Məhkəmə qərarları › İş №2(004)-2546/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2546/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2546/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 iştirakı ilə İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia tələbi ilə 16.03.2021-ci il tarixdə məkhəməyə müraciət edərək cavabdeh “xxxx” ASC-dən 97000 manat sığorta ödənişinin və qətnamə qəbul olunan günə qədər hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1 % həcmində dəbbə pulunun X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 izahat verərək bildirir ki, Salyan rayonu, Dayıkənd kəndində yerləşən, X7 tərəfindən 13.06.2014-cü il tarixdə RAZ ********** saylı sığorta müqaviləsi ilə “xxxx” ASC-də sığortalanmış ticarət obyekti, 21-22 fevral 2015-ci il tarixlərdə Salyan rayonu ərazisində baş vermiş fövqəladə təbiət hadisəsi nəticəsində yararsız hala düşmüşdür. Baş vermiş sığorta hadisəsi barədə “xxxx” ASC-yə məlumat verilmiş ancaq sığorta şirkəti sığorta ödənişini ödəməkdən imtina etmişdir. Sığortalı X7 cavabdeh “xxxx” ASC-yə 03.03.2020-ci il tarixdə pretenziya qaydasında müraciət edərək mübahisənin məhkəmədən kənar həllinə çalışmağına baxmayaraq cavabdeh 04.04.2020-ci il tarixli 0279 saylı məktubla əsassız olaraq sığorta ödənişindən imtina etmişdir. Bildirmək istəyir ki, sığortalı X7 dəymiş zərər ilə bağlı hüquq və tələblərini İddiaçı güzəşt etmişdir və bu barədə 01.03.2021-ci il tarixdə cavabdeh “xxxx” ASC-yə bildiriş göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş AR Salyan RİHB aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş 79 saylı, 20.10.2020-ci il tarixli rəydən də göründüyü kimi baş vermiş təbii fəlakət nəticəsində sığortalı əmlaka 97000 manat ziyan dəymişdir. Beləliklə, hesab edir ki, təbii fəlakət hadisəsi ilə bağlı AR Salyan RİHB aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş 79 saylı, 20.10.2020-ci il tarixli rəylə müəyyən edilmiş 97000 manat dəymiş ziyan cavabdeh “xxxx” ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Əlavə olaraq ödəniləcək sığorta ödənişi məbləğinin hər gecikdirilmiş gününə görə 0,1 faizi qədərində dəbbə pulu cavabdeh “xxxx” ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X10 izahat verərək bildirir ki, Hadisə ilə bağlı sığorta şirkəti icbari sığortalar haqqında qanunun 36.1.8-ci maddəsinə əsasən imtina vermişdir. Həmin maddədə açıq şəkildə qeyd olunur ki, zəlzələ, vulkan, qasırğa və s təbii fəlakətlərə aiddir. Həmin maddədə qar yükü təbii fəlakət kimi qeyd edilməmişdir. İndiki halda isə hadisəyə səbəb qar yükünün olmasına görə sığorta şirkəti tərəfindən imtina cavabı verilmişdir. Hadisəyə səbəbin qar yükünün olmasını sığortalının təqdim etdiyi məlumat əsasında yazılmışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Salyan rayonu, Sarvan kəndində yerləşən, ümumi sahəsi 367,8 m2 olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 21.06.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Salyan rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş 19.10.2020-ci il tarixli, 79 nömrəli arayışa əsasən X4 məxsus ticarət obyektinə təbii fəlakət nəticəsində dəymiş ziyan 23.02.2015-ci il tarixli akta əsasən 97000 manat müəyyən edilmişdir. İş materialarında olan “xxxx” ASC-nin 10.03.2015-ci il tarixli, 0228 saylı məktubuna əsasən 22.02.2015-ci il tarixdə X3 istifadəsində olan daşınmaz əmlaka yağan və yığılmış qar yükü nəticəsində dəymiş zərərə görə sığorta ödənişinin verilməsi baş vermiş hadisə qanunvericiliyin tələblərinə əsasən sığorta hadisəsi hesab edilmədiyindən mümkün deyildir. İş materialarında olan “xxxx” ASC-nin 09.04.2020-ci il tarixli, 0279 saylı məktubuna əsasən 22.02.2015-ci il tarixdə X3 istifadəsində olan daşınmaz əmlaka yağan və yığılmış qar yükü nəticəsində dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən baş vermiş hadisə qanunvericiliyin tələblərinə əsasən sığorta hadisəsi hesab edilməməsi səbəbi ilə imtina edilmişdir. İş materiallarında olan 01.03.2021-ci il tarixli bildirişə əsasən X1 rayon, Dayıkənd kəndində yerləşən ona məxsus RAZ********** saylı sığorta şəhadətnaməsi ilə “xxxx” ASCdə sığortalanmış ticarət obyektinə 22.02.2015-c il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan “xxxx” ASC-yə malik olduğu hüquq və tələbləri X5 güzəşt etmişdir. İşin müəyyən olunmuş halları odur ki, X3 mülkiyyətində olan qeyri-yaşayış sahəsi cavabdeh sığorta şirkətində sığortalanmışdır. “xxxx” ASC-də sığortalanmış ticarət obyektinə 22.02.2015-c il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş zərərə görə tələb hüququ X5 güzəşt edilmişdir. Sözügedən daşınmaz əmlaka yığılmış qar yükü nəticəsində zərər dəydiyindən sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən sığorta ödənişinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Çünki, yığılmış qar yükü İcbarı Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsi ilə sığorta hadisəsi hesab olunmur. Habelə, sığorta olunan ilə sığortaçı arasında bağlanmış sığorta müqaviləsində qar yükü sığorta hadisəsi kimi təsbit edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biridir. “İcbarı Sığorta haqqında” Azərbaycan Respublikası qanunun 36.1.8-ci maddəsinə əsasən daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Məhkəmə qeyd edir ki, X2 cavabdeh “xxxx” ASC-yə qarşı cavabdeh “xxxx” ASC-dən 97000 manat sığorta ödənişinin və qətnamə qəbul olunan günə qədər hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1 % həcmində dəbbə pulunun X2 xeyrinə tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı cavabdeh “xxxx” ASC-dən 97000 manat sığorta ödənişinin və qətnamə qəbul olunan günə qədər hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1 % həcmində dəbbə pulunun X2 xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar