Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1764/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Paşayev Elçin Tofiq oğlunun katibliyi İddiaçı oğlunun Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı maddi zərər tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxus nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 3964,80 manat, 50 manat qüsur aktının tərtib edilməsi üçün ödəniş, 300 manat gecikməyə görə kompensasiya və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «VOLVO-S80» minik markalı, 90LM190 dövlət qeydiyyat nişanlı avtomobil AD № 127305 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsusdur. 18 dekabr 2020-ci il tarixdə cavabdeh tərəfindən 23.12.2019-cu il tarixli icbari sığorta müqaviləsinə əsasən sığortalanmış LEXUS LX470 markalı 99RX499 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş, həmin hadisənin törədilməsində avtomobilin sahibi X1 təqsirli bilinmiş və onun barəsində inzibati tənbeh vermə haqqında Nəsimi rayon DYPŞ tərəfindən 19.12.2020-ci il tarixdə qərar çıxarılmışdır. Hadisə nəticəsində ona məxsus avtomobilə zərər dəymişdir. Cavabdeh onun avtomobilinə dəymi zərərə görə 903 manat sığorta ödənişinin ödənilə biləcəyəni bildirmişdir. Halbuki onun avtomobilinə dəymiş zərərin aradan qaldırılması üçün «AZTOLMOTORS» tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 3964,80 manat vəsait tələb olunur. Həmin qüsur aktının tərtib edilməsi üçün tərəfindən 50 manat ödəniş edilmişdir. Bundan əlavə hesab edir ki, sığorta ödənişinin vaxtında verilməməsinə görə cavabdeh ona 300 manat dəbbə ödəməlidir. O cavabdehə onun tərəfindən təyin edilmiş məbləğlə razı olmadığını şifahi bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı cavabdeh tərəfindən müəyyən edilmiş zərərin məbləği ilə razı olmadığı halda müstəqil ekspertin təyin olunmasını tələb edə bilərdi. Lakin iddiaçı bunu tələb etmədən özü servisə müraciət etmişdir. İddiaçı ilə cavabdeh arasında SMS yazışmaları olmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 13.1.-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2.-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 20.2.-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 926.1 maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 24.1.6-cı maddəsinə əsasən zərərçəkənin sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ vardır. Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş SMS yazışmalardan görünür ki, iddiaçı ilə cavabdeh arasında zərərin məbləği ilə bağlı yazışmalar olmuş, cavabdeh avtomobilə dəymiş zərərin əvvəlcə 755 manat, sonra isə 903 manat olaraq qiymətləndirildiyini bildirmişdir. 12 yanvar 2021-ci il tarixli servis kartından görünür ki, İddiaçı oğlu «Aztol Motors» Servisə qüsur aktının tərtib edilməsi üçün 50 manat xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, zərərçəkən İddiaçı oğlu və sığortaçı "xxxx" ASC arasında sonuncunun sığortalısı tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin məbləği barədə razılıq əldə edilməmiş, iddiaçı cavabdeh tərəfindən müəyyən edilmiş zərər məbləğləri ilə razılaşmamış, zərərin miqdarının qiymətləndirilməsi üçün servisə müraciət etmiş, həmin servis tərəfindən onun avtomobilinə dəymiş zərər 3964,80 manat məbləğində müəyyən edilmiş, cavabdeh "xxxx" ASC həmin servis tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razılaşmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli 9/2618 saylı rəyinə əsasən iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği hadisə baş verən tarixə təxminən 1240 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği düzgün qiymətləndirilməmişdir. Cavabdehin bu təqsirli hərəkətləri nəticəsində iddiaçı servisə müraciət etməli olmuş və 50 manat xidmət haqqı ödəmişdir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddiaçının sığorta ödənişi tələbi qismən 1240 manat məbləğində təmin edilməlidir. Eyni zamanda iddiaçı cavabdehin təqsiri nəticəsində servisə müraciət etməli olduğundan 50 manat servisə ödənilmiş xidmət haqqı tələbi də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının 300 manat dəbbə pulu tələbi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 11 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ekspertiza xərci də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1240 (min iki yüz qırx) manat sıgorta ödənişi, 50 (əlli) manat qüsur aktı üçün ödəniş, 300 (üç yüz ) manat dəbbə pulu, 11 (on bir) manat dövlət rüsumu tutularaq İddiaçı oğluna ödənilsin. 100 manat ekspertiza xərcinin 63 (altmış üç) manatı İddiaçı oğlundan, 37 (otuz yeddi) manatı cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1764/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1764/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver