Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2294/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Kamal oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli 04076626 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.2024cü il tarixli 04076626 saylı müqaviləyə əsasən Cavabdeh MMC-nin İnşaatçılar filialından “X1” markalı mobil telefonu nisyə almışdır. Telefonun məbləği ilkin ödəniş daxil olmaqla 605,99 manat təşkil etmişdir. O, telefonu evə gətirib batareyanın enerji yığması üçün cərəyana qoşmuşdur. Telefon qızdığına görə cərəyandan ayırmışdır. Telefon qızdığına görə özü-özünə əyilmişdir. Səhəri gün xx.xx.2024-cü il tarixdə telefonu mağazaya aparmış və dəyişdirilməsini xahiş etmişdir. Telefonu təhvil vermişdir, bir neçə gün sonra ona bildirmişlər ki, servisin rəyinə əsasən telefon mexaniki təsir nəticəsində əyilmişdir. O, telefona heç nə etməmiş, telefon cərəyana qoşulu olduğu zaman qızaraq əyilmişdir. Hesab edir ki, bu istehsal qüsuru olduğuna görə satıcı telefonu geri qaytarmalı və ya dəyişdirməli idi. Lakin cavabdeh bunu etməmişdir. O, telefonu mağazadan götürməmişdir. Telefonu qaytarmasına baxmayaraq, cavabdeh ondan telefonun dəyərini ödəməyi tələb edir. Hazırda telefonun cavabdeh təşkilatda olması nəzərə alınaraq və istehlakçı hüquqlarının pozulduğunu nəzərə alaraq müqavilənin ləğv edilməsini xahiş edir. O, cavabdehə şifahi olaraq müraciət etmişdir, müqavilənin ləğv edilməsi üçün yazılı müraciət etməmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Kamal oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçı pretenziya qaydasında müqavilənin ləğv edilməsi üçün cavabdehə müraciət etməmişdir. İddiaçı müraciət etsəydi, mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi məsələsinə baxıla bilərdi. Odur ki, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı pretenziya qaydasına riiayət etmədən məhkəməyə müraciət etdiyinə görə Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən əsasən baxılmamış saxlanılmalıdır. Çünki, Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2294/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2294/2024
03.06.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver