Məhkəmə qərarları › İş №2(004)-2236/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2236/2023

19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2236/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı Qasımzadə (Həsənova) Günay Heydər qızı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Qasımzadə (Həsənova) Günay Heydər qızının Cavabdeh qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qasımzadə (Həsənova) Günay Heydər qızı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona hədiyyə kimi alınmış iki ədəd nişan üzüyü, bir ədəd brilliant qaşlı qolbağ, bir komplekt qızıl dəst və bir ədəd üzərində rubl yazılmış 15 qəpiklik qızılın, bunlar mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının dəyəri olan 12000 manat, həmçinin birgə nikah dövründə alınmış fotoaparat və kompüterə görə 5750 manat və birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani 4 ünvanında yerləşən mənzilin təmirinə xərclənmiş 11000 manat olmaqla, ümumilikdə 28750 manat məbləğində pulun və ödənilmiş 176.25 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə belə əsaslandırılmışdır ki, o, 21 iyun 2021-ci il tarixdə Cavabdeh ilə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuş, ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan ər-arvad kimi bir yerdə yaşayıb ümumi təsərrüfat aparmaqları mümkün olmadığına görə aralarında bağlanmış nikahın pozulması ilə bağlı cavabdeh tərəfindən Yasamal Rayon Məhkəməsində iddia qaldırılmışdır. Hazırda iş məhkəmənin icraatındadır. Onlar ailə qurduqdan sonra cavabdehin atasının adına olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani 4 ünvanında yerləşən mənzildə həyat yoldaşı ilə birlikdə yaşamışdır. Yaşadıqları ev təmirsiz olmuşdur. Həmin evin təmirinə iddiaçının atası 11.000 manat pul xərcləmişdir. Bunu evin təmir işlərini aparan ustalar - Cavanşir (tel:***-***-**-**, ***-***-**-**) və Emin də (Tel: 070-850-59- 20) təsdiq edə bilərlər. Bundan başqa, birgə yaşadıqları dövrdə bir ədəd “Conan” markalı, 6500 manat dəyərində fotoaparat və 5000 manat dəyərində “Notebook” almışlar. Həmin əşyaların pullarının bir qismini iddiaçı özünə məxsus “Bir Kart”la ödəmişdir. Həmin əşyalar birgə nikah dövründə əldə edildiyinə görə onların dəyərinin yarısı, yəni 5750 manatı ona verilməlidir. Ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir. Həmçinin ona məxsus aşağıda göstərilən qızıl-zinət əşyaları da iddiaçıya qaytarılmamışdır: nişan üzüyü qız üçün - 2000 AZN; nişan üzüyü oğlan üçün - 2000 AZN; brilliant qaşlı qolbaq - 500 AZN; komplekt qızıl dəst - 5500 AZN; 15 rubl qızıl qəpik - 2000 AZN. Boşanma ilə bağlı məhkəməyə müraciət etməmişdən bir müddət qabaq cavabdeh onu maşına əyləşdirib Bakı şəhəri, 8-ci km qəsəbəsində yerləşən “Laçın” Ticarət Mərkəzinə qızıl satışı mağazasına apararaq ona alınmış yuxarıda adları qeyd olunmuş qızıl-zinət əşyalarını oradakı adını bilmədiyi satıcıya verərək 12.000 manatlıq qızıllara görə satıcıdan 2750 manat pul alıb dediyinə görə fotoaparatın borcunu ödəmişdir. Cavabdeh bütün bunları görüntü xatirinə etmişdir ki, boşanma zamanı, qızılzinət əşyalarının pulunu aldığı fotoaparat üçün borcun bağlanmasına sərf etdiyini bildirsin. Qeyd olunan qızıl-zinət əşyaları nişandan əvvəl qonşuluqda yaşayan, cavabdehin qohumu X3 2021-ci ilin aprel ayında alınmışdır. Boşanma ilə bağlı məhkəməyə müraciət olunduqdan sonra o, bir neçə dəfə cavabdehdən birgə nikah dövründə, əsasən onun qazandığı əmək haqqı ilə alınmış əşyaların dəyərinin və yaşadıqları evin təmirinə xərclənmiş pulların qaytarılmasını tələb etsə də, cavabdeh həmin məbləği ona qaytarmaqdan imtina etmiş, daha sonra isə onun və valideynlərinin telefonlarını blok edərək, həmin vəsaitin ona qaytarılmasından qərəzli şəkildə imtina edərək, qeyd olunan vəsaitin hesabına əsassız varlanmaya sahib olmuşdur. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 41 saylı mənzil cavabdehin atası X4 məxsusdur və tərəflər xx.xx.2021-ci il tarixdə nikaha girdikdən sonra həmin mənzildə yaşamışlar. Həmin mənzildə mülkiyyətçi ailə üzvüləri ilə qeydiyyatdadır, cavabdeh qeyd edilmiş mənzildə qeydiyyatda olmamış, yalnız iddiaçı ilə nikaha girdikdən sonra atasının razılığı ilə onunla birlikdə həmin mənzildə müvəqqəti yaşamış və toydan əvvəl atasının rayondan göndərdiyi 6000 min manat hesabına mənzilin divar kağızları dəyişdirilmiş, parket laklanmış və mətbəxdə təmir işləri aparılmışdır. Mənzildə təmir işləri, ölkədə mövcud olmuş pandemiya dövründə aparıldığından, cavabdehin atası isə Şəki şəhərində yaşadığından, həmin təmir işlərinə nəzarəti iddiaçının atası həyata keçirmişdir. Mənzilin təmirinə cəmi 6000 manat vəsait xərclənmiş və iddiaçının cavabdehin atasına məxsus mənzilə xərclənmiş vəsaitlə bağlı cavabdehə qarşı hazırki tələbi irəli sürməsi qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir. Bu əsasla da iddia həmin hissədə təmin edilməməlidir. İddiaçının cavabdeh tərəfindən ona hədiyyə olaraq toyda bağışlanmış 12000 manat dəyərində olan qızıl-zinət əşyaların dəyərinin tələbinə gəldikdə isə, həqiqətən də tərəflər nişanlandıqları dövr pandemiya dövrünə düşdüyündən və o dövürdə ümumiyyətlə qızıl-zinət əşyaları satılan mağazalar işləmədiyindən, cavabdehin anası özünə məxsus qədimi qızıl-zinət əşyalarını qızıl-zinət əşyaların satışı ilə məşğul alan qonşusu Mətanət Məmmədovaya 2021-ci ilin aprel ayında 4000 manata dəyərləndirilərək satmış, əvəzində də ondan iddiaçıya bağışlanması üçün dəyəri 1600 manat olan nişan üzüyü, dəyəri 2400 manat olan qızıl komplekt və 500 manat dəyərində olan qolbaq alaraq iddiaçıya bağışlamışdır. Cəmi iddiaçıya bağışlanmış qızıl-zinət əşyalarının dəyəri 3500 manat olmuşdur. İddiaçı isə cavabdehə dəyəri 1400 manat olan nişan üzüyü alaraq bağışlamışdır. 2022-ci ilin iyul ayında isə iş fəaliyyətilə bağlı cavabdehə keyfiyyətli fotoaparat almaq zərurəti yaranmış və fotoaparat almaq üçün əldə vəsait olmadığından iddiaçı özünə bağışlanmış qızıl-zinət əşyaları, o cümlədən cavabdehə bağışlanmış nişan üzüyünü satıb həmin pulla fotoaparat almaq qərarına gəlmişlər və bu məqsədlə də 2021-ci ilin iyul ayının 15-də onlar bir yerdə Laçın Ticarət Mərkəzinə getmiş, iddiaçıya məxsus dəyəri 3500 manat olan və cavabdehə məxsus 1400 manat dəyərində olan qızıl-zinət əşyalarını 2500 manata satmış, həmin vəsait hesabına da həmin gün 2500 manata "Canon" markalı fotoaparat almışlar. Bu hal Foto market tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qaimə-faktura ilə təstiq olunur. Belə olduğu halda, iddiaçı cavabdehdən həm ona bağışlanmış qızıl-ziynət əşyalarının dəyərini, həm də özünün razılığı ilə qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsait hesabına alınmış fotoaparatın dəyərinin yarısını birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə tələb etməkdə haqlı deyildir. Bu əsasla da cavabdehin iddiaçıya bağışladığı və axırıncının razılığı ilə 2500 manat dəyərində olmuş qızıl-zinət əşyalarının dəyərini ödəməyə razıdır. İddianın birgə nikah dövründə kreditlə alınmış notebookun dəyərinin ½ hissəsinin tələbinə gəldikdə isə, həqiqətən də iddiaçı ilə cavabdeh birgə nikah dövründə qeyd edilmiş notebooku almış və həmin əşya tərəflər ayrıldıqdan sonra cavabdehin istifadəsində qalmışdır. Lakin iddiaçının iddia ərizəsində göstərdiyi kimi həmin əşyanın dəyəri 5000 manat olmamış, kredit faizləri ilə birlikdə ümumi dəyəri 3335 manat olmuş və qeyd edilmiş vəsaiti cavabdeh "xxxx" MMCyə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsas götürülməklə tərtib edilmiş cədvəl əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödəmişdir. Nəzərə alınmalıdır ki, tərəflər arasında ailə münasibətləri 2022-ci ilin may ayından pozulmuş, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 4 ünvanında yerləşən 41 saylı mənzildə tək yaşamış, cavabdeh o vaxtdan həmin mənzildə yaşamamış, birgə təsərrüfat aparmamış və iddiaçı ilə ayrı yaşadığı müddətdə kredit götürdüyü notebookun dəyərini ödənişdir. Bu əsasla da tərəflərin birgə nikah dövründə aldıqları, lakin ayrı yaşadıqları dövrdə cavabdeh tərəfindən dəyəri ödənilmiş əmlak onların birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə bölünə bilməz. Odur ki, iddia notebookun dəyərinin ½ hissəsinin ödəniməsinə dair hissədə təmin edilməməlidir. İddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbdən məlum olur ki, iddiaçı iddianın əsasını təstiq edən sübutları və dəlilləri məhkəməyə təqdim etmir, yalnız cavabdehə qarşı şəxsi ehtimallara əsaslandırılmış iddia qaldırmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddiaçı X5 Cavabdeh qarşı “qızıl ziynət və pul” tələbinə dair iddianın qismən təmin edilməsi, iddiaçıya bağışlanmış və axırıncının razılığı ilə satılmış qızıl-zinət əşyalarının dəyəri olan 2500 manat vəsaitin iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddia tələbini müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyin bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı və cavabdehin nikah dövründə yaşadıqları ev cavabdehin atasına məxsus olmuşdur. Lakin evin təmirinə nəzarəti iddiaçının atası edib və xərc çəkmişdir. Qarşı tərəfin etirazında qeyd olunmuşdur ki, cavabdehin atasının göndərdiyi 6900 manat pulla ev təmir olunmuşdur. İndiki zəmanədə 6900 manata ev təmir etdirmək absurd fikirdir. Tərəflər arasındakı söz-söhbət Laçın Ticarət Mərkəzinə getdikdən sonra yaranmışdır. Belə ki, cavabdeh iddiaçıya qızılları lombarda qoyacağını bildirmiş və ticarət mərkəzində üçüncü şəxsə vermişdir. Ticarət mərkəzindən çıxdıqdan dərhal sonra qızılları lombarda yox satdığını demişdir. Elvinin aldığı İphone saat, airpodslar və digər balaca əşyalar Günay xanımın “BirKart”ı vasitəsi ilə alınmışdır. Bu ailə bir müddət normal yaşayıbdır. Daha sonra ailəyə müdaxilələr olub və münasibətlər pisləşməyə başlayıbdır. Qızılları Günayın əlindən almaq üçün bu yola əl atıblar. Alınan notebook Günay xanımın “BirKart”ı vasitəsi ilə ödənilib və “Kapital Bank”dan alınmış ödəniş kartı üzrə çıxarış məhkəməyə təqdim olunmuşdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Qasımzadə (Həsənova) Günay Heydər qızı iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, telefon, nauşniklər və başqa balaca elektronik əşyalar onun kartı ilə alınıb. Eyni zamanda etiraz ərizəsində qeyd olunub ki, qızılların içərisində 15 rubl qızıl qəpik yoxdur. Lakin bu belə deyil. Həmin qızılı ona qaynatası toyun səhəri vermişdir. Qızıl əşyalar qarşı tərəfin qonşusu Mətanət Məmmədovadan alınmışdır. Qızılları lombarda qoymaq barədə fikirlərinin olduğunu qaynanası bilirdi. Hətta ona demişdir ki, qızılları lombarda qoyun, Elvinin fotoaparatının borcunu bağlayın, daha sonra gedib pulu ödəyib qızılları götürərsiniz. Başından bəri qaynanası hər şeydən xəbərdardır. Onu aldadıblar. Yoldaşı ilə birlikdə Laçın Ticarət Mərkəzinə gedib, orada tanımadığı birinə qızılları vermişdir. Həmin şəxs də onlara 2750 manat pul vermişdir. Ordan çıxan kimi Elvin ona demişdir ki, qızılları satıb. Sonra da 2500 manat aparatın borcunu bağlanmış və qalan 250 manatı isə özü xərcləmişdir. Əgər qızılların dəyərini mübahisələndirirlərsə qızıllarını gətirib özünə versinlər. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə razı olmadıqlarını bildirmiş, etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın qismən təmin edilməsi, iddiaçıya bağışlanmış və axırıncının razılığı ilə satılmış qızıl-zinət əşyalarının dəyəri olan 2500 manat vəsaitin iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, onun bir qohumu Günaygilin qonşuluğunda yaşayır. Söhbət əsnasında o, oğlu üçün qız axtardığını demişdir. Bir-birlərini bəyənib razılaşmış və qərara almışlar ki, evlənsinlər. Amma bir neçə ay sonra bilmişdir ki, onların arasında münasibət yaxşı deyil. 2 dəfə ailəlikcə söhbət olub ki, niyə bir-birlərini başa düşmürlər. Sonradan dəfələrlə qızı da, özü də gəlini başa salmışdır ki, ailə dağılmasın. Onlarla düşmənçiliyi, ədavəti yoxdur. Mətanət deyilən qadın onun qohumudur, toy pandemiya dövrünə düşdüyünə və əldə pul olmadığına görə Mətanət demişdir ki, “Moskva Univermağı”nda onun tanışları var. Daha sonra evə bir setka qızıl gətirmişdilər. Gəlinin anası, o, öz anası, qızı və Mətanətin ailə üzvləri ilə birlikdə həmin qızılların içərisindən gəlin bir komplekt bəyənib götürmüşdür. Anası da gəlin üçün hədiyyə kimi bir qolbaq götürmüşdür. Sonradan ikisi birlikdə Elvinin borcu üçün qızılları 2500 manata satmışlar. O, bunu sonradan öyrənmişdir. 1600 manata qızın nişan üzüyü olub, 2400 manat da komplekt idi, cəmi 4000 manat pul edib. Başqa heç bir şey alınmayıb. Anası 500 manata qolbaq almışdı. Həmin pulu anası verib, onunla heç bir əlaqəsi yoxdur. O, özünün taxmadığı brilliant qaşlı üzüyü və sepləri verib, ümumilikdə 10 min manata yaxın qızıl vermişdi. Pandemiya vaxtı idi və əldə pul yox idi. Sadəcə olaraq həmin qızılları ondan 4500 manata götürmüşdülər. Əslində qızılların dəyəri 4500 manat idi. Lakin Mətanətin anası xahiş etdiyinə görə 4000 manat ödənilmişdi. İddiaçı tərəf 1400 manata oğluna nişan üzüyü almışdı. Bununla bağlı səs yazısı da var. Səs yazısında Mətanət özü də təsdiqləyir ki, artıq pul verilməyib. Rayon yerində adətdir ki, toyun səhərisi günü gəlini üzə çıxarırlar və hamı gəlinə və bəyə hədiyyə gətirir. Orada 1000 manatdan çox pul yığılmışdı və qızın özünə verilmişdi, yoldaşı da hədiyyə kimi oğluna qızıl qəpik vermişdi. Bu prosesdə o, gəlin, oğlu, qızı və yoldaşı olub. Toy komplekti 2400 manat olub. Sonradan bilib ki, qızıllar satılıb. Oğlu söz danışan adam deyil. Yanvardan sonra 2022-ci ildə münasibətləri korlanmışdı. Gəlindən də soruşmuşdu ki, nə problem varsa həll edək, lakin deyirdi ki, hər şey əladır. Oğlu 100 manat beh verib aparat almışdı və atasına da deyə bilmirdi deyə, aparıb özləri qızılları satmışdılar. Bundan başqa, mənzil onun yoldaşına məxsusdur. 2013-2014-cü illərdə təmir olunmuşdu. Mənzilin divar kağızları və mətbəxi dəyişilib. Toydan öncə yoldaşı 6000 manat pul vermişdi. Arada o, özü də gedib nəzarət edirdi. Divar kağızlarını birlikdə gedib seçib, 800 manat pul vermişdi. Mənzildə yaşamamışdır. Lakin tez-tez gediş-gəliş olub. Hər həftə gedib baş çəkirdilər. İki usta işləyirdi. Emin və Cavanşir. Ustaları Günayın atası tapmışdı. Kombi əvvəldən var idi. Mətbəxə çəkilməyib və kombinin yeri də dəyişilməyib. Öz yerində durur. 2013-2014-cü ildə kombi çəkilib. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirmişdir ki, iddiaçını tanıyır, onunla düşmənçiliyi, ədavəti yoxdur. Mənzil onun öz mülkiyyətindədir. 2020-ci ildə qudası Heydərin tapdığı ustalar tərəfindən mənzildə təmir aparılmışdı. O, mənzilin təmirinə görə ustalara 6000 manat pul ödəmişdir. Həmin evdə parket laklanmışdı, divar kağızları vurulmalı idi və mətbəxdə bir az təmir işləri var idi. Hər dəfə o və ya yoldaşı mənzilə gəlirdi və təmir üçün lazım olan materialları alırdı. Sonra divar kağızları üçün də 800 manat pul göndərmişdi. Ümumi evin təmirinə 7 minə yaxın pul vermişdir. Yoldaşı təmirə nəzarət edirdi, özünün isə işləri ilə əlqaədar elə bir vaxtı olmurdu ki, Bakıya gəlib nəzarət etsin. Təmir 5-6 ay getmişdi. Bundan başqa, verilən suallara cavab olaraq bildirmişdir ki, onlarda toyun səhəri günü gəlinə və bəyə hədiyə verilir. O da oğluna 15-lik qızılı hədiyə etmiş, 1000 manatdan çox yığılan pulu isə Günaya vermişdilər. Özləri Şəkidəndir və orada adət belədir. Gəlinə toy üçün qızılları Mətanət vasitəsilə almışdılar. Təxminən 10 min manatlıq qızıl verilinb, 4 min manatlıq qızıl alınmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 bildirmişdir ki, o, İddiaçı tanıyır. Bir kənddəndirlər. Heç bir düşmənçiliyi, ədavəti yoxdur. Onların evində təmir işləri aparıb. Təmirlə bağlı müraciəti isə Günayın atası Heydər edib. Evdə otaqların kombisi çəkilib, kombinin yeri dəyişilib, işıq çəkilib, mətbəx sökülüb yenidən təmir olunmuşdur. O, ödənişlə bağlı Heydərlə razılaşmışdır. 2400 manat ödəniş olunubdur. Oğlanı üzdən tanıyır. Lakin oğlan ona heç bir ödəniş etməyibdir. Ev pis vəziyyətdə idi. Sökülüb təzədən tikilib. Evin kimə məxsus olduğunu bilmir. Elvinin atası tərəfindən 6000 manat verildiyi barədə məlumatı yoxdur. Evdə kombinin yerini dəyişib, mətbəxdən balkona keçirtmişdir. O, evin təmirinin 30 faizini etmişdir. 2400 manat zəhmət haqqını ona Heydər vermişdir. Heydər evə turbalar almışdı. Turbaların dəyəri təxminən 1800 manat olardı. Evdə molyar işlərini Emin adlı usta edirdi. Ustalara lazım olan və çatışmayan materiallar Heydərə bildirilirdi. O da alıb gətirirdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, o, İddiaçıı və Qasımov Elvini tanıyır. Günay qonşusu, Elvin isə uzaq qohumudur. Heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Pandemiya dövrundə ailə həyatı qurulduğuna görə qızıl mağazalarına getmək mümkün olmamışdır. Onun qızıl satan tanışı var idi. Afət onun yaxın adamıdır. Belə qərar alınmışdır ki, qızılı ondan alsınlar. Afət evə gəlib qızılları göstərəndən sonra nişan üzükləri alınmış və dəyəri nağd şəklində ödənilmişdi. 1600 manata “hə” üzüyü, 500 manata bilərzik və Elvinə hə üzüyü götürülmüşdü. Bu vaxt Vəfa qarnituru bəyənmiş və qiymətini soruşduqda 4500 manat deyilmişdi. Sonradan oğlanın anası qızıllarını gətirdi və bildirdi ki, bu qızılların əvəzinə gəlininə qızıl dəsti götürmək istəyir. Həmin qızıllar qiymətləndirilərək 4000 manat tutmuşdu. Onun əvəzinə şəkildə göstərilən qızıl dəsti verilmişdir. 4000 manat dəyərində toy komplekti, 500 manat dəyərində nişan qolbağı, 1600 manat dəyərində qız üçün nişan üzüyü, 1400 manat dəyərində oğlan üçün nişan üzüyü alınmışdır. 15 rubl qızıl qəpiyi də o, Günaygilə gedəndə görüb. Daha doğrusu Günay göstərmişdi və bildirmişdi ki, bu qızıl qəpiyi ona qaynatası toyun səhəri vermişdir. Cavabdehin anası onunla telefon vasitəsilə əlaqə saxlamışdır və o, anasına 4000 manat dəyərində toy komplekti, 500 manat dəyərində nişan qolbağı, 1600 manat dəyərində qız üçün nişan üzüyü, 1400 manat dəyərində oğlan üçün nişan üzüyünü təqdim etdiyini bildirmişdir. O, ümumilikdə bütün qızıllara 4000 manat deməyib. Ola bilsin ki, cavabdehin anası onu səhv başa düşüb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahid qismində məhkəmə iclaslarında iştirak etmiş şəxslərin ifadələrini nəzərə alaraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-T 046911 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında 05 avqust 2021-ci il tarixdə 5 saylı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 3308 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikahdan sonra arvada “Qasımova” soyadı verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X10 arasında xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 3308 nömrə ilə qeyd olunmuş nikah pozulmuşdur. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə, bağlanmış R0035128 saylı əşyanın nisyə alqı-satqı müqaviləsinsən görünür ki, "xxxx" MMC ümumi dəyəri 3335 manat olan “Asus TUF506HC 15.6 i7-11800H 16GB/512SSD RTX 3050 / PROQRAM” modelli əşyanı “Ödəniş cədvəli”nə əsasən hissə-hissə ödəmək şərti ilə Cavabdeh vermiş, alıcı isə əşyanın dəyərini 12 ay müddətinə təyin olunmuş qrafik üzrə ödəməyi öz öhdəsinə götürmüşdür. AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı Çıxarışının surətindən görünür ki, ünvan 3, mənzil 41 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 364, M5, m1) xüsusi mülkiyyət hüququ əsasında tam paylı olaraq xx.xx.2014-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır. “Foto market” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qaimə-fakturadan görünür ki, Cavabdeh 100 manat beh verməklə, 2450 manat borclu qalmış və ümumi borc xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə Qasımzadə (Həsənova) Günay Heydər qızı xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 3308 nömrə ilə qeyd olunmuş nikaha daxil olmuşlar. Daha sonra tərəflər arasında birgə ailə münasibətləri pozulmuş və Cavabdeh nikahın pozulması tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə işin müəyyən olunan hallarına əsasən qeyd olunmalıdır ki, Cavabdeh MŞB/2-01408 saylı, xx.xx.2022-ci il tarixli X7 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsəsən məhkəmədə nikahın pozulması barədə iddia qaldırmışdır. Yəni ki qeyd olunan hal üzrə, məhkəməyə aydın olmuşdur ki, tərəflər arasında artıq 2022-ci ilin sentyabr ayında nikah münasibətləri pozulmuş və onlar faktiki olaraq ər-arvad kimi yaşamamışlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən də onlar arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı Qasımzadə (Həsənova) Günay Heydər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hədiyyə kimi alınmış iki ədəd nişan üzüyü, bir ədəd brilliant qaşlı qolbağ, bir komplekt qızıl dəst və bir ədəd üzərində rubl yazılmış 15 qəpiklik qızılın, bunlar mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının dəyəri olan 12000 manat, həmçinin birgə nikah dövründə alınmış fotoaparat və kompüterə görə 5750 manat və birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani 4 ünvanında yerləşən mənzilin təmirinə xərclənmiş 11000 manat olmaqla, ümumilikdə 28750 manat məbləğində pulun və ödənilmiş 176.25 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və cavabdehin iddia tələbini qismən qəbul etməsini əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində və izahatında ona hədiyyə kimi verilmiş və iddia edilən ümumi dəyəri 12000 manat olan qızılların onun və cavabdehin iştirak ilə “Laçın Ticarət Mərkəzi”ndə tanımadığı qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxsə verildiyini və əvəzində 2750 manat pul aldıqlarını bildirmişdir. İddiaçı ona məxsus olan qızıl-zinət əşyalarını satmaq yox, sadacə lombarda qoymaq və əvəzində pul almaq məqsədi ilə verdiyini qeyd etsə də, bunula bağlı məhkəməyə hər-hansı mötəbər sübut təqdim etməmiş, qeyd olunan hal məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddia ərizəsindən və cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən müəyyən olunmuşdur ki, qeyd olunan qızıl-zinət əşyaları iddiaçının razılığı ilə 2500 manata satılmış və elə həmin gündə qeyd olunan məbləğə “Canon” markalı fotoaparat alınmışdır. İş materiallarındakı “Foto market”-in qaimə-fakturası ilə müəyyən olunmuşdur ki, xx.xx.2022cü il tarixdə fotoaparata görə 2450 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həm ona bağışlanmış qızıl-ziynət əşyalarının dəyərini, həm də özünün iştirakı ilə qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsait hesabına alınmış fotoaparatın dəyərinin yarısını birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə tələb etməkdə haqlı deyildir. Eyni zamanda cavabdeh iddiaçıya bağışlanmış və axırıncının razılığı ilə 2500 manata satılmış qızıl-zinət əşyalarının dəyərini ödəməyə razı olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin etirafını da əsas götürərək bu hissədə iddianı əsaslı hesab edir. Həmçinin birgə nikah dövründə alınmış notebooka dair (“Asus TUF506HC 15.6 i7-11800H 16GB/512SSD RTX 3050 / PROQRAM” modelli əşya) hissədə də iddia qismən əsaslı olduğuna görə tam təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması və iş materiallarında olan sübutlarla məlum olmuşdur ki, sözügedən əşya birgə nikah dövründə əşyanın nisyə alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən 12 ay müddətinə ödənilməsi şərti ilə, ilkin ödənişsiz 3335 manata alınsa da, əşyanın dəyəri tam ödənilmədən tərəflər arasında faktiki nikah münasibətləri 2022-ci ilin sentyabr ayında pozulmuş və onlar həmin tarixdən birlikdə, ortaq təsərrüfat aparmamışlar. Odur ki, məhkəmə hesab edir ki, birgə nikah münasibətlərinin faktiki olaraq davam etdiyi dövr ərzində, yəni xx.xx.2022-ci il tarixdən həmin ilin sentyabr ayınadək tarixədək əşya üçün ödənilmiş məbləğlər birgə nikah münasibətləri zamanı əldə olunmuş birgə vəsait hesab olunmalı və həmin ödənişlərin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materillarında olan "xxxx" MMC-nin ödəniş cədvəlindən görünür ki, qeyd olunan dövr ərzində əşya üçün ödənilməli olan məbləğ 1390 manat təşkil edir və bunun yarısı 695 manatdır. Odur ki, cavabdehdən “Asus TUF506HC 15.6 i7-11800H 16GB/512SSD RTX 3050 / PROQRAM” modelli əşyaya görə ödənilmiş 1390 manatın yarısı – yəni 695 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbinin “mənzilin təmir işlərinə xərclənmiş pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən təmin edilməməlidir. Belə ki, ünvan 3 ünvanında yerləşən 41 saylı mənzilin mülkiyyətçisi X2 mülkiyyətindədir və iddia mənzilin mülkiyyətçisi kimi ona qarşı qaldırılmalı idi. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3195 (üç min yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Qasımzadə (Həsənova) Günay Heydər qızına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən təmin olunmuş hissəyə mütənasib olaraq iş üzrə ödənilmiş 176,25 (bir yüz yetmiş beş manat iyirmi beş qəpik) manat dövlət rüsumunun 51,95 (əlli bir manat doxsan beş qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçı Qasımzadə (Həsənova) Günay Heydər qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3195 (üç min yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Qasımzadə (Həsənova) Günay Heydər qızına ödənilsin. Ödənilmiş 176,25 (bir yüz yetmiş beş manat iyirmi beş qəpik) manat dövlət rüsumunun 51,95 (əlli bir manat doxsan beş qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçı Qasımzadə (Həsənova) Günay Heydər qızına verilsin, dövlət rüsumu qalan 124,3 (bir yüz iyirmi dörd manat otuz qəpik) manat hisssədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar