Məhkəmə qərarları › İş №2(004)-1863/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1863/2021

16.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1863/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 86.5 kv.m. təşkil edən 67 saylı mənzilin cavabdehlə aralarında bərabər şəkildə bölünməsi (payın naturada ayrılması) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək, eyni zamanda, iddia müddətinin tətbiqinə dair ərizə verərək göstərmişdir ki, iddiaçı ilə aralarında xx.xx.2003-cü il tarixdə bağlanmış nikah Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(075)-101/2014 saylı qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin imperativ tələbinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İddia predmeti olan mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Bu fakt dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla təsdiqlənir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı sözügedən çıxarışın qeyri-dəqiqliyini, əsassızlığını, qanuna uyğun olmadığını təsdiq edə biləcək heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. İş üçün əhəmiyyət kəsb edən digər önəmli bir məqam ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil, ona mərhum atası X1 vəsiyyətnamə əsasında keçmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab edilir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının irəli sürdüyü tələb prosessual cəhətdən nöqsanlıdır və onun subyektiv hüququnun əhatəsində deyil. Yuxarıda qeyd olunanlara əsaslanaraq, iddia ərizəsinin əsassız, qanunsuz olduğuna görə, o cümlədən iddia müddəti tətbiqi etməklə iddia tələbini təmin etməməyi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatının iddia tələbinin məzmununa uyğun olduğunu bildirmiş və məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, əsassız olduğuna görə, həmçinin, iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2003-cü il tarixdə Şəki rayon VVADQ şöbəsində nikaha daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(075)-101/2014 saylı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. xx.xx.2013-cü il tarixli vəsiyyətnamənin surətinə əsasən müəyyən olunur ki, X3 özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi, bina 2, ev 67-də yerləşən 2 otaqlı mənzilini qızı Cavabdeh vəsiyyət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, ünvan 1, giriş 3, 67 saylı mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf ünvan 1, 67 saylı mənzilin cavabdehlə birgə nikahları dövründə, onun maliyyə vəsaiti hesabına əldə edildiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin, mübahisəli mənzilin tərəflərin birgə nikahları dövründə cavabdeh tərəfindən vərəsəlik qaydasında əldə olunduğu müəyyən edilmişdir. Bundan başqa, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd edilməlidir.. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: İddiaçı X2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar