Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2209/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 27 sentyabr 2021-ci il tarixdə anadan olmuş və hazırda onun himayəsində qalmış X1 18 yaşı tamam olan günədək saxlanması üçün hər ay üzrə hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddindən, yəni 193 manatdan az olmamaqla alimentin, həmçinin uşağın 3 yaşının tamam olduğu 27 sentyabr 2024-cü ilədək özünə görə hər ay cavabdehdən hazırda əhali üçün müəyyən olunmuş yaşayış minimumu həddində, yəni 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə 11 yanvar 2021-ci il tarixdə 4 saylı Bakı ASAN xidmət X4ndə rəsmi nikah qeydə aldırmaqla evlənərək ailə qurmuşdur. Bu barədə eyni tarixdə həmin orqanda 39 saylı nikah qeydi aparılmışdır. Birgə nikahdan 27 sentyabr 2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. ilk vaxtlar cavabdehlə ailə münasibətləri nisbətən normal olmuş, lakin sonradan ayrılmalı olmuşlar. Ayrıldığı vaxtdan uşaq onun himayəsində qalmışdır. Cavabdeh ötən müddətdə onun himayəsində qalmış südəmər uşağının saxlanması üçün həmçinin də onun hazırda 6 (altı) aylıq körpəyə baxmağı ilə əlaqədar müvəqqəti əmək qabiliyyətsizliyi və işləmək imkanının olmaması səbəbindən özünə görə könüllü şəkildə heç bir maddi köməklik göstərməmiş, aliment ödəməmişdir. Otən müddət ərzində cavabdeh uşağı daimi olaraq ixtisaslı həkim müayinəsi və müalicəsinə ehtiyacının olduğunu bilməsinə baxmayaraq uşağın fiziki durumu və səhhəti ilə maraqlanmamış, uşağın müayinəsi ilə əlaqədar əlavə olaraq çəkdiyi xərclərlə əlaqədar köməklik göstərmək üçün hər hansı təşəbbüsdə olmamış, valideyn kimi vəzifələrini yerinə yetirməmişdir. Ötən müddətdə dəfələrlə Bakı şəhərinin müxtəlif xəstəxana və özəl klinikalarında uşağı müayinə və müalicə üçün aparmışdır. Uşağın hər ay peyvənd olunması üçün kifayət qədər xərci çıxır. Tərəfindən aralarındakı münasibətin Mediasiya ilə həlli təklif edilmiş və aliment tələbinə dair mübahisə üzrə 10.03.2022-ci il saat 15:00-15:30 də ilkin mediasiya prosesi keçirilmiş, lakin cavabdehin mediasiya prosesindən imtina etməsi səbəbindən əlavə mediasiya prosesi baş tutmamış yaranmış mübahisənin həlli üçün tərəfindən məhkəmədə iddia tələbi ilə çıxış etmək zərurəti yaranmışdır. Bununla bağlı mediator X5 tərəfindən N2022-MŞB/4-00627 saylı müvafiq arayış verilmişdir. Cavabdehdən uşağının 18 yaşı tamam olan günədək onun saxlanması üçün, həmçinin də uşağın 3 yaşı tamam olan günədək özünə görə alimentin məcburi qaydada alınmasından ötrü hazırkı iddia ərizəsi ilə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, övladı 27 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Lakin, övladının 3 yaşı tamam olanadək ondan əlavə olaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 4 saylı Bakı “Asan xidmət” X4 tərəfindən 11.01.2021-ci il tarixdə verilmiş AZ-İİ №423241 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 ilə Cavabdeh 11.01.2021-ci il tarixdə 39 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. 3 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən 19.10.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 663651 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 27 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 19.10.2021-ci il tarixdə 5874 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə N2022-MŞB/4-00627 saylı Arayışın surətindən görünür ki, İddiaçı mediasiyaya müraciət etmiş, Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci və 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin (ərdən) aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərindən 27 sentyabr 2021-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Birgə nikahdan anadan olmuş övladı isə İddiaçı himayəsindədir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində hansı hallarda alimentin miqdarının məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsi təsbit edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ailmentin cavabdehdən sabit pul məbləgində tutulmalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddianın 27 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması hissəsi təmin olunmalı, 27 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması iddiaçı tərəfindən bu barədə məhkəməyə ərizə verildiyi, yəni 18 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddianın uşağın 3 yaşına kimi cavabdehdən 200 (iki yüz) manat alimentin tutulması hissəsi qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə uşaq 3 yaşına çatana kimi 100 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. 27 sentyabr 2021-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək, yəni 27 sentyabr 2024cü il tarixədək Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma vaxtı 18 mart 2022-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2209/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2209/2022
05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver