Məhkəmə qərarları › İş №2(004)-2577/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2577/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2577/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yarasız vəziyyətə düşmüş əmlakının bərpası üçün təmir işlərinin dəyəri olan müstəqil sığorta şirkətinin əməkdaşlarının da təyin etdiyi cəmi 7447 manat pul, eyni zamanda dövlət rüsumu və müstəqil sığorta şirkəti ilə müqavilə anlaşmasının haqqı 120 manat və buna uzun müddətdə ödənişi etməkdən yayındığı üçün 0.1 faizinin də tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 165 b evinin sahibidir. Fərdi yaşayış evi 0.06 hektar təşkil edib 04.09.2012-ci il Daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli kitabının 68 nömrəli vərəqində qeydiyata alınmışdir. İyul ayının 06.07.2020 il tarixində onun evinin kanalizasiya borusunun deşilməsi nəticəsində evini su basmış və nəticədə evində evin aboyları o cümlədən divarlarda çatlar əmələ gəlmişdir. Əmlakı sığortalı olduğundan vurulan ziyanı təsbit etmək ücün standart sığorta şirkətinin mütəxəsisi və Sumqayıt Şəhər İcra nömayəndəlikləri baxış keçirərək sığorta şirkətinə öz rəylərini yazılı surətdə bildirmişlər. Yararsız vəziyətə düşmüş əmlakının ümumi bərpa təmir işləri aparılması tələb olunur. Lakin standart sığorta şirkətinin mütəxəsisi əmlakına baxış keçirərək ona dəymiş ziyanın 3500 manat təşkil etdiyini bildirmiş və ödənilməsi ücün 30.11.2020-ci ildə baş ofisə yaxınlaşmasını bildirmişlər. Lakin o, buna etiraz edərək sığorta şirkətinində bilgisi nəticəsində müstəqil sığorta mütəxəsisi ilə müqavilə bağlayaraq əmlakını qiymətləndirmiş və bu 7447 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İcbari Sığorta Bürosunun nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, sığorta müqaviləsinin tərəfi “Standart” sığorta şirkətidir və İcbari Sığorta Bürosunun müvafiq müqavilə üzrə hər hansı bir cavabdehliyi yoxdur. İcbari sığorta bürosu sadəcə olaraq sığorta şirkəti ləğv olunarsa, o zaman məhkəmə qərarı əsasında kreditorların reyestri təsdiq olunduqdan sonra “İcbari sığorta haqqında” qanununun 32.1.1-ci maddəsinin tələblərinə əsasən reyestrdə olan kreditorlara kompensasiya ödənişlərini həyata keçirir. Hal-hazırda iddiaçı Standart sığorta şirkətinə kreditorların reyestrində qeydiyyata alınmaqla bağlı müraciət etməli idi. Əgər rədd cavabı verilərdisə, müvafiq qərarı məhkəmədə mübahisələndirməli idi. Hazırkı vəziyyətdə İcbari sığorta Bürosunun hər hansı bir öhdəliyi yoxdur. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165B saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan BB 151581 saylı Daşınmaz Əmlakın İcbari Sığortası haqqında Şəhadətnamədən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165B saylı fərdi yaşayış evi ASC “xxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta edilmişdir. İş materiallarında olan “xxxx Sığorta Şirkəti” tərəfindən Nümayəndə2 ünvanlanmış məktubdan görünür ki, “İcbari Sığortalar Haqqında” Qanunun 21.1, 36.3-cü maddələrini nəzərə alaraq şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsi mümkün hesab edilməmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(006)- 6321/2020 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh ləğv prosesində olan “Standart Sığorta Şirkətinə” qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi tələbi” ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi geri qaytarılmış və qeyd edilmişdir ki, sığorta şirkətlərinin ləğvi ilə əlaqədar yaranmış praktika və qanunun analogiyasına əsasən müəyyən olunur ki, müflis elan olunmuş banklara münasibətdə olduğu kimi müflis elan edilmiş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh İcbari Sığorta Bürosundan “sığorta ödənişini” tələb etməsinə baxmayaraq, İcbari Sığorta Bürosu həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. Belə ki, ASC “xxxx” Sığorta Şirkəti ləğv edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(006)-6321/2020 saylı qərardadından da görünür ki, müflis elan edilmiş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır. Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası qanununun 45.3-cü maddəsinə əsasən kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu barədə ərizə bu maddənin 2-ci bəndinə müvafiq surətdə göndərilmiş izahın alındığı gündən 21 gün müddətində təqdim edilməlidir. Həmin qanunun 18.2-ci maddəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir. Qeyd olunanlardan aydın olur ki, icbari sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə məsul olan “xxxx” Sığorta Şirkəti sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv edilmiş və şirkətin müflis elan edilməsi ilə bağlı Bakı Kommersiya Məhkəmsinə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsinə əsasən ASC “xxxx” Sığorta Şirkəti müflis elan edilmişdir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(006)-6321/2020 saylı qərardadında İddiaçı sığorta şirkətlərinin ləğvi ilə əlaqədar müflis elan olunmuş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılmalı olduğu izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə iddiaçı İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar