Məhkəmə qərarları › İş №2(004)-2367/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2367/2020

07.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2367/2020 07.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçının İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X2, Cavabdeh QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək haqqının ödənilməsi və qanunsuz alınmış pulun qaytarılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək haqqının ödənilməsi və qanunsuz alınmış pulun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “xxxxxxxxxx” QSC-də (Cavabdeh QSC) işlədiyi dövrə görə (xx.xx.2016-xx.xx.2016) əmək haqqının ödənilməsi, ondan qanunsuz tutulmuş 1814 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.2016-cı ildən "xxxxxxxxxx" QSC-də (indiki adı "Cavabdeh") satış nümayəndəsi kimi işləmiş, işə başlayarkən onunla əmək müqaviləsi bağlanılacağı bildirilsə də, əmək müqaviləsi bağlanmamışdır. "xxxxxxxxxx" QSC-də işlədiyi müddətdə onun iştirakı ilə satışdan əldə edilən pulları cavabdehin nümayəndəsinə-xəzinədara (kassaya) ödəmişdir. Bu fakt kassirin qeydiyyat apardığı "debitorlar və kredit dəyişmələr siyahısı”nda göstərilmişdir. Həmin siyahıya görə o xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə kimi cavabdeh təşkilatın kassasına pul ödəmişdir. Bir müddət sonra ona işdən çıxarıldığı bildirilmiş, lakin nə işə qəbul edilməsi barədə əmrin surəti, nə əmək müqaviləsinin surəti, nə tam maddi məsuliyyət barədə müqavilənin, nə də işdən çıxarılması barədə əmrin surətləri ona verilməmiş, həmçinin ona işlədiyi müddətə görə əmək haqqı da ödənilməmişdir. İşdən çıxarılandan sonra alış-veriş məqsədilə İran İslam Respublikasına getmək istərkən sərhəddən buraxılmamış, onun sərhəddən keçməsinə "xxxxxxxxxx" QSC-nin rəhbərliyinin xahişi ilə qadağa qoyulduğu bildirilmişdir. Qadağanın səbəbini aydınlaşdırmaq məqsədilə "xxxxxxxxxx" QSC-də olarkən ona 1814 manat borcunun olduğu, ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb ediləcəyi bildirilmiş, həmin borcun nədən yarandığı izah edilməmişdir. Əmək qanunvericiliyini bilmədiyindən xx.xx.2017-ci il tarixdə həmin pulu ödəməyə məcbur olmuşdur. Beləliklə, o cavabdehin razılığı ilə faktiki işləsə də, onunla əmək müqaviləsi bağlanmamış, işə qəbul edilməsi barədə əmr verilməmiş, ona satış üçün mal verilsə də, onunla tam maddi məsuliyyət barədə müqavilə bağlanmamış, ondan qanunsuz olaraq 1814 manat pul alınmış, işdən çıxarılması barədə əmrin surəti ona verilməmiş, işlədiyi müddətə görə ona əmək haqqı ödənilməmişdir. Cavabdeh onu əmək müqaviləsi olmadan işlətməklə dövlətə vergi ödəməkdən yayınmışdır. Onun "xxxxxxxxxx" QSC-də (indiki adı "Cavabdeh") işləməsi İdarə heyətinin sədri E.Q.Rəsulovun imzaladığı xx.xx.2017-ci il tärixli məktubla, 1814,92 manat məbləğində pulu cavabdehə ödəməsi barədə No DA**********055 nömrəli xx.xx.2017-ci il tarixli kassa mədaxil orderi ilə, xəzinədarın (kassirin) qeydi olan "debitorlar və kredit dəyişmələr siyahısı" ilə təsdiq edilir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqlədirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh QSC-dən onun xeyrinə orada işlədiyi müddət üçün orta əmək haqqının tutulması və ondan qanunsuz alınmış 1814 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X4 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı digər şəxslər kimi onlarda mütəmadi olaraq nisyə mallar alaraq onları satmış və əldə edilmiş məbləğləri onlara qaytarmışdır. Sonuncu dəfədə iddiaçı onlardan nisyə mallar almış, lakin pulunu geri ödəməmişdir. Bu səbəbdən də, onlar iddiaçıdan aldığı nisyə malların pulunu tələb etmiş, sonuncu da, öz növbəsində onlara olan 1814.92 manat məbləğində borcunu ödəmişdir. Eyni zamanda iddiaçı ilə onlar arasında hər ahnsı əmək münasibətləri olmamış, iddiaçı onların işçisi kimi fəaliyyət göstərməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələnin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "debitorlar və kredit dəyişmələr siyahısı" adlanan sənədin surətinin məzmunundan göörünür ki, İddiaçı tərəfindən alınmış mallara üçün "xxxxxxxxxx" QSC-nin kassasına xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinə kimi müxtəlif məbləğlərdə pul mədaxil olunmuş, 1814,92 manat debet qalığı qalmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli DA**********055 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən alınmış mallara üçün 1814,92 manat "xxxxxxxxxx" QSC-nin kassasına mədaxil olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş "xxxxxxxxxx" QSC-nin İdarə Heyətinin sədri E.Rəsulov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının QSC-yə olan borcunun tam ödənildiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən bu Məcəllə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İşin məhkəmə baxışında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddiaçı ilə cavabdeh "xxxxxxxxxx" QSC-də (indiki adı "Cavabdeh") arasında cavabdehə məxsus malların realizə olunması üzrə münasibətlər mövcud olmuş, iddiaçı tərəfindən alınmış mallara görə ödəniş olunmaması səbəbindən həmin münasibətlərə xitam verilmiş, borcun ödənilməsi tələb olunmuş və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında əmək münasibətlərinə dair elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmadığından, məhkəmə öz daxili inamına və ümumi hüquq düşüncəsinə əsaslanaraq hesab edir ki, tərəflərin arasında tapşırıq müqaviləsi əsasında yaranmış münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə görə isə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi “X1” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ. hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən tərəflər arasında əmək müqaviləsi üzrə münasibətlərin mövcud olmamasını, tərəflərin arasında yaranmış münasibətlərin tapşırıq müqaviləsindən irəli gəlməsini, iddiaçı tərəfindən ödənilmiş 1814,92 manat məbləğində pulun iddiaçıdan realizə etmək üçün götürdüyü mallara görə əmələ gəlmiş borc məbləği olmasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh QSC ilə aralarında əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş əmək münasibətlərinin omasını, bu səbəbdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyini iddia etsə də, həmin halları sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək haqqının ödənilməsi və qanunsuz alınmış pulun qaytarılması tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar