Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2212/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 21.07.2013-cü il tarixdən hesablanmaqla qətnamənin qanuni qüvvəyə minənədək sığorta ödənişini gecikdirməsinə görə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin, yəni 7250 manatın 0,1 faizi həcmində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.02.2013-cü il tarixdə cavabdeh “xxxx” ASC şirkəti ilə İddiaçı arasında iddiaçıya məxsus “Opel Vectra” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsindən istifadə nəticəsində yarana biləcək mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanmışdır. 21.04.2013-cü il tarixdə yəni, müqavilə qüvvədə olduğu müddətdə iddiaçının oğlu X3 tərəfindən həmin nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində bir zərərçəkmiş şəxs az ağır bədən xəsarəti almış, digəri yüngül bədən xəsarətləri almış, bir zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölmüşdür. X1 Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2013-cü il tarixli 1(091)-073/2013 saylı hökmü ilə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilmişdir. Cavabdeh sığorta şirkəti ən azı 8 gün müddətində zərərçəkmiş şəxslərə sığorta ödənişi ödəməli olduğu halda sığorta ödənişini hadisədən 6 il sonra, 2019-cu ildə ödəmişdir. Sığorta şirkəti sığorta ödənişinin ödəmədiyi üçün iddiaçı zərərçəkmiş şəxslərə dəymiş zərəri özü ödəməli olmuşdur. Odur ki, cavabdeh sığorta ödənişini vaxtında verilməməsinə görə dəbbə ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı ilə icbari sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən sığorta ödənişini almaq hüququ sığortalıya deyil, zərərçəkən üçüncü şəxslərə məxsusdur. Odur ki, sığorta ödənişinin vaxtında ödənilməməsinə görə də dəbbə pulunu tələb etmək hüququ üçüncü şəxslər – zərərçəkmişlərə məxsusdur. Bundan əlavə, sığorta ödənişinin alınması üçün zərərçəkənlər 2019-cu ildə müraciət etdiklərindən sığorta ödənişi həmin ildə verilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin qanunun 19.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Həmin qanunun 24.1.5-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq zərərçəkənin hüququdur. Həmin qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin qanunun 50.2.1.1-ci maddəsinə əsasən minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Həmin qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin qanunun 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. Həmin qanunun 54-cü maddəsinə əsasən bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Həmin qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1-1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi mövcud olduğu halda həyata keçirilir Həmin məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında iddiaçıya məxsus avtomobildən istifadə nəticəsində üçüncü şəxs olan zərərçəkmiş şəxslərin sağlamlığına və əmlakına vurula biləcək zərərin əvəzinin ödənilməsi məqsədi ilə icbari sığorta müqaviləsi bağlanmışdır. Yuxarıda istinad olunan normaların mənasına görə avtonəqliyyat vasitələrinin mülki məsuliyyəti barədə icbari sığortası haqqında müqaviləyə əsasən sığorta ödənişini almaq hüququ sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərərçəkən, üçüncü şəxslərə məxsusdur. Avtonəqliyyat vasitələinin mülki məsuliyyəti haqqında icbari sığorta müqaviləsinə əsasən sığorta ödənişini almaq hüququ zərərçəkmiş üçüncü şəxslərə məxsus olduğundan sığorta ödənişinin vaxtında ödənilməməsinə görə də dəbbə pulunu tələb etmək hüququ həmin şəxslərə məxsusdur. İddiaçı isə hazırki halda müqavilə tərəfi, sığorta olunandır. Odur ki, iddia təmin oluna bilməz və rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2212/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2212/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver