Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2201/2021 29.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2017-ci ildə ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində 3186 nömrəli nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2018-ci ildə X5, xx.xx.2019-cü ildə X6 anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-3361/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahın pozulması və uşaqların onun himayəsində qalması müəyyən edilmişdir. Artıq 1 ildir ki, onlar cavabdehlə faktiki və hüquqi olaraq ayrılmışdır. Cavabdeh onu uşaqları birlikdə 1 il əvvəl məcburi olaraq evdən çıxartmışdır. Həmin vaxtdan uşaqların saxlanmasında, onların əvvəlki həyat şəraitinin davam etməsində və əlavə xərcində könüllü şəkildə iştirak etmir. Belə ki, cavabdeh onu təhdid edərək övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələb etməməyinə çalışmış və o, qorxusundan bu barədə tələb etməkdən çəkindiyindən xx.xx.2020-ci il tarixli iddia ərizəsinə dəqiqləşmə verərək aliment tələbindən imtina etmişdiş Cavabdeh isə könüllü olaraq bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh övladları qarşısında valideynlik vəzifələrini yerinə yetirmədən onu ölüm və s. ilə təhdit etmişdir. O, da məcbur qalaraq məhkəməyə müraciət edərək aliment alınmasını xahiş etməli olmuşdur. Hazırda yaşayış minimumu 175 manat olsa da, cavabdeh könüllü olaraq nə həmin məbləği, nə də uşağın əvvəlki həyat şəraitinin davam etdirilməsi üçün əvvəllər çəkdiyi xərci ödəmir. O, öz övladının saxlanmasında məhkəmənin məcburedici qətnaməsi olmadan heç bir maddi və mənəvi məsuliyyət daşımayacaqdır. O, heç bir zaman onun öz övladı ilə maraqlanmasına, ünsiyyətdə olmasına və s. heç bir maneə yaratmamışdır. Hazırda o, təkbaşına həm onun saxlanmasına, həm geyim-keciminə, həm məktəb ləvazimatlarına və normal şəraitdə yaşamının davam etdirməsi üçün lazım olan pulu çatdıra bilmir. Onların azyaşlı olması səbəbindən işləyə də bilmir. Cavabdehin isə maddi durumunun yaxşı olmasına uşaqların yeməyi və geyiminə normal baxmasına baxmayaraq hazırda bir manat belə pul ödəmir. Başqa gəlir yeri olmadığına və uşağın saxlanmasında çətinlik çəkdiyindən cavabdehin əvvəlki qaydada uşağı saxlaması barədə qətnamə çıxarılması zərurəti yaranmışdır. Ona məlumdur ki, cavabdeh yaxşı qazanc əldə edir, yetərincə maddi vəsaiti var və uşaqlarını saxlaya bilər, ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyildir. Hesab edir ki, xx.xx.2020-ci il də alimentlə bağlı iddia tələbi olduğundan aliment də həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2018-ci ildə anadan olmuş X3 və xx.xx.2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat məbləğində alimentin tutulması, xx.xx.2018-ci ildə anadan olmuş X3 və xx.xx.2019-cu ildə anadan olmuş X4 3 yaşına çatanadək onun saxlanmağı üçün hər ay 207 manat alimentin alınaraq ona verilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2020-cı ildən hesablanması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3361/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X2 arasında 3 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 3186 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 anası X1 yanında qalması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş və nikah pozulduqdan sonra qadına Abdullayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, X2 ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3361/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə X2 arasında 3 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 3186 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 anası X1 yanında qalması qət edilmişdir. Uşaqlar halhazırda anasının himayəsində yaşayır. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşaqların mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin alimentin xx.xx.2020-ci il tarixdən başlayaraq tutulması hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin uşaqların 3 yaşına çatanadək cavabdehdən hər ay 207 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2 və 84.2.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunvericilik arvadın ərindən ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində aliment almaq hüququnu müəyyən edir, lakin göründüyü kimi iddiaçı tərəfindən cavabdeh tərəfin zəruri vəsaitə malik olması, özünün əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentlərin tutulma müddəti xx.xx.2021-ci il tarixdən müəyyən edilsin. Qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2201/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2201/2021
29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver