Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-212/2023 01.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, "xxxx" ASC-nin nümayəndəsi Vəkil iştirakları, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus “Mercedes Benz E 200” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olan 3140(üç min yüz qırx) manat, ziyan aktının tərtib olunması üçün ödədiyi 35 (otuz beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat olmaqla, cəmi 3205(üç min iki yüz beş) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 aprel 2022-ci il tarixdə Quba şəhəri ərazisində VAZ 21074 minik markalı **-ST-*** dövlət qeydiyat nişanlı və ona məxsus olan Mersedes Benz E 200 minik markalı **-BG-*** dövlət qetdiyat nişanlı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi "xxxx" ASC Sığorta şirkətində sığortalı olan VAZ 21074 markalı **-ST-*** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Yol nəqliyyat hadisəsindən bir neçə gün sonra "xxxx" ASC Sığorta şirkətindən iddiaçının mobil nömrəsinə mesaj vasitəsilə avtomobilə dəymiş zərərin 1450(min dörd yüz beş yüz) manat məbləğində müəyyən olunması haqqında bildiriş göndərilmişdir. Məbləğ az olduğuna görə, o şirkətin qaynar xətt nömrəsinə zəng vuraraq, yenidən qiymətləndirmə keçirilməsini və real məbləğ ayrılmasını xahiş etmişdir. Amma, avtomobilə dəymiş zərər məbləğini artırmamışlar. Belə olan halda o, rəsmi olaraq maşına baxış keçirilməsi üçün ekspert göndərilməsini xahiş etmişdir. Ekspert gəlib avtomobilə baxış keçirdikdən sonra, şirkət tərəfindən iddiaçının mobil nömrəsinə mesaj vasitəsilə avtomobilinə dəymiş zərərin 1500 (min beş yüz) manat olduğu barədə bildiriş daxil olmuş və rəsmi olaraq ünvanına məktub göndərilmişdir. O, dəfələrlə sığorta şirkətinin əməkdaşları ilə danışıqlar aparmağına baxmayaraq, ayrılmalı olan sığorta ödənişinin məbləğində dəyişiklik edilməmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ekspert rəyi ilə razı olmadığını, avtomobilə dəymiş zərərin 3140(üç min yüz qırx) manat olduğunu bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, ekspert rəyi ilə razıdır, avtomobilə dəymiş ziyanı həmin məbləğdə qəbul edirlər, qalan hissədə iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan AA N 464204 saylı nəqliyyat vasitəsinin qeydoyyat şəhadətnaməsinin surətindən görünür ki, 1991-ci il buraxılışlı, “Mercedes Benz E 200” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında elektron qərarın surətindən görünür ki, X1 xx.xx.2022-ci il saat 02.30 radələrində VAZ 21074 markalı **- ST-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən əks istiaqamətli hərəkət zolaöına çıxmadan manevr etmə qaydasını pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan "xxxx" Firmasının xx.xx.2022-ci il tarixli 274 nömrəli ziyan aktından görünür ki, “Mercedes Benz E200” minik markalı olan **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği cəmi 3140(üç min yüz qırx)manat təşkil edir. İş materiallarında olan "xxxx" Firmasının xx.xx.2022-ci il tarixli 489997 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ziyan aktının tərtib olunması üçün 35 (otuz beş) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli xx/xx-1476 saylı İddiaçı ünvanlanan məktubdan görünür ki, “Mercedes Benz E200” minik markalı olan **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə müstəqil ekspert tərəfindən dəymiş zərər cəmi 1500(min beş yüz) manat qiymətləndirilmişdir. Dəymiş zərərə görə hesablanmış sığorta ödənişi ilə razı olduğu təqdirdə sığorta ödənişi ediləcəkdir. İş materiallarında olan “AutoBox automobile service”in xx.xx.2022-ci il tarixli 1143 nömrıli qiymətləndirilmə aktından görünür ki, “Mercedes Benz E200” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1500(min beş yüz) manat zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 9/8080 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, Təbriz” Firmasının xx.xx.2022-ci il tarixli və «Auto Box» servisin xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1991-ci il buraxılışlı “Mercedes Benz E200” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1930 (min doqquz yüz otuz) manat müəyyən edilimişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşin müəyyən edilmiş halları odur ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçıya maddi ziyan dəymiş və cavabdeh sığorta şirkəti tərəfindən iddiaçıya ödəniş olunmamışdır. Keçirilmiş ekspertizanın nəticəsinə görə dəyən ziyan 1930 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 927.1 və 927.2-ci maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər: zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi, sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi, sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası, sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Mülki Məcəllənin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən Mercedes Benz E200” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ekspert rəyi ilə müəyyən edilmiş məbləğ- 1930 (min doqquz yüz otuz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən ziyan aktının tərtib olunması üçün 35 (otuz beş) manat ödənildiyi iş materiallarında olan ödəniş qəbzi ilə sübuta yetirildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan (iddia tələbi həcmində) 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizasının xərci olan 100 (yüz) manat cavabdeh "xxxx" ASC-yə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən “VAZ 21074" minik markalı **-ST-*** dövlət qeydiyyat nişalı avtomobilə vurulmuş zərərə görə 1930 (min doqquz yüz otuz) sığorta məbləği, ziyan aktının tərtib olunması üçün ödənilmiş 35 (otuz beş) manat, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 1995 (min doqquz yüz doxsan beş) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-212/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-212/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver