Məhkəmə qərarları › İş №2(004)-2605/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2605/2023

06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2605/2023 06.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona bağışlanmış və cavabdehdə qalmış qızıl-zinət əşyalarının özlərinin, bu mümkün olmadıqda isə həmin əşyaların əvəzinə qızıl-zinət əşyalarının hazırki bazar qiyməti dəyərində 3.270 (üç min iki yüz yetmiş) manat məbləğində kompensasiyanın, həmçinin mütəxəssis rəyinin alınması üçün ödədiyi 100 manat məbləğində pulun və mediator arayışının əldə edilməsi üçün ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehlə 10 iyul 2020-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evi) rəsmi nikah qeydə aldırmışlar. Bu barədə eyni tarixdə 449 saylı nikah aktı qeydi aparılmış və bu nikah haqqında şəhadətnamə verilməklə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə anadan olmuş Fikrət adlı bir uşaqları vardır. İlk vaxtlar cavabdehlə ailə münasibətləri normal olsa da, sonradan cavabdeh tərəfindən ona qarşı fiziki şiddət göstərilməsi, soyuq silahla hədələmə, onun tərəfindən psixotrop maddələrinin qəbulu və xəyanət etməsi, onu alçaldıcı ifadələrlə təhqir etməsi ünsiyyətlərində ciddi problemlər yaratmış və o, valideynlərinə məxsus mənzilə qayıdaraq valideynlərinin yanında yaşamağa başlamış və həmin vaxtdan bu günə kimi bir daha həmin evə qayıtmamış, orada olmamışdır. Hal-hazırda cavabdehə qarşı “nikahın pozulması və aliment tələbinə dair 2(004)-1014/2023 nömrəli mülki iş Yasamal rayon məhkəməsinin icraatındadır. Onlar ayrılarkən toy və nişan mərasimlərində ona hədiyyə edilmiş və ər evinə köçərkən özüylə apardığı qızıl-zinət əşyaları iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evində qalmışdır. Hazırda cavabdehdə qızıl-zinət əşyalarından -boyunbağı, klonla dəst - 10 qram, qiyməti 1000 (min) manat; bir ədəd nişan üzüyü (brilyant qaşlı) - 3,5 qram, qiyməti 500 (beş yüz) manat; bir ədəd qadın üzüyü – 3,2 qram, qiyməti 420 (dörd yüz iyirmi) manat, 1 ədəd qolbaq-6 qram, qiyməti 570 (beş yüz yetmiş) manat, 1 cüt sırğa (sallama) 3,6 qram, qiyməti 350 (üç yüz əlli) manat, 1 cüt sırğa (türk qızılı)-4,5 qr, qiyməti 430 (dörd yüz otuz) manat olmaqla, cəmi 3270 (üç min iki yüz yetmiş) manat dəyərində olan qızıl-zinyət əşyaları qalmışdır. Ona məxsus onların özləri tərəfindən ona bağışlanmış qızıl-zinət əşyalarını könüllü qaydada qaytarılması ilə əlaqədar cavabdehə etdiyi müraciətlər müsbət nəticə verməmiş, əmlakları könüllü şəkildə qaytarmaqdan əsassız olaraq imtina etmiş, onu lüzumsuz məhkəmə çəkişməsinə və artıq xərclərə vadar etmişdir. Müvafiq nişan və ailə daxili yığıncaq mərasimlərindən hədiyyə edilmiş qızıl-zinət əşyalarını cavabdehin yaşadığı evinə aparmağının sübutu kimi məhkəməyə ərizə ilə birgə bu hadisəni özündə əks etdirən fotoşəkillər əlavə edir. Lakin onların toy mərasimi ölkədə koronavirus (COVİD-19) infeksiyasına görə xüsusi karantin rejimi dövrünə təsadüf etdiyindən iddia ərizəsinə cehiz əşyalarının mövcudluğunu təsdiq edəcək toy mərasiminin videolentə alındığı DVD disklərini əlavə etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddiaçı ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçı ilə 10 iyul 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə anadan olmuş Fikrət adlı bir uşaqları vardır. Daha sonra ər-arvad münasibətləri pozulmuşdur. İddiaçı ilə faktiki olaraq 2022-ci ilin oktyabr ayından ayrılmışdır, 2023-cü ilin mart ayında şəxsi ehtiyacları üçün 10 qr çəkidə boyunbağını, 1 ədəd 6 qr çəkidə qolbağı, sallama sırğanı və 1 cüt 4,5 qr çəkidə olan qızıl sırğanı satmışdır. Lakin 1 ədəd 3,5 qr çəkidə olan nişan üzüyü və 1 ədəd 3,2 qr çəkidə qadın üzüyü ondadır. Qızılların qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyində göstərilən qiymətlərlə razıdır. Qızıl əşyalarını təxminən həmin məbləğə almışdır. Onda olan iki ədəd üzüyü qaytarmağa etiraz etmir. Qalan qızılları satdığından onların dəyərini hal-hazırda maddi imkanı olmadığından ödəyə bilməyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1014/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən xx.xx.2020-ci il tarixdə 449 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalmasının (saxlanılması) müəyyən edilməsi, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulma müddətinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT16(004)-67/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, İddiaçı tərəfindən ödənilmiş məhkəmə məsrəflərinin (50 manat dövlət rüsumu və 50 manat mediasiya) 50 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qalan 50 manatı isə İddiaçı özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 17 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qızıl-zinət əşyalarının -boyunbağı, klonla dəst - 10 qram, qiyməti 1000 (min) manat, bir ədəd nişan üzüyü (brilyant qaşlı) - 3,5 qram, qiyməti 500 (beş yüz) manat, bir ədəd qadın üzüyü – 3,2 qram, qiyməti 420 (dörd yüz iyirmi) manat, 1 ədəd qolbaq-6 qram, qiyməti 570 (beş yüz yetmiş) manat, 1 cüt sırğa (sallama) 3,6 qram, qiyməti 350 (üç yüz əlli) manat, 1 cüt sırğa (türk qızılı)-4,5 qr, qiyməti 430 (dörd yüz otuz) manat olmaqla, cəmi 3270 (üç min iki yüz yetmiş) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Seriya FQİ 008721 nömrəli 17 aprel 2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən qiymətli əşyaların qiymətləndirilməsi üçün 100 (yüz) manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan 08 aprel 2023-cü il tarixli mediasiya arayışından görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində ilkin mediasiya haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 10 iyul 2020-cı il tarixdə 449 nömrə ilə qeydə alınmış nikah Yasamal Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(004)-1014/2018 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı tərəflərin vermiş olduğu izahatlar ilə təsdiq edilmişdir ki, cavabdeh faktiki olaraq iddiaçı ilə ayrı yaşadığı dövrdə, yəni 2023-cü ilin mart ayında şəxsi ehtiyacları üçün 10 qr çəkidə boyunbağını, 1 ədəd 6 qr çəkidə qolbağı, sallama sırğanı və 1 cüt 4,5 qr çəkidə olan qızıl sırğanı satmışdır. Lakin 1 ədəd 3,5 qr çəkidə olan nişan üzüyü və 1 ədəd 3,2 qr çəkidə qadın üzüyü ondadır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı şəxsin tələb etdiyi qızıl-zinət əşyalarının bəzilərinin cavabdehdə olması, digərlərinin isə onun tərəfindən faktiki ayrı yaşadıqları dövrdə iddiaçının razılığı olmadan satılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: “Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir". Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X2rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia ərizəsi təmin edilməli, boyunbağı, klonla dəst - 10 qram, qiyməti 1000 (min) manat; bir ədəd nişan üzüyü (brilyant qaşlı) - 3,5 qram, qiyməti 500 (beş yüz) manat; bir ədəd qadın üzüyü – 3,2 qram, qiyməti 420 (dörd yüz iyirmi) manat, 1 ədəd qolbaq-6 qram, qiyməti 570 (beş yüz yetmiş) manat, 1 cüt sırğa (sallama) 3,6 qram, qiyməti 350 (üç yüz əlli) manat, 1 cüt sırğa (türk qızılı)-4,5 qr, qiyməti 430 (dörd yüz otuz) manat olmaqla, cəmi 3270 (üç min iki yüz yetmiş) manat dəyərində olan qızıl-zinyət əşyaları Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilən qızıl-zinət əşyalarından hər hansı biri mövcud olmadıqda, onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilməlidir. Bundan əlavə Cavabdeh mütəxəssis rəyinin alınması üçün ödənilmiş 100 (yüz) manat, mediasiya xərcinin əvəzi 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Boyunbağı, klonla dəst - 10 qram, qiyməti 1000 (min) manat; bir ədəd nişan üzüyü (brilyant qaşlı) - 3,5 qram, qiyməti 500 (beş yüz) manat; bir ədəd qadın üzüyü – 3,2 qram, qiyməti 420 (dörd yüz iyirmi) manat, 1 ədəd qolbaq-6 qram, qiyməti 570 (beş yüz yetmiş) manat, 1 cüt sırğa (sallama) 3,6 qram, qiyməti 350 (üç yüz əlli) manat, 1 cüt sırğa (türk qızılı)-4,5 qr, qiyməti 430 (dörd yüz otuz) manat olmaqla, cəmi 3270 (üç min iki yüz yetmiş) manat dəyərində olan qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı verilsin. Yuxarıda göstərilən qızıl-zinət əşyalarından hər hansı biri mövcud olmadıqda, onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh mütəxəssis rəyinin alınması üçün ödənilmiş 100 (yüz) manat, mediasiya xərci əvəzi 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar