Məhkəmə qərarları › İş №2(004)-2357/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2357/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2357/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdü Cavabdeh üzərinə onunla yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü nəvəsi X7 ilə xx.xx.2024-cü ildən etibarən ayda 1 (bir) dəfə, həftənin 6-cı günü, 2 (iki) saat olmaqla ünsiyyətdə olmağına şərait yaratması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun oğlu xx.xx.1984-cü il təvəlldlü X8 və sabiq gəlni xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh arasında bağlanan nikahdan xx.xx.2013cü il təvəllüdlü (oğul nəvəsi) X7 dünyaya gəlmişdir. Daha sonra oğlu və gəlni arasında nikah münasibətləri pozulmuşdur. Bundan sonra gəlni vaxtı vaxtında aliment almasına baxmayaraq, yetkinlik yaşma çatmayan nəvəsiylə ünsiyyətdə olmağına süni maneə yaradır, bir nənə kimi ona nəvəsiylə görüşməyə heç bir şərait yaratmır. Cavabdeh "xxxx" QSC-də böyük operator vəzifəsində çalışan Cavabdeh telefon nömrəsinə zəng vurduqda o, telefonun dəstəyini qaldırmır. Bundan öncə Ailə Məcəlləsinin tələblərinə əsasən maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Bu orqandan (İH Başçısının birinci müavini T.Muradovadan) ona məhkəməyə müraciət etməyinə dair Q-81-099 xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Daha sonra “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əsasən cavabdehə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə təklif ünvanladı. Cavabdeh təkli məktubuna reaksiya bildirmədiyindən və ünvan tında xx.xx.2024-cü il tarixdə keçirilən “İlkin mediasiya sessiyasında” qarşı tərəf iştirak etmədiyindən mənə MŞB/8/2024-00294 nömrəli Arayış verilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının X1 ilə aralarındakı rəsmi nikah 09 iyun 2012-ci il tarixdə bağlanmış, birgə nikahdan 29 mart 2013-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli qətnaməsi ilə rəsmi nikah qeydiyyatı pozulmuş, uşaq onun himayəsində qalaraq, onun xeyrinə aliment kəsilmişdir. İddiaçı X3 ona qarşı uşaqla ünsiyyət tələbinə dair iddiası aşağıda şərh olunanlara əsasən təmin edilə bilməz, rədd olunmalıdır. İddiaçı X6 bir nənə olaraq heç vaxt nəvəsi ilə maddi və mənəvi baxımdan maraqlanmamış, nəvəsi ilə heç bir ünsiyyət qurmamışdır. Hazırda iddiaçı X3 iddiası olduqca absurtdur. X1 doğma övladına aliment məbləğini belə ödəmir. Nənə olaraq onu bu vəziyyət maraqlandırmadıqdan sonra, ona qarşı iddiası olduqca saxta və səmiyyətsiz gəlir. X8 3 aydır ki, aliment məbləğini ödəmir. Bir valideyn kimi öhdəliklərini yerinə yetirmir. Heç vaxt övladının gələcəyi ilə maraqlanmamışdır. Hazırda onun ödəməkdə olduğu minimal aliment məbləği 200 manat məbləğində təşkil edir ki, onu da həyata keçirtmir. Bakı şəhəri Xətai rayon 36-cı Polis Bölməsində alimenti ödəməyinə görə axtarışda olmuş, aliment məbləği ödətdirilmişdir. Halbuki, iddiaçı və onun oğlu himayəsində olan övladı X7 onların şəxsi maraq dairəsində olsa, uşağın saxlanması, gündəlik tələbatları onlar üçün vacibiyyət halında olardı. Belə olduğu təqdirdə, iddiaçı X6 oğlunun aliment məbləğini ödəməsinə süni maneçiliklər yaradaraq, ona qarşı əsassız iddialar irəli sürür. Eyni zamanda himayəsində olan övladı X7 nənəsini şəxsən tanımır. Onunla ünsiyyət qurmaq istəmir. Hazırda onun üçün vacib olan oğlunun psixologiyasıdır. Məhz buna görə də, iddiaçı X3 iddia tələbini qəbul etmir, ona qarşı öz haqlı etirazını irəli sürür. Hazırda himayəsində olan övladı 29 mart 2013-cü il təvəllüdlü X7 11 yaşındadır. Övladının fikirlərinin nəzərə alınması üçün məhkəmə prosesi zamanı dindirilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Uşağın atası uşağı bir dəfə 3 (üç) yaşında görüb, nə ad günlərində, nə bayramlarda uşaqla maraqlanmayıblar. Eləcə də nənəsi uşağı görməyibdir. Uşağın öz həyat şəraiti var, onu başqa bir şəraitə salmaq istəmir, psixologiyasının korlanmasını istəmir. Alimenti vaxtında ödəmirlər. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında fikri soruşulan X7 bildirdi ki, 11 yaşı var, 5-ci sinifdə oxuyur. Atası və nənəsi ilə əlaqəsi yoxdur. Nənəsini bu vaxtadək görməmişdir, tanımır. Birinci dəfədir görür. Tanımadığı üçün nənəsi ilə görüşmək istəmir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış 26 may 2022ci il tarixli məktubundan görünür ki, ona azyaşlı nəvəsinin görüş vaxtının müəyyən edilməsi məsələsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 5-21/2-1622/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli rəyinə əsasən Komissiya gələcəkdə uşağın psixoloji durumu və mənafeləri naminə, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq İddiaçı nəvəsi 29 mart 2013-cü il təvəllüdlü X7 ilə ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarı məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edilməsi məqsədə müvafiqdir.” Bundan başqa, Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının X12lə Cavabdeh rəsmi nikahından 29 mart 2013-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Uşağın valideynlərinin nikahı 2015-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh iddiaçıya nəvəsi ilə ünsiyyətinə şərait yaratmır. Hazırda uşağın nənəsi, iş üzrə İddiaçı nəvəsi ilə ünsiyyətdə olmaq tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf iddianı qəbul etmədi. Nəticə etibarilə, mülki iş rəy verilməsi üçün Yasamal rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Komissiya İddiaçı nəvəsi 29 mart 2013-cü il təvəllüdlü Qocayev Fazillə ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olub, iddiaçının nəvəsi ilə, həmçinin uşağın nənəsi ilə görüşmək hüququ nəzərə alınmalıdır. Odur ki, məhkəmə uşaqla görüş vaxtını və qaydasını müəyyən edərkən hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü nəvəsi X4 hüquq və mənafeləri, eləcə də qəyyumluq və himayəçilik komissiyasının rəyi nəzərə alınaraq, iddia təmin edilməli, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü nəvəsi X7 ilə ünsiyyətdə olması üçün ayda bir dəfə - hər ayın birinci həftəsi şənbə günü saat 14:00-dan 16:00-dək ananın iştirakı ilə görüş vaxtı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı nəvəsi xx.xx.2013-cü il təvəllüdlü X7 ilə ünsiyyətdə olması üçün ayda bir dəfə - hər ayın birinci həftəsi şənbə günü saat 14:00-dan 16:00-dək ananın iştirakı ilə görüş vaxtı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar