Məhkəmə qərarları › İş №2(004)-2024/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2024/2021

15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2024/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında aliment və sabit pul məbləğində hər ay 350 manat məbləğində əlavə xərclərin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehin nikahı Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduğu vaxt aliment tələbi olmamışdır. Lakin hazırda iddiaçı aliment tələb etmək qərarına gəlmişdir. Cavabdeh dövlət qulluqçusudur, onun əmək haqqı 1200 manat təşkil edir. Eyni zamanda 2018-ci ildən hal-hazıradək uşaq özəl bağçaya gedir, bağçanın xidmət haqqısı 700 manat təşkil edir. Hesab edir ki, uşağın maddi təminatını ödəmək iqtidarında olmadığından uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhəkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, cavabdeh aliment tələbi ilə razıdır. İddia tələbinin əlavə xərclərin cavabdehdən tutulması hissəsində rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, uşaqlar üçün dövlət tərəfindən təmin olunan bağçalar da kifayət qədər var. İddiaçı öz seçiminə əsasən uşağı özəl bağçaya qoymuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli, İMEM-12/01-10/02 saylı arayışdan görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi “X1 Mərkəzi” MMC-də Mənşə Ekspertizaları şöbəsində ekspert vəzifəsində işləyir və aylıq vəzifə maaşı 1200 manat olmaqla, tutmalar edildikdən sonra hesabına köçürülən məbləğ 958 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay qazancının ¼ hissəsi məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə, X3 özəl bağçaya getməsini nəzərə alaraq hesab edir ki, bununla əlaqədar yaranan xərclərin ödənilməsinə uşağın atası Cavabdeh da cəlb edilməlidir. İş materiallarında olan “KinderGarten” körpələr evi-uşaq bağçasının xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, X4 həmin bağçada təlim-tərbiyə alır və aylıq ödənişi 700 manat təşkil edir. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, uşaq həmin bağçaya tərəflərin birgə nikah dövründən gedir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq cavabdehdən X3 bağçasına çəkilən əlavə xərcə görə hər ay 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə müraciət etdiyindən, aliment həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı aliment tələbi qismən təmin edildiyindən, habelə iddiaçı aliment alınması barədə iddia üzrə dövlət rüsumu ödəməkdən azad olduğundan məhkəmə hesab edir ki, 18 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2021-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının ¼ hissəsi məbləğində aliment və əlavə xərclərə görə 200 (manat) sabit pul məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində Azərbaycan Respublikasının MPM-in 234.2.1ci maddəsinə əsasən dərhal icra edilsin. Aliment iddiası ilə əlaqədar Cavabdeh 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar