Məhkəmə qərarları › İş №2(004)-2655/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2655/2021

16.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2655/2021 16.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının” tələbinə dair iddia ərizəsi ilə 29.03.2021ci il tarixdə məhkəməyə müraciət edərək, onun 1.650 manat əmək haqqının Cavabdeh MMC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda şirkətin səlahiyyətli şəxslərinin yol verdiyi qanun pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə məhkəmənin səlahiyyəti çərçivəsində qiymət verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, 02.03.2020ci il tarixdə Cavabdeh MMC ilə 3 aylıq (müddətli) əmək müqaviləsi bağlamışdır. Müqaviləyə görə aylıq əmək haqqı 550 manat müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən “Sosial evlər” lahiyəsinin binalarının zirzəmilərinin işıqlandırılması, zirzəmidə yerləşən müxtəlif təyinatlı otaqların elektrik işlərini icra etmişdir. İşlədiyi müddətdə şirkətin iş icraçısı Ramil Məmmədovun tabeliyində olmuş və icra etdiyi işlərin keyfiyyətinə görə iddiaçıya hər hansı irad bildirilməmişdir. O, 6 nəfər iş yoldaşı ilə birlikdə 2020-ci ilin mart ayında binanın zirzəmisindəki işi tamamlamışlar. Sonradan karantinlə bağlı işə getməmişdir. İş icraçısı Ramil Məmmədovun dəvəti ilə 2020-ci ilin aprel, may, iyun aylarında 3-4 gündən bir işə getmiş və tebelə imza etmişdir. Daha sonra isə 24.06.2020-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. Ona aid bank kartı iş icraçısı Ramil Məmmədovda olmuşdur. Ramil Məmmədov kartı ona verdikdən sonra bankomatda yoxlamış və hesabında pul olmadığı görmüşdür. Araşdırma zamanı ona bildirilmişdir ki, 2020-ci ilin mart ayı üçün 350 manat əmək haqqı kartına köçürülüb. Lakin kartdan Ramil Məmmədov pulu özbaşına çıxartmış və ona verməmişdir. İş icraçısı Ramil Məmmədov isə karta köçürülmüş pulların ona məxsus olmadığını, pulun başqa məqsədlə köçürüldüyünü bildirmişdir. İş icraçısının dediyindən belə məlum olur ki, bank kartını şirkət rəhbərliyi özündə saxlayaraq onun əmək haqqı hesabı ilə pul əməliyyatı etmiş və özləri də nağdlaşdırmışlar. Onun əmək haqqını isə ödəmirlər. Cavabdeh MMC əmək müqaviləsi üzrə ona 3 ay üzrə ödəməli olduğu ümumilikdə 1.650 manatı ödəməkdən imtina edir. O, əmək haqqının ödənilməsi üçün məhkəmədən əvvəl dəfələrlə şirkətin rəhbərliyinə müraciət etmiş, lakin, onlar əmək haqqını ödəməkdən imtina etmişlər. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, İddiaçı 02.03.2020-ci il tarixində Cavabdeh MMC-yə fəhlə peşəsinə qəbul edilmiş və 24.06.2020-ci il tarixdə öz xahişinə əsasən (müvafiq ərizənin surəti əlavə olunur) Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və əmək haqqı bank hesabına köçürülərək ödənilmişdir. Bu günə Cavabdeh MMC-nin ona əmək haqqı və digər heç bir borcu qalmamışdır. İddiaçı digər şəxslərlə birlikdə briqada şəklində müxtəlif tikinti obyektlərində elektrik işləri görməklə məşğuldur. İddiaçı və briqadanın digər üzvləri Şirkət tərəfindən 2020-ci ilin mart ayının əvvəlində “X3” inşa etdiyi iki sosial yaşayış binasının zirzəmisində və zirzəmidə yerləşən bir neçə texniki otaqda işıqlandırma sisteminin quraşdırılması zamanı yarımçıq qalmış işləri görmək üçün cəlb olunmuşlar. İddiaçı və briqadanın digər üzvləri mart ayı bitməmiş bütün işləri yekunlaşdıraraq təhvil vermişlər və sonradan şirkət tərəfindən heç bir işə cəlb olunmamışlar. Beləliklə, İddiaçı ancaq 2020-ci ilin mart ayında 10 gün işləmişdir və iş günlərinə mütənasib olaraq hesablanmış 350 manat əmək haqqı onun bank hesabına köçürülmüşdür (İş vaxtlarının uçotu tabelindən çıxarış əlavə olunur). Qeyd olunanlardan görünür ki, İddiaçı iddia etdiyi 3 aylıq əmək haqqı məbləği 1.650 manat ödənilməsi tələbi tamamilə əsassızdır. Əmək Məcəlləsini 154-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, “Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur”. İddiaçı görmədiyi işlərə görə əmək haqqı tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Onunla bağlanmış əmək müqaviləsinə gec xitam verilməsinin səbəbi isə həmin dövrdə covid-19 pandemiyası ilə bağlı ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq, işçilərin əmək müqavilələrinə işəgötürən tərəfindən xitam verilməsinin qadağan edilməsi olmuşdur. Bu səbəbdən də, işə çıxmadığı üçün İddiaçı barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir və özü istədiyi vaxt ərizə ilə müraciət etdikdən sonra öz xahişi ilə işdən azad olunmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, İddiaçı və digər briqada üzvləri əmək haqqı tələbi ilə əvvəllər X6 Xidmətinə ərizə ilə müraciət etmişlər və onların müraciətləri DƏMX tərəfindən araşdırılmışdır (müvafiq sənədlər əlavə olunur). İddia ərizəsinin mətnindən görünür ki, Müfəttişliyin cavabı iddiaçını qane etməmiş və əmək haqqının ödənilməməsi təsdiqini tapmamışdır. Əlavə olaraq bildirmişlər ki, briqada üzvlərinin əmək haqlarını mənimsəməkdə şübhəli bilinən X4 barəsində Cavabdeh MMC 19.04.20201-ci il tarixli məktubla Bakı şəhəri Suraxanı rayon Prokurorluğuna müraciət etmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı 02.03.2020-ci il tarixli ərizə ilə müraciət edərək, Cavabdeh MMC-yə fəhlə peşəsinə işə qəbul olunmasını xahiş etmişdir. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 02.03.2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən İddiaçı hər ay 550 manat əmək haqqı ödənilmək şərti ilə Cavabdeh MMC-yə fəhlə vəzifəsinə (peşəsinə) vəzifəsinə təyin edilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyalarının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. xxxxxxx000100 nömrəli 02.03.2020-ci il tarixli “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi birdirişi”nə əsasən İddiaçı ilə bağlanmış 02.03.2020-ci il tarixli əmək müqaviləsi elektron informasiya sistemində qeydə alınmışdır. İddiaçı və digərləri şikayətlə X7 Xidmətinə müraciət edərək, əmək haqlarının onlara ödənilmədiyini bildirmiş və əmək haqlarının ödənilməsində yardım göstərilməsini xahiş etmişlər. Əmək haqqı cədvəlindən çıxarışa əsasən 2020-ci ilin mart ayında İddiaçı 10 iş günü üçün 350 manat əmək haqqı hesablanmışdır. Cavabdeh MMC 03.04.2020-ci il tarixli ödəniş tapşırığı ilə İddiaçı məxsus ******************** bank hesab nömrəsinə 2020-ci ilin mart ayı üçün 350 manat əmək haqqı köçürmüşdür. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin 24.06.2020-ci il tarixli 218 K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 24.06.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2 (a) bəndinə əsasən öz xahişi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tələb etdiyi 02.03.2020-ci il tarixdən 02.06.2020-ci il tarixədək olan müddət ərzində yalnız 2020-ci ilin mart ayın cəmi 10 gün işdə olmuş və ona verilmiş əmək funksiyalarını yerinə yetirmiş və həmin iş günləri üzrə hesablanmış 350 manat əmək haqqı cavabdeh təşkilat tərəfindən ona məxsus ******************** hesab nömrəsinə (kartın son 4 rəqəmi 6884) köçürülmüşdür. Bu həm hesabdan çıxarışla və cavabdeh təşkilatın nümayəndəsinin izahatı zamanı öz təsdiqini tapmışdır. Cavabdeh MMC-nin 2020-ci ilin aprel, may, iyun ayları üzrə tabelindən çıxarışdan müəyyən edilir ki, İddiaçı 2020-ci ilin aprel, may, iyun ayları üzrə cəmi iş günlərinin sayı “0”-dır. Çünki, İddiaçı və briqadanın digər üzvləri Cavabdeh MMC tərəfindən 2020-ci ilin mart ayının əvvəlində “X3” inşa etdiyi iki sosial yaşayış binasının zirzəmisində və zirzəmidə yerləşən bir neçə texniki otaqda işıqlandırma sisteminin quraşdırılması zamanı yarımçıq qalmış işləri görmək üçün cəlb olunmuşlar. İddiaçı və briqadanın digər üzvləri mart ayı bitməmiş bütün işləri yekunlaşdıraraq təhvil vermişlər və sonradan şirkət tərəfindən heç bir işə cəlb olunmamışlar. İddiaçı 2020-ci ilin aprel, may, iyun aylarında işə gəlməmiş və Cavabdeh MMC tərəfindən ona hər hansı bir iş gördürülməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə gec xitam verilməsinin səbəbi isə həmin dövrdə covid-19 pandemiyası ilə bağlı ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq, işçilərin əmək müqavilələrinə işəgötürən tərəfindən xitam verilməsinin qadağan edilməsi olmuşdur. Bu səbəbdən də, işə çıxmadığı üçün İddiaçı barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir və İddiaçı 24.06.2020-ci il tarixdə öz ərizəsinə əsasən öz xahişi ilə 24.06.2020-ci il tarixli 218K nömrəli əmrlə işdən azad olunmuşdur. İşdən azad olunarkən cavabdehin işçiyə ödənilməmiş əmək haqqı borcu qalmamışdır. Cavabdeh MMC İddiaçı məxsus əmək haqqı kartını iş icraçısı Ramil Məmmədovun vasitəsilə təqdim etdiyi və həmin vaxt kartın hesabında iddiaçının 350 manat əmək haqqının olduğu məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, 350 manat əmək haqqının iş icraçısı Ramil Məmmədov tərəfindən çıxarılıb mənimsənilməsi halı sübuta yetirildiyi təqdirdə, iddiaçının həmin vəsaitin ödənilməsini Ramil Məmmədovdan tələb etmək hüququ vardır. Cavabdeh MMC 19.04.2021-ci il tarixli 40 nöimrəli məktubla Bakı şəhəri Suraxanı rayon prokuroruna müraciət edərək, iş icraçısı Ramil Məmmədov tərəfindən 5 nəfər işçiyə köçürülmüş əmək haqqının mənimsənilməsi barədə məlumat vermiş və işçilərə dəymiş zərərin işçilərə qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Əmək Məcəlləsini 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə qeyd edir ki, İddiaçı görmədiyi işlərə görə əmək haqqı tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Odur ki, iddia ərizəsi - 1.650 manat əmək haqqının ödənilməsi hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə eyni zamanda iddia ərizəsinin şirkətin səlahiyyətli şəxslərinin yol verdiyi qanun pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə məhkəmənin səlahiyyəti çərçivəsində qiymət verilməsi hissəsi ilə bağlı da qeyd edir ki, iddianın həmin hissəsi əmək haqqı tələbi hissəsi ilə bağlı olduğundan və həmin hissədə də iddia əsassızdır, eyni zamanda cavabdeh təşkilatın səlahiyyətli şəxslərinin hər hansı qanun pozuntusuna yol verdiyi sübuta yetmədiyindən, iddia bu hissədə də əsassızdır və rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “02.03.2020-ci il tarixli əmək müqaviləsi üzrə üç aylıq ödənilməmiş əmək haqqının - hər ay üçün 550 manat olmaqla, cəmi 1.650 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar