Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-210/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Nəsirzadə Şərəbanu Ədalət qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-də sığortalı olan **-BD-*** dövlət qeydiyyat nişanlı VAZ2106 minik markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus **-BT-*** dövlət qeydiyyat nişanlı FORD Tranzit yük markalı avtomobilinə dəymiş 3257 manat məbləğində zərər, ziyan aktının tərtib olunması üçün ödənilmiş 50 manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 dövlət rüsumu olmaqla, ümumilikdə 3337 manat məbləğin "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 may 2022-ci il tarixdə Cəlilabad rayonu ərazisində **-BD-*** dövlət qeydiyat nişanlı VAZ 2106 minik markalı və ona məxsus **-BT- *** dövlət qetdiyat nişanlı FORD TRANZİT yük markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi XALQ SİĞORTA ASC Sığorta şirkətində sığortalı olan **-BD-*** dövlət qeydiyat nişanlı VAZ 2106 markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Yol nəqliyat hadisəsi nəticəsində mənim avtomobilinə 3257 (üç min iki yüz əlli yeddi) manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən bir müddət sonra Quba şəhərində fəaliyyət göstərən avto-təmir stansiyasının ustaları tərəfindən avtomobilinə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. Yol nəqliyyat hadisəsindən bir neçə gün sonra XALQ SİĞORTA ASC Sığorta şirkətindən onun mobil nömrəsinə mesaj vasitəsilə avtomobilə dəymiş zərərin 840 manat məbləğində müəyyən olunması haqqında bildiriş göndərildi. O, məbləğ az olduğuna görə şirkətin qaynar xətt nömrəsinə zəng vuraraq, yenidən qiymətləndirmə keçirilməsini və real məbləğ ayrılmasını xahiş etdi. Bir neçə gün sonra şirkətdən mobil nömrəsinə zəng olunaraq, sığorta ödənişi olaraq 1000 manat ayrılacağı bildirildi. O yenə etirazını bildirdi və zərərin real olaraq hesablanmasını xahiş etdi. Yenə təqribən 10 gün sonra mesaj vasitəsilə avtomobilə dəymiş zərər məbləği olaraq 1637 manat ayrılacağı bildirildi. O yenə razılaşmadı və rəsmi olaraq maşına baxış keçirilməsi üçün ekspert göndərilməsini xahiş etdi. Ekspert gəlib avtomobilə baxış keçirdikdən sonra, şirkət əməkdaşları 1637 manat məbləğdən artıq sığorta ödənişi ödənilməyəcəyini ona bildirdilər. Amma, sığorta şirkətinin ona ünvanladığı 26 avqust 2022-ci il tarixli, İdarə heyətinin sədr müavini Elmin Ağamirli tərəfindən imzalanan rəsmi məktubunda isə avtomobilə dəymiş zərərin 2500 manat müəyyən edildiyi göstərilir. Yenə də buna baxmayaraq şirkət əməkdaşları ilə danışdığında 1637 manatdan artıq pul verilməyəcəyini bildirirlər. Cavabdeh "xxxx" ASC etirazla məhkəməyə müraciət edərək iddia əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, xx.xx.2022-ci il tarixində üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC-də icbari qaydada sığortalanmış "NXZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və iddiaçıya məxsus olan “Ford Transit” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş və sığortalı avtomobilin sürücüsü təqsirli bilinmişdir. Hadisə nəticəsində “Ford Transit” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığortaçı tərəfindən bir neçə dəfə qiymətləndirilərək, son olaraq zərər məbləği 1637 manat müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün olması bildirilmişdir. Lakin, İddiaçı xx.xx.2022-ci il tarixli "xxxx" Firması tərəfindən tərtib olunmuş ziyan aktına istinad edərək dəymiş zərərin 3257 manat olduğunu bildirmişdir. Sığortaçı "xxxx" ASC tərəfindən müəyyən edilmiş zərərin həcmi barədə tərəflər arasında razılıq əldə edilmədiyindən müstəqil ekspert tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı qiymətləndirilmə həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli, Ns XS050901 saylı müstəqil sığorta eksperti Talıblı Əhməd tərəfindən verilmiş rəydən də göründüyü kimi, zərərin məbləği 1637 manat müəyyən olunmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərərin əvəzi kimi 1637 manat məbləğində sığorta ödənişinin ödəniləcəyi bildirilsə də, iddiaçı özünün sifarişi ilə aldığı qiymətləndirməyə istinad edərək real zərər məbləğindən dəfələrlə artıq olan 3257 manat tələb edərək təklif olunan 1637 manat sığorta ödənişini almaqdan imtina etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC zərər məbləği olaraq 1637 manatı İddiaçı ödəməyə hazırdır, işin məhkəmə müstəvisində baxılması İddiaçı Yarəhməd oğlunun zərər məbləğindən daha artıq pulu istəməsidir. Bunun üçün də qüsur aktının tərtib olunması çəkilmiş xərcin xidmət haqqının verilməsinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb etməsi olduqca absurtdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən qəbul edərək, iddia tələbinin qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan müstəqil ekspert "xxxx" firmasının direktoru tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 299 nömrəli aktdan görünür ki, “Ford Transit” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2000-ci il olan avtomobilə dəymiş ümumi ziyan 3257 manat təşkil etmişdir. "xxxx" firması tərəfindən 18 may 2022-ci il tarixdə verilmiş 490023 nömrəli qəbzdən görünür ki, avtomobilə dəymiş ziyanın müəyyən olunması üçün 50 manat ödəmiş və bununla bağlı akt tərtib edilmişdir. "xxxx" ASC-nin sifarişi əsasında müstəqil ekpsert tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş XS050901 nömrəli ekpsert rəyindən görünür ki, “Ford Transit” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1637 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 26 avqust 2022-ci il tarixli xx/xx-1878 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cəlilabad rayonu ərazisində sığortalı **-BD-*** dövlət qeydiyyat nişanlı VAZ2106 minik markalı avtomobilin təqsiri nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş qiymətləndirilmiş və qiymətləndirmə zamanı “Ford Transit” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər 2500 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5126/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2023-cü il tarixli 9/8433 nömrəli ekspert rəyi 09 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2023-cü il tarixli 9/8433 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus “Ford Transit” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2215 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki qanunvericiliyə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinə əsasən sığorta ödənişi həyata keçirilir. Sığorta tələbi sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Həmin Qanunun 58.3-cü maddəsinə görə isə bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış **-BD-*** dövlət qeydiyyat nişanlı VAZ2106 minik markalı avtomobil xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Ford Transit” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan dəymişdir. Hazırda İddiaçı dəymiş zərərin əvəzi olaraq 3257 manat ödənilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC isə iddia tələbinin 1637 manat ödənilməsi hissəsində qəbul edir, lakin iddiaçıya ünvanlanmış 26 avqust 2022-ci il tarixli xx/xx-1878 nömrəli məktubda isə dəymiş zərərin 2500 manat olduğu və ödənilməsinə razı olduğunu bildirmişdir. Bunlardan əlavə məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası keçirilmiş və avtomobilə dəymiş zərər 2215 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ona məxsus **-BD-*** dövlət qeydiyyat nişanlı VAZ2106 minik markalı avtomobilə dəymiş zərərin 3337 manat olduğunu bildirsə də, avtomobilə dəymiş zərər Məhkəmə Ekpsertiza Mərkəzi tərəfindən 2215 manat müəyyən edilmişdir, həmçinin cavabdeh "xxxx" ASC tərəfindən məhkəmə iclasında 1637 manat ödənilməsi hissəsi etiraf edilsə də, cavabdehə ünvanlanmış 26 avqust 2022-ci il tarixli xx/xx-1878 nömrəli məktubdan müəyyən edilmişdir ki, cavabdeh avtomobilə dəymiş zərərin 2500 manat olması hissəsini qəbul etmişdir. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. İddiaçı tərəfindən "xxxx" firmasının xx.xx.2022-ci il tarixdə 299 nömrəli aktın tərtib edilməsi üçün 50 manat ödənildiyindən iddia tələbi bu hissədə təmin edilməli və ziyan aktının tərtib olunması üçün ödənilmiş 50 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun ödənilməsi hissəsində hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, Cavabdeh ASC-dən vurulmuş maddi ziyana görə 2215 manat məbləğində zərər və ziyan aktının tərtib olunması üçün ödənilmiş 50 manat pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Habelə, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-də sığortalı olan **-BD-*** dövlət qeydiyyat nişanlı VAZ2106 minik markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddaçıya məxsus **-BT-*** dövlət qeydiyyat nişanlı FORD Tranzit yük markalı avtomobilinə dəymiş 2215 manat məbləğində zərər, ziyan aktının tərtib olunması üçün ödənilmiş 50 manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2295 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 50 (yüz əlli) manat məbləğində ekspertiza xərci iddiaçı "xxxx" ASC-dən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-210/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-210/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver