Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2681/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İddiaçı Bəhruz oğlunun Cavabdeh firmasına qarşı icarə müqaviləsinin ləğvi və lazer aparatının təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bəhruz oğlu Cavabdeh firmasına qarşı icarə müqaviləsinin ləğvi və lazer aparatının təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firması ilə aralarında 22 aprel 2022-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi; “Candella GentleLase Pro U” markalı, 9914-9030-7720 seriya nömrəli lazer aparatının iddiaçıya təhvil verilən günədək ödənilməmiş 9000 (doqquz min) manat icarə haqqının Cavabdeh Firmasından tutulması; “Candella GentleLase Pro U” markalı, 9914- 9030-7720 seriya nömrəli lazer aparatının iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh Firmasının üzərinə qoyulması barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh firması ilə aralarında xx.xx.2022-ci il tarixli «İcarə müqaviləsi» bağlanmışdır. Həmin müqavilə əsasında o, mülkiyyətində olan “Candella GentleLase Pro U” markalı, 9914-9030-7720 seriya nömrəli lazer aparatını Cavabdeh Firmasına icarəyə vermiş və cavabdeh hər ay ona 3000 (üç min manat 00 qəpik) manat icarə haqqını hər aya görə cari ayın 25-30 aralığından gec olmamaq şərtilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh Firması öz öhdəliyini yerinə yetirməmiş, yəni 2024-cü ilin yanvar, fevral, mart ayı üçün icarə haqqını ödəməmişdir. Cavabdehə etdiyi şifahi və yazılı müraciətlərdə cavabdeh icarə haqqını ödəməyəcəyi halda icarə müqaviləsinin ləğv olunması barədə məhkəməyə müraciət edəcəyi barədə ona xəbərdarlıq etmişdir. Cavabdeh öz öhdəliyini yerinə yetirmədiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh Firması ilə aralarında 22 aprel 2022-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi; “Candella GentleLase Pro U” markalı, 9914-9030-7720 seriya nömrəli lazer aparatının iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh Firmasından alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Firmasının nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, İddiaçı Bəhruz oğlu mülkiyyətində olan “Candella GentleLase Pro U” markalı, 9914-9030-7720 seriya nömrəli lazer aparatını hər ay 3000 manat ödənilməsi şərti ilə bir il müddətinə xx.xx.2023-cü il tarixə kimi Cavabdeh Firmasına icarəyə vermişdir. İcarə müqaviləsini İddiaçı Bəhruz oğlunun adından nümayəndəsi X2 və Cavabdeh Firmasının direktoru X1 imzalamışlar. - İddiaçı Bəhruz oğlunun Cavabdeh Firmasının direktoru X4 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən “Candella GentleLase Pro U” markalı, 9914-9030-7720 nömrəli avadanlığın aylıq icarə haqqını ödəmədiyi səbəbindən və bununla müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayındığı üçün, 07 gün ərinzdə həmin avadanlığın icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsi, ödənilməmiş icarə haqqının ödənilməsi və “Candella GentleLase Pro U” markalı, 9914- 9030-7720 nömrəli avadanlığın ona qaytarılmasını xahiş etmiş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı 7 (yeddi) gün ərzində məhkəmə orqanlarına müraciət edəcəyini bildirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, Cavabdeh Firması xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən “Candella GentleLase Pro U” markalı, 9914-9030-7720 seriya nömrəli lazer aparatını hər ay 3000 manat ödənilməsi şərti ilə bir il müddətinə icarəyə götürmüşdür. Hal-hazırda iddiaçı icarə müqaviləsinin ləğv edilməsini və lazer aparatının ona təhvil verilməsini tələb edir, cavabdeh iddia tələbini etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bəhruz oğlu ilə Cavabdeh firması arasında bağlanmış 22 aprel 2022-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, Cavabdeh firmasının icarəsində olan “Candella GentleLase Pro U” markalı, 9914-9030-7720 seriya nömrəli lazer aparatı Cavabdeh firmasından alınaraq İddiaçı Bəhruz oğluna təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bəhruz oğlu ilə Cavabdeh firması arasında bağlanmış 22 aprel 2022-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh firmasının icarəsində olan “Candella GentleLase Pro U” markalı, 9914- 9030-7720 seriya nömrəli lazer aparatı Cavabdeh firmasından alınaraq İddiaçı Bəhruz oğluna təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2681/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2681/2024
06.06.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver