Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2278/2022 12.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində həyat yoldaşı X1 idarə etdiyi “Haval H2” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilinə ziyan dəymişdir. Lakin iddia irəli sürdüyü sığorta təşkilatı 3 aydan artıq müddətdir ki, nə qanuni əsas olmadan sığorta ödənişi etmir nə də, rəsmi imtina barədə bildirişini təqdim etmir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları qəbul zamanı şifahi formada ona etiraz edərək bildirmişlər ki, onun rəsmi servisdə qiymətləndirməsi çoxdur, bunu ödəyə bilməyəcəklər, ya avtomobili onların əməkdaşlıq etdiyi təmir yerlərinə təhvil versinlər, ya da, ona 300-400 manat aralığında ödəniş edə bilərlər. Halbuki onların göndərişi əsasında avtomobilə dəymiş zərər AutoBox servisdə 680 manat, amma Haval Azerbaijan rəsmi servisində isə 1260 manat qiymətləndirilmişdir. Onun avtomobili kənar yerdə təmir edilsə rəsmi serviz tərəfindən qarantiyadan çıxarılacaq və daha sonra yaranacaq problemlər üzrə kim məsuliyyət daşyacaqdır. Qeyd etmək istəyir ki, nə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 899 və 900-cü maddələrində nə də, tərəflə aralarında bağlanmış sığorta müqaviləsinin məzmununda təmirin hər hansı bir kənar servizdə məcburi düzəldilməsi barədə heç bir müddia yoxdur. Həmçinin MM-nin 925.1-ci maddəsinə əsasən Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-nin 933.1.1-ci maddəsində isə aydın göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi sığorta ödənişlərinin verilməsi əsasıdır. MM-nin 934.1-ci maddəsinə əsasən Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Eyni zamanda “Sığorta haqqında” Qanunun 17-ci maddəsinədə Sığorta ödənişi verilməsindən imtina halları bir mənalı olaraq göstərilmişdir. Lakin 3 aydır ki, bu barədə yoxdur. Yalnız xx.xx.2022-ci il tarixli, xx/xx-2217 saylı və xx.xx.2022-ci il 05/01-427 saylı məktubla müraciət edərək müstəqil ekspertin təyin olunmasını bildirmişlər və bu barədə rəsmi ərizə ilə müraciət edərək müstəqil ekspertdən imtina edərək rəsmi servisdən aldığı ziyan aktının bir sürətini sığorta təşkilatına göndərək ona dəymiş 1260 manat maddi ziyanı tələb etmişdir. Qeyd edilənlərə əsasən, törədilmiş avto qəza nəticəsində ona dəymiş 1260 (min iki yüz altmış) manat sığorta ödənişinin "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ekspert rəyində qeyd edilmiş məbləğ ilə razı deyildir. Belə ki, onun maşınına dəymiş ziyan 1260 manat civarındadır və bu məbləği rəsmi serviz qiymətləndirmişdir. Bundan başqa onun maşının qarantiyası vardır ki, həmin qarantiyaya əsasən avtomobildə rəsmi servizdən kənarda nəsə iş görülərsə həmin nəqliyyat vasitəsi qarantiyadan çıxardılır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində sığortalı “Mercedes Benz E220” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarə etdiyi, iddiaçının mülkiyyətində olan “Haval H2” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda iddiaçı onun mülkiyyətində olan avtomobilə dəymiş ziyana görə 1260 manat miqdarında pul tələb edir. Lakin onlar iddiaçının tələb etdiyi miqdar ilə razı deyillər. Belə ki, iş üzrə ekspertiza keçirilmiş və nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 680 manat vəsaitin tələb edildiyi müəyyən edilmişdir. Həmin məbləği də, sığorta şirkəti ödəməyə razıdır. Odur ki, iddia tələbini qismən təmin edərək, ekspert rəyində qeyd edilmiş həcmdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Haval H2 minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 1260 manat məbləğində müəyyən edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, Haval H2 minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 680 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3498 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “Auto Box” tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Haval H2” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 680,00 manat müəyyən edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində sığortalı “Mercedes Benz E220” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarə etdiyi, iddiaçının mülkiyyətində olan “Haval H2” markalı, **- ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə sonuncuya maddi ziyan dəymişdir. İddiaçı ona məxsus “Haval H2” markalı, **-ZS- *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın 1260 manat olduğunu iddia edir, cavabdehin nümayəndəsi isə iddia tələbini qismən qəbul edərək, dəymiş ziyanın 680 manat təşkil etdiyini və bunu ödəməyə razı olduğu bildirir. Məhkəmə cavabdehdən dəymiş zərərin əvəzi olaraq 1260 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 680 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3498 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən “Auto Box” tərəfindən tərtib edilmiş, xx.xx.2021 -ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Haval H2” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 680,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə görə icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 680 (altı yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun 50%-i, yəni 16 (on altı) manat 50 (əlli) qəpiyi İddiaçı aid edilməli, qalan 50%-i, yəni 16 (on altı) manat 50 (əlli) qəpiyi isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50%-i, yəni 50 (əlli) manat İddiaçı, digər 50%-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 680 (altı yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun 50%-i, yəni 16 (on altı) manat 50 (əlli) qəpiyi İddiaçı aid edilsin, qalan 50%-i, yəni 16 (on altı) manat 50 (əlli) qəpiyi isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50%-i, yəni 50 (əlli) manat İddiaçı, digər 50%-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2278/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2278/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver