Məhkəmə qərarları › İş №2(004)-2610/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2610/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2610/2023 18.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Cavabdeh Əliağa oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Əliağa oğluna qarşı “alimentin dəyişdirilməsi və əlavə xərclərin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Əliağa oğluna qarşı “alimentin dəyişdirilməsi və əlavə xərclərin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6378/11 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Əliağa oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş Abbaszadə Səkinə Oruc qızının saxlanılması üçün yaşayış minimumuna uyğun olaraq 220 manat məbləğində alimentin və Abbaszadə Səkinə Oruc qızının saxlanılması üçün əlavə xərclərə görə Cavabdeh Əliağa oğlundan hər ay 400 manat məbləğində əlavə xərclərin iddiaçının xeyrinə tutulması və mediasiya prosesi üçün iddiaçı tərəfdən ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Əliağa oğlundan hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin miqdarında iddiaçı X3 xeyrinə aliment tutulması, Cavabdeh Əliağa oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş Abbaszadə Səkinə Oruc qızının və xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə pul tutulması qət edilmişdir. Borclu 2015-ci ilin noyabr ayından etibarən işdən çıxdığı üçün aliment borcunu ödəməmişdir. Həmçinin, borclu işdən çıxdığı üçün aliment borcunun onun əmək haqqına yönəldilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, qeyd edilən səbəbdən alimentin sabit pul məbləğində tutulmasına zərurət yaranmışdır. İddiaçı Cavabdeh Əliağa oğlu ilə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızı sağlamlıq imkanı məhdud olan şəxs kimi tanınmışdır, uşağın müalicəsi üçün mütəmadi vəsait xərci tələb olunur. Məhkəmə iclasında iştirak edən Cavabdeh Əliağa oğlu iddia tələbi ilə razı olmayaraq izahatında bildirmişdir ki, müharibə veteranıdır, səhhəti ilə əlaqədar heç bir yerdə işləmir, ayda 80 manat pensiya alır və anasının pensiyasından da 80 manat götürməklə 150 manat aliment ödəyə bilir, maddi imkanı zəifdir. Yalnız 200 manat aliment ödəməyə imkanı var, uşağın xəstəliyi ilə əlaqədar əlavə xərcləri ödəməyə imkanı yoxdur, öz xəstəliyi ilə əlaqədar daimi müalicələr alır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri Yasamal Raoyn Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh iki övladına görə 200 manat məbləğində əlavə xərclərin tutulması qət edilmişdir. Həmin qətnamə qüvvədədir və bu günki gün də icrası təmin edilməkdədir. Uşaqlardan biri yetkinlik yaşına çatdığından məhkəmə qətnaməsi yetkinlik yaşına çatmayan Abbasova Səkinəyə dair icra olunmaqdadır. Yəni məhkəmə artıq cavabdehin əlavə xərclərdə iştirakını müəyyən edib və buna görə hər ay pul vəsaitinin ödənilməsini qət etmişdir. Hazırki iddia ərizəsi ilə həmin məbləğin artırılmasını tələb edirlər. Belə ki, uşağın xəstəliyi ilə bağlı xərclər 2011-ci ilə nisbətdə bir neçə dəfə artmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin tam həcmdə artırılamsını xahiş edir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir və məhkəmə AR MPM-nin 185.5-ci maddəsinin tələbini rəhbər tutaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6378/11 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh Əliağa oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş Abbaszadə Səkinə Oruc qızının və xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin miqdarında aliment tutularaq iddiaçı X5 verilməsi, Cavabdeh Əliağa oğlundan xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızı və xx.xx.2005-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 200 manat sabit pul məbləğində X3 xeyrinə pul tutulması qət edilmişdir. Bakı Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-368/2015 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Abbasova (Niftəliyeva) Cahan Zahid qızı ilə Cavabdeh Əliağa oğlu arasında 02 may 2002-ci il tarixdə 134 nömrə ilə Fizuli Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, tərəflərin ümumi uşaqları xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının anası Abbasova (Niftəliyeva) Cahan Zahid qızının yanında qalması qət edilmişdir. Bakı Baş Səhiyyə İdarəsi Prof. Ə.F.Qarayev adına 2 saylı X6 1778 nömrəli epikrizdən görünür ki, Abbaszadə Səkinə Oruc qızına sağ gicgah-təpə nahiyəsinin yenitörəməsi diaqnozu qoyulmuş və xəstə Milli Onkologiya Mərkəzinə köçürülmüşdür. 28 sentyabr 2011-ci il tarixli xəstənin ambulator, stasionar tibbi kartasından çıxarılışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızına langerhans hüceyrəli retikulohistiositoz diaqnozu qoyulmuş və həmin diaqnoz ilə polikimyəvi müalicə almışdır, xəstə daimi hematoloq nəzarətindədir və daimi müalicə alır. xx.xx.2018-ci il tarixli xəstənin ambulator, stasionar tibbi kartasından çıxarılışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızı 2009-cu ilin oktyabr ayında xəstə müraciət edib və hematologiya şöbəsində protokol üzrə polikimyəvi müalicə alıb və remissiya ilə evə yazılıb. Hal-hazırda xəstənin ümumi vəziyyəti stabildir. AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin 19 iyun 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Füzuli Rayon Mərkəzi X4 Şəxsinin 19 iyun 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ikinci vətən müharibəsi bitdikdən sonra 2021-ci ilin fevral ayından bu günki tarixə kimi hər ayı Füzuli Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə alır. Diaqnozu kəskin depressiya, kəllə beyin travması, psixoloji və əsəb gərginliyidir. Cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərin surətindən görünür ki, X8 tərəfindən 2018-2023-cü illər ərzində İddiaçı adına 150 manat məbləğində pul köçürmələri edilmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısı kimi 80 manat məbləğində pensiya alır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının sağ qulaq nahiyəsinin yeni törəməsi, langerhans hüceyrəli retikulohistiositoz diaqnozları ilə müalicə olunur. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayış iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarın 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və onun xəstəliyi ilə əlaqədar daimi müalicə almasını, tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq, hesab edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Eyni zamanda Abbaszadə Səkinə Oruc qızının xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədi ilə cavabdehdən hər ay sabit pul məbləğində tutulan pulun miqdarı artırılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6378/2011 saylı qətnaməsi ilə Cavabdeh Əliağa oğlundan iddiaçı Niftəliyeva (Abbasova) Cahan Zahid qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. 25 iyun 2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Əliağa oğlundan hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 25 iyun 2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 150 (yüz əlli) manat sabit məbləğdə pul Cavabdeh Əliağa oğlundan İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh Əliağa oğlundan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəh., Mikayıl Müşviq küç. 1H Tel: (012) 510-74-99, Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 2(004)-2610/2023 xx.xx.2023-cü il İddiaçı: İddiaçı Ünvan: Bakı şəh., Yasamal ray., Şərifzadə küç., ev 16, mən. 13 Cavabdeh: Cavabdeh Əliağa oğluna Ünvan: Bakı şəhəri, Yasamal ray., Ş.Mehdiyev küç., ev 136, mənzil 198 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti “ ” vərəqədə, 01 nüsxədə Məhkəmənin hakimi: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar