Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2148/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Asəf oğlu ilə 01.10.2013-ci il tarixdə Beyləqan rayon Qeydiyyat şöbəsində nikahlarını qeyd etdirməklə ailə qurmuşdur. Birgə nkahdan 26.08.2019-cu il tarixdə X5 və 29.08.2021-ci il tarixdə X7 dünyaya gəlmişdir. Beyləqan rayon Məhkəməsinin 2(020)-3076/2017-ci il saylı 06 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən 01 oktyabr 2013-cu il tarixdə Beyləqan rayon qeydiyyat şöbsində bağlanmış nikah pozulmuşdur. Göstərilənlərə əsasən 26.08.2019-cu il tarixdə X5 və 29.08.2021-ci il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, övladları olmamışdan qabaq məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Daha sonra isə barışmış və övladları dünyaya gəlmişdir. Birgə nikahdan olan övladı X2 mədə və bağırsağından xəstədir və onun müalicəsi üçün bahalı dərmanlar lazımdır. Bir uşağın saxlanılması üçün 200 manat da azdır. Hazırda özü heç bir yerdə işləmir və mütəmadi gəliri yoxdur. Cavabdeh ona cəmi 150 manat pul ödəmiş və uşaqlara xırda hədiyyə almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o iddiaçının tələb etdiyi miqdarda aliment ödəmək iqtidarında deyildir. Belə ki, uşaqlar onlarla birlikdə rayonda qalarkən heç bu qədər xərc tələb olunmurdu. Özü hazırda heç bir yerdə işləmir, arada rayonda taksi fəaliyyəti ilə məşğuldur və mütəmadi gəliri yoxdur. Rayonda taksi fəaliyyətindən çox az istifadə edirlər və yaşayış səviyyəsi aşağıdır. Uşaqların saxlanılması üçün hər ay hər uşağa 100 manat miqdarında aliment ödəyə bilər. İddiaçı əgər övladlarına baxa bilmirsə, uşaqları onun himayəsinə versin və o övladlarını baxmağa hazırdır. Eyni zamanda iddiaçı qızının dərmanlarını ala bilmirsə, uşağın xəstəlik reseptini ona versin və o lazımı dərmanlar ilə onları təchiz edəcəkdir. Odur ki, məhkəmədən qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin may ayının 2-si günündə 41 nömrə ilə qeyd aparılmışdır. Daha sonra tərəflərin faktiki nikah münasibətlərindən 26.08.2019-cu il tarixdə X5 və 29.08.2021-ci il tarixdə X7 adlı uşaqları olmuşdur. Tərəflər hazırda ayrı yaşayır və uşaqlar anasının himayəsində qalır. Cavabdeh uşaqların saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirir. Məhkəmə cavabdeh X1 uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə eyni zamanda odu da qeyd edir ki, uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsi uşağın saxlanılması üçün qeyd edilən miqdarda aliment tutulması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Eyni zamanda məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşaqların mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, 26.08.2019-cu il təvəllüdlü X5 və 29.08.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi 16.03.2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 26.08.2019-cu il təvəllüdlü X5 və 29.08.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti 16.03.2022-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2148/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2148/2022
11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver