Məhkəmə qərarları › İş №2(004)-1975/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1975/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1975/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4600 manat zərər məbləğinin, 3000 manat əldən çıxmış fayda məbləğinin, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 1150 manat məbləğində dəbbə pulunun, ümumilikdə 8750 manat məbləğin cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 16.05.2020-ci il tarixində Masazır qəsəbəsi M.S.Ordubadi küçəsində mülkiyyətində olan oğlunun mülkiyyətində olan “TOYOTA TAND-CRUİSER-PRADO” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, “icbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Cavabdeh ASC-də icbari sığorta etdirilmiş “QAZ33021 Yük” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. İddiaçının mülkiyyətində olan “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 5000 (beş min) manatdan çox zərər dəymişdir. İctimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, ehtiyyatsızlıqdan törədilən əmələ, yəni törədilmiş yol-nəqliyyat hadisəsinə görə “QAZ33021 Yük" markalı. 27-BF- 633 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü X2 inzibati məsuliyyətə cəlb olunmuşdur. Sığorta hadisəsinin baş verməsinə, “icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində sadalanan sənədlərin təqdim olunmasına baxmayaraq, “xxxx” ASC sığorta ödənişinin verilməsi işini həyata keçirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 16.05.2020-ci il tarixdə Masazır qəsəbəsi, M.S Ordubadi içəsində mülkiyyətində olan “TOYOTA LAND-CRUİSER-PRADO" markalı, 9**-ME-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, “icbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Cavabdeh ASC-də icbari sığorta etdirilmiş "QAZ33021 Yük” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. İddiaçının mülkiyyətində olan “TOYOTA LAND-CRUİSER- PRADO" markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 5000 (beş min) manatdan çox zərər dəymişdir. İctimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, ehtiyyatsızlıqdan törədilən əmələ, yəni törədilmiş yol-nəqliyyat hadisəsinə görə “QAZ33021 Yük" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü X2 inzibati məsuliyyətə cəlb olunmuşdur. Sığorta hadisəsinin baş verməsinə, “icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsində sadalanan sənədlərin təqdim olunmasına baxmayaraq, “xxxx” ASC sığorta ödənişinin verilməsi işini həyata keçirməmişdir. Dəfələrlə sığorta Şirkətinə müraciət etsə də, şirkət əvvəl ekspertiza keçirilməsini bildirmiş və ekspert rəyi alınmışdır. Sonradan, sığorta məbləğini ödəmək üçün iddiaçının adına kart açmışlar və tezliklə pulun ödəniləcəyini bildirmişlər. Lakin, sonradan müxtəlif bəhanələr edərək pulu verməkdən əsassız olaraq boyun qaçırmışlar. İddiaçı araşdırma aparılması barədə məktub yazmışlar. Lakin, bu günə kimi araşdırmanın nəticəsi barədə ona məlumat verməmişlər. İddiaçı belə hesab edir ki, sığorta ödənişinin verilməməsi əsassızdır. Qanunvericiliyin tələblərinə ziddir. İddiaçı hətta Mərkəzi banka da müraciət etmişdir. Onlar iddiaçıya cavab vermələrini cavabdehdən tələb etsələr də, bu günə kimi iddiaçıya cavab verməmişlər. Ona verilməli olan sığorta ödənişinin məbləği cavabdeh tərəfindən 4600 manat qiymətləndirilmişdir. Sığorta ödənişini vermədiklərindən və avtomaşın iddiaçıya gündəlik lazım olduğundan, uşaqlarının boğazından kəsərək, 4600 manat məbləğində pul taparaq maşınını öz hesabına təmir etdirmişdir. Həmin pulu verməklə xeyli miqadarda gəliri əldən çıxmışdır. Ona görə də iddiaçı hesab edir ki, cavabdeh tərəf əldən çıxmış faydaya görə ona 3000 manat pul ödəməlidir. Məhkəmənin 11.03.2021-ci il tarixli baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında iddia tələbi ilə razı olmadığını bildirmiş, bu hadisə ilə bağlı müstəqil eksperizanın keçirilməsi üçün müraciət etdiklərini, onların ekspertinin də həmin hadisənin baş vermə səbəbi ilə nəticəsi arasında uyğunsuzluqlar olması barədə şübhələri olduğunu, bu səbəbdən müstəqil məhkəmə ekspertizasına müraciət etdiklərini qeyd etmişdir. Eyni zamanda bildirmişdir ki, həmin ekspertizanın nəticəsinə əsasən ekspert qarşısında suallar qoyulmuşdur ki, hadisə necə baş verib. Ekspert rəyinə əsasən məlum olur ki, tərəfin izah etdiyi kimi maşın dayanıqlı vəziyyətdə olarkən, qazel markalı avtomobilin onun maşınına dəyməsi deyil, daha çox hər iki avtomobil hərəktədə olan zaman bu hadisə baş verib. Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsinə əsasən qərar qəbul olunmuşdur. Cavabdeh tərəf həmin qərara şikayət etmiş, lakin axırıncı şikayətlərinə hələ də cavab verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.05.2020-ci il tarixli, TP3677080 nömrəli X6 Haqqında Qərarə əsasən müəyyən olunur ki, X2 15.05.2020-ci il tarixində, saat 01600-da Masazır kəndi, M.S.Ordubadi küçəsi ərazisində “QAZ33021 Yük" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 346.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə Yusifov Elvin barəsində 20 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 15 sentyabr 2020-ci il tarixli, 26-14787-2020 nömrəli məktuba əsasən görünür ki, cavabdehə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müraciət edilmiş, “Sığorta fəaliyyəti haqqında” Qanunun 102.1-ci və 102.2.7-ci maddələrini rəhbər tutaraq, sığorta ödənişinin 3 (üç) iş günü müddətində həyata keçirilməsini və bu barədə məlumatın Mərkəzi Banka və vətəndaşa təqdim edilməsini tələb etmişlər. İş materiallarında olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 22 iyul 2020-ci il tarixli, 0490 nömrəli cavab məktubundan görünür ki, cavabdeh “xxxx” ASC iddiaçıya yol nəqliyyat hadisəsinin araşdırıldığını, nəticələri məlum olduqdan sonra sığorta ödənişi ilə bağlı iddiaçıya məlumat veriləcəyini bildirmişdir. İş materiallarında olan 10 avqust 2017-ci il tarixli, ******* nömrəli hesabdan məxaric qəbzinə əsasən müəyyən olunur ki, iddiaçı 467,66 manat məbləğində pulu qəbul etmişdir. İş materiallarında olan “Yol-patrul xidməti haqqında Təlimat”a 18 nömrəli əlavənin surətinə əsasən görünür ki, İddiaçı 15.05.2020-ci il tarixli yol nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. Yol nəqliyyat hadisəsində “TOYOTA LAND-CRUİSER-PRADO" markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qabaq hissəsi xarici əzintilər almışdır. İş materiallarında olan 12.06.2020-ci il tarixli, AD810823 nömrəli “X1 Şəhadətnaməsi”nə əsasən görünür ki, “TOYOTA LAND-CRUİSER-PRADO" markalı, **- ME-*** dövlət qeydiyyat nişanlı, JTEBL29JX9K009406 BAN nömrəli avtonəqliyyat vasitəsi İddiaçı məxsusdur. Məhkəmənin 11.03.2021-ci il tarixli baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 tərəfindən təqdim edilmiş 09.06.2020-ci il tarixli “dəymiş zərərin hesabatı” haqqında akta əsasən görünür ki, dəymiş zərərin məbləği 4600 manat məbləğində qiymətləndirilmişdir. Sürücünün İzahatı əsasında yol-nəqliyyat hadisəsinin eksperimentinə dair Protokolda qeyd olunur ki, 15 dəfə aparılmış eksperiment cəhdində QAZ-33021 markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil enişli arxaya doğru özözünə hərəkət etdikdən sonra 5-12 metr məsafə qət etməklə yoldan kənara çıxmışdır. Yəni eksperimentin 15 dəfə təkrar edilməsinə baxmayaraq, QAZ-33021 markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil bir dəfə də 40 metr məsafəni təxminən düzünə hərəkət etməmiş və meydanda təbaşirlə çəkilmiş yolun sərhəddindən kənara çıxmışdır. Bu da sürücü Yusifovun hadisənin baş verməsi ilə əlaqədar məlumatlar barədə şübhə yaratmış, yəni onun göstərdiyi hadisə mexanizmi (izahatı) reallıq nöqteyi nəzərdən özünü doğrultmamışdır. PAZ********** nömrəli, 08.07.2019-cu il tarixdə “xxxx” ASC ilə X4 arasında bağlanmış icbari sığorta müqaviləsinə dair məlumat çıxarışından görünür ki, müqavilə 1 il müddətinə, 09.07.2020-ci il tarixinə qədər bağlanmış, sığorta məbləği 5000 AZN olaraq müəyyənləşdirilmişdir. Müqaviləyə əsasən **-BF-*** dövlət qeydiyyat nişanlı, QAZ-33021 markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. 08 iyun 2020-ci il tarixli, 140 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə QAZ-33021 markalı 27-BF-33 dövlət qeydiyyat nişanlı və X9 Prado markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində olan zədələr, onların toqquşması nəticəsində yaranmağa xarakterikdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə nəqliyyat vasitələrinin üzərində olan zədələrə əsasən QAZ-33021 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin geriyə hərəkət etməsi, yaxud X9 Prado markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin irəliyə hərəkət etməsi zamanı toqquşmanın baş verməsini trasoloji yolla konkret müəyyənləşdirmək mümkün deyildir. Yasamal Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli 9/1655 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Turbo” servis tərəfindən təqdim olunmuş 09.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Toyota Prado” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6800,0 manat müəyyənləşdirilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla qismən razılaşır. Bu baxımdan məhkəmə hesab edir ki, 4600 manat sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və sığorta olunanın hərəkəti nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddianın cavabdeh tərəfindən pulun qanunsuz olaraq özündə saxlamaqla ondan faydalandığı üçün 3000 manatın tutulması hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın cavabdehdən 1150 manat cərimə borcunun tutulması hissəsini də araşdıraraq hesab edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi cəmi 100 (bir yüz) manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün iddia qismən təmin edilməli, ekspertin rəyinə əsasən məbləğin 6800 manat müəyyən olunmasına baxmayaraq, iddiaçı iddia ərisəzində 4600 manat məbləğində dəymiş zərər tələb etdiyindən, 4600 manat sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 3000 manat məbləğində əldən çıxmış fayda, 1150 manat dəbbə pulu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən hallarla bağlı sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 4600 (dörd min altı yüz) manat sığorta ödənişinə görə pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar