Məhkəmə qərarları › İş №2(004)-2657/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2657/2021

06.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2657/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1350 manat əmək haqqının tutulması və Cavabdeh MMC-nin səlahiyyətli şəxləri tərəfindən yol verilmiş qanun pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh MMC 29.04.2021-ci il tarixdə etiraz ərizəsi verərək İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək öz izahatında bildirir ki, 02 mart 2020-ci ildə "Cavabdeh" MMC ilə 3 aylıq müddətli Əmək Müqaviləsi bağlamışdır. Müqaviləyə görə aylıq əmək haqqı beş yüz əlli manat müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə Bakı şəhəri, Suraxanı rayonu Hovsan qəsəbəsində yerləşən “Sosial evlər" lahiyəsinin binalarının zirzəmilərinin işıqlandırılması, zirzəmidə yerləşən müxtəlif təyinatlı otaqların elektrik işlərini icra etmişdir. İşlədiyi müddətdə şirkətin iş icraçısı Ramil Məmmədovun tabeliyində olmuş və icra etdiyi işlərin keyfiyyətinə görə ona hər hansı irad bildirilməyib. İşin ilk ayının ortalarında ona maaşa avans kimi cəmi üç yüz manat nəğd pul ödənilmişdir. İşlədiyi digər dövrlərə görə isə almalı olduğu əmək haqqı ödənilməmişdir. Eyni zamanda qeyd edir ki, ona aid maaş bank kartı iş icraçısı Ramil Məmmədovda olmuşdur. O, kartı ona aprel ayında vermişdir. Kart ona verildikdən sonra şirkət həmin karta onun əmək haqqı üzrə hər hansı ödəniş etməmişdir. Ancaq şirkətin Müşviq adlı mühasibi ona bildirmişdir ki, mart ayında onun bank kartına üç yüz əlli manat pul köçürülmüşdür. İş icraçısı Ramil Məmmədov isə deyir ki, karta köçürülmüş pul onun deyildi. "O başqa məqsədlə köçürülmüşdü”. İş icraçısının dediyindən belə məlum olur ki, bank kartını şirkət rəhbərliyi özündə saxlayaraq onun əmək haqqı hesabı ilə pul əməliyyatı etmiş və özləri də nəğdləşdirmişlər. Onun əmək haqqını isə ödəmirlər. Cavabdeh MMC əmək müqaviləsi üzrə ona üç ay üzrə ödəməli olduğu ümumilikdə min altı yüz əlli manatdan cəmi üç yüz manat ödəmişdir, qalan min üç yüz əlli manatı isə ödəməkdən imtina edir. O, əmək haqqının ödənilməsi üçün məhkəmədən əvvəl dəfələrlə şirkətin rəhbərliyinə müraciət etmişdir. Lakin şirkət ödəməkdən imtina etmişdir. Eyni zamanda əmək hüquqlarının pozulmasına görə Əmək Müfəttişliyinə də şikayət etmişdir. Ancaq müfəttişlik onun şikayətinə o qədər səhlənkar yanaşmışdır ki, onlar arasında bağlanmış əmək müqaviləsinin müddətli olduğuna görə xitam edildiyini yox, guya onların öz ərizəsi ilə işdən çıxdığını iddia etmişdir. Halbuki, o, işdən çıxmaq haqda ərizə yazmamışdır. Üstəlik müfəttişlik ona göndərdiyi cavab məktubunda iş yoldaşlarının işlərinin araşdırılması haqda məlumat qeyd etsə də, araşdırmaya dair mətndə onun adı ümumiyyətlə yoxdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, müəssisə öz öhdəliyini yerinə yetirmişdir. Aprel ayında karta pul köçürülmüşdür. Kart Ramilə işçilərə verməsi üçün verilmişdir, onun kartı işçilərə verməməsi isə qanunsuzdur. Ehtimal olunur ki, pulu Ramil iddiaçının əvəzinə bankdan çıxarmışdır. İddiaçıya mart ayında işlədiyi günlərə görə ödəniş olunmuşdur, mart ayında bayram günləri üçün pul ödənilməli deyil. O cümlədən pandemiya olduğuna görə aprel ayında iddiaçı işə çıxmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 02.03.2020ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı aylıq 550 manat (vergilər və tutulmalmalar daxil olmaqla) əmək haqqı müəyyən edilməklə üç ay müddətinə Cavabdeh MMC-də fəhlə vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan 02.03.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması haqqında əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı 02.03.2020-ci il tarixli əmək müqaviləsi üzrə 02.06.2020-ci il tarixədək Cavabdeh MMC-də elektrik fəhləsi vəzifəsinə görə ayda 550 manat məbləğində əmək haqqı təyin edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 2020-ci ilin mart ayına olan əmək haqqı cədvəlindən çıxarışa əsasən İddiaçı üç iş günü üzrə 107 manat köçürülmüşdür. İş materiallarında olan Cavabdeh MMC-nin mart və aprel ayları üzrə tabeldən çıxarışların surətinə əsasən İddiaçı mart ayında 3 gün işləmiş, aprel ayında isə işləməmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 01.05.2020-ci il tarixli ərizəyə əsasən o, 01.05.2020-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin işdən azad olunma və əmək müqaviləsinin ləğv olunması haqqında 01.05.2020-ci il tarixli, 160-K saylı əmrdən çıxarışdan müəyyən olunur ki, İddiaçı elektrik fəhləsi vəzifəsindən 01.05.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə azad edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçını işə o gətirmişdir. O, briqadir idi. Bütün işçilərin kartı briqadirdə olurdu. Pulu o çıxarmış, Elxana üç yüz manatı şəxsən vermişdir. İşə gələndə qeydiyyatı o yox, şirkət özü aparırdı. İddiaçı mart ayında hər gün işə gəlmişdir. İşçilər aprel ayında işəgütürənin tələbi ilə hər gün deyil, arada çağrılirdilar. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müaviləsində əmək haqqı aylıq 550 manat (vergilər və tutulmalar daxil olmaqla) müəyyən edilmişdir. İddiaçı ilə əmək münasibətlərinə 2 aydan sonra Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, yəni işçinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçıya üç iş günü üzrə 107 manat köçürülmüşdür. Lakin iddiaçı bildirir ki, ona 300 manat ödəniş olunmuşdur. Cavabdeh iddiaçıya əmək haqqının tam ödənilməməsini onunla əsaslandırır ki, “iddiaçı mart ayında cəmi 3 gün işləmişdir. Mart ayındaki bayram günləri və aprel ayı üzrə ödəniş etməli deyil. İşçi ilə əmək müqaviləsinə xitam verilməməsinin səbəbi karantin rejiminə görə işəgötürənlərə əmək müqaviləsinin xitamının qadağan edilməsi olmuşdur” Məhkəmə qeyd edir ki, cavabdehin dəlili əsassızdır. Çünki iddiaçının işləmədiyini bildirsə də işdə olan sənədlərlə də təsdiq olunur ki, işçi işdən 2 aydan sonra öz təşəbbüsü ilə azad olunmuşdur. Yəni, işçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçinin əmək vəzifələrinin köbud şəkildə pozulması hesab edilir ki, əmək qanunvericiliyi işəgötürənə imkan verir ki, əmək müqaviləsinə xitam versin. Əksinə, iş üzrə şahid də təsdiq edir ki, iddiaçı işləmişdir, yalnız cavabdehin göstərişi ilə pandemiya dövründə aprel ayı ərzində hər gün deyil, arada gedib işləri görmüşdür. Məhkəmə qeyd edir ki, aprel ayında iddiaçının hər gün işə çıxmaması isə onun öz istəyindən asılı olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıya əmək müqaviləsinə uyğun olaraq aylıq 550 manatdan vergilər və tutulmalar çıxıldıqdan sonra mart və aprel ayları üzrə əmək haqqı ödənilməlidir. O cümlədən mart ayı üzrə iddiaçıya 300 manat ödəniş olunduğu nəzərə alınmalıdır. İddiaçı əmək müqaviləsinin 3 aylıq müddət üçün bağlandığını və 3 aylıq əmək haqqının ödənilməsini tələb etsə də, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış 02.03.2020-ci il tarixli əmək müqaviləsinə 01.05.2020-ci il tarixli əmrlə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 156-cı maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 178-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə iddiaçının Cavabdeh MMC-nin səlahiyyətli şəxləri tərəfindən yol verilmiş qanun pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin üzərinə 2020-ci ilin mart və aprel ayları üzrə İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş və ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin üzərinə 2020-ci ilin mart və aprel ayları üzrə İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş və ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsi qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar