Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-20/2024 17.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Abşeron rayonu, H. Arif küçəsində yerləşən 2 otaqlı, 72.12 kv m. ümumi, 33.8 kv m. yaşayış, 38.32 kv m. yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən 04 oktyabr 2021-ci il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 356/21 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-76/2021 saylı 10 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən, 19 avqust 2014-cü il tarixli müqaviləsi üzrə əsas borc 18432 manat, faiz borcu 18051,78 manat, cərimə borcu 180 manat olmaqla cəmi 36.663,78 manat, ödənilmiş dövlət rüsumu 20 manat tutularaq "xxxx" ASC-yə tutulması, tutmanın cavabdeh X1 xüsusi mülkiyyətində olan Xırdalan şəhəri, Abşeron rayonu, H.Arif küçəsində yerləşən 2 otaqlı, 72.12 kv m. ümumi, 33.8 kv m. yaşayış, 38.32 kv m. yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə yönəldilərək, həmin evin açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənilməsinə yönədilməsi, ipoteka predmeti olan evin likvid dəyərinin 28050 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün aidiyyatı üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən "xxxx" MMC-nin cavabdeh mərhum X3 (Abşeron Rayon Qeydiyyat Şöbəsinin AZ-İ№972064 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat edib) məxsus olan Xırdalan şəhəri, Abşeron rayonu, H.Arif küçəsində yerləşən 2 otaqlı, 72.12 kv m. ümumi, 33.8 kv m. yaşayış, 38.32 kv m. yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinin hərrac vasitəsi ilə satılması üçün şifariş verilmişdir. Daşınmaz əmlakın ilkin satış qiyməti cəmi 44.000 manat, satılmış son qiyməti isə 28050 manat məbləğində müəyyən edilmişdir. Lakin, onun bunlardan xəbəri olmayıb. Məhkəmə iclasların keçirilməsi barədə ona məlumat verilməmişdir. Bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməmiş və iş üzrə “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən tərtib olunan protokolların etibarsız hesab edilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. "xxxx" MMC tərəfindən 01 sentyabr 2021-ci il tarixində ilkin hərrac keçirilmişdir. 20 sentyabr 2021-ci il tarixində isə təkrar hərrac keçirilmişdir. Lakin bundan əvvəl keçirilən ilkin hərrac barəsində ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməmişdir. "xxxx" MMC tərəfindən 04 oktyabr 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun 356/21 №-li protokola əsasən, qeyd olunan mənzil 28050 manat məbləğinə satılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-76/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsini aldıqdan sonra tərəfindən qətnamədən apellyasiya şikayət verilmişdir. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi X4 icraatındadır. Məlumdur ki, qanunvericilik tələblərinə uyğun olaraq o, keçirilən hərracın keçirilməsi vaxtı və yeri barədə ona rəsmi məlumat verilməli idi. Lakin, cavabdeh "xxxx" MMC qanunla üzərinə qoyulan vəzifəni icra etməyib. Keçirilən hərracların vaxtı və yeri barədə məlumatı olmadığı üçün hərracda iştirak edə bilməmişdir. Nəticədə ona məxsus olan daşınmaz əmlak dəyər-dəyməzə özgəninkiləşdirilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Xırdalan şəhəri, Abşeron rayonu, H.Arif küçəsində yerləşən 2 otaqlı, 72.12 kv m. ümumi, 33.8 kv m. yaşayış, 38.32 kv m. yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərrac qanunsuz olaraq təşkil edildiyi üçün ləğv edilməlidir. Üçüncü şəxs "xxxx" ASC iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı Zülfüqar oğlunun cavabdeh "xxxx" ASC-nə və qeyrilərinə qarşı “həracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Zülfüqar oğlunun iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Abşeron Rayon Məhkəsinin 2(012)-76/2021 saylı icra vərəqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsi, Quşçuluq yaşayış massivində yerləşən 60 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəsinin 2(012)-76/2021 saylı icra vərəqəsinin və Abşeron rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmişdir. Hərracın keçirilməsinə dair bildirişlər və ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə 06 avqust 2021-cü il tarixdə göndərilmişdir. Hərracın yekunlarına dair protokol 04 oktyabr 2021-cü il tarixdə tərtib edilmişdir. "xxxx" ASC Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsi, Quşçuluq yaşayış massivində yerləşən 60 nömrəli fərdi yaşayış evinə dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətindən Çıxarışı 25 oktyabr 2021-ci il tarixdə almışdır. İddiaçı Zülfüqar oğlu iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göstərilənləri nəzərə alaraq, İddiaçı Zülfüqar oğlunun cavabdeh "xxxx" ASC-yə və qeyrilərinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-76/2021 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək, "xxxx" İKB ASC və İddiaçı arasında bağlanmış 19 avqust 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı 18432 manat əsas borc, 18051,78 manat faiz borcu və 180 manat cərimə olmaqla, ümumilikdə 38.663,78 manat (otuz altı min altı yüz altmış üç manat yetmiş səkkiz qəpik) pul və ödənilmiş dövlət rüsumu üçün 20 manat tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin əçıq hərracdan satılması və satışdan əldə edilən pul borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan evin likvid dəyərinin 44000 manat müəyyən edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-131/2023 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-76/2021 saylı qətnaməsi 18051,78 manat faiz borcunun tutulması və ipoteka predmeti olan evin likvid dəyərinin 44000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı 10857,25 (on min səkkiz yüz əlli yeddi manat 25 qəpik) manat faiz borcu tutulmaqla "xxxx" İKB ASC-yə verilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 57000 (əlli yeddi min) manat müəyyən edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-650/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-131/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. - ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "xxxx" ASC-nin adına verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,12 kv.m olan fərdi yaşayış evi "xxxx" ASC-nin xüsusi mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyata alınmışdır. - Abşeron rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış 1230/14E saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-76/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 36.663,78 manat (otuz altı min altı yüz altmış üç manat yetmiş səkkiz qəpik) pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Tələb ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarə 60 nömrəli fərdi yaşayış evinə yönəldilməlidir. Həmin ev açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənilməsinə yönəldilməlidir. İpoteka prödmeti olan evin likvid dəyəri 44000 manat müəyən edilməlidir. Odur ki, qeyd olunan daşınmaz əmlakın açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi üçün icra sənədi müvafiq sənədlərlə birlikdə ona göndərilmişdir. - "xxxx" MMC tərəfindən İddiaçı və "xxxx" İKB-yə ünvanlanmış 356/21 saylı, xx.xx.2021-ci il tarixli Açıq Hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair hərrac keçiriləcəyi qeyd edilmişdir. - "xxxx" MMC tərəfindən İddiaçı və "xxxx" İKB-yə ünvanlanmış 356/21 saylı, xx.xx.2021-ci il tarixli Açıq Hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair hərrac keçiriləcəyi qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə 28050 manata "xxxx" ASC-yə satılmışdır. - Zərflərin surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə İddiaçı ünvanlanmış məktublar “bu ünvanda yaşamır” əsası ilə sahibinə çatdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Eyni Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. X7 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. X7 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qeyd edilən Qanunun 43.7-1-ci maddəsinə əsasən Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 43.8-ci maddəsinə əsasən İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüququn ümumi prinsiplərinə əsasən statusları yüklülük baxımından eyni olmayan əmlaklarla bağlı münasibətlərə qanunverici ayrı-ayrı qaydalar tətbiq edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 02/21 №-li İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında göstərilmişdir ki, ilk növbədə “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-76/2021 saylı icra vərəqəsinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 44000 manat müəyyən edilməklə açıq hərracda satılması qərara alınmış, icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra şöbəsi tərəfindən hərracın keçirilməsi ilə əlaqədar sifariş verilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinin ilkin hərəac qiymətinin 44000 manat müəyyən edilməklə, satılması ilə bağlı 2 dəfə - xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ilkin və təkrar hərrac keçirilmiş və mübahisəli əmlak açıq hərracda 28050 manata "xxxx" ASC-yə satılmışdır. Eyni zamanda Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, qətnaməsi cavabdehlər tərəfindən mübahisələndirilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-131/2023 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və mənzilin ilkin satış qiymətinin 57000 (əlli yeddi min) manat müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi ilkin hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilsə də, hərracın keçirilməsinə əsas olmuş icra vərəqi ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hərracın keçirilməsinə əsas olmuş icra vərəqi (məhkəmə qətnaməsi) ləğv edildiyindən, müvafiq icra vərəqi əsasında kecirilmiş hərracın nəticələri də, etibarsız hesab edilməlidir. Belə ki, ilkin hərrac keçirilərkən müvafiq icra sənədinə əsasən evin ilkin satış qiyməti 44000 manat müəyyən edilmişdir ki, daha sonradan bu məbləğ məhkəmə tərəfindən 57000 (əlli yeddi min) manat müəyyən edilmişdir. Evin 44000 manat üzərindən təkrar hərracdan sonra 28050 manata "xxxx" ASC-yə satılması cavabdehlərin hüquqlarını pozmaqla mənafelərinə uyğun deyil. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən, 60 saylı fərdi yaşayış evinə dair "xxxx" MMC-nin hərracın yekunları barədə 356/21 saylı, 04 oktyabr 2021-ci il tarixli protokolu etibarsız hesab edilməli, etibarsızlığın nəticəsi olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən, 60 saylı fərdi yaşayış evinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışı ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən, 60 saylı fərdi yaşayış evinə dair "xxxx" MMC-nin hərracın yekunları barədə 356/21 saylı, 04 oktyabr 2021-ci il tarixli protokolu etibarsız hesab edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən, 60 saylı fərdi yaşayış evinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarış ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-20/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-20/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver