Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1833/2023 22.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış layihə İstehsalat İdarəsinin Cavabdeh2 qarşı sığorta ödənişi və maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 6278 manat sığorta ödənişinin və 1695 manat sığorta ödənişinin gecikdirildiyinə görə dəbbə pulunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh2 əlavə cavabdeh qismində cəlb edərək, "xxxx" ASCdən 5000 manat sığorta ödənişinin, Cavabdeh2 1278 manat məbləğində maddi zərər tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə təxminən 18:00 radələrində Cavabdeh2 idarə etdiyi “Mercedes BENZ” markalı 99DK729 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran rayonu, H.Əliyev prospekti ilə M.Rəsulzadə küçəsinin kəsişməsində idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, ərazidə quraşdırılmış 1 ədəd A tipli işıqforun dirəyi, 1 ədəd taymer və 36 metr 14x2,5 kabel tam yararsız vəziyyətə düşməklə idarəyə 6278 manat dəyərində maddi ziyan dəymişdir. Bununla bağlı ziyan aktı tərtib edilərək, cavabdeh xx.xx.2022-ci il tarixdə Cavabdeh2 göndərilmişdir ki, idarəyə dəymiş ziyanı ödəsin, lakin bu günə kimi onun tərəfindən heç bir ödəniş edilməmişdir. "xxxx" ASC icbari sığorta ödənişi ilə bağlı 5000 manat miqdarında məsuliyyət daşıyır. Qeyd olunan hadisədə Cavabdeh2 təqsirli hesab edilmişdir. Bu səbəbdən ondan da maddi ziyan tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC tərəfindən 5000 manat sığorta ödənişinin həyata keçirildiyindən ona qarşı iddiaçının tələbinin olmadığını bildirmişdir. Lakin Cavabdeh2 qarşı olan iddia tələbini müdafiə etmişdir. Odur ki, Cavabdeh2 1278 manat məbləğində maddi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Tətbiq edilən hüquq İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli PXA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh2 “Mercedes BENZ” minik markalı 99DK729 dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2022-ci il tarixədək (1 il müddətinə) "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Müqaviləyə əsasən, sığorta hadisəsi zamanı əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığorta ödənişi nəzərdə tutulmuşdur. Şabran rayon Polis Şöbəsinin HK-1/444 saylı xx.xx.2022-ci il tarixli cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə **-DK-*** dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobiliylə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə 60 saat/km sürətlə hərəkətdə olduğu zaman H.Əliyev prospektinə dönmə əməliyyatını həyata keçirən zaman idarə etməni itirərək yolun sol tərəfində yerləşən işıqforun dirəyinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Eyni zamanda həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, o, **-DK-*** dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobiliylə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində “Çinar” şadlıq sarayında keçirilən toy məclisinə dəvət edilmişdir. Toyda iştirak edən zaman bir qədər spirtli içki qəbul etmişdir, saat 22 radələrində toy məclisindən çıxaraq özünə məxsus avtomobili idarə edərək Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə saatda 60 km sürətlə hərəkət edərək H.Əliyev prospektinə yaşadığı ünvan istiqamətinə dönmək istəyəndə dönmə əməliyyatını düzgün həyata keçirə bilməməyi səbəbindən yolun sol tərəfində yerləşən işıqforun dirəyinə avtomobiliylə çırpılmışdır. Nəticədə avtomobilinin qabaq hissəsi yararsız vəziyyətə düşmüşdür. Yol nəqliyyat hadisəsini törədən zaman avtomobildə tək olmuş, başqa avtomobilə və ya piyadaya toxunmamışdır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şabran rayonu, H.Əliyev prospekti ilə M.Rəsulzadə küçəsinin kəsişməsində “Mercedes BENZ” markalı 99DK729 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, ərazidə quraşdırılmış 1 ədəd A tipli işıqforun dirəyi, 1 ədəd taymer və 36 metr 14x2,5 kabel tam yararsız vəziyyətə düşməklə idarəyə 6278 manat dəyərində maddi ziyan dəymişdir.
1. A tipli svetafor 1 ədəd x 4980 = 4980 manat
2. Taymer 1 ədəd x 920 = 920 manat
3. 36 metr 14 x 2,5 = 378 manat Cəmi: 6278 manat Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. "xxxx" ASC tərəfindən üzərinə düşən öhdəliyin tam həyata keçirilməsini və iddiaçının bununla bağlı olaraq "xxxx" ASC-yə münasibətdə iddia tələbini azaltmasını nəzərə alaraq məhkəmə hesab edir ki, dəymiş maddi zərərin əvəzi olaraq yerdə qalan 1278 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış layihə-İstehsalat İdarəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən 32,78 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh2 1278 ( min iki yüz yetmiş səkkiz) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış layihə-İstehsalat İdarəsinin xeyrinə ödənilsin. Cavabdeh2 32,78 (otuz iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova