Məhkəmə qərarları › İş №2(004)-2056/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2056/2025

26.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3638/2024 26.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, İddiaçının nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 cəlb edilməklə “hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 03 mart 2022-ci il tarixli, 23/22 nömrəli hərrac yekunları barədə protokolunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6174/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı 2/5 hissə, X6 3/5 hissə ilə məxsus olan, Daşınmaz Əmlakın Dövlət Reyestrində 768 nömrəli reyestr kitabının, 14 nömrəli vərəqində qeydiyyata alınmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin İddiaçı məxsus 2/5 hissəsi Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin sifarişi ilə Cavabdeh MMC-də qiymətləndirilmişdir. Belə ki, xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsinin 17 fevral 2022-ci il tarixinə təyin edilmiş açıq hərracda ilkin satış qiyməti mənə məxsus 2/5 hissə üzrə 6 000 (altı min) manat, X11ma məxsus 3/5 hissə üzrə 9 000 (doqquz min) manat olmaqla ümumilikdə 15 000 (on beş min) manat məbləğində qiymətləndirilmişdir. Daha sonra xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsinin 03 mart 2022-ci il saat 11:00 tarixə təyin edilmiş təkrar açıq hərracdakı satış qiyməti İddiaçı məxsus 2/5 hissə üzrə 5 400 (beş min dörd yüz) manat, X11ma məxsus 3/5 hissə üzrə 8 100 (səkkiz min yüz) manat olmaqla, ümumi 15 000 (on beş min) manat müəyyən edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli hərrac Protokolu birmənalı ləğv edilməlidir. Ona görə ki, həmin protokol onun iştirakı olmadan, xəbəri olmadan keçirilmişdir və buna görə də ləğv edilməlidir. X9 (Ş/V AA 3282690; FİN: 1GEKQSY) onun haqqında alimentə görə şikayət etmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 17 saylı Cəzaçəkmə müəssisəsində xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək cəza çəkmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəran ilə 128-ci maddəyə tövsif edilmiş, AR CM-nin 73.2-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. X9 onun cəzaçəkmə müəssisəsində olmağını fürsət bilib ona qarşı bu addımı atmış və onun əmlakı əlindən çıxmışdır. Mübahisələndirilən torpaq sahəsinə dair o, digər addımları da atmışdır. Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi çox aşağı qiymətləndirilmişdir. Həmin tikilinin üzərində olan 3 mərtəbəli villa nəzərə alınmamış və yalnız torpaq sahəsi qiymətləndirilmişdir. İcra məmuru əmlakı qiymətləndirərkən, yaxud satışa göndərərkən mülkiyyətçi kimi ona bildiriş verilməli, eyni zamanda əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ona təqdim olunmalı idi. Bir faktı da qeyd edir ki, əmlak qiymətləndirilərkən baxış keçirilməmiş, anoloji qaydada rəy tərtib olunmuş “Qiymətləndirmə haqqında” qanunun tələbləri pozulmuşdur. Hərracın yekunları barədə protokolu o, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına yaxınlaşaraq əldə etmişdir. Cavabdeh MMC elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, hərracın qanuni və əsaslı olduğunu, odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas olmadığından iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “hərrac protokolunun ləğv edilməsi tələbinə dair” iddia ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-nin 03 mart 2022-ci il tarixli, 23/22 nömrəli hərrac yekunları barədə protokolunun ləğv edilməsi barədə” qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6174/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu rayon icra Şöbəsi tərəfindən verilmiş 16-187586/17 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə, İddiaçı 2/5 hissə, X11ma 3/5 hissə ilə məxsus olan, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinin açıq hərracda satılması Cavabdeh MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan torpaq sahəsinin açıq hərracda ilkin satış dəyəri ümumilikdə 15.000 (on beş min) manat məbləğində müəyyənləşdirilmişdir. Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, sözügedən hərrac sifarişi Cavabdeh MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 17 fevral 2022-ci il tarixə saat 11:00-da (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” X2 (portalında) (www/birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısınını rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaklara dair açıq hərracın keçirilməsinə dair 153/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, borclu İddiaçı, X6 poçt vasitəsi ilə göndərilmişdir, (bildirişin və onun göndərilməsini təsdiq edən müvafiq sənəd əlavə olunur) Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 17 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxanda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir). 17 fevral 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin torpaq sahəsi sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydalarına uyğun olaraq ilkin satış qiymətindən 10% aşağı qiymətə, yəni ümumilikdə 13.500 (on üç min beş yüz) manata olmaqla, 3 mart 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www/birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Daha sonra sifariş olunan torpaq sahəsinə dair açıq hərracın keçirilməsinə dair 224/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, borclu İddiaçı, X6 poçt vasitəsi ilə göndərilmişdir (bildirişin və onun göndərilməsini təsdiq edən müvafiq sənəd əlavə olunur). Sözügedən tarixə təyin olunmuş təkrar açıq hərracda iştirak etmək üçün tələbkar X9 və X12 ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək iştiraklarının təmin olunmasını xahiş etmişdirlər. xx.xx.2022-ci il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan torpaq sahəsi tələbkar X11ma satılmışdır. Bununla əlaqədar olaraq hərracın yekunları barədə 23/22 saylı, xx.xx.2022-ci il il tarixli protokol tərtib olunmuşdur. 23/22 saylı, xx.xx.2022-ci il il tarixli hərracın yekunları barədə protokol qalibi alıcı, eləcə də hərracın təşkilatçısının protokol bölməsinin rəhbərinin və direktorunun imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir (qeyd olunan xüsusatları təsdiq edən sənədlər və protokol əlavə edilir). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq, həmin Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə əsasən açıq hərracda satışa çıxarılmış torpaq sahəsinə hesablanmış sadələşdirilmiş vergi məbləği hərracın təşkilatçısı kimi çıxış edən Cavabdeh MMC tərəfindən tələbkar X4 tutularaq dövlət büdcəsinə ödənilmişdir. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X8 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verərək, İddiaçı Cavabdeh MMC-yə qarşı “hərrac yekunları barədə protokolun ləğv edilməsi tələbinə dair” mülki iş üzrə iddia müddətini keçmiş hesab edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-ə qarşı hərracın yekunları ilə bağlı xx.xx.2022-ci il tarixli 23/22 nömrəli hərrac protokolunun ləğv edilməsi tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh MMC-nin 03 mart 2022-ci il tarixli, 23/22 nömrəli hərrac protokolunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının hərracın nəticələrinin ləğv edilməsi barədə iddiası mənim hüquqlarımın pozulmasına gətirib çıxarır. Bildirmək istəyir ki, İddiaçı iddia tələbi tamamilə əsassız və qanunsuzdur. İddiaçı X16 iddia ərizəsini onunla əsaslanmışdır ki, hərracın keçirildiyi 03 mart 2022-ci il tarixdə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş, xx.xx.2022-ci il tarixdə həbsdən azad olunmuş, hərracın keçirilməsindən məlumatı olmamışdır. Qeyd etmək istəyir ki, hərrac qanunvericiliyin normalarına uyğun həyata keçirilmiş, hərracın nəticələrinin ləğvi üçün heç bir əsas mövcud deyildir. Əlavə olaraq qeyd etmək istəyir ki, iddiaçının iddiasını bu cür əsaslandırması tamamilə əsassızdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cəzadan azad edilsə də, 2 ildən artıq müddət keçməsinə baxmayaraq, bugünədək hərracın nəticələrini mübahisələndirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X8 iddia tələbini qəbul etməyərək, İddiaçı hərracın keçirildiyi vaxt cəzaçəkmə müəssisəsində olsa da, hərracın keçirilməsindən məlumatlı olduğunu, eyni zamanda İddiaçı Oqtay oğlunun xx.xx.2022-ci il tarixdə cəzadan azad edilməsindən 2 ildən artıq müddət keçməsinə baxmayaraq bugünədək hərracın nəticələrini mübahisələndirmədiyini, hərracın tam qanunauyğun formada keçirildiyini bildirdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-6174/2019 nömrəli icra vərəqəsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq, X6 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(008)-675/2021 nömrəli əmlakın üzərinə həbs qoyulmasına dair qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6174/2019 nömrəli, xx.xx.2019cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi torpaq sahəsi 3/5 hissədə mülkiyyət hüququ üzrə X6, 2/5 hissədə nülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli torpaq sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyinə əsasən birgə mülkiyyətdə olan İddiaçı 2/5 hissə, X6 3/5 hissə ilə məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin qiymətləndirilməsi işi xx.xx.2021-ci il tarixinə bazar dəyəri 15000 (on beş min) manat məbləğində müəyyən olunduğu təsdiq edilmiş, İddiaçı düşən pay 2/5 hissəsi 6000 (altı min) manat, X6 düşən pay 3/5 hissəsi 9000 (doqquz min) manat təşkil etmişdir. İş materiallarında olan borclu İddiaçı və tələbkar X6 ünvanlanmış 30/22 saylı, xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişə əsasən Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən № 16-187586/17 saylı xx.xx.2022-ci il tarixli sifarişə əsasən borclu İddiaçı 2/5 hissə, X6 3/5 hissə ilə məxsus olan, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin 15000 manat satış qiymətilə açıq hərracda satılması 17 fevral 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan 30/22 nömrəli, xx.xx.2022-ci il tarixli Cavabdeh MMC-nin Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə ünvanladığı məktuba əsasən xx.xx.2019-cu il tarixli, 2(008)-6174/2019 saylı icra vərəqəsində və hərracın keçirilməsi barədə 16-187586/17 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubunda İddiaçı və X5 ünvanının Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ləhiş bağ sahəsi 5424 olaraq göstərildiyi, göstərilən ünvana göndərilmiş bildiriş rabitə orqanının “ünvan tam deyil” qeyd şərti ilə geri qaytarıldığı, göstərilənləri nəzərə alıb icra işinin materiallarından X5 və İddiaçı digər ünvanları və ya digər əlaqə vasitələri barədə müvafiq məlumatların verilməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli hərracın baş tutmamasına dair protokola əsasən xx.xx.2022-ci il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan borclu İddiaçı və tələbkar X6 ünvanlanmış 224/22 nömrəli, xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsinə dair bildirişə əsasən Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən № 16-187586/17 saylı xx.xx.2022-ci il tarixli sifarişə əsasən borclu İddiaçı 2/5 hissə, X6 3/5 hissə ilə məxsus olan, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi 13500 manat satış qiymətilə açıq hərracda satılması 03 mart 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmişdir. İş materillarında olan Bakı şəhəri Sabunçu rayon icra şöbəsi tərəfindən verilmiş 16- 187586/17 saylı xx.xx.2022-ci il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün X9 tərəfindən Cavabdeh MMC-yə yazılmış ərizəyə əsasən satış dəyəri ümumilikdə 13.500 manat (on üç min manat) müəyyənləşdirilməklə 03 mart 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə dair keçirilən açıq hərracda tələbkar olaraq iştirak etmək arzusunda olduğunu bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon icra şöbəsi tərəfindən verilmiş 16- 187586/17 saylı xx.xx.2022-ci il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün X12 tərəfindən Cavabdeh MMC-yə yazılmış ərizəyə əsasən satış dəyəri ümumilikdə 13.500 manat (on üç min manat) müəyyənləşdirilməklə 3 mart 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə dair keçirilən açıq hərracda iştirak etmək arzusunda olduğunu bildirmişdir. Açıq hərracda iştirak etməyi üçün tərəfindən 675 (altı yüz yetmiş beş) manat məbləğində beh məbləği Cavabdeh MMC-nin xəzinədarlığına nağd qaydada ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 23/22 nömrəli Cavabdeh MMC-nin Hərrac Yekunları barədə Protokola əsasən təkrar hərracda Abşeron rayonu, Masazır kəndində yerləşən, xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0.03 ha torpaq sahəsinin İddiaçı məxsus 2/5 hissəsinin alış qiyməti: 5460 (beş min dörd yüz altmış) manat olmuşdur. Abşeron rayonu, Masazır kəndində yerləşən paylar məlum olan 0.03 ha torpaq sahəsinin İddiaçı məxsus 2/5 hissəsinin (reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il) dövlət qeydiyyat orqanında yeni mülkiyyətçi X5 adına daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab olunmuş və bu protokol müqavilə qüvvəsinə malikdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 1033/2023 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı X5 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Nümayəndə1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Nümayəndə1 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.2 kv/m, yaşayış sahəsi 35,6 kv/m, yardımçı sahəsi 21.6 kv/m olan mənzili İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan X14 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X10 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5424 ünvanında yerləşən ümumi sahəsi 129.24 kv/m, yaşayış sahəsi 49.5 kv/m, yardımçı sahəsi 79.74 kv/m olan bağ evini İddiaçı mülkiyyətinə vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-cı maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır 53.3-ci maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli 02/2021 nömrəli qərardadına əsasən icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, AR MM-nin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-6174/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq X6 verilməsi qət edilmişdir. İddiaçı aliment borcunu ödəmədiyindən icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(008)- 675/2021 nömrəli qərardadına əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin 2/5 hissəsinin üzərinə həbs qoyulmuşdur. İcra məmurunun sifarişi üzrə İddiaçı 2/5 hissə, X6 3/5 hissə ilə məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin açıq hərracda satılması "xxxx" MMCyə sifariş olunmuşdur. İddiaçı düşən pay torpağın 2/5 hissəsi 6000, X6 düşən pay torpağın 3/5 hissəsi 9000 manat məbləğində qiymətləndirilmişdir. İlkin hərracın keçirilməsi 17 fevral 2022-ci il tarixə saat 11.00-a təyin edilmiş, hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş, hərracın həmin tarixə qeyd edilməsi ilə bağlı elan “BirjaNews” X2 dərc olunmuş, “Əmlak Hərrac Mərkəzi" MMC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, lakin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Daha sonra 03 mart 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş təkrar hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş, hərracın həmin tarixə qeyd edilməsi ilə bağlı elan “BirjaNews” X2 dərc olunmuş, "xxxx" MMC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və 03 mart 2022-ci il tarixdə baş tutmuş təkrar hərracda Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin İddiaçı məxsus 2/5 hissəsi 5460 manata X1. Rəsulov X15 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə maddəsi 128-ci maddəyə tövsif edilmiş və ARCM-nin 73.2-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Hazırda İddiaçı hərracın onun iştirakı olmadan, xəbəri olmadan keçirilməsi səbəbi ilə Cavabdeh MMC-nin 03 mart 2022-ci il tarixli, 23/22 nömrəli hərrac yekunları barədə protokolunun ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə nəzərə alır ki, alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsi 2019-cu ilə, icra sənədinin icrasını təmin etmək məqsədilə sözügedən torpaq üzərinə həbs qoyulması ilə bağlı qərardad 2021-ci il tarixə aiddir. Yəni, iddiaçı məhkəmə-icra proseslərindən məlumatlı olmuş, özü tərəfindən öhdəliyin icra edilməməsi əsası ilə hərracın keçiriləcəyi zərurətini nəzərə almaqla proseslər barədə maraqlanmaq, məlumat almaq hüququ mövcud olmuşdur. Məhkəmə iddiaçının hərracın keçirildiyi vaxt azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi, hərracın keçirilməsindən məlumatlı olmadığı ilə bağlı qeyd edir ki, iddiaçının rəsmi qeydiyyatda olduğu və yaşadığı ünvana Cavabdeh MMC tərəfindən müvafiq bildirişlər göndərilmişdir. İddiaçı tərəfindən həmin bildirişlər texniki baxımdan əldə olunmasa belə, göstərilən xüsusatlar hərracın yekunları barədə protokolun ləğv edilməsinə dəlalət etmir. Nəzərə almaq lazımdır ki, hərrac təşkilatı və icra orqanının vəzifəsi müvafiq bildirişlərin maraqlı şəxslərə göndərilməsinin təmin edilməsi və subyektlərin lazımi qaydada məlumatlandırılmasıdır. Sözügedən bildirişlər maraqlı şəxslərə göndərildiyi təqdirdə həmin bildirişləri əldə olunub-olunmamasına görə məsuliyyətin hərrac təşkilatı və ya icra orqanının üzərinə qoyulması əsaslı və qanuni hesab edilmir. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərmiş, kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (portalında) (www/birjanews.az) və eləcədə Cavabdeh MMC-nin rəsmi internet səhifəsində (“E-herrac.com”) elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Məhkəmə qiymətləndirmə ilə bağlı qeyd edir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir. Əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən olunması “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edildiyindən, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakı hərracdan satılarkən onun ilkin satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır. Hərraca çıxarılmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin bazar qiyməti 15000 (on beş min) manat məbləğində müəyyən olunmuş, İddiaçı düşən pay 2/5 hissəsi 6000 (altı min) manat, X6 düşən pay 3/5 hissəsi 9000 (doqquz min) manat təşkil etmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur. Həmin qiymətləndirmə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 1033/2023 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı X5 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X3 iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir və məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələb hərrac yekunları barədə protokolun etibarsızlığı deyil, hərrac yekunları barədə protokolun ləğv edilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokol qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib edilmişdir, bu səbəbdən İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 cəlb edilməklə “hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İdida təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar