Məhkəmə qərarları › İş №2(004)-2105/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2105/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2105/2022 01.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin nümayəndəsi X4, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2.060 manat pulun, qətnamə icra edilən günədək hər gecikdirilmiş gün üçün həmin məbləğin 0,1 faizi məbləğində pul vəsaitinin, vəkilə hüquqi yardıma görə ödənilmiş 101 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Hyundai Sonata” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. 03 sentyabr 2021-ci il tarixdə “Mercedes Benz 350” (minik) markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Cavabdeh2 arxa sol qapını açaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə ilə bağlı “Mercedes Benz 350” minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 və Cavabdeh2 barəsində inzibati protokol tərtib edilmişdir. “Mercedes Benz 350” minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətində icbari sığorta olunmuşdur. Cavabdeh ona məxsus sığorta obyekti olan avtomobilə dəymiş ziyanı 1.300 manat məbləğində qiymətləndirmişdir. Hadisədə isə avtomobilin sürücüsü tək günahkar olmadığından qiymətləndirilmiş məbləğin yarısı, yəni 650 manat sığorta ödənişi edilməsi təklif edilmişdir. Lakin iddiaçı həmin məbləğlə razı olmadığına görə ödənişi qəbul etməmişdir. Həmin məbləğ avtomobilə dəymiş real ziyandan açıq-aşkar dəfələrlə aşağı olduğundan o, avtomaşının təmiri üçün zəruri olan ehtiyac hissələrinin və digər xərclərin müəyyən edilməsi üçün ixtisaslaşmış servis mərkəzi olan “ProService” şirkətinə müraciət etmiş, həmin servis mərkəzi tərəfindən avtomobilə texniki baxış keçirildikdən sonra tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı ilə ona məxsus avtomobilə dəymiş ziyanın məbləğinin 2.060 manat olması müəyyən edilmişdir. Cavabdehlərlə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və sığorta ödənişinin tam şəkildə həyata keçirilməsi ilə bağlı aralarında yaranmış mübahisəni məhkəmədənkənar yolla həll etmək üçün yazılı şəkildə sığorta şirkətinə müraciət etməsinə baxmayaraq hər hansı müsbət nəticə əldə edilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən müştərək qaydada 2.060 manat pulun, 10 sentyabr 2021-ci il tarixdən başlayaraq qətnamə icra edilən günədək hər gecikdirilmiş gün üçün həmin məbləğin 0,1 faizi məbləğində pulun, göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 101 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin nümayəndəsi X7 04 may 2022-ci il tarixli yazılı etirazla məhkəməyə müraciət edərək verilən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il, saat 22:00-da Bakı şəhərində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şirkətdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə sığortalanmış, “MERCEDES S350 MİNİK” markalı, **-SC-*** d.q.n.-lı avtomobildə olan sərnişin avtomobilin arxa sol qapısını açarkən həmin avtomobilin qapısı onun yanından keçən, “HYUNDAİ SONATA” minik markalı, **-OM-*** d.q.n.-lı avtomobilə toxunmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən təqdim olunmuş sənədlərdən, o cümlədən yol nəqliyyat hadisəsi iştirakçılarının verdiyi izahatlardan aydın olmuşdur ki, “MERCEDES S350” minik markalı, **-SC-*** d.q.n.-lı avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə olarkən həmin avtomobildə sərnişin qismində əyləşən Cavabdeh2 avtomobilin arxa sol qapısını açmış, bu zaman qapı avtomobilin yanından keçən, İddiaçı tərəfindən idarə olunan “HYUNDAİ SONATA” minik markalı, **-OM-*** d.q.n.-lı avtomobilin sağ yan hissəsinə dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi Şirkət tərəfindən ilkin olaraq sığorta hadisəsi kimi qiymətləndirilmiş və buna görə də Şirkət tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi üçün hesablamalar aparılmış və sığorta ödənişinin verilməsi müəyyən olunmuş, lakin sənədlər təhlil olunarkən hadisənin sığorta hadisəsi kimi qiymətləndirilməsinə qanuni əsaslar müəyyən olunmadığından Şirkət tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunmuş və bununla bağlı zərərçəkənə xx.xx.2021-ci il tarixində bildiriş göndərilmişdir. Qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar “MERCEDES S350” minik markalı, **-SC-*** d.q.n.-lı avtomobilin sürücüsü Cavabdeh3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə (dayanma qaydasını pozmağa görə), həmin avtomobildə sərnişin qismində əyləşmiş Cavabdeh2 isə Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsinə (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) əsasən inzibati cərimə edilmişlər. Hesab edir ki, iddia ərizəsində göstərilən hüquqi əsasların tərəflər arasında mövcud olan mübahisə predmetinə hər hansı aidiyyəti yoxdur. Belə ki, iddia ərizəsində Azərbaycan Respublikası MM-nin 50-ci fəslinin müvafiq normalarına, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli, Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na istinad edilmişdir. İstinad olunan normalar və qaydalar könüllü sığorta müqavilələrinin bağlanması ilə əlaqədar məsələlərin tənzimlənməsini nəzərdə tutur və hazırkı iş üzrə, yəni icbari sığorta müqavilələrindən yaranan mübahisələrə tətbiq edilmir. Cavabdeh etirazında qanunvericilik normalarına istinad edərək qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5.2-ci maddəsinə görə, bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbari sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Qanunun 6.2-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Qanunun 6.3-cü maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsinin müvafiq müddəaları ilə hər bir icbari sığorta növü üzrə sığortalıların və ya sığorta olunanların konkret kateqoriyası müəyyən olunur. Qanunun 53.3-cü maddəsinə görə, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Qanunun 53.4cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Qanunun 13.2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Qanunun 52.1-ci maddəsinə görə, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Qanunun 52.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Bundan başqa cavabdeh yazılı etirazında işin faktiki hallarına və Qanunun istinad olunan maddələrinə əsasən, diqqətə çatdırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsinin baş verməsində “MERCEDES S350” minik markalı, **-SC-*** d.q.n.-lı avtomobilin sürücüsü, yəni sığorta olunanın hər hansı təqsiri olmamış, şəxs yalnız dayanma qaydasını pozmağa görə inzibati məsuliyyətə cəlb edilmiş, yol nəqliyyat hadisəsi isə həmin sığorta olunmuş avtomobildə sərnişin qismində əyləşən Cavabdeh2 ehtiyatsızlığından baş vermiş və sonuncu bu səbəbdən inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticə olaraq, Şirkətdə icbari sığorta müqaviləsi ilə sığortalanmış “MERCEDES S350” minik markalı, **-SC-*** d.q.n.-lı avtomobilin sürücüsü Cavabdeh3 iş üzrə iddiaçıya məxsus avtomobilə zərər vurulmasında təqsiri olmadığından Şirkətin iddiaçıya sığorta ödənişi ödəmək öhdəliyi yaranmamışdır. Buna görə də hesab edir ki, iddia Şirkətə aid olan hissədə tam əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 barələrində Bakı şəhər BPİ DYPİ-i tərəfindən qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarlara görə təqsirli hesab edilmişlər. Qeyd olunan qərarlar isə cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Dolayısı ilə cavabdehlər təqsirlərini etiraf etmişdir. Həmçinin digər cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti iddiaçının rəsmi müraciətinə cavab olaraq Şirkətin İdarə Heyətinin üzvü X.Hətəmov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli xxxx/1805 nömrəli məktubla bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində sığortalı olan nəqliyyat vasitəsinin sürücüsü ilə yanaşı sərnişin də təqsirli olduğundan dəymiş zərərin yalnız 50% miqdarını təşkil edən məbləğini Şirkət ödəyə bilər. Buna baxmayaraq, hazırda cavabdeh olan sığorta şirkətinin nümayəndəsi etirazında əsaslandırır ki, guya iddiaçıya sığorta ödənişi verilməsindən ümumiyyətlə imtina edilmişdir. Halbuki şirkətlə həm şifahi danışıqlar zamanı, həm də rəsmi yazışmalar zamanı imtina barədə məlumat verilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən isə məhkəmə baxışı zamanı təqdim edilən xx.xx.2021-ci il tarixli məktubu isə həqiqəti əks etdirmədiyindən sübut olaraq qəbul edilməməsini məhkəmədən xahiş edir. Çünki, həmin məktubun iddiaçıya rəsmi qaydada göndərilməsi və ya təhvil verilməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. 07 oktyabr 2021-ci il tarixli məktubdan isə görünür ki, cavabeh şirkət qismən də olsa tələbi etiraf etmişdir. Odur ki, göstərilənlərə əsasən iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin nümayəndəsi X7 iddia tələbinə tərəfindən verilmiş yazılı etirazı müdafiə edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq izahatında bildirdi ki, sığorta ödənişi ilə bağlı daxil olmuş müraciət əsasında toplanmış sənədlər Şirkətin Hüquq Departamenti tərəfindən müvafiq qaydada araşdırılmış və sığorta hadisəsi hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Lakin hadisədən uzun müddət keçdiyindən və toplanmış material arxivləşdirildiyindən, imtinaya dair iddiaçıya ünvanlanmış məktubun ona göndərilməsi və ya çatdırılması ilə bağlı sübutu məhkəməyə təqdim edə bilmir. Bundan başqa hadisənin baş verməsi ilə Şirkət tərəfindən sığortalanmış sürücünün hərəkətləri arasında səbəbli əlaqə olmadığından, hazırki hadisə sürücü tərəfindən deyil sərnişin tərəfindən törədildiyindən, yəni bilavasitə sərnişinin hərəkətlərinin nəticəsi olaraq hadisə baş verdiyindən, eləcə də etirazında sadalağı qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ümumiyyətlə sığorta hadisəsi baş verməmiş və sözügedən hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Qeyd edir ki, icbari sığorta müqaviləsinə əsasən sürücünün baş vermiş hadisəyə münasibətdə mülki məsuliyyəti yoxdur. Sığorta şirkətinin öhdəliyi isə avtomobil sürücüsünün vurduğu zərərə görə yaranmış mülki məsuliyyətin aradan qaldırılmasıdır. Hazırki hadisədə sürücünün mülki məsuliyyəti yaranmadığından, Şirkətin də öhdəliyi yaranmır. Ona görə də Şirkətə qarşı yönəlmiş iddia tələbi əsassız olduğundan bu hissədə tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (sərnişin) Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, “MERCEDES S350” minik markalı, **-SC-*** d.q.n.-lı avtomobilin sürücüsü Cavabdeh3 və həmin nəqliyyat vasitəsində sərnişin olmuş hüquqlarını müdafiə etdiyi övladı Cavabdeh2 barəsində müvafiq olaraq AR İXM-nin 346.1 və 338.3-cü maddələri ilə inzibati tənbehvermə haqqında qərarlar qəbul edilməsinə baxmayaraq hesab edir ki, nə sürücü, nə də sərnişin hadisənin bilavasitə baş verməsində təqsirli olmamışlar. Qeyd olunan qərarlar onlar tərəfindən mübahisələndirilməmiş və gələcəkdə də mübahisələndirmək niyyəti yoxdur. Çünki hadisənin bilavasitə təqsirkarı iddiaçı olmuşdur. Belə ki, arxadan gələn nəqliyyat vasitəsini idarə edən sürücü hər zaman araməsafəsi saxlamalıdır. Hazırki işin faktiki hallarından görünür ki, sürücü Cavabdeh3 yolun kənarında dayanmış vəziyyətdə olmuşdur. Arxa otucaqda əyləşmiş sərnişin Cavabdeh2 isə açıq vəziyyətdə qalmış qapının təkrar örtülməsini təmin etmək istədikdə arxadan gələn və araməsafəsi saxlamayan iddiaçının nəqliyyat vasitəsinə dəymişdir. Belə olan halda, nə sürücü Cavabdeh3, nə də sərnişinin hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Yol nəqliyyat hadisəsi səthi araşdırılmış və hadisənin bilavasitə törədilməsində sərnişinin texniki imkanının olubolmamasına dair ekspertiza təyin edilib rəy alınmamışdır. Bu isə xüsusi bilik tələb etdiyindən hesab edir ki, inzibati tənbehvermə haqqında qərarlar əsassızdır. Sxemin çəkilməsi, izahatların alınması işin hallarını müəyyən etmir. Həmçinin sığorta şirkəti hadisə yerində olmamış və sənədlər araşdırılmışdır. Bundan başqa işin əsli ondan ibarət olmuşdur ki, tərəflər hadisə yerində barışmış və hər biri öz nəqliyyat vasitəsinin təmir edilməsi ilə razılaşmışlar. Lakin 1 il keçdikdən sonra iddiaçı fikrini dəyişərək tələb irəli sürmüşdür. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh3 məhkəmə baxış iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı dəymiş zərərin əvəzini onun icbari sığorta müqaviləsi olduğundan sığorta şirkəti ödəməlidir. Belə ki, ilkin danışıqlar zamanı Şirkət iddiaçıya dəymiş zərərin yarısını ödəməyə razılıq vermişdi, lakin məbləğ az olduğundan iddiaçı həmin məbləği qəbul etməkdən imtina etmişdi. Sonrakı danışıqlar barədə isə məlumatı olmayıb. Hazırki iddia tələbi Şirkətə yönəldilməli olduğundan ona münasibətdə tələbin rədd edilməsini xahiş etdi. O, hadisənin baş vermə səbəbi ilə bağlı qeyd etmişdir ki, sərnişin Cavabdeh2 qapısı yaxşı bağlanmadığından, o, yolun sağ kənarında avtomobili saxlamış, bu vaxt sərnişin qapını açanda bərk külək əsdiyindən qapı onun əlindən çıxıb onlara yaxın sürən iddiaçının idarə etdiyi avtomobilə dəyib zərər vurmuşdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və ekspert rəyini araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AC seriyalı 619217 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2011-ci il buraxılışlı, qara rəngli, “Hyundai Sonata” minik markalı, **-OM-*** qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. - AC seriyalı 058009 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2011-ci il buraxılışlı, ağ mirvari rəngli, “Mercedes Benz 350” minik markalı **- SC-*** avtomobil mülkiyyət hüququ ilə X2 adına qeydə alınmışdır. - ƏN-İİİ seriyalı 662916 nömrəli etibarnamədən görünür ki, “Mercedes Benz 350” minik markalı **-SC-*** avtomobil mülkiyyətçi X5 tərəfindən idarəetmə hüququ ilə Cavabdeh3 istifadəsinə verilmişdir. - AC seriyalı 564714 nömrəli və AD seriyalı 163467 nömrəli sürücülük vəsiqələrindən görünür ki, İddiaçı B kateqoriyalı, Cavabdeh3 isə BC kateqoriyalı nəqliyyat vasitələrini idarəetmə hüququ vardır. - 3 sentyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (dayanma və durma qaydalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilinərək ona 20 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - 3 sentyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü (sərnişin tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilinərək ona 30 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Yol nəqliyyat hadisəsinin sxemindən müəyyən edilir ki, M.Hüseyn küçəsində “Alov Qüllələri” mehmanxanasının qarşısında Parlament prospekti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarında dayanmış vəziyyətdə olan “Mercedes Benz S350” markalı **-SC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa qapısının açılması nəticəsində bir qədər aralıda hərəkətdə olan “Hyundai Sonata” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. - “ProService” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, 2011-ci il buraxılışlı “Hyundai Sonata” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşağıdakı əvəz olunmalı ehtiyat hissələri: sağ ön qapı – 1 ədəd 480 manat, sağ arxa qapı 1 ədəd – 480 manat, təmir və rəng işləri: sağ ön qapı üçün 250 manat, sağ arxa qapı üçün 250 manat, qapılarda olan ruçkalar üçün hər biri 30 manat olmaqla 2 ədəd - 60 manat, sağ yan güzgü 60 manat, sağ ön bamper 130 manat, sağ ön qanad 150 manat, dəmirçi işi (sağ ön qanad) 60 manat, armatur işi (ön bamper) 20 manat, armatur işi (ön sağ qapı) 60 manat, armatur işi (arxa sağ qapı) 60 manat olmaqla, ümumilikdə 2.060 manat təşkil edir. - Cavabdeh2 nümayəndəsi Nümayəndə vəsatətinə əsasən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/4646 saylı ekspert rəyindən müəyyən edilir ki, 2011-ci il buraxılışlı “Hyundai Sonata” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin xərcləri üzrə dəyişdirilməli hissələrə görə sağ ön qapı - 1 ədəd 400 manat, sağ arxa qapı – 400 manat, cəmi - 800 manat; təmir-bərpa işlərinə görə dəmirçi – 50 manat, rəngsaz – 500 manat, armatur – 150 manat, cəmi 700 manat olmaqla, ümumilikdə 1500 manat təşkil edir. 2011-ci il buraxılışlı “Hyundai Sonata” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, təyinatı üzrə istifadəyə yararlı hissələrinin qiymətlərinə müvafiq hesablandığına görə onların qiymətlərinə köhnəlmə faizi tətbiq edilmir. “ProService” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Hyundai Sonata” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1.500 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 07 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciəti əsasında 03 senytabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Hyundai Sonata” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərlə bağlı daxil olmuş sənədlərə mütəxəssislər tərəfindən baxış keçirilmişdir. Məlum olmuşdur ki, “Mercedes Benz S350” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişini Cavabdeh2 arxa sol qapını açaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə Bakı şəhər DYPİ tərəfindən qeydə alınaraq sərnişin Cavabdeh2 və “Mercedes Benz S350” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hər ikisi günahkar olduğu üçün İddiaçı məxsus nəqliyyat vasitəsinə dəyən zərərin 50%-nin ödənilməsi Şirkət tərəfindən təklif edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sübut edilir ki, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Cavabdeh3 idarə etdiyi “Mercedes Benz 350” minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü AR İXM-nin 346.1-ci maddəsinə əsasən dayanmadurma qaydasını pozaraq “Alov Qüllələri” kompleksinin qarşısında yolun hərəkət hissəsinin sağ kənarında nəqliyyat vasitəsini saxlamışdır. Həmin nəqliyyat vasitəsində sol arxa oturacaqda əyləşən sərnişin Cavabdeh2 əvvəldən açıq vəziyyətdə olan arxa qapını açıb-bağlamaq istədikdə həmin vaxt bir qədər aralıda Parlament prospekti istiqamətində hərəkətdə olan İddiaçı idarə etdiyi “Hyundai Sonata” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar 3 sentyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən sürücü Cavabdeh3 AR İXM-nin 346.1-ci (dayanma və durma qaydalarının pozulmasına görə) maddəsi və 3 sentyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 AR İXM-nin 338.3-cü (sərnişin tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilinərək barələrində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/4646 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “Hyundai Sonata” minik markalı **-OM- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1500 manat təşkil edir. “ProService” şirkəti tərəfindən həmin avtomobil təmir edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərinəvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt)hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində birbaşa göstərilmişdir ki, həmin Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Adıçəkilən Qanunun 6.4-cü maddəsinə əsasən, mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs faydalanan şəxs, yəni sığorta ödənişi verilməli olan şəxs hesab edilir. Mülki Məcəllənin 926.1-ci maddəsində müəyyən edilmişdir ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığorta haqqında qanunvericiliyin tələbinə uyğun olaraq avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi (avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı) nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsində müəyyən edilmişdir ki, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, maddi zərərin əvəzinin ödənilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qanunvericiliyin birbaşa tələbindən irəli gəldiyi və İddiaçı əmlakına ziyan vurulmasında mülki məsuliyyəti sığortalanan sürücü Cavabdeh3 idarə etdiyi avtomobildə olan sərnişin, hazırki iş üzrə Cavabdeh2 da (3-cü şəxs olaraq) təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi sərnişinin təqsiri nəzərə alınaraq azaldılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh (sürücü) Cavabdeh3 əməlinə görə mülki məsuliyyəti sığorta şirkəti tərəfindən sığortalandığı üçün ona münasibətdə iddia tələbi rədd edilməli və sığorta ödənişinin yarısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən tutulmalıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində sərnişinin vəzifələri sadalanmışdır. Həmin maddəyə görə, sərnişin nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minibdüşməlidir. Sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın. Həmin Qanunun 56-cı maddəsinin X hissəsinə əsasən, sərnişinlərə nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq qadağandır. Cavabdeh3 qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vasitəsi dayandığı zaman hər hansı təhlükənin olmadığını müəyyən etdikdən sonra onun qapılarını açmalı olduğu və aça biləcəyi halda, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu cür etinasızlıq isə sığorta hadisəsinin baş verməsi ilə nəticələnmişdir. Artıq işin hallarından da göründüyü kimi, sərnişinin-Cavabdeh2 təhlükəsizliyi təmin etmədən nəqliyyat vasitəsinin qapısını qəfildən yolun hərəkət istiqamətində açması sığorta hadisəsinin baş verməsinə səbəb olmuşdur. Yəni, sürücü Cavabdeh3 yol verdiyi qanunazidd əməl sığorta hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Bu hal da cavabdehin inzibati xəta ilə əhatə olunan qanunazidd əməli ilə onun nəticəsi-sığorta hadisəsi arasında səbəbli əlaqə olduğunu deməyə əsas verir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin 07 oktyabr 2021-ci il tarixli məktubundan və Cavabdeh3 izahatından müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında 03 senyabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Hyundai Sonata” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərlə bağlı Şirkət tələbi qismən etiraf edərək, nəqliyyat vasitəsinin sərnişini Cavabdeh2 arxa sol qapını açaraq yol nəqliyyat hadisəsi törətməsinə, yəni onların hər ikisinin də təqsirinin olmasına əsaslanaraq iddiaçıya dəyən zərərin 50%-nin ödənilməsini təklif etmişdir. Lakin məhkəmə baxışı zamanı Şirkətin nümayəndəsi xx.xx.2021-ci il tarixli məktub təqdim edərək ümumiyyətlə sığorta hadisəsi olmadığından imtina edildiyini bildirməsinə baxmayaraq məhkəmə qeyd edir ki, qeyd olunan məktubun mötəbərliliyi və ünvan sahibinə göndərilməsi və ya çatdırılmasına dair cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Həmçinin 13 senyabr 2021-ci il tarixdən sonrakı tarixə təsadüf edən 07 oktyabr 2021-ci il tarixli məktubda sığorta şirkətinin ödənişi qismən etirafı nəzərə alındıqda hesab edilməlidir ki, sonuncu məktub onun iradəsini ifadə edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 13 sentyabr 2021-ci il tarixli məktub sübut olaraq qəbul edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq ümumi 1.500 manatın məbləğin 750 (yeddi yüz əlli) manatı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən və 750 (yeddi yüz əlli) manatı Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli və cavabdehlərdən iddia tələbinin qismən təmin olunduğu hissədə, yəni 35 (otuz beş) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxil edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutub hesab edir ki, iddia tələbi hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş vəsaitin ödənilməsi ilə bağlı hissədə təmin edilməlidir. Belə ki, məhkəmə keçirilmiş məhkəmə iclaslarının sayını, iclasların müddətini, vəkilin məhkəməyə təqdim etdiyi sübutların toplanması üçün sərf oluna biləcək ağlabatan müddəti nəzərə alaraq belə nəticəyə gəlir ki, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 101 (bir yüz bir) manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Bu Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. MPM-nin 118.1-ci maddəsinin tələblərinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Məcəllənin 118.2ci maddəsinə görə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə cavabdehin vəsatətinə əsasən ekspertiza təyin edilməsini nəzərə alaraq hesab edir ki, ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq ümumi 1.500 manatın məbləğin 750 (yeddi yüz əlli) manatı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən və 750 (yeddi yüz əlli) manatı Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməli, həmçinin ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat və göstərilmiş hüquqi yardıma görə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində pul vəsaiti cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Eyni zamanda, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq ümumi 1.500 manat məbləğin 750 (yeddi yüz əlli) manatı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən və 750 (yeddi yüz əlli) manatı Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. Həmçinin ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat və göstərilmiş hüquqi yardıma görə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində pul vəsaiti cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X3; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar