Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2706/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1970 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o avtomobilindən daimi olaraq istifadə edir və 13.07.2020-ci il tarixində Bakı şəhəri, 4-cü mikrorayon ərazisində avtomobilin ön şüşəsi zədələnmişdir. Bu haqda dərhal Cavabdeh ASC-nə məlumat verərək sığorta təminatının həyata keçirilməsini tələb etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən 29.07.2020-ci il tarixli 0845 nömrəli cavab məktubu ilə bundan imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, müqavilə bağlandığı zaman avtomobil əvvəlcədən zədəli olduğu üçün baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığına görə sığorta ödənişindən imtina olunur. Daha sonra, 27.09.2020-ci il tarixində Hacıqabul-Horadiz yolunun 63-cü km-də sığortalanmış avtomobili idarə edərkən ön şüşəsi təkrarən zərər uğramış və bu haqda cavabdehə məlumat vermişdir. Lakin, cavabdeh yenə də imtina məktubu verərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddiaçı cavabdeh “xxxx”ASC ilə sığorta müqaviləsi bağlayaraq müvafiq etibarnamə əsasında daimi istifadə etdiyi “Land Rover” markalı, 99LA787 dövlət qeydiyyat nişanlı avtomobili "Kasko” sığorta növü ilə sığortalamışdır. Nəticədə, ona “Fiziki şəxslərə təqdim edilən avtomobilin tam sığortası” AZ/MİA/19/0184 nömrəli 26.11 2019-cu il tarixli şəhadətnaməsi də verilmişdir. Şəhadətnaməyə əsasən o həm “sığortalı", həm də “fayadalanan şəxs” kimi tanınmışdır. Həmin şəhadətnaməyə görə də onun avtomobili 8000 manat həddində sığortalanmışdır. Avtomobilin zədələnməsi üzrə müvafiq sığorta risklərindən sığorta təminatı cavabdeh tərəfindən verilmişdir. Beləliklə də, aralarında müvafiq sığorta münasibətləri yaranmış və iddiaçının avtomobilinə cavabdeh tərəfindən 1 il müddətinə sığorta təminatı verilmişdir. Müqavilə “onlayn” şəkildə bağlanılmış və nağdsız (onlayn) şəkildə də sığorta şəhadətnaməsinə əsasən ümumlikdə 465 manat məbləğində cavabdehə sığorta haqqı iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh uzun illərdir ki, sığorta bazarında peşəkar sığorta fəaliyyəti ilə məşğul olduğundan və ondan sığorta məhsulundan yararlanmaq təklifi irəli sürüldüyünü nəzərə alaraq, ona etimad göstərək müvafiq sığorta müqaviləsinin bağlanması təklifini qəbul etmişdir. Amma əfsuslar olsun ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhədliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmış və iddiaçını iddia ərizəsi ilə Məhkəməyə müraciət etməyə vadar etmişdir. İddiaçı avtomobildən daimi olaraq istifadə edir və 13.07.2020-ci tarixində Bakı şəhəri, 4-cü mikrorayonun ərazisində avtomobili alın (ön) şüsəsi xarici tərəfindən zədələnmişdir. Bu haqda dərhal cavabdeh "xxxx” ASC-yə məlumat verərək, sığorta təminatının həyata keçiriləcəyinə ümid edirdi. Amma buna baxmayaraq, cavabdeh tərəfindən 29.07.2020-ci il tarixli 0845 nömrəli cavab məktubu ilə absurd, məntiqsiz və qanunsuz imtina məktubu verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, müqavilə bağlandığı zaman avtomobil əvvəlcədən zədəli olduğu üçün baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığına görə sığorta ödənişindən imtina olunur. Bundan narazı qalaraq iddiaçı şikayətlə AR Mərkəzi Bankına müraciət etmişdir. Nəticədə, 24.09.2020-ci il tarixli, 26-15394-2020 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, “Sığorta fəaliyyəti haqqında"AR Qanununun 102.1-ci maddəsinə əsasən, avtomobilə dəymiş zərərin yenidən qiymətləndirilməsi dəymiş zərərinin miqdarının, tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan müstəqil ekspert tərəfindən 5 iş günü müddətində müəyyən edilməsinin təmin edilməsi, bu barədə məlumatın Mərkəzi Banka və vətəndaşa (yəni, iddiaçıya) təqdim edilməsi” cavabdehdən tələb olunmuşdur. Lakin əfsuslar olsun ki, cavabdeh onun fəaliyyətini nəzarət edən Dövlət orqanın yazılı göstərişlərinə riayət etməmiş və bununla da, həm sığorta qanunvericiliyin tələblərini, həm də iddiaçının hüquqlarımı kobud surətdə pozmuşdur. Daha sonra, 27.09.2020-ci il tarixində Hacıqabul- Horadiz yolunun 63-cü km- də sığortalanmış avtomobili idarə edərkən ön alın şüsəsi təkrarən zərərə uğramış və bu haqda cavabdehə məlumat vermişdir. Lakin, cavabdeh yenə də absurd və qanunsuz imtina məktubu verərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Hər iki hadisə nəticəsində avtomobilə dəyən zərərlər sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab olunur və cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasından qərəzli olaraq boyun qaçırır. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azadılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 1866 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1896 manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmənin 29.04.2021-ci il tarixli baxış iclasında iştirak etmiş cavabdeh “Cavabdeh ASC-nin nümayəndəsi X1 izahatında iddia tələbini qəbul etmədiklərini bildirmiş, məhkəmədən iddia tələbinin rədd olunması barədə qərar qətnamə edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, avtomobil sığortalanmamışdan qabaq zədəli olmuşdur. Əmlaka baxış keçirilmişdir. Avtomobilin zədəli olması barədə aktın tərtib olunub-olunmaması barədə məlumatı yoxdur. Yararsız və zədəli vəziyyətdə olan əmlak, indiki halda avtomobil sığortalanmır. Bundan sonra, cavabdehin nümayəndəsi X1 18.05.2021-ci il tarixdə etiraz ərizəsi ilə müraciət edərək iddia ərizəsini əsassız hesab etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 sentyabr 2020-ci il tarixli, 016167 nömrəli məktubun surətinə əsasən görünür ki, cavabdeh tərəf Baş Dövlət Yol Polis idarəsinə müraciət edərək nəqliyyat hadisəsi ilə bağlı sənədlərin Cavabdeh ASC-yə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan 14.10.2020-ci il tarixli cavab məktubuna əsasən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi barədə tərtib olunmuş arayış və toplanmış sənədlərin surətləri Cavabdeh ASC-yə göndərilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” akta əsasən müəyyən olunur ki, 27.09.2020-ci il tarixdə, saat 15:53-də Hacıqabul-Horadiz yolunun 63 km-də yol-nəliyyat hadisəsi baş vermişdir. “Land Rover” markalı, 99LA787 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. Hadisə baş verdiyi anda nəqliyyat vasitəsinin sürücüsü İddiaçı olmuşdur. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə Məlumat”a əsasən görünür ki, “Land Rover” markalı 99LA787 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsinə zərər dəymişdir. İş materiallarında olan AYP040360 seriya nömrəli “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayışa əsasən görünür ki, 13.07.2020-ci il tarixdə, 4-cü MKR dairəsində baş vermiş yol-nəqliyyat hadisəsində, “Land Rover” minik markalı, 99LA787 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsi zədələnmişdir. İş materiallarında olan AZ/MİA/19/0184 nömrəli “Elektron sənəd formasında bağlanmış fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsi”nin surətindən görünür ki, İddiaçı sığortalı şəxsdir. Sığorta müddəti 26.11.2019-cu ildən tarixdən 25.11.2020-ci il tarixədək müəyyən edilmişdir. Ümumi sığorta məbləği 33000 AZN, ümumi sığorta haqqı 465 AZN olaraq müəyyənləşdirilmişdir. İş materiallarında olan cavab Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 26.11.2020-ci il tarixli, 1515 nömrəli cavab məktubundan müəyyən olunur ki, iddiaçı 28.09.2020-ci il tarixdə Cavabdeh ASC-nə müraciət edərək 27.09.2020-ci il tarixində Hacıqabul-Horadis yolunun 63-cü km-də idarə etdiyi “X4” markalı, 99LA787 qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin naməlum şəraitdə zədələndiyini bildirmişdir. Cavabdeh tərəf müraciətə cavab olaraq bildirmişdir ki, iddiaçı ilə Cavabdeh ASC arasında “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” üzrə sığorta müqaviləsi bağlandığı zaman çəkilmiş foto şəkillərə baxış keçirilmiş və ön alınb şüşənin əvvəlcədən zədəli olduğu müəyyən olunmuşdur. Buna görə də, baş vermiş hadisə qanunvericiliyə görə sığorta hadisəsi hesab edilmir və bununla bağlı sığorta ödənişinin verilmədi mümkün deyil. İş materiallarında olan 29.07.2020-ci il tarixli, 0845 nömrəli cavab məktubuna əsasən görünür ki, 13.07.2020-ci il tarixində Nəsimi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində zədələnmiş “X4” markalı, 99LA787 dövlət qeydiyyat nişanlı avtomobil üçün sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan 24 sentyabr 2020-ci il tarixli, 26-15394-2020 nömrəli məktuba əsasən görünür ki, Mərkəzi Bank tərəfindən İddiaçı müraciətinə baxılmışdır. Zərər çəkmiş şəxsə məxsus əmlaka dəymiş zərərin yenidən qiymətləndirilməsi, dəymiş zərərin miqdarının, tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan müstəqil ekspert tərəfindən 5 iş günü müddətində müəyyən edilməsinin təmin edilməsi, bu barədə məlumatın Mərkəzi Banka və vətəndaşa təqdim edilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş 24.05.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən müəyyən olunur ki, “X4” minik markalı, 99LA787 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin toplam qiyməti 1746 manat, işçilik məbləği toplam 120 manat olmaqla, cəmi 1866 manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmənin gəldiyi qənaətə görə, sığorta haqqında şəhadətnaməyə əsasən nəqliyyat vasitəsinin sığorta müddəti 26.11.2019-cu il tarixdən 25.11.2020-ci il tarixədək müəyyən edilmişdir və yolnəqliyyat hadisələri 27.09.2020-ci il tarixdə və 13.07.2020-ci il tarixdə baş vermişdir. Nəqliyyat vasitəsinin Cavabdeh ASC tərəfindən sığortalandığı müddətə təsadüf etdiyindən və iddia tələbi əsaslı olduğundan təmin edilməli, 1866 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən təqdim olunmuş etirazla əlaqədar məhkəmə qeyd edir ki, Cavabdeh ASC etiraz ərizəsində əsaslnadığı hallarla bağlı mötəbər sübutlar təqdim edə bilmədiyindən etiraz ərizəsi əsaslı hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 1866 (bir min səkkiz yüz altmış altı) manat sığorta ödənişinə görə pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2706/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2706/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver