Məhkəmə qərarları › İş №2(004)-2279/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2279/2022

01.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2279/2022 01.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb olunmaqla cavabdeh “Avro X2 Evrascon” ASC-yə qarşı “əmək haqqı və kompensasiya” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Avro X2 Evrascon” ASC-yə qarşı “əmək haqqı və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Avro X2 Evrascon” ASC arasında bağlanmış 21.08.2020-ci il tarixli əmək müqaviləsinə əsasən 21.08.2020-ci il tarixdən 13.09.2021-ci il tarixədək cavabdeh tərəfindən ödənilməmiş əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı 2006-cı ildən cavabdeh şirkətdə işləsə də, ona heç bir vaxt 6 aylıq öz hesabına məzuniyyət verilməmişdir. Öz hesabına məzuniyyət verilsə belə, 2021-ci ilin aprel ayına qədər müddəti əhatə edir. Aprelin 1-dən isə iddiaçının əmək müqaviləsi yenə də qüvvədə olmuşdur. Həmin dövrlər isə öz hesabına məzuniyyət dövrünü əhatə etmir. Bundan başqa iddiaçı əmək haqqısı ödənmədiyi üçün X3 Xidmətinə müraciət etmiş və orada araşdırılma aparılmışdır. Həmin araşdırmanın nəticəsində həqiqətən qanun pozuntusu aşkar olunmuş, cavabdeh təşkilat barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bunların nəticəsində cavabdeh acıqlı olaraq, prinsipə gedərək iddiaçını işdən azad etmişdir. Əmək məcəlləsinə əsasən müddətli əmək müqaviləsinə xitam verilərkən 1 həftə qabaqcadan tərəflərdən biri qarşı tərəfi yazılı şəkildə məlumatlandırmalıdır. Onlar həmin məlumatlandırmanı görməmişlər. İddiaçıya yeganə olaraq, xəbərdarlıq göndərilmişdir. Halbuki, xəbərdarlıq göndərilməsi qanunvericiliyin tələblərinə ziddir. Qanunvericilik müəyyənləşdirir ki, şəxs işdən azad edilənə qədər onun barəsində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı bir qərar, sərəncam şəxsə təqdim edilməlidir. Cavabdeh tərəfindən isə heç bir sərəncam əmr və ya qərar iddiaçıya təqdim edilməmişdir. İddiaçı ilə son haqq hesab edilməmişdir. Bununla bağlı Əmək Müfəttişliyi tərəfindən cavabdeh cərimə də edilmişdir. İddiaçının aprel ayından işə getməməsi ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Cavabdeh tərəf iddiaçının adını işdə saxladığı üçün iddiaçı heç bir şirkətə işə düzələ bilməmişdir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi qüvvədə olmuş və maaşı 525 manat təşkil etmişdir. Suala cavab olaraq bildirir ki, əmək müqaviləsinə 2021-ci ilin sentyabrında xitam verilmişdir. Əmək müqavilsinin xitamını iddiaçı 2021-ci ilin sentyabrından sonra cavabdehin məktubu əsasında bilmişdir. İddiaçı başqa şirkətdə işlədiyi üçün əmək müqaviləsinə xitam verilməsini mübahisələndirməmişdir, ancaq ona ödənilməmiş əmək haqqını tələb edir. Əlavə olaraq bildirir ki, şirkətin nümayəndəsi ona bildirdi ki, onlar ancaq boşdayanma halı ilə bağlı 1800 manat ödəniş edə bilərlər. İddiaçı isə həmin məbləğlə razı deyil. Bu səbəbdən barışıq mümkün olmamışdır. Kompensasiyanın məzuniyyət ödənişi kimi nəzərə alınmasını xahiş edir. Boş dayanmanı isə əmək məcəlləsinin 169-cu maddəsi tənzimləyir. Boş dayanmanın kimin təqsiri ucbatından olması müəyyənləşdirilməlidir. Burada boşdayanma ilə bağlı işçinin heç bir təqsiri olmayıb. Ümumiyyətlə müəyyən olunur ki, boşdayanma ilə bağlı hər hansı sənədləşmə və elə bir hal olmayıb. Tərəfə ödənilməmiş əmək haqqının, eyni zamanda onun gecikdirilməsinə görə ödənişin və ödənilməmiş məzuniyyət pulunun ödənilməsini xahiş edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının nümayəndəsi və vəkilin izahatını təsdiq edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, 15 il cavabdeh şirkətdə işləmişdir. Həmişə vaxtında məzuniyyətini götürmüşdür. 2020-ci ildə avqust sentyabr ayında şirkətdə iş azaldığına görə onlara məlumat vermişlər ki, işdən öz hesablarına gedərlər. Onlar inandığı üçün mahiyyətinə varmadan imza çəkidilər. Özü işində həmişə məsuliyyətli olmuşdur. Suala cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə olan imza onundur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. İddia tamamilə əsassızdır. "xxxx" ASC-yə qarşı şəbəkə şəklində ardıcıl bu tipli bir neçə iddia var. Düşünür ki, bu "xxxx" ASC-yə qarşı qərəzlidir. İddiaçıya münasibətlər nəzərə alınaraq, heç bir tədbir görülməmişdir. Sonradan iddiaçı işə gəlmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq, tam əsaslı və qanuni şəkildə əmək müqaviləsinə xitam verilmişdir. Onlar əmək müqaviləsini 335 manat olaraq təqdim etmişdir. Qalan pullar şəxsin ezamiyyət haqqı kimi hesablanaraq ödənilib. Hazırda iddiaçının tələb etdiyi hissədə məbləğ əsassızdır. İddiaçı 6 aydan çox müddətə öz hesabına məzuniyyətdə olmuşdur. Ondan sonra da işə gəlməyib. Ona görə də şirkət tərəfindən iddiaçıya əmək haqqı ödənilməyib. Düşünür ki, iddia tamamilə əsassızdır. Buna dair sübutları təqdim etmişdir. İddiaçı da təsdiq etdi ki, imzalar onun özünə məxsusdur. Ödənişləri ümümi şəkildə banka ödəyirlər, işçilər arasında məbləğin bölgüsünü isə bank özü aparır. Suala cavab olaraq bildirir ki, iddiaçının aprel ayından sonra işə gəlmədiyinə görə heç bir tədbir görülməyib. Onlara qarşı digər iddiaların bu iddia ilə bağlılığını düşünmür. Əmək müqaviləsində əmək haqqı 335 manat nəzərdə tutulmuşdur, 525 manatla bağlı məlumatı yoxdur. 2021-ci il üçün digər ödənişlər, iddiaçıya ödənilməmiş məzuniyyət pulu ilə bağlı ödənişlər onda olan şifahi məlumata əsasən ödənilibdir. Məhkəməyə isə bununla bağlı yazılı sənəd təqdim edə bilməmişdir. Əmək Müfəttişliyi tərəfindən tətbiq edilən cərimənin ödənilməsi ilə bağlı məlumatı yoxdur. Aprel ayından sonra iddiaçıya hər hansı ödənişin ödənilməsi ilə bağlı sübutu yoxdur. Əlavə olaraq bildirir ki, həmin vaxtlar boş dayanma işçinin təqsiri ucbatından olduğunu düşünür. İşçi özü işə gəlməmişdir. İşçinin təqsiri ucbatından olduğu üçün düşünür ki, "xxxx" ASC-nin hər hansı bir boşdayanma ilə bağlı ödəniş etmək öhdəliyi yoxdur. Ona görə verilmiş iddia tamamilə əsassızdır və heç bir qanuna istinad olunmamışdır. İddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Avro X2 Evrascon” ASC ilə İddiaçı arasında bağlanmış 10.11.2018-ci il tarixli, 14306 saylı əmək müqaviləsinin surətinə əsasən İddiaçı 10.12.2018-ci il tarixədək 335 manat əmək haqqı müəyyən edilməklə maşinist vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 8.2 b) bəndinə əsasən 21.09.2020-ci il tarixdən əmək haqqı 525 manat müəyyən olunmuşdur. İş materiallarında olan 13.09.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin surətinə əsasən 10.11.2018-ci il tarixli əmək müqaviləsinə “Avro X2 Evrascon” ASC tərəfindən 13.09.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “2b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan İT-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 10.11.2018-ci il tarixdə iq-108 saylı əmrə əsasən “Avro X2 Evrascon” ASC-də 4-cü dərəcəli maşinist vəzifəsinə təyin edilmişdir. 21.09.2020-ci il tarixdə pd-62/1 saylı əmrə əsasən 5-ci dərəcəli vərdənə maşinisti vəzifəsinə keçirilmişdir. 13.09.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2 maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan “Avro X2 Evrascon” ASC-nin 14.08.2020-ci il tarixli, 155 saylı əmrindən çıxarışa əsasən İddiaçı 14.08.2020-ci il tarixdən 17.09.2020-ci il tarixə kimi 33 təqvim günü məzuniyyət təqdim edilmişdir. İş materiallarında olan “Avro X2 Evrascon” ASC-nin 18.09.2020-ci il tarixli, 188 saylı əmrindən çıxarışa əsasən İddiaçı 18.09.2020-ci il tarixdən 01.10.2021-ci il tarixə kimi öz hesabına məzuniyyət verilmişdir. İş materiallarında olan “Avro X2 Evrascon” ASC-nin 02.10.2020-ci il tarixli, 200 saylı əmrindən çıxarışa əsasən İddiaçı 02.10.2020-ci il tarixdən 01.04.2021-ci il tarixə kimi öz hesabına məzuniyyət verilmişdir. İş materiallarında olan “Avro X2 Evrascon” ASC tərəfindən tərtib edilmiş 07.09.2021-ci il tarixli, 703/21 nömrəli arayışa əsasən 2020-ci il aprel-sentyabr tarixləri üzrə İddiaçı vergilər daxil olmaqla 4212,91 manat ödəniş edilmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin **********3 nömrəli, 08.10.2021-ci il tarixli məkubuna əsasən İddiaçı ilə “X1 Evrascon” ASC arasında bağlanılmış əmək müqaviləsinə 13.09.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş, lakin son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) qanunvericiliyə uyğun hesablanıb ödənilməmişdir. Bununla əlaqədar “Avro X2 Evrascon” ASC-nin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmçinin İddiaçı ödəniləcək son haqq-hesabın ödənilməsi üçün “Avro X2 Evrascon” ASC-nin rəhbərliyinə məktub ünvanlanmışdır. İş materiallarında olan sosial arayışın surətinə əsasən İddiaçı 10.11.2018-ci ildən 21.09.2020-ci il tarixədək aylıq əmək haqqı 335 manat, 21.09.2020-ci il tarixdən 13.09.2021-ci il tarixədək aylıq əmək haqqı 525 manat olmaqla “X1 Evrascon” ASC-də maşinist vəzifəsində çalışmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı 10.11.2018-ci il tarixdən “Avro X2 Evrascon” ASC-də vərdənə maşinisti vəzifəsində işləmişdir. İddiaçı 14.08.2020-ci ildən 17.09.2020-ci ilə, 18.09.2020-ci ildən 01.10.2021-ci ilə və 02.10.2020ci ildən 01.04.2021-ci ilə qədər məzuniyyətdə olmuşdur. 13.09.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyindən tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı 21.08.2020-ci il tarixdən 13.09.2021-ci il tarixə kimi cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqı və gecikmə faizinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, iddiaçı 01.04.2021-ci il tarixədək məzuniyyətdə olmuş, daha sonra isə işə gəlmədiyindən ona əmək haqqı ödənilməmişdir. Məhkəmə cavabdehin bu dəlillərini əsassız hesab edir. Çünki iş materiallarında olan əmrlərin surətindən müəyyən olunur ki, iddiaçı 14.08.2020-ci ildən 01.04.2021-ci ilə qədər məzuniyyətdə olmuşdur. Bundan sonra əmək müqaviləsinə xitam verilənə qədər, yəni 01.04.2021-ci ildən 13.09.2021-ci ilə qədər olan dövrdə isə iddiaçının işə gəlməməsi ilə bağlı ona heç bir xəbərdarlıq və ya məktub göndərilməmiş, bununla bağlı mübahisə olmamışdır. Eyni zamanda işəgötürən olaraq cavabdeh işçinin uzun müddət işə gəlməməsini bildirsə də, bağlanmış əmək müqaviləsinə qanunvericiliyə əsasən belə bir hüququ olduğu halda işçinin işə gəlməməsinə görə deyil, əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam vermişdir. İş materiallarından görünür ki, müqavilə bir ay müddətinə bağlanılmış və uzadılmışdır. Məhkəmə hesab edir ki, əgər işçi işə üzrsüz səbəbdən gəlməmişdirsə və cavabdeh bunu mübahisələndirirdisə o zaman işəgötürən işçilə bağladığı əmək müqaviləsinin müddətini uzatmaya da bilərdi. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı 21.08.2020-ci ildən 13.09.2021-ci il tarixə kimi cavabdeh tərəfindən ödənilməmiş əmək haqqının ödənilməsini tələb etsə də, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 14.08.2020-ci ildən 01.04.2021-ci ilə qədər məzuniyyətdə olmuş, əmək funksiyalarını yerinə yetirməmişdir. 01.04.2021-ci ildən 13.09.2021-ci ilə kimi, yəni əmək müqaviləsinə xitam verilənə kimi olan dövr üçün isə iddiaçıya əmək haqqı ödənilməmişdir. Belə olan halda iddiaçıya 01.04.2021-ci ildən 13.09.2021-ci ilə kimi olan dövr üçün ödənilməmiş əmək haqqı və əmək haqqının gecikdirilməsinə görə faiz hesablanaraq ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçının əmək haqqısının 525 manat deyil, 335 manat olduğunu bildirsə də, iş materiallarında olan arayışdan müəyyən olunur ki, iddiaçı işə qəbul edilərkən əmək haqqısı 335 manat olsa da, 21.09.2020-ci il tarixli əmrə əsasən digər vəzifəyə keçirildikdən sonra əmək müqaviləsinə xitam verilənədək əmək haqqısı 525 manat olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəyə qeydə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. İddiaçı tələbində əmək məzuniyyətinə görə pul tələb etməsə də son iclasda iddiaçının nümayəndəsi və vəkili əlavə olaraq əmək məzuniyyətinə görə pul da tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin tələb artıq əlavə tələbdir və buna müvafiq olaraq iddia tələbi dəyişdirilməmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən son haqq hesab dedikdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərdə tutulur. Göründüyü kimi qanunvericilik əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini fərqləndirmişdir. Bu səbəbdən məhkəmə tələbdən kənara çıxmayaraq yalnız tələbə uyğun əmək haqqının verilib-verilmədiyini araşdırmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, İddiaçı 01.04.2021-ci il tarixdən 13.09.2021-ci il tarixədək ödənilməmiş əmək haqqı və 01.06.2022-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində pul cavabdeh “Avro X2 Evrascon” ASC tərəfindən hesablanaraq ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 01.04.2021-ci il tarixdən 13.09.2021-ci il tarixədək ödənilməmiş əmək haqqı və 01.06.2022-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində pul cavabdeh “Avro X2 Evrascon” ASC tərəfindən hesablanaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat məbləğində pul cavabdeh “Avro X2 Evrascon” ASC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar