Məhkəmə qərarları › İş №2(004)-2043/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2043/2025

22.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2043/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işsiz olduğunu və maddi vəziyyətini nəzərə alaraq xx.xx.2019-cu il təvəllüdlü qızı X1 üçün Cavabdeh xeyrinə tutulan alimentin miqdarının azaldılaraq, hər ay sabit pul məbləğində 235 manat məbləğində aliment tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh aralarında olan nikah münasibətinin pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birgə nikahdan xx.xx.2019-cu ildə X6 adlı övladları dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh ilə aralarında mediasiya prosesi olmuş və barışıq sazişi imzalanmışdır. Lakin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1 maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Cavabdehlə aralarında olan nikah Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024 tarixli 2(004)-752/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan qızı Melisa cavabdehin himayəsində qalmışdır. MSB/6-0973 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən qızı Melisanın saxlanılması üçün hər ay 400 manat aliment tutulub verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxt o, əmək haqqısı yüksək olan işdə işləmişdir. Onun əmək haqqısı məhkəmə tərəfindən müəyyən edilmiş 400 manat aliment məbləğini ödəməyə imkan verirdi. Bu baxımdan müəyyən edilən 400 manat aliment məbləği tərəfindən hər ay ödənilmişdir. Bu isə göstərir ki. onun burda niyyəti övladına baxmaqdan imtina etmək deyildir. Hal-hazırda işsiz və gəlir yeri yoxdur. Bu səbəbdən cavabdehə 400 manat aliment ödəməyə maddi vəziyyəti imkan vermir. Hazırki şəraitdə 400 manat aliment ödəməkdə çətinlik çəkir və valideyninin yanında qalır. Hal-hazırda azyaşlı uşağının saxlanılması üçün cavabdehə hər ay 235 manat sabit pul məbləğində aliment ödəməyə imkanım çatır. Odur ki, alimentin azaldılmasına ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, İddiaçı barışıq sazişi bağlanıldığı vaxtdan ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığını nəzərə alaraq iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X5 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, MSB/6-0973 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə əsasən 1. X5 ilə İddiaçı arasında 14 aprel 2014-cü il 1113 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasına etiraz etmirlər. 2. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 anası X3 himayəsində qalmasına razıdırlar. 3. İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər ayın 5-nə kimi 400 (dörd yüz) manat alimenti nağdsız qaydada ödəməyi öhdəsinə götürür. 4. Tərəflər razılığa gəldilər ki, İddiaçı qızı Rza Melisa ilə ünsiyyəti sərbəstdir, heç bir maneə yaradılmayacaqdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-752/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, İddiaçı iiə X5 arasında 14 aprel 2018-ci il tarixdə 3 saylı Bakı şəhəri “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1113 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2446/2024 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilərək, X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. 1. Tərəflər 14 aprel 2014-cü il 1113 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasına etiraz etmirlər. 2. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 anası X3 himayəsində qalmasına razıdırlar. 3. İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər ayın 5-nə kimi 400 (dörd yüz) manat alimenti nağdsız qaydada ödəməyi öhdəsinə götürür. 4. Tərəflər razılığa gəldilər ki, İddiaçı qızı Rza Melisa ilə ünsiyyəti sərbəstdir, heç bir maneə yaradılmayacaqdır. Ödənilmiş 100 manat mediasiya xərci ərizəçiyə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin xx.xx.2025-ci tarixli, 3-17-7/2-R-8644/2025 nömrəli arayışına əsasən İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq" altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 94.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. 95.4-cü maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. 97.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı bu sazişin tərəflərinin razılığı ilə müəyyən olunur. 98-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. Aliment ödənilməsi barədə sazişdə aliment ödənilməsinin müxtəlif üsulları nəzərdə tutula bilər. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.13-cü bəndinə “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.” məzmunda birinci cümlə əlavə edilmişdir. Həmin bəndin ikinci cümləsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bundan başqa 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir. “Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə əsasən İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər ayın 5-nə kimi 400 (dörd yüz) manat alimenti nağdsız qaydada ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2446/2024 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilmişdir. Hazırda İddiaçı işsiz olduğunu və maddi vəziyyətini nəzərə alaraq barışıq sazişi ilə 400 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının 235 manata azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il təvəllüdlü X2 üçün aliment ödənilməsi barədə sazişin bağlandığı xx.xx.2023-cü il tarixdən sonra İddiaçı ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır və İddiaçı barışıq sazişi ilə könüllü şəkildə 400 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq, alimentin miqdarının müəyyən olunduğu xx.xx.2023-cü il tarixdən sonra İddiaçı ailə və ya maddi vəziyyətində dəyişikliyin olmadığını, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini, uşağı saxlamağın hər iki valideynin öhdəliyi olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar