Məhkəmə qərarları › İş №2(004)-1985/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1985/2022

14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1985/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 3200 manat olan nişan üzüyü, dəyəri 2000 manat olan qızıl boyunbağı, dəyəri 1500 manat olan boyunbağı, dəyəri 1000 manat olan bilərzik, dəyəri 1300 manat olan üzük, dəyəri 1000 manat olan 750 əyarlı qızıl qolbaqdan ibarət qızıl-zinət əşyalarının və ya onların cəmi dəyəri olan 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh keçmiş əridir. Cavabdehlə 08.10.2014-cü il tarixində Yasamal rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuş və cavabdehə məxsus Abşeron rayonu Masazır qəsəbəsi Qaçaq Nəbi (M.Müşfiq) küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan 25.08.2015-ci il tarixində X2 doğulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh əvvəllər “N” saylı hərbi hissədə hərbiçi işləmişdir. İşində yol verdiyi qanun pozuntularına görə 2017-ci ildə ordudan tərxis olunmuşdur və həmin vaxtdan indiyədək işsizdir. Cavabdeh xeyli miqdarda qızıl-zinət əşyalarını etibarından sui-istifadə edərək ondan almışlar. Belə ki, 2015-ci ildə Cavabdeh hərbi xidmətdəki işi ilə əlaqədar olaraq (təyinat yerinin dəyişdirilməsinə görə) Naxçıvan şəhərinə getməli olmuş, keçmiş qaynanası Gülövşə Məmişova hədiyyə olaraq verilmiş ona məxsus qızıl-zinət əşyalarını qoruyub saxlamaq adı ilə ondan almışdır. Cavabdeh 2 il Naxçıvan şəhərində yaşadıqdan sonra 2017-ci ildə əvvəllər yaşadıqları ünvana geri qayıtmışlar. Lakin qayıtdıqdan sonra da cavabdeh və qaynanası qızıl-zinət əşyalarını geri qaytarmamışlar. Ailə münasibətləri pozulduqdan sonra cavabdeh və keçmiş qaynanası qaynının evlənəcəyini və yaşadıqları evə gəlin gətirəcəyini bildirib onu azyaşlı oğlu ilə birlikdə ünvan 2 ünvanına göndərmiş, həmin mənzili adına rəsmiləşdirəcəklərini, bununla da borclarının bir hissəsinin əvəzləşdiriləcəyini bildirmişdilər. Qeyd etdiyi mənzil yaşamaq üçün əlverişli olmadığından oğlu ilə birlikdə valideynlərinin yanına qayıtmışdır. Cavabdehdən qızıl-zinət əşyalarını geri istəsə də əşyaları qaytarmaqdan imtina etmiş və həmin əşyaları yalnız məhkəmə qərarı ilə qaytaracağını bildirmişdir. Ona görə də məhkəmə yolu ilə həmin əşyaları tələb etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iştirak edən iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə ailə qurduqdan sonra ünvan 3 ünvanında yaşamışlar. Cehiz əmlakını Masazırda yerləşən mənzilə gətirmişdir. Qızıl-zinət əşyaları toy hədiyyəsi olaraq iddiaçıya alınmışdır. İşi ilə əlaqədar Naxçıvana təyinatı çıxmış və iddiaçı ilə birlikdə Naxçıvana köçmüşlər. Naxçıvanda xidmət zamanı dövlətə borcu yaranmış, hətta bu səbəbdən özünə məxsus avtomobili və iddiaçıya məxsus olan 7200 manat dəyərində olan qızıl-zinət əşyalarını 4200 manata, hamının xəbəri olmaqla, iddiaçının razılığı ilə satmışdır. Bu faktı təsdiq edən şahidlər var. Nişan üzüyü 600 manata, sırğa 750 manata və oğlu Atillaya alınan qızıllar satılaraq yaşadıqları müddətdə universitetinə ödəniş edilmişdir. Bu barədə yazılı ərizəni məhkəməyə təqdim edir. Odur ki, məhkəmədən iddia təlbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi 08.12.2021-ci il tarixli, 2(005)-5224/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 08.10.2014-cü il tarixdə 810 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 25.08.2015-ci il təvəllüdlü X1 anasının yanında qalması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və CD diskdə olan görüntülərdən müəyyən olunur ki, İddiaçı toy mərasimində nişan üzüyü, qızıl boyunbağı, boyunbağı, bilərzik, üzük, 750 əyarlı qızıl qolbaq hədiyyə edilmişdir. Cavabdeh tərəfindən yazılaraq imzalanmış ərizənin məzmunundan müəyyən olunur ki, o, iddiaçıya məxsus qızıl-zinət əşyalarını özünün hərbi xidməti zamanı yaranmış borcunun ödənilməsi məqsədi ilə satmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 08.10.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.İddiaçı ailə qurduqdan sonra ünvan 3 gəlin köçmüşdür.Tərəflərin birgə nikaglarından bir övladları dünyaya gəlmişdir. İddiaçıya nişan və toy mərasimi zamanı nişan üzüyü, qızıl boyunbağı, boyunbağı, bilərzik, üzük, 750 əyarlı qızıl qolbaqdan ibarət qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Cavabdeh tərəfindən sadalanan qızıl-zinət əşyaları özünün şəxsi borcunun ödənilməsi ilə əlaqədar satılmışdır. Azərbaycan Respublikası Ailə Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.Qızıl–zinət əşyaları cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının dəyəri olan 10000 manat cavabdehdən tutularaq iddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş 14.12.2032-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 120 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün cavabdehdən 120 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh nişan üzüyü-3200 manat, qızıl boyunbağı-2000 manat, boyunbağı-1500 manat, bilərzik-1000 manat, üzük-1300 manat, 750 əyarlı qızıl-1000 manat qolbaqdan ibarət qızıl-zinət əşyaları alınaraq İddiaçı verilsin. (Qızıl–zinət əşyaları cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının dəyəri olan 10000 manat cavabdehdən tutularaq iddiaçı verilməlidir. İddia tələbi təmin edildiyi üçün Cavabdeh 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar