Məhkəmə qərarları › İş №2(004)-211/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-211/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-211/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Sığorta şirkətində sığortalı olan **-ST-*** dövlət qeydiyat nişanlı, VAZ 21074 minik markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus **-CK-*** dövlət qeydiyat nişanlı, “Mersedes Benz C 200” minik markalı avtomobilinə dəymiş 1795 (min yeddi yüz doxsan beş) manat məbləğində zərərin, ziyan aktının tərtib olunması üçün ödədiyi 35 manat rüsumu və 30 manat məhkəmə rüsumu olmaqla, ümumi olaraq 1860 (min səkkiz yüz altmış) manat məbləğin "xxxx" ASC Sığorta şirkəti tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 30 aprel 2022-ci il tarixdə Quba şəhəri ərazisində **-ST-*** dövlət qeydiyat nişanlı VAZ 21074 minik markalı və ona məxsus **- CK-*** dövlət qetdiyat nişanlı, “Mersedes Benz C 200” minik markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Qeyd etmişdir ki, baş vermis yol nəqliyyat hadisəsi "xxxx" ASC Sığorta şirkətində sığortalı olan **-ST-*** dövlət qeydiyat nişanlı, VAZ 21074 markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 1795 (min yeddi yüz doxsan beş) manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra Quba şəhərində fəaliyyət göstərən avto təmir stansiyasının ustaları tərəfindən avtomobilinə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. Bildirmişdir ki, yol nəqliyyat hadisəsindən bir neçə gün sonra "xxxx" ASC Sığorta şirkətindən onun mobil nömrəsinə mesaj vasitəsilə avtomobilinə dəymiş zərərin 950 manat məbləğində müəyyən olunması haqqında bildiriş göndərildi. O, məbləğ az olduğuna görə şirkətin qaynar xətt nömrəsinə zəng vuraraq, yenidən qiymətləndirmə keçirilməsini və real məbləğ ayrılmasını xahiş etmişdir. Amma, avtomobilinə dəymiş zərər məbləğini artırmadılar. Belə olan halda o, rəsmi olaraq maşına baxış keçirilməsi üçün ekspert göndərilməsini xahiş etmişdir. Ekspert gəlib avtomobilə baxış keçirdikdən sonra, şirkət tərəfindən mobil nömrəsinə mesaj vasitəsi ilə avtomobilinə dəymiş zərərin 990 manat olduğu barədə bildiriş daxil oldu və rəsmi olaraq məktub ünvanına məktub göndərilmişdir. O, dəfələrlə sığorta şirkətinin əməkdaşları ilə danışıqlar aparmağına baxmayaraq, ayrılmalı olan sığorta ödənişinin məbləğində dəyişiklik edilmədi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, ekspert tərəfindən verilmiş rəy ilə razıdır. Belə ki, əvvəl "xxxx" ASC iddiaçıya məktub ünvanlayaraq müstəqil ekspertin avtomobilə dəymiş zərərin 990 (doqquz yüz doxsan) manat olaraq qiymətləndirilməsini və iddiaçının dəymiş zərərə görə hesablanmış sığorta ödənişi ilə razı olduğu təqdirdə sığorta ödənişinin tərəflərindən ödənilməsinin mümkün olduğunu bildirmişdir. Hal-hazırda da iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 990 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən yuxarıda sadalananları nəzərə alaraq iddianın qismən 990 manat məbləğində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə aidiyyəti üzrə baxılması barədə cavabdehin nümayəndəsinin ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “Təbriz” firmasının 274 saylı, xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “Mersedes Benz C 200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 1795 manat məbləğində müəyyən edilmişdir. - “Təbriz” firmasının 489996 saylı, xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən X2 “Mersedes Benz C 200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən olunmasına görə “Təbriz” firmasına 35 (otuz beş) manat pul ödəmişdir. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx/xx-1475 saylı, 30 iyun 2022-ci il tarixli cavab məktubuna əsasən xx.xx.2022-ci il tarixində Quba rayonu ərazisində sığortalı “VAZ 21074” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı idarə etdiyi “Mercedes Benz C200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilinə maddi zərər dəymişdir. Avtomobilə dəymiş zərər tərəfilərindən qiymətləndirilmiş, lakin dəymiş zərərlə bağlı qarşılıqlı razılıq əldə olunmadığından “Sığorta fəaliyyəti haqqında” Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla müstəqil ekspert tərəfindən qiymətləndirmə həyata keçirilmişdir. Müstəqil ekspert tərəfindən avtomobilə dəymiş zərər 990 (doqquz yüz doxsan) manat olaraq qiymətləndirilmişdir. Odur ki, dəymiş zərərə görə hesablanmış sığorta ödənişi ilə razı olduğu təqdirdə sığorta ödənişinin tərəflərindən ödənilməsi mümkündür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/8081 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Mercedes Benz C200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 990,0 manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Quba şəhəri ərazisində "xxxx" ASC Sığorta şirkətində sığortalı olan “VAZ 21074” minik markalı, **-ST-*** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsünün təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı məxsus “Mercedes Benz C200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. İddiaçı ona məxsus nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 1795 manat məbləğində ziyan dəydiyini iddia edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən İddiaçı xeyrinə 990 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/8081 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən “Mercedes Benz C200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci təxminən 990 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə görə icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 990 (doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun 50%-i, yəni 19 (on doqquz) manatı İddiaçı aid edilməli, qalan 50%-i, yəni 19 (on doqquz) manatı isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 50%-i, yəni 25 (iyirmi beş) manat İddiaçı, digər 50%-i, yəni 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 990 (doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun 50%-i, yəni 19 (on doqquz) manatı İddiaçı aid edilsin, qalan 50%-i, yəni 19 (on doqquz) manatı isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 50%-i, yəni 25 (iyirmi beş) manat İddiaçı, digər 50%-i, yəni 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar