Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2548/2021 27.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh1 ASC – nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC – yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Daşınmaz Əmlakın Reyestr Xidmətinə qarşı “ipoteka müqaviləsinin və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi və həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və yuxarıda qeyd olunan daşınmaz əmlak üzərində Cavabdeh1 ASC – nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-52 2019 nömrəli Qətnaməsinə əsasən, cavabdeh İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30454 (otuz min dörd yüz əlli dörd) manat əsas, 6680.19 (altı min altı yüz səksən manat, 19 qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə, cəmi 37334,19 (otuz yeddi min üç yüz otuz dörd manat, 19 qəpik) manat kredit borcu eləcə də 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 105000 (bir yüz beş min) manat olmaqla açıq hərracda satılması, həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdeh İddiaçı yuxarıda qeyd olunan mənzili tərk etməsi 300 (üç yüz) manat xidmət haqqının cavabdehdən alınaraq ipotek predmetinin qiymətləndiricisi olan “X8” MMC-nin bank hesabına köçürülməsi qət edilmişdir. Yuxarıda qeyd olunan qətnamənin icrası məqsədilə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2019-cu il tarixli İcra vərəqəsi verilmişdir. Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən açıq hərracın təşkil olunması üçün “xxxx” MMC-yə sifariş verilmiş, hərrac təşkilatı tərəfindən təşkil edilmiş hər iki hərrac baş tutmamış və nəticədə ipoteka predmeti ipoteka saxlayan Cavabdeh1 MMC-yə təklif edilmişdir. Bununla bağlı hərrac təşkilatı tərəfindən hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 79/04 saylı Protokol tərtib olunmuş və ipoteka saxlayan kredit təşkilatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən sözügedən mənzil üzərində mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli Çıxarış almışdır. Hesab etmişdir ki, ipotekaya xitam verilməli, Bakı şəhəri, Nəsimi rayonu. 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinin üzərindəki yüklülüyə dair dövlət qeydiyyatı ləğv edilməlidir. Belə ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında “xxxx MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Nəticədə hərrac təşkilatı “İpoteka haqqında qanun”un 43.1-ci maddəsinin tələbinə uyğun olaraq qəzetdə bu barədə elan dərc etmiş və həmin qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayana - Cavabdeh1 ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının təklifindən 1 (bir) aydan da çox müddət keçəməsinə baxmayaraq ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Halbuki, “İpoteka haqqında qanun”un 43.8-ci maddəsində birmənalı olaraq qeyd edilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, “ipoteka haqqında qanun”un 43.8-ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün əsas şərt ipoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka predmetinin əldə edilməməsidir. Qeyd edir ki, “İpoteka haqqında qanun”un 43.8-ci maddəsində nəzərdə tutulmuş “ipoteka predmetinin əldə edilməsi” termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Bu barədə qanunverciliyin mövqeyi birmənalıdır və heç bir sual doğurmur. Belə ki. “ipoteka predmetinin əldə edilməsi”nin anlayışı “İpoteka haqqında qanunun 46.1-ci bəndində konkret olaraq qeyd olunmuşdur. Həmin bəndə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma odənilməsinə və onun satışına xitam verə bilər. Normanın tələbindən də göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılı razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində onunla hərrac təşkilatçısı arasında notarial qaydada təsdiqlənməklə alqı-satqı müqaviləsi bağlamalıdır. İddia tələbini həm də onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Eləcə də həmin qərara əsasən, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Beləliklə. Cavabdeh1 ASC-nin “İpoteka haqqında qanun”un 43.8-ci -maddəsində qeyd olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsi onun ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciəti üçün əsas yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC – nin nümayəndəsi X5 iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1352/2019 nömrəli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə İcra qurumu, 16213-81450/2019-5-23 nömrəli, xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satışının təmin edilməsi üçün hərrac təşkilatına sifariş etmişdir. Hərrac təşkilatı tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində keçirilən hərraclar baş tutmamış elan edildiyindən, xx.xx.2019-cu il tarixində, 4240 saylı təklif məktub ilə ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Bank, xx.xx.2019-cu il tarixli, 14557 nömrəli məktubu ilə ipoteka predmetini borc müqabilində balansına alınmasına dair razılıq məktubu göndərmişdir. Nəticədə ipoteka saxlayan ilə hərrac təşkilatı arasında "İpoteka haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə əsasən 79/04 nömrəli xx.xx.2019-cu il tarixli hərrac protokolu rəsmiləşdirilmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İddiaçı hesab edir ki, hərrac protokulu ilə yanaşı Bank ilə hərrac təşkilatı arasında notariat qaydasında təsdiqlənməklə alğısatqı müqaviləsi bağlanmalıdır. Lakin İpoteka predmetinə tələbin yönəldilməsi, hərracın keçirilmə qaydaları "İpoteka haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Həmin qanunda ümumiyyətlə ipoteka saxlayan ilə hərrac təşkilatı arasında notariat qaydasında alğı-satqı müqaviləsi bağlanması nəzərdə tutulmamışdır. "İpoteka haqqında" Azərbaycan Respublikasının qanununun 43.7-ci maddəsinə əsasən, keçirilmiş birinci və ikinci hərraclar baş tutmamış elan edildiyi zaman ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə borc müqabilində öz balansına götürə bilər. Bu zaman hərrac təşkilatı hərracın nəticələrinə dair protokol tərtib edir. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən hərrac təşkilatının yalnız "hərrac protokolu" tərtib etmək hüququ vardır, alqı-satqı müqaviləsi bağlamaq hüququ yoxdur. İxtisaslaşdırılmış hərrac təşkilatının, hərracın nəticələrinə dair yekun "Protokolu" da daşınmaz əmlakın ("Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dairyekun protokol Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasmm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır) dövlət qetdiyyatına alınması üçün əsasdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və üçüncü şəxslər “xxxx” MMC – nin və Bakı şəhəri Nəsimi rayonu İcra Şöbəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-52 2019 nömrəli Qətnaməsinə əsasən, cavabdeh İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30454 (otuz min dörd yüz əlli dörd) manat əsas, 6680.19 (altı min altı yüz səksən manat, 19 qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə, cəmi 37334,19 (otuz yeddi min üç yüz otuz dörd manat, 19 qəpik) manat kredit borcu eləcə də 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 105000 (bir yüz beş min) manat olmaqla açıq hərracda satılması, həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdeh İddiaçı yuxarıda qeyd olunan mənzili tərk etməsi 300 (üç yüz) manat xidmət haqqının cavabdehdən alınaraq ipotek predmetinin qiymətləndiricisi olan “X8” MMC-nin bank hesabına köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-52 2019 nömrəli Qətnaməsinin icrası məqsədilə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2019-cu il tarixli İcra vərəqəsi verilmişdir. Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən açıq hərracın təşkil olunması üçün “xxxx” MMC-yə sifariş verilmişdir. Hərrac təşkilatı tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində keçirilən hərraclar baş tutmamış elan edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh1 ASC – yə ünvanlanmış xx.xx.2019-cu il tarixli 4240 saylı təklif məktubundan görünür ki, “İpoteka Haqqında” qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni, 66,937,50 (altmış altı min doqquz yüz otuz yeddi manat 50 qəpik) manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən “xxxx”nə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 14557 nömrəli məktubdan görünür ki, Bank Nəsimi rayon İcra və Probasiya şöbəsinin 16213-81450/2019-5-23 saylı, xx.xx.2019-cu il tarixli sifarişinə əsasən keçirilmiş hərraclar baş tutmadığından, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən Cavabdeh1 ASC – nin xeyrinə ipoteka ilə yüklü olan İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 1-ci MKR, Tbilisi pr., 74 saylı evin 8 saylı Mənzilini 66,937,50 (altmış altı min doqquz yüz otuz yeddi manat 50 qəpik) manata alınmasına razılığını bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 79/04 nömrəli Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1352/2019 saylı icra vərəqəsinin və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 16213-81450/2019-5-23 saylı məktubunun icrasına əsasən, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinin ilkin hərrac qiymətləri müvafiq olaraq 105.000 (yüz beş min) manat müəyyən edilmiş, ilkin hərrac baş tutmadığından, əmlaklar təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti müvafiq olaraq 89.250 (səksən doqquz min iki yüz əlli) manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlaklar təkrar hərrac qiymətindən 25% aşağı, yəni 66,937,50 (altmış altı min doqquz yüz otuz yeddi manat 50 qəpik) manat qiymətə tələbkar Cavabdeh1 ASC – yə təklif edilmiş və qəbul edilmişdir. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzili Cavabdeh1 ASC – nin adına qeydiyyatdan keçmiş və hal-hazırda Bankın mülkiyyətindədir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Qanunun 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi, hərracın təşkilatçısı olan “xxxx MMC xx.xx.2019-cu il tarixdə Banka təklif məktubu göndərmiş, əmlakı 30 təqvim günü ərzində almayacağı təqdirdə icra sənədinin geri qaytarılacağını bildirmişdir; iş materiallarından isə aydın olur ki, Bank bu təklifi qəbul etmiş və xx.xx.2019-cu il tarixdə müvafiq razılıq məktubunu “xxxx MMC – yə göndərmişdir. Nəticədə ipoteka saxlayan ilə hərrac təşkilatı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 79/04 nömrəli xx.xx.2019-cu il tarixli hərrac protokolu rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, bankın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində müəyyənləşdirilmiş 30 günlük müddəti ötürmüş olması nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, qanunun tələbinə uyğun olaraq, 30 gün ərzində, yəni Bank ilə Hərrac Mərkəzi arasında xx xxxxxx 2019-cu il tarixli “hərracın yekunları barədə protokol” bağlanılmışdır. Nəzərə alınmalıdır ki, hər hansı müddətin, o cümlədən ipoteka predmetini əldə etmə müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Məhkəmənin qənaətinə görə, “İpoteka haqqında” Qanunda göstərilən həmin müddətin başlanması üçün satıcının təklifinin (ofertasının) alıcıya çatdırılmış olması lazımdır – çünkü Mülki Məcəllənin 405.2-ci maddəsinə görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır; 409.4-cü maddəsinə görə isə, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Əks yanaşma, yəni sözügedən 30 günlük müddətin hərracın baş tutmaması barədə elanın dərc olunduğu gündən hesablanmalı olması yanaşması, qanunvercinin məqsədinin həddindən artıq formal təfsir edilməsi demək olardı. Məhkəmənin qənaətinə görə bu hal, əmlakın üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcudluğunu istisna edir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “ipotekaya xitam verilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin “banka verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təminolunub olunmamasının bilavasitə iddia tələbinin əsas hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “banka verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC – yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC – yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2548/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2548/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver