Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-211/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi, 28 saylı evin, 5 nömrəli mənzilinin açıq hərracdan satılması, satışdan əldə edilən pulun cavabdehlə iddiaçı arasında paylarına mütənasib bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 fevral 2015-ci il tarixli, 2(004)-487/2015 saylı qətnaməsi ilə mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakı hesab edilərək həmin əmlakda payları bərabər, yəni hər birinin payı ½ hissədə müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən həmin qətnamə əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq bu barədə ona 23.04.2018-ci il tarixli çıxarış verilmişdir. Yasamal rayon Məhkəməsinin 17 mart 2021-ci il trixli 2(004)-547/2021 saylı qətnaməsi ilə əmlakın bölünməsi tələbinə dair iddiası həmin mənzilin naturada bölgüsünün mümkün olmaması əsası ilə rədd edilmişdir. Tərəfindən cavabdehə özünə məxsus payın alınması barədə təklifi nəticəsiz qalmışdır. Paylı mülkiyyətdə olan mübahisəli mənzilin real bölgüsü mümkün olmadığından, iddaçı tərəfindən kompensasiya ödənilməsi ilə bağlı təklifinə cavabdeh cavab vermədiyindən mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul cavabdehlə iddiaçı arasında paylarına mütənasib surətdə bölünməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Cavabdeh iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı Apelyasiya Məhkəməsinin 14.12.2021-ci il tarixli 2(103)-11361/2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 fevral 2015-ci il tarixli, 2(004)-487/2015 saylı qətnaməsinin ləğv olunduğunu və bununla da iddiaçının mübahisəli mənzilə hüququnun olmadığını bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 14.12.2021-ci il tarixli 2(103)-11361/2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə tərəflərin mübahisəli mənzildə paylarının müəyyən edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2015-ci il tarixli, 2(004)-487/2015 saylı qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədən görünür ki, işə baxan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil əvvəllər dövlət mənzil fonduna aid edilməklə, 09 avqust 1995-ci il tarixli orderlə iddiaçının və ailə üzvlərinin, o cümlədən cavabdehin istifadəsinə verilmişdir. Sonradan mənzil cavabdehin adına özəlləşdirilmişdir. Bununla belə, özəlləşdirmə maraqlı tərəflərlə məhkəmə qaydasında mübahisələndirilməmişdir. Mübahisəli mənzil cavabdeh tərəfindən əvəzsiz əldə edildiyindən birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə və bölünə bilməz. Göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin 24 fevral 2015-ci il tarixli, 2(004)-487/2015 saylı qətnaməsini mübahisələndirilən hissədə ləğv etmiş və iş üzrə yeni qətnamə qəbul edərək İddiaçı Cavabdeh qarşı mübahisəli mənzildə payının müəyyən edilməsi barədə iddia tələbini təmin etməmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli mənzildə paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş məhkəmə qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6.-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər İstinad olunan maddələrə əsasən əmlakın açıq hərracdan satılmasını tələbini mülkiyyətçi irəli sürə bilər. İddiaçının isə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş məhkəmə qərarı ləğv edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq hüququ olmadığından iddia əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-211/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-211/2022
12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver