Məhkəmə qərarları › İş №2(004)-2475/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2475/2024

09.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2475/2024 09.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Əlisəfa oğlunun Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı Əlisəfa oğlu Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə bağladığı ******* saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən olunur ki, iş materiallarına cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə olunmamışdır. Belə müəyyən olunur ki, İddiaçı Əlisəfa oğlu mübahisənin məhkəməyə qədər nizamasalınması ilə bağlı cavabdehə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı Əlisəfa oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmin müqavilənin 19-cu bəndinə əsasən, tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq əldə olunmadıqda isə məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2.-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdəgöstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İstinad olunan normalardan müəyyən olunur ki, müqaviləni ləğv etmək istəyən tərəf, müqavilə tərəfinə müqaviləni ləğv etmək təklifini göndərməli, müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda məhkəməyə müraciət etməlidir. Hesab edirəm ki, iddiaçı mübahisənin məhkəmədən kənar nizama salınması qaydasına riayət etməsinə, yəni cavabdehinə müqavilənin ləğv edilməsinə dair təklif göndərməsinə, bu təklifin cavabdeh tərəfindən rəsmi qaydada alınmasına və cavab verilməməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsinin halhazırda icraata qəbul edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsin əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Əlisəfa oğlunun Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Əlisəfa oğlu tərəfindən 04 aprel 2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı Əlisəfa oğluna qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar