Məhkəmə qərarları › İş №2(004)-2050/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2050/2024

28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2050/2024 28.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “nəvə ilə görüş, ünsiyyət hüququ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “nəvə ilə görüş, ünsiyyət hüququ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı nəvələri X6 ilə hər həftənin 2 günü ərzində və bayram günlərinin yarısı müddətində onlarla (bana və nənə ilə) sərbəst ünsiyyət hüququ verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh (keçmiş gəlin) Cavabdeh ilə oğlum X5 arasında olan nigah xx.xx.2023 - ci il tarixdə Yasamal rayon məhkəməsinin 104 nömrəli akt qeydi tərtib olunmaqla nikahın pozulması haqqında qərar verilmişdir. Artıq uzun müddətdir ki, onların ailə münasibətləri pozulub və rəsmi qaydada nikahları məhkəmə qaydasında pozulub. Oğlum ilə keçmiş gəlin arasında birgə nigahdan 1 (bir) azyaşlı uşaqları var. Nəvələrinin dünyaya gəlişindən 3 (üç) ay qabaqdan cavabdeh (keçmiş gəlin) öz valideynlərinin, ana və atasının (əvvəlcədən qurulmuş plan əsasında) tələbləri ilə gəlin ata-ana evinə Sumqayıt şəhərinə aparılmış və Sumqayıt şəhər doğuş xəstəxanasında keysəriyyə əməliyyatı ilə nəvələri xx.xx.2021-ci il tarixində X8 oglu anadan olmuşdur. Xəstəxana üzrə bütün xərclər oğlu və onun ailəsi tərəfindən ödənilmişdir. Xəstəxanadan çıxarılanda isə cürbəcür bəhanələrlə gəlin və nəvəsi gəlinin, öz ata və anasının təkidi ilə Sumqayıt şəhərindəki evlərinə aparılmışdır. Sonralar bir neçə dəfə israrla gəlini, nəvələrini evlərinə aparmaq istədiyklərini bildirəndə oğluna və onlara bir daha evlərinə getməyəcəklərini bildirdilər. İsrarla nə qədər xahiş etsələr də tələb etsələr də gəlin də, onun valideynləri də qəti yox cavabı veriblər. Nəvələri anadan olduğu gündən bu günə kimi nə onların evində olmayıb nə də nənə və babanın görməsinə onlar tərəfindən icazə verilməyib. Əvvəllər oğluna uşağı ilə görüş verilsə belə sonradan ogluna da bu görüşü qadağa qoymuşdular, hətta son məlumata görə ogluna gəlinin anası və bacısı tərəfindən basqı olmuşdur. Və nəhayət sonda oglu məhkəməyə ərizə ilə müraciət edərək nikahın pozulmasını xahiş etmişdir. Nikah pozulduqdan sonra da cavabdeh əvvəllər uşağın öz atası ilə də görüşünə də illərlə icazə verilmirdi,ancaq Yasamal rayon məhkəməsinın xx.xx.2023 – cũ il, 2(004)-207/2023 nömrəli qətnaməsinə və Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyat göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyınə əsasən nəvənin atası ilə görüşünə icazə verildi. Nəvələri ilə onlara görüşə isə cavabdehlə onun valideynləri qətı etirazları ilə bildiriblər. Məcbur olaraq uşağın 3 (üç) yaş tamam olmasını gözləmişdirlər ona görə ki, bəlkə cavabdehin vicdanı ona düzgün yolu göstərər və nəvələri ilə görüşməyə, ünsiyyətə icazə verər. Əfsuslar olsun ki, cavabdeh hələ də öz övladından, nəvələrindən bir təsir aləti kimi istifadə edərək onlara qarşı aqressiv mövqedə hərəkət edir. Belə nəticəyə gəliblər ki, deməli cavabdehin saglamlığı hələ də yerində deyil. Onu da nəzərə çatdırır ki, cavabdeh toylarından qabaq da, toylarından sonra da xəstə olduğunu daima biruzə verirdi, gecə-gündüz yatmaqa meyilli olurdu, bərk baş ağrılarının olmasını bildirirdi. Cavabdehin ata və anasının təkidi ilə o Sabunçu rayon xəstəxanasının Psixatriyya şöbəsində hər ay həkim müayinəsindən keçməklə,həkimin təyin etdiyi dərmanları qəbul etmək şərti ilə ev şəraitində 7-8 ay müalicə də alıb,cavabdehin atasının həkimlə söhbəti zamanı bizə aydın oldu ki cavabdehin öz atasının da nə vaxtsa bu xəstəlikdən problemi olubmuş və həmin xəstəxanada həmin həkim tərəfindən müalicə alıbmış. Bir valideyin kimi, bir baba – nənə kimi onların da haqqı nəvələri ilə tez – tez görüşmək, onunla daima ünsiyyətdə olmaq həm insaniyyət baxımından həm də qanunla icazə verilir. Bir baba, nənə olaraq nəvələrinin nazını çəkmək, ona nəvaziş göstərmək, onun qayğısına qalmaq istəyirlər, ancaq əfsuslar olsun ki, keçmiş gəlin bunları, ata və anasının məsləhəti ilə onlara qadağan etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qəyyumluğun rəyi ilə razı olmadığını bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qəyyumluğun rəyi ilə razı olmadığını bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, övladının səhhətində problem var, boğulmaları olur, ona görə atanın uşağı ilə yalnız onun iştirakı ilə görüşməsinə razılıq vermişdir. Məhkəmə qətnaməsi ilə də uşağın atasında hər həftənin bazar günü saat 12:00-dan 15:00-a kimi onun iştirakı ilə ünsiyyətdə olması hüququ verilmişdir. Eyni gündə və saatlarda eyni qaydada nənə-babanın da nəvələri ilə ünsiyyətinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, uşağın xəstəliyi, mənafeyini nərəzə alınaraq həftədə 1 gün – bazar günləri saat 12:00-dan 15:00-dək ananın iştirakı ilə görüş vaxtının müəyyən edilməsinə razıdırlar. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İ seriyalı 444371 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə 104 nömrə ilə akt qeydi tərtib edilmişdir. AZ-İV seriyalı 595662 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-cİ il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası X5, anası Cavabdehdır. “Sumqayıt Tibbi Mərkəzi” PHŞ-nin 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2021-cİ il təvəllüdlü X4 “respirator-affekt tutmalarla R 56.8” diaqnozu qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 673/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı uşaqla ünsiyyətdə olma tələbinə dair iddia qismən təmin edilmiş, iddiaçı X2 övladları 21 aprel 2021-ci il təvəllüdlü X6 ilə sərbəst ünsiyyəti: hər həftənin bazar günü saat 12:00-dən saat 15:00-dək ananın iştirakı ilə həyata keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2050/2024 nömrəli iş üzrə əsaslandırılmış rəy alınması üçün mülki iş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiya iş üzrə 5-21/2-581/2024 nömrəli xx.xx.2024-cü il tarixli rəyini məhkəməyə göndərmişdir. Həmin rəydən görünür ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası gələcəkdə uşaqların psixoloji durumu və mənafeləri naminə, həmçinin, qanunvericiliyin tələblərini nəzərə alaraq İddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri 21 aprel 2021ci il təvəllüdlü X6 ilə ünsiyyət qaydasının hər həftənin bazar günü saat 15:00-dan 18:00-dək müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarı məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edilməsi məqsədə müvafiqdir.” Bundan başqa, Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2021-cİ il tarixdə X6 anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş, X3 anasının yanında qalması müəyyən edilmişdir. Hazırda cavabdeh iddiaçıların uşaqla ünsiyyətinə şərait yaratmır. Tərəflər nənə-babanın uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə dair razılığa gələ bilmədiklərindən, iddiaçılar nəvə ilə ünsiyyətdə olmasının müəyyən edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə nəvə ilə görüş vaxtını və qaydasını müəyyən edərkən hesab edir ki, 21 aprel 2021-ci il təvəllüdlü X1, hüquq və mənafeləri, eləcə də qəyyumluq və himayəçilik komissiyasının rəyi nəzərə alınaraq, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri 21 aprel 2021-ci il təvəllüdlü X6 ilə sərbəst ünsiyyəti: hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ananın iştirakı ilə həyata keçirilməlidir. Məhkəmə hazırkı halda iddiaçılara nəvələri ilə ünsiyyətdə olması üçün təyin etdiyi vaxtı yetərli hesab edir, bu səbəbdən iddia tələbinin digər hissələrdə rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2 nəvələri 21 aprel 2021-ci il təvəllüdlü X6 ilə sərbəst ünsiyyəti: hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ananın iştirakı ilə həyata keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar