Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2722/2024 13.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə mənzilin təhvil verilməməsi səbəbilə əvəzində 350.000 manat kompensasiyanın birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə mənzilin təhvil verilməməsi səbəbilə əvəzində 350.000 manat kompensasiyanın birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ilə iddiaçıya məxsus 62.5 kv.m. mənzil cavahdeh tərəfindən satın alınmış, cavabdeh tərəf əvəzində 2 il müddətində həmin ünvanda yerləşən 75 kv.m. sahəsi olan mənzilin təhvil verilməsi öhdəliyini götürmüşdür. Lakin, mənzil indiyə kimi iddiaçıya təhvil verilməmişdir. Odur ki, mənzilin dəyərinə uyğun olaraq 350.000 manat kompensasiya məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, yazılı etirazını məhkəməyə təqdim etmişdir. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC (Cavabdeh MTK hüquqi varisidir) arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən müəyyən edilir ki, İcraçı söküntüsü nəzərdə tutulan binanın ərazisində yeni yaşayış binasının bünövrəsi qoyulduqdan sonra 2 (iki) il müddətinə həmin ərazidə yeni yaşayış binasını inşa edib müqavilə şərtlərinə uyğun Sifarişçiyə (İddiaçı) təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları və tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli Podrat müqaviləsinin şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İcraçı tərəfindən müqavilənin digər şərtləri (kirayə haqqının verilməsi və s.) icra edilir. Məhkəmə izah edir ki, mübahisə tərəflər arasında bağlanmış müqavilə şərtləri çərçivəsində həll edilməlidir. İddiaçı ilə "xxxx" MMC (Cavabdeh MTK hüquqi varisidir) arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən müəyyən edilir ki, İcraçı söküntüsü nəzərdə tutulan binanın ərazisində yeni yaşayış binasının bünövrəsi qoyulduqdan sonra 2 (iki) il müddətinə həmin ərazidə yeni yaşayış binasını inşa edib müqavilə şərtlərinə uyğun Sifarişçiyə (İddiaçı) təhvil verməyi öhdəsinə götürmüşdür. Yəni, öhdəlik üzrə müddətin axımı binanın bünövrəsi qoyulduqdan sonra başlayır. Müəyyən edilir ki, sözügedən binanın bünövrəsinin qoyulması ərazidə yaşayan digər sakinlərlə razılıq əldə edilməsinin gecikməsi səbəbindən yubanmış və bir müddət əvvəl həyata keçirilməklə 2 illik müddətin axımı başlanmışdır. Hazırda cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması xüsusatı müəyyən edilmir. Məhkəmə nəzərə alır ki, cavabdehin nümayəndəsinin xx.xx.2024-cü il tarixdə məhkəmə baxış iclasında verdiyi izahatlar əsas götürülməklə cavabdeh tərəf iddiaçını həmin ərazidə tikilmiş olan (hazır) digər binalarda mənzillə təmin etməyə hazırdır. Lakin, hazırki tikilməkdə olan binanın yeri (yol kənarı, mənzərəri və s.) nəzərə alınmaqla veriləcək mənzilin dəyərinin yüksək olması səbəbindən iddiaçı hazırda təqdim edilən digər binalardaki mənzillərdən imtina edir, tikilməkdə olan bina isə cəmi bir neçə aya təhvil verilməklə mənzillər sahiblərinə təqdim ediləcəkdir. Məhkəmə müəyyən edir ki, iddiaçı (vətəndaş) tərəfə münasibətdə hər hansı ciddi hüquqi risk mövcud deyildir. Cavabdeh tərəf müqavilə üzrə digər bütün öhdəliklərinə əməl edir. Mübahisə isə yalnız müqavilə şərtləri çərçivəsində (hər iki tərəfə münasibətdə) həllini tapmalıdır. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Məhkəmə tərəflər arasında bağlanmış müqaviləni etibarlı hesab edir, müqavilə üzrə etibarsızlıq xüsusatları aşkar edilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə mənzilin təhvil verilməməsi səbəbilə əvəzində 350.000 manat kompensasiyanın birdəfəlik ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2722/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2722/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver