Məhkəmə qərarları › İş №2(004)-2707/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2707/2021

06.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2707/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1650 manat əmək haqqının tutulması və Cavabdeh MMC-nin səlahiyyətli şəxləri tərəfindən yol verilmiş qanun pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh MMC 29.04.2021-ci il tarixdə etiraz ərizəsi verərək İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək öz izahatında bildirir ki, 02 mart 2020-ci ildə "Cavabdeh" MMC ilə 3 aylıq müddətli Əmək Müqaviləsi bağlamışdır. Müqaviləyə görə aylıq əmək haqqı beş yüz əlli manat müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə Bakı şəhəri, Suraxanı rayonu Hovsan qəsəbəsində yerləşən “Sosial evlər" lahiyəsinin binalarının zirzəmilərinin işıqlandırılması, zirzəmidə yerləşən müxtəlif təyinatlı otaqların elektrik işlərini icra etmişdir. İşlədiyi müddətdə şirkətin iş icraçısı Ramil Məmmədovun tabeliyində olmuş və icra etdiyi işlərin keyfiyyətinə görə ona hər hansı irad bildirilməmişdir. Eyni zamanda qeyd edir ki, ona aid maaş bank kartı iş icraçısı Ramil Məmmədovda olmuşdur. Şirkətin rəhbər şəxsləri kartına pul köçürüldüyünü iddia edir. İş icraçısı Ramil Məmmədov isə deyir ki, karta köçürülmüş pul onun deyildi. "O başqa məqsədlə köçürülmüşdü”. İş icraçısının dediyindən belə məlum olur ki, bank kartını şirkət rəhbərliyi özündə saxlayaraq onun əmək haqqı hesabı ilə pul əməliyyatı etmiş və özləri də nəğdləşdirmişlər. Onun əmək haqqını isə ödəmirlər. Cavabdeh MMC əmək müqaviləsi üzrə ona üç ay üzrə ödəməli olduğu ümumilikdə min altı yüz əlli manatı ödəməkdən imtina edir. O, əmək haqqının ödənilməsi üçün məhkəmədən əvvəl dəfələrlə şirkətin rəhbərliyinə müraciət etmişdir. Lakin şirkət ödəməkdən imtina etmişdir. Eyni zamanda əmək hüquqlarının pozulmasına görə Əmək Müfəttişliyinə də şikayət etmişdir. Ancaq müfəttişlik onun şikayətinə o qədər səhlənkar yanaşmışdır ki, onlar arasında bağlanmış əmək müqaviləsinin müddətli olduğuna görə xitam edildiyini yox, guya onların öz ərizəsi ilə işdən çıxdığını iddia etmişdir. Halbuki, o, işdən çıxmaq haqda ərizə yazmamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddiaçı briqadanın tərkibində işləmişdir. Onlar 6 nəfər olmuşdur. Sosial evlərin tikintisi ilə bağlı elektrik işləri ilə məşğul olmuşdur. İddiaçı rəsmi sənədlərlə işə qəbul edilmişdir. Amma naryad olmadığı üçün pul verilməli deyil. İddiaçı ilə əmək müqaviləsi qüvvədə olsa da, iddiaçı işə çıxmamışdır. Görmədiyi işə görə işçinin pul tələb etməsi qanunsuzdur. İşçi ilə əmək müqaviləsinə xitam verilməməsinin səbəbi karantin rejiminə görə işəgötürənlərə əmək müqaviləsinin xitamının qadağan edilməsi olmuşdur. Əmək müfəttişliyi iş yerində yoxlama aparsa da nöqsan aşkar etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 02.03.2020ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı aylıq 550 manat (vergilər və tutulmalar daxil olmaqla) əmək haqqı müəyyən edilməklə üç ay müddətinə Cavabdeh MMC-də fəhlə vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan 02.03.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması haqqında əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı 02.03.2020-ci il tarixli əmək müqaviləsi üzrə 02.06.2020-ci il tarixədək Cavabdeh MMC-də elektrik fəhləsi vəzifəsinə görə ayda 550 manat məbləğində əmək haqqı təyin edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin işdən azad olunma və əmək müqaviləsinin ləğv olunması haqqında 01.05.2020-ci il tarixli, 160-K saylı əmrdən çıxarışdan müəyyən olunur ki, İddiaçı elektrik fəhləsi vəzifəsindən 01.05.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə azad edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı onlarla birlikdə briqadada işləmişdir. O, mart ayında hər gün işə gəlmişdir. Ona pul köçürülməmişdir. İşçilər aprel ayında işəgütürənin tələbi ilə hər gün deyil, arada çağrılirdilar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçını həmin işə o aparmışdır. İddiaçıya heç nə ödəniş olunmamışdır. Aprel ayında kartlar verilsə də pul köçürülmədi. İşdən azad olunmağı barədə iddiaçının məlumatı olmayıb. Onlara boş kağıza qol çəkdiriblər. Bir aydan çox işləyiblər. Aprel ayı ərzində isə mütəmadi olaraq çağrılıblar. Suala cavab olaraq bildirir ki, barmaq izi aparatı olsa da onlara həmin aparata barmaq basmaq deyilməmişdir və heç vaxt barmaq izi vurmayıblar. İşin halları odur ki, İddiaçı əmək müqaviləsi əsasında 02.03.2020-ci il tarixdə aylıq 550 manat (vergilər və tutulmalar daxil olmaqla) əmək haqqı müəyyən edilməklə Cavabdeh MMC-də işə qəbul edilmiş, 01.05.2020-ci il tarixdə isə işdən azad edilmişdir. İşçiyə iki ay ərzində əmək haqqı ödənilməmişdir. Hazırda iddiaçı əmək funksiyasını yerinə yetirdiyi müddət ərzində almadığı əmək haqqı məbləğinin cavabdeh tərəfindən ona ödənilməsini və cavabdeh tərəfindən hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb olunmasını xahiş edir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müaviləsində əmək haqqı aylıq 550 manat (vergilər və tutulmalar daxil olmaqla) müəyyən edilmişdir. İddiaçı ilə əmək münasibətlərinə 2 aydan sonra Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, yəni işçinin təşəbbüsü ilə xitam verilmişdir. 2 ay ərzində iddiaçıya heç bir ödəniş olunmamışdır. Cavabdeh iddiaçıya əmək haqqı ödənilməməsini onunla əsaslandırır ki, “iddiaçı işə çıxmamışdır. İşçi ilə əmək müqaviləsinə xitam verilməməsinin səbəbi karantin rejiminə görə işəgötürənlərə əmək müqaviləsinin xitamının qadağan edilməsi olmuşdur” Məhkəmə qeyd edir ki, cavabdehin dəlili əsassızdır. Çünki iddiaçının işləmədiyini bildirsə də işdə olan sənədlərlə də təsdiq olunur ki, işçi işdən 2 aydan sonra öz təşəbbüsü ilə azad olunmuşdur. Yəni, işçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçinin əmək vəzifələrinin köbud şəkildə pozulması hesab edilir ki, əmək qanunvericiliyi işəgötürənə imkan verir ki, əmək müqaviləsinə xitam versin. Əksinə, iş üzrə şahid kimi dindirilmiş şəxslər də təsdiq edir ki, iddiaçı işləmişdir, yalnız cavabdehin göstərişi ilə pandemiya dövründə aprel ayı ərzində hər gün deyil, arada gedib işləri görmüşdür. Məhkəmə qeyd edir ki, aprel ayında iddiaçının hər gün işə çıxmaması isə onun öz istəyindən asılı olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıya əmək müqaviləsinə uyğun olaraq aylıq 550 manatdan vergilər və tutulmalar çıxıldıqdan sonra mart və aprel ayları üzrə əmək haqqı ödənilməlidir. İddiaçı əmək müqaviləsinin 3 aylıq müddət üçün bağlandığını və 3 aylıq əmək haqqının ödənilməsini tələb etsə də, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış 02.03.2020-ci il tarixli əmək müqaviləsinə 01.05.2020-ci il tarixli əmrlə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 156-cı maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 178-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə iddiaçının Cavabdeh MMC-nin səlahiyyətli şəxləri tərəfindən yol verilmiş qanun pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin üzərinə 2020-ci ilin mart və aprel ayları üzrə İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş və ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin üzərinə 2020-ci ilin mart və aprel ayları üzrə İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı hesablanaraq ödənilməsi vəzifəsi qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar