Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1758/2025 25.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzi kimi 6.000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzi kimi 6.000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh özünə məxsus “Nissan Qashqai” markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, İddiaçı idarə etdiyi “Toyota Corolla” markalı avtomobilə vurmuşdur. Nəticədə, İddiaçı və onun yetkinlik yaşına çatmayan övladları yüngün bədən xəsarətləri almışlar. Hadisədən sonra cavabdeh maddi və mənəvi zərərə görə 10.000 manat pul ödəyəcəyini bildirsə də, 4000 manat ödəmiş, qalan hissəni isə ödəməmişdir. İddiaçının özünün və övladlarının xəsarət alması ilə bağlı ona mənəvi zərər vurulmuşdur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmiş və izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-4348/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, baş vermiş sözügedən yol nəqliyyat hadisəsi üzrə İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qisminə aşağıdakı hüquq normaları çıxış edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü Cavabdeh münasibətdə yerinə yetirilir (inzibati məsuliyyyətə cəlb edilməsi və S.A.Qaçaylının özünün izahatına əsasən təqsirinin olması mülki işin mübahisəsi halıdır), mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh özünə məxsus “Nissan Qashqai” markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, İddiaçı idarə etdiyi “Toyota Corolla” markalı avtomobilə vurmuşdur. Belə ki, ehtimal olunan inzibati xəta hadisəsinə görə iddiaçının avtomobili YPX əməkdaşları tərəfindən yolun kənarına çəkilərək saxlanılmış, bu zaman cavabdeh idarə etdiyi avtomobillə yüksək sürətlə arxadan gələrək iddiaçının avtomobilinə dəymişdir. Nəticədə, avtomobil tam çevrilmiş, İddiaçı və onun yetkinlik yaşına çatmayan övladları yüngül bədən xəsarətləri almışlar. Müvafiq inzibati məsuliyyətə cəlb edilməklə bağlı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-4348/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının preyudisiallığı nəzərə alınmaqla İddiaçı zərər vurulmuşdur, həmin zərər Cavabdeh təqsiri (özünəgüvənmə növündə ehtiyatsızlıq formasında) nəticəsində vurulmuş və Cavabdeh təqsirli hərəkət və hərətsizliyi ilə vurulmuş zərər arasında səbəbli əlaqə vardır. Deməli, mübahisə üzrə delikt hüquq institunun dispozitiv şərtləri yerinə yetirilir. Lakin, əməlin ictimai təhlükəliliyi əsas götürülməklə cavabdeh cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb edilmişdir. Nəzərə alınır ki, sözügedən hadisə qəsdən (birbaşa və ya dolayı) deyil, ehtiyatsızlıqdan baş vermişdir. Hadisə baş verən zaman avtomobildə iddiaçının özündən əlavə 2 azyaşlı övladının olması, hadisədən sonra avtomobilin banı üstə tam çevrilməsi, nəticədə iddiaçının həm özünə, həm də övladlarına görə yüksək hiss, həyəcan, qorxu keçirməsi, övladlarında müvafiq psixoloji travma izlərinin yaranması, həmçinin bədən xəsarətləri alması, iddiaçının baş vermiş hadisədə hər hansı təqsirinin olmaması, YPX əməkdaşının qanuni tapşırığını icra etmək üçün avtomobili yolun kənarında saxlaması nəzərə alınır. Mülki işin mübahisəsiz hallarına əsasən cavabdeh tərəfindən iddiaçıya 4000 manat zərər ödənilmişdir ki, bu hal xüsusi diqqətə alınmalıdır. İddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi zərərlə bağlı əvvəllər pul vəsaitinin ödənilməsi xüsusatına görə cavabdehin mənəvi baxımdan vicdanlı davranışı, vurulmuş zərərin kompensasiya edilməsi ilə bağlı hərəkətləri nəzərə alınır. Həmçinin nəzərə alınır ki, iddiaçıya həmçinin avtomobilə dəymiş zərərə görə, sağlamlığa vurulmuş zərərə görə müvafiq sığorta ödənişləri həyata keçirilmişdir (baxmayaraq ki, sığorta ödənişi mahiyyət etibarilə fərqli məsələdir). İş materiallarına əlavə edilmiş fotoşəkilə əsasən müəyyən edilir ki, İddiaçı hadisədən 1 gün sonra xx.xx.2022-ci il tarixdə işgüzar görüşdə iştirak etməklə facebook sosial şəbəkəsində görüş barədə müvafiq açıqlama verməklə foto paylaşmışdır. Deməli, baş vermiş hadisə üzrə sarsıntının həddi yüksək olmamış, iddiaçı psixoloji olaraq dərhal toparlanmağı bacarmışdır. Həmçinin, hadisənin üzərindən 3 ilə yaxın müddətin keçməsi nəticəsində sarsıntı hisslərinin əhəmiyyətli dərəcədə azalması xüsusatı diqqətə alınır. Məhkəmə hesab edir ki, cavabdehin hadisə baş verdikdən sonra üzərinə hansı öhdəlik (10000 manat) götürməsindən asılı olmayaraq (bu barədə əsaslı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir) mənəvi zərərin əvəzi kimi 500 manat pulun cavabdehdən tutulması ədalətli, mütənasib, qanuni və əsaslıdır. Nəzərə alınmalıdır ki, kompensasiya institutunun mahiyyəti zərərçəkəni varlandırmaq deyil, mənəvi zərərin əvəzini müəyyən hissədə bərpa etməyə çalışmaqdır. Məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında həddən artıq yüksək məbləğdə zərərin ödənilməsi öhdəliyi qoyulması mövcud iqtisadi şərtlər, cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla qismən olaraq faktiki icrasız qalmasına səbəb olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Dövlət institutu tərəfindən qanunvericilik normalarının tətbiq edilməsi mülki hüquq münasibətlərinin subyektlərinin mənafələrinin və hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə bir sıra hallarda subyektin iradə ifadəsinin qarşısına keçməklə ədalətli münasibətləri tənzimləməyə xidmət edir. Nəzərə almaq lazımdır ki, mülki hüquq münasibətlərinin subyektlərinin sərbəst iradə ifadəsi imkanı olsa da, bu xüsusat mütləq mahiyyət daşımır və qanuna, cəmiyyətin, subyekt(lər)in qanunla qorunan mənafelərinə zidd olan hissədə etibarsızdır və heç bir hüquqi əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdehə aid edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pulun tutulmasını məhkəmə ağlabatan hesab etdiyindən, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzi kimi 6.000 manat pulun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1758/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1758/2025
25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver