məbləğində təhsil haqqı verməklə uşaqları özəl təhsil müəssisəsinə qoyması onun öz seçimidir, valideyn olaraq onunla razılaşma olmayıb, özəl təhsil müəssisəsi ilə müqavilə onun tərəfindən bağlanılıb. Həm də o, cavabdehlə boşanmış olmasaydı belə uşaqları dövlətin ümumtəhsil məktəblərinə qoyardı. O, özü də ümumtəhsil məktəbini bitirmiş və yüksək balla Bakı Dövlət Universitetinin hüquqşunaslıq fakültəsinə qəbul olunmuşdur. Həm də o, il ərzində 21000-22000 manat civarında aliment ödəyir, alimentin də miqdarı vəzifə maaşına ödənilən əlavələrdən asılı olaraq hər il artır. Göründüyü kimi cavabdeh ödədiyi təhsil haqqından il ərzində 7000-8000 manat çox pul qalır. Vəkilin bu barədə arqumentləri əsassızdır, alimentin fəlsəfəsini başa düşmür, aliment uşaqların maddi ehtiyaclarının ödənilməsi üçündür, özəl təhsil müəssisəsinin təhsil haqqlarını qarşılamaq üçün deyil. Odur ki, alimentin azaldılması barədə iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etirazında qeyd etmişdir ki, iddianı qəbul etmir. Hesab edir ki, iddia əsassızdır. Şəki Rayon Məhkəməsinin 2(075)-2192/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan dan övladları xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X4 cavabdehin yanında qalmaları müəyyən edilmiş və xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Hazırda, iddiaçı ikinci nikahından olan övladlarına ödədiyi alimenti və nəticədə dolanışığı üçün özünə az əmək haqqı qaldığını əsas gətirərək alimentin azaldılmasını, hər iki nikahdan olan uşaqların ümumi sayının 4 olmasını nəzərə almaqla əmək haqqının yarısının aliment kimi tutulmasını xahiş etmişdir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanun birbaşa olaraq qeyd edir ki, sabit gəliri olan valideyndən birgə nikahdan olan uşaqların sayına müvafiq olaraq gəlirin müəyyən hissəsi tutulur. Yalnız qazancı və ya sair gəliri olmayan, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı təqdirdə məhkəmə tərəfindən sabit pul məbləğində aliment təyin olunur. Həmçinin Ailə Məcəlləsindən, İcra haqqında Qanunun 65-ci maddəsinin göstərişlərindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarından da nəticəyə gəlinir ki, uşaqların sayı hər bir nikaha görə ayrı nəzərə alınır. Yəni, iddiaçının qeyd etdiyi kimi müxtəlif nikahlardan olan uşaqların sayını toplayıb Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin və 112-ci maddəsinin tətbiq edilməsi qanunun səhv şərh edilməsi və cəmiyyətdə böyük bir xaosun yaranması ilə nəticələnə bilər. Belə ki, iddiaçının digər nikahdan olan övladlarına da aliment verməsi qanunun tələbləri baxımından müxtəlif nikahdan olan aliment verilən uşaqların sayının toplanaraq “üç və daha çox” hesablanması üçün və ya “ailə və ya maddi vəziyyətində dəyişiklik” kimi qəbul edilməsi üçün əsas yaratmır. İddiaçının ikinci nikahdan olan övladlarına aliment verməsi birinci nikahdan olan uşaqlarının maddi təminatının azaldılmasına, onlara qarşı ayrı-seçkilik edilməsinə, hüquqlarının məhdudlaşdırılmasına yol açmamalıdır. Çünki belə yanaşma, qanunun tələblərinin səhv təfsir edilməsi ilə yanaşı, eyni zamanda mənəvi cəhətdən də insanların valideynlik məsuliyyətini dərk etməsinə mənfi təsir edərək, onların valideynlik yükünün azaldılmasına şərait yaradar və gələcəkdə bu formada övladının maddi təminatını fikirləşmədən uşaqlar dünyaya gətirməsinə sövq edər. Halbuki, hər bir valideyn hər şeydən öncə dünyaya gətirdiyi övladının maddi və mənəvi tələbatlarını ödəməlidir, çünki bu onun valideynlik borcudur. Hətta, qanunvericilik işləməyən valideyndən belə uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış məbləğinin ödənilməsini tələb edərkən valideynin işləmədiyini, özünü dolandıra bilmədiyini nəzərə almadan öncəliyi uşaqlara verərək, bir daha imperativ qaydada valideyni öz borcunu dərk etməyə dəvət edir. Həmçinin alimentlərin icra edilməsi qaydasını nəzərdə tutarkən birbaşa olaraq əmək haqqının 70 faizindən çox hissəsinə yönəldilməməsini imperativ qaydada göstərməklə uşaqların mənafeyini üstün tutur və işləməyən valideyndən imperativ qaydada tutulmalı olan aliment kimi qalan 30 faiz əmək haqqının valideynə bəs edib-etməyəcəyi ilə maraqlanmır. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən məhkəmə presedenti kimi istinad edilən oxşar məhkəmə qətnamələrinin surətinə gəldikdə isə, iddiaçı hüquqşünas olaraq çox gözəl bilməlidir ki, məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Azərbaycan hüquq sistemində isə məhkəmə qərarlarına bu cür yanaşma qəbul edilmir, çünki, məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir. Bu səbəbdən sözügedən məhkəmə presedentləri qəbuledilməzdir. Hətta iddiaçının istinad etdiyi kimi məhkəmə presedentlərinə əsaslansaq belə, məhkəmə praktikasında bu predmet və əsasla 10 alimentin azaldılmasına dair iddiadan ikisi təmin olunar ki, sonra yuxarı instansiya məhkəmələri tərəfindən həmin 2 qətnamə də ləğv olunaraq iddia rədd edilir. Həmçinin qeyd etmişdir ki, iddiaçının ikinci nikahının pozulması şübhə doğurur. Düşünür ki, bu boşanma kağız üzərində formal xarakter daşıyır, faktiki olaraq iddiaçı ikinci nikahdan olan ailəsi ilə birlikdə yaşayır və bütün bunlar cavabdehə ödənilən alimentin miqdarının azaldılması üçündür. Çünki iddiaçı iik gündən aliment vermək istəməmiş, alimentin azaldılması üçün əlindən gələni etmiş, son olaraq bu yola əl atmışdır. Halbuki, iddiaçının iddia ərizəsində qeyd etdiyi əmək haqqı onun qazancının yalnız görünən tərəfidir. İddiaçı rəsmi olaraq adında heç nə saxlamasa da, özünə aid olan, işlətdiyi bir sıra obyekti və kifayət qədər imkanı var. Buna baxmayaraq, prinsipial olaraq alimentin miqdarını azaltmaqla aliment ödəməkdən yayınmaq istəyir. Həmçinin qeyd etməliyəm ki, iddiaçı ilə cavabdehin birgə nikahdan olan övladları Nuray və Zəhra İsayeva 5-ci və 1-ci sinifdə olmaqla Bakı İstanbul Liseyində orta təhsil alırlar. Bakı İstanbul Liseyi özəl təhsil müəssisəsidir və illik ödəniş servis xidməti daxil olmaqla Nuray üçün 6600 AZN, Zəhra üçün 7100 AZN təşkil edir. Belə ki, hər ay Nuray üçün 550 manat təhsil haqqı, 110 manat servis haqqı, Zəhra üçün isə 600 manat təhsil haqqı, 110 manat servis haqqı cavabdeh tərəfindən Bakı İstanbul Liseyinə ödənilir. İddiaçı tərəfindən ödənilən aliment hər ay yalnız uşaqların təhsil haqqına yetir. Uşaqların digər bütün maddi və mənəvi tələbatları cavabdehin üzərindədir. İddiaçı nikah pozulduğu dövrdən etibarən uşaqları ilə görüşməmiş, onlara bir az da olsa mənəvi qayğı, ata nəvazişi göstərməmişdir. Hətta balaca qız Zəhra atasını tanımır. İddiaçının cavabdehin guya uşaqlar ilə görüşməyə qoymur iddiası isə sadəcə cəfəngiyyatdır və nə qədər qeyri səmimi olduğunun göstəricisidir, özünün də, bildirdiyi kimi iddiaçı hüquqşünasdır, qanunları bilir, nikahın pozulduğu bu 6 il ərzində məhkəmə qaydasında belə görüş alıb uşaqları ilə görüşməyə cəhd etməmişdir, halbuki, hüquqşünas olaraq məhkəmə qətnaməsinin hər kəs üçün məcburi olduğunu, əgər belə qətnamə olarsa uşaqları ilə hər necə də olsa görüşə biləcəyini çox gözəl bilir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq analıq məzuniyyətində olduğundan oğlu İsazadə Tamerlanın az yaşlı olması, valideynlərinin və yaxın qohumlarının işləməsi və uşağa baxmaq üçün və ya uşağı əmanət etmək üçün qoyacaq yaxın bir şəxsinin olmaması səbəbindən təyin ediləcək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Həmçinin maddi imkanının aşağı olması səbəbindən məhkəmə iclaslarında onu təmsil və müdafiə edəcək vəkil xidmətindən də istifadə edə bilmədiyini, buna görə də məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, iştirak edə bilməməsinin üzrlü sayılmasını xahiş etmişdir. Əlavə olaraq Cavabdeh1 iddia tələbi ilə razı olmadığını, tələbin əsassız olduğunu bildirmiş, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(075)-2192/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh İsayeva (Məmmədova) İqlimə Oruc qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 221 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 anası İsayeva (Məmmədova) İqlimə Oruc qızının yanında saxlanılmış, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment alınaraq cavabdeh İsayeva (Məmmədova) İqlimə Oruc qızına verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-591/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, 1000-240/02-30/031 saylı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən Dövlət Gömrük Komitəsinin əməkdaşıdır və dövlət qulluğunun xüsusi növündə xidmət edir. Hal-hazırda Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsi Gömrük X1 şöbəsinin baş inspektoru vəzifəsində çalışır və onun orta aylıq gəliri 4854 (dörd min səkkiz yüz əlli dörd) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. 8.7-ci bəndində əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə aktları ilə xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının aylıq qazancının 1/3 hisəsində aliment tutulmuş və göründüyü kimi iddiaçı hazırda dörd uşağa görə ayrılıqda aylıq qazancının 1/3 hisəsi miqdarında aliment ödəyir. Yaranmış vəziyyət Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunan normanın tələbinə görə iddiaçıdan aliment şəklində 4 uşaq üçün tutulan alimentin miqdarı onun aylıq qazancının yarısını təşkil etməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməklə iddiaçıdan xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmuş alimentin miqdarı azaldılmalı və iddiaçının qazancının 1/2 hissəsinin yarısı, yəni hər uşaq üçün iddiaçının qazancının 1/8 hissəsi məbləğində müəyyən edilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Şəki Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(075)-2192/2017 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/8 hissəsi miqdarında aliment tutularaq Cavabdeh2 ödənilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(005)- 591/2023 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/8 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1749/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1749/2023
11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver