Məhkəmə qərarları › İş №2(004)-2660/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2660/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2660/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alımentin azadılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alımentin azadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X11 ilə rəsmi qaydada 32.03.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikah dövründə 03.10.2014-cü il təvəllüdlü X8 və 13.02.2016-cı il təvəllüdlü X12 adlı iki uşaqları doğulmuşdur. Bildirir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, 11.02.2020-ci il tarixli qətnaməsinə əsasən nikah pozularaq X8 və X9 hər ay cəmi 340 manat aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. Hal-hazırda X5 ilə nikaha daxil olmuş və birgə nikahdan X14 anadan olub. X19 2 aylıqdı və maddi vəziyyəti çox aşağıdır. Hal-hazırda həyat yoldaşı alimentin tutulmasına dair iddia ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı 11.02 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 03.10.2014-cü il təvəllüdlü qızı X4 və 13.02.2016-cı il təvəllüdlü oğlum X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment azaldılaraq hər ay hər uşağa görə 125 manat ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, 11.02.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqlar analarının himayəsinə verilmiş və iddiaçıdan Cavabdeh xeyrinə birgə nikahdan anadan olmuş 03.10.2014-cü il təvəllüdlü X8 və 13.02.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra iddiaçı ikinci dəfə ailə qurmuş və həmin nikahdan da bir övladı dünyaya gəlmişdir. İddiaçının hazırki yoldaşı ona qarşı aliment və maddi yardım tələbinə dair Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 15.02.2022-ci il tarixli, 2(002)-450/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və hazırki iş üzrə iddiaçıdan onun yoldaşının xeyrinə 02.10.2021ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşaq 3 yaşına matana kimi hər ay 100 manat sabit pul məbləğində maddi yardımın tutulması qət edilmişdir. Düzdür hüquqlarını müdafiə etdiyi şəxs iddia tələbini Qaradağ Rayon Məhkəməsində etiraf etsə də, hesab edir ki, iddiaçı məhkəməyə digər nikahdan da, iki uşağının olmasını bildirmişdir. Həmin vaxt uşağın azyaşlı olması səbəbindən iddianı etiraf etmişdir. Hazırda sözü gedən uşaqlara görə tutulan aliment məbləği iddiaçının maddi durumunu daha da ağırlaşdırmışdır. Bundan başqa uşağı saxlamaq bir valideyn kimi ananın da, borcudur. Belə ki, cavabdeh özü X1 işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iddiaçı 1500 manata yaxın aylıq qazanc əldə edir. Özü rəssamdır və rəsm əsərləri çəkərək onların satışından da əlavə gəlir əldə edir. O, iddiaçı ilə 7 ilə yaxın bir evdə yaşamış və onun gəlirlərinə bələddir. Təxminən 2 il yarımdır onlar ayrılmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, 11.02.2020-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqlar onun himayəsinə verilmiş və iddiaçıdan onun xeyrinə birgə nikahdan anadan olmuş 03.10.2014-cü il təvəllüdlü X8 və 13.02.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin vaxt da iddiaçı tutulan aliment məbləğindən narazı qalmış və qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9562/2020 saylı qətnaməsi ilə şikayəti təmin edilməmişdir. Hazırda iddiaçı yenidən nikaha daxil olmuş və həmin nikahdan bir övladı olmuşdur. Həmin övladına da etirafı əsasında məhkəmə qətnaməsi ilə 3 yaşına çatana kimi 100 manat, hər ay da aylıq qazancının və gəlirlərinin ¼ hissəsində aliment tutulur. İddiaçının pulu olmasaydı digər nikahdan olan övladının saxlanılması üçün aliment və maddi yardımın tutulmasını etiraf etməzdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, 11.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia təmin edilərək, İddiaçı ilə Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının arasında 02.03.2013-cu ildə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 151 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; qarşılıqlı iddia qismən təmin edilərək, 03.10.2014-cü il təvəllüdlü X8 və 13.02.2016-cı il təvəllüdlü X7 iddiaçı (anaları) Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının yanında saxlanılması; İddiaçı 03.10.2014-cü il təvəllüdlü X4 və 13.02.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin hesablanaraq Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının xeyrinə tutulması; alimentin tutulma vaxtının 27.01.2020-ci il tarixdən hesablanması və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1667/2021 saylı, 29.01.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-450/2022 saylı, 15.02.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası təmin edilərək, 02 oktyabr 2021-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay cavabdeh İddiaçı qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, 02 oktyabr 2021-ci il təvəllüdlü X10 üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X3 ödənilməsi, alimentin tutulmasının 22 dekabr 2021-ci il tarixdən hesablanması qət edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmiş ki, İddiaçı ilə Cavabdeh arasında 02.03.2013-cü il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından 03.10.2014-cü il təvəllüdlü X8 və 13.02.2016-cı il təvəllüdlü X12 adlı övladları olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı, 11.02.2020-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında bağlanılmış nikahın pozulması; 03.10.2014-cü il təvəllüdlü X8 və 13.02.2016-cı il təvəllüdlü X7 iddiaçı (anaları) Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının yanında saxlanılması; İddiaçı 03.10.2014-cü il təvəllüdlü X4 və 13.02.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin hesablanaraq Zeynalova (Mehdiyeva) Nigar Vahid qızının xeyrinə tutulması; alimentin tutulma vaxtının 27.01.2020-ci il tarixdən hesablanması və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1667/2021 saylı, 29.01.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra iddiaçı 15.08.2020-ci il tarixdə X5 ilə nikaha daxil olmuş və həmin nikahdan tərəflərin 02 oktyabr 2021-ci il təvəllüdlü X14 adlı övladları olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 450/2022 saylı, 15.02.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası, cavabdehin etirafı əsasında təmin edilərək, 02 oktyabr 2021ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay cavabdeh İddiaçı qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, 02 oktyabr 2021-ci il təvəllüdlü X10 üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X3 ödənilməsi, alimentin tutulmasının 22 dekabr 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Hazırda İddiaçı alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-913/2020 saylı 11.02 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 03.10.2014-cü il təvəllüdlü qızı X4 və 13.02.2016-cı il təvəllüdlü oğlum X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment azaldılaraq hər ay hər uşağa görə 125 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini digər nikahdan olan övladı üçün aliment ödəməsini və bu səbəbdən də, maddi imkanın aşağı olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin mararını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (maddə 78.2.). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Məhkəmə iddianı təmin etməyərkən ilk növbədə qeyd edir ki, iddiaçı ikinci nikahdan olan uşağına da, hazırda aliment ödəməsi və bu səbəbdən də, maddi vəziyyətinin dəyişməsi ilə bağlı dəlillərə istinad etsə də, işin halları ilə müəyyən olunur ki, hazırki arvadı tərəfindən ona qarşı iddia qaldırılarkən onun tərəfindən iddia ümumiyyətlə mübahisləndirilmədən etiraf edilmiş, əvvəlki nikahdan olan uşaqlarına da aliment ödəməsi, hazırda əmək haqqından ¼ hissədə alimen tutulacağı təqdirdə bunun onun maddi vəziyyətinin aşağı düşməsinə səbəb olacağı ilə bağlı da, heç bir etiraz verilmədən, iddia tələbi hətta uşağın üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması hissəsində də, etiraf edilmişdir. Bundan başqa işin halları ilə o da, müəyyən olunur ki, iddiaçı tutulmuş alimentin məbləği ilə razılaşmayaraq Nərimanov Rayon Məhkəməsinin qətnaməsini alimentin tutulması hissəsində daha öncədə mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1667/2021 saylı, 29.01.2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda da, cavabdehin gəlirlərində heç bir artım olmamış, bunun əksi olaraq isə 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artırılaraq 193 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa məhkəmə vurğulayır ki, alimentin azaldılması tələbinə dair işlərə baxılarkən uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülməlidir. Belə ki, hazırki halda tərəflərin nikahlarından anadan olmuş iki uşağa görə müəyyən edilmiş 340 manat məbləğində alimentin azaldılaraq 250 manat miqdarına salınması uşaqların qanunvericiliklə qorunan mənafelərinə, maraqlarına ziddir və onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına xələl gətirəcəkdir. Məhkəmə hesab edir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-450/2022 saylı, 15.02.2022-ci il tarixli qətnaməsi ilə hazırki nikahdan olan uşağının (oğlunun) yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, iddiaçının qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşağının üç yaşına çatana kimi hər ay 125 manat sabit pul məbləğində alimentin tutulması, hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə bu qənaətə gələrkən onu da qeyd edir ki, hazırki idianın təmin edilməsi, həm də, tərəflərin birinci nikahdan olan uşaqlarını maraqlarına zidd olmaqla onların hüquqlarının pozulması ilə nəticələnərdi. Belə ki, bu hal, iddiaçının hazırki nikahından olan uşağının, onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, həmçinin arvadının, uşağın üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment alacağı təqdirdə, onun hazırki cavabdehlə birinci nikahdan olmuş uşaqlarının isə daha az miqdarda sabit pul məbləğində aliment almalarına səbəb olardı. Belə olan halda məhkəmə hesab edir ki, mocvud vəziyyət, hər iki qətnamələrlə müəyyən edilmiş alimentlərin məbləğini mübahisələndirməklə, alimentin ümumilikdə üç uşağa görə müəyyə edilməsi tələbi ilə, idiaçının, həm keçmiş, həm də, hazırki arvadına qarşı cavabdehlər qismində eyni anda iddia qaldırması üçün əsas ola bilərdi. Lakin, göründüyü kimi iddiaçı Qaradağ Rayon Məhkəməsinin 2(002)-450/2022 saylı, 15.02.2022-ci il tarixli qətnaməsini ümumiyyətlə mübahisələndirməyərək, yalnız keçmiş nikahından olan uşaqlarına odənilən sabit pul məbləğində alimentin məbləğini mübahisələndirərək azaldılmasını tələb etmiş və məhkəmənin qənaətinə görə də, bunula da, onun əsas niyyəti, digər övladlarına daha az aliment ödəməsinə nail olmaqdan ibarət olmuşdur. Məhkəmənin bu qənaətə gəlməsinə səbəb, həm də, yuxarıdada qeyd edildiyi kimi, iddiaçının ona qarşı olan aliment tələbinə dair digər iddianı ümumiyyətlə mübahisələndirməyək etiraf etməsi, hazırda ikinci arvadı ilə nikahda olması və belə bir qətnamənin formal olaraq əldə edilməsi ehtimalı olmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə qənunvericiliyin tələblərini, azyaşlı uşaqların mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alımentin azadılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alımentin azadılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar