Məhkəmə qərarları › İş №2(004)-189/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-189/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-189/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı dəymiş zərərə əsasən sığorta ödənişinin həyata keçirilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı dəymiş zərərə əsasən sığorta ödənişinin həyata keçirilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ona məxsus qanunvericiliklə mülkiyyət hüququnu dövlət tərəfindən tanınan və verilən çıxarışla olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 264 A ünvanında yerləşən yanacaq doldurma məntəqəsində 08.02.2020-ci il tarixində gecə saatlarında güclü külək əsdiyindən, həmin yanacaq doldurma məntəqəsinin ofisinin damını, tavanını, qapılarını, pəncərələrin bahalı şüşələrini vurub sındırmışdır. Hətta külək yanacaq doldurma dirəyini də qaynaq yerindən qopardıb yerindən oynatmışdır. Nəticədə ümumilikdə ona 5241 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı mövcud qanunvericiliyə uyğun olaraq mənim «xxxx» ASC sığorta şirkəti ilə icbari sığorta haqqında qanuna əsasən, cavabdehlə müqavilə əsasında 29.12.2019 il tarixdə bir il müddətində sığortalanmışdır. Həmin yanacaq doldurma məntəqəsinin sığorta dəyəri 219217 manat təşkil etmişdir. O, bununla bağlı həmin tarixdə «xxxx» ASC sığorta şirkəti ilə əlaqə saxlamış və hadisə barəsində məlumat vermiş, sonradan «xxxx» ASC əməkdaşları gəlib həmin obyektin foto və video lentə qeyd etmiş və oradan çıxıb getmişlər. Bu hadisədən təqribən 2 ay keçəndən sonra onun ünvanına «xxxx» ASCdən 11.03.2020 tarixli 0241 saylı imtina məktubu gəlmişdir ki, guya ona məxsus olan yanacaq doldurma məntəqəsinə 1930 manat maddi ziyan dəymiş və azadolma məbləği 2000 manat olduğu üçün ziyan ödənilməyəcdir. Xatırladır ki, həmin yanacaq doldurma məntəqəsinə dəyən ziyanın hesablanması və qiymətləndirilməsi barəsində ona heç bir bildiriş və məktub gəlməmiş, ümumiyyətlə heç bir razılıq da təklif etməmişdir, bununla da «xxxx» ASC qanunsuz və əsassız qərar qəbul etmişdir. Bununla da cavabdeh Azərbaycan Respublikasının İcbari sığortalar haqqında qanunun 3-cü, 4-cü və 16-cı maddələrinin tələbini kobud surətdə pozmuşdur. Qeyd edilənlərə əsasən, “xxxx” Açıq Səhmdar Cəmiyyətindən ona dəymiş 5241 manat dəyərində ziyana görə pul, 30 manat iddia ərizə pulu və mənəvi ziyana görə 1500 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleram (ərizə) ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - DƏDRX RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 264A ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. - Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, X1 məxsus Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi 264A ünvanında yerləşən qeyriyaşayış sahəsi «xxxx» ASC tərəfindən 219297 manat məbləğində sığortalanmış və azadolma məbləği 2000 manat məbləğində müəyyən edilmişdir. - “xxxx” ASC-nin İddiaçı ünvanladığı 11.03.2020-ci il tarixli məktubun surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı qiymətləndirmə işi aparılmış və əmlaka dəymiş zərər 1930 manat məbləğində müəyyən edilmişdir. Sığortalı əmlaka dəymiş zərər azadolma məbləğindən az olduğundan bu sığorta hadisəsi üçün sığorta ödənişinin verilməsi öhdəliyi yaranmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/3144 nömrəli, 09.04.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 264A ünvanında yerləşən yanacaq doldurma məntəqəsinə dəymiş ziyanın orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 4568.50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 08.02.2020-ci il tarixdə baş vermiş güclü külək nəticəsində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 264A ünvanında yerləşən qeyri-yaşayış binasına zərər dəymişdir. İddiaçı ona məxsus olan qeyri-yaşayış sahəsinə dəymiş zərərin miqdarının 5241 manat olduğunu bildirmiş, cavabdeh isə iddiaçıya məxsus əmlaka 1930 manat məbləğində ziyan dəydiyini, lakin tərəflər arasında bağlanmış Daşınmaz Əmlakın İcbari Sığortası haqqında müqaviləyə əsasən azadolma məbləği 2000 manat məbləğində müəyyən edildiyindən, bu sığorta hadisəsi üçün sığorta ödənişinin verilməsi öhdəliyi yaranmaması səbəbindən imtina etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə qeyri-yaşayış sahəsinə dəymiş zərərin əvəzi olaraq 5241 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia təlbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/3144 nömrəli, 09.04.2021-ci il tarixli rəyinə əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 264A ünvanında yerləşən yanacaq doldurma məntəqəsinə dəymiş ziyanın orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 4568.50 manat təşkil etdiyi və tərəflər arasında bağlanmış müqaviləyə əsasən azadolma məbləği 2000 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavadbeh «xxxx» ASC-dən sığorta ödənişi üzrə 2568 (iki min beş yüz altmış səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 1500 məbləğində pul vəsaitinin tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 1500 manat məbləğində mənəvi ziyanın dəyməsi barəsində məhkəməyə hər hansı mötəbər bir sübut təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh «xxxx» ASC-dən sığorta ödənişi üzrə 2568 (iki min beş yüz altmış səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 12.80 %-i, yəni 3 (üç) manat 84 (səksən dörd) qəpiyi iddiaçıya aid edilməli, qalan 87.20 %-i, yəni 26 (iyirmi altı) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti cavabdeh «xxxx» ASC-dən tutularaq İddiaçı ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz iyirmi) manat ekspertiza xərcinin 12.80 %-i, yəni 12 (on iki) manat 80 (səksən) qəpiyi iddiaçıdan, digər 87.20 %-i, yəni 87 (səksən yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» ASC-dən sığorta ödənişi üzrə 2568 (iki min beş yüz altmış səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 12.80 %-i, yəni 3 (üç) manat 84 (səksən dörd) qəpiyi iddiaçıya aid edilsin, qalan 87.20 %-i, yəni 26 (iyirmi altı) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti cavabdeh «xxxx» ASC-dən tutularaq İddiaçı ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz iyirmi) manat ekspertiza xərcinin 12.80 %-i, yəni 12 (on iki) manat 80 (səksən) qəpiyi iddiaçıdan, digər 87.20 %-i, yəni 87 (səksən yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar