Məhkəmə qərarları › İş №2(004)-2727/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2727/2022

08.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2727/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onunla cavabdeh X5 arasında rəsmi nikah olmuş və bu nikahdan 05.02.2020-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Qeyd edilmiş nikah Yasamal rayon Məhkəməsinin 2(004)-407/2022 saylı, 17.01.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş və 05.02.2020-ci il təvəllüdlü X1 üçün onun aylıq gəlirlərinin dörddə bir hissəsi cavabdeh X2 xeyrinə tutulmuşdur. Hal-hazırda aylıq 800 manat ödəməkdədir. Hesab edir ki, bu pulun 30 faizlik hissəsinin - 240 manatının 05.02.2020-ci il təvəllüdlü X4 bank hesabına köçürülməsi və gələcəkdə istifadəsi üçün saxlanılması məqsədəuyğundur. Belə ki, bu pulun geri qalan 560 manatlıq hissəsi də kifayət qədər yüksək məbləğdir. Nəzərə alınsa ki, 2022-ci il üçün Azərbaycan Respublikasında minimum əmək haqqı 300 manat, uşaqlar üçün yaşayış minimumu 193 manatdır geri qalan məbləğlə uşağa baxıla bilər. Qeyd edir ki, bu barədə mediatora da müraciət edilmiş və Mediasiya Şurası tərəfindən 29.03.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən 05.02.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan tutulan alimentin 70 faizi məbləğində pulun cavabdeh X2 xeyrinə, geri qalan 30 faizi məbləğində pulun 05.02.2020-ci il təvəllüdlü X4 adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh X5 iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, qızının saxlanılması üçün ödənilən aliment məbləği heç də çox deyildir. Belə ki, qızı hazırda 3 yaşına keçmişdir və ona qulluq edilməsi xüsusi qayğı tələb edir. Eyni zamanda uşaq qidaları, pampers və sair gigiyenik vasitələrin qiymətləri həddindən artıq bahalaşmışdır. Bütün bunlarla yanaşı pandemiya şəratində əlavə tibbi vasitə və ləvazimatlar alır ki, bu da fiziki cəhətdən zəif olan qızının xəstələnməməsinə xidmət edir. Atası tərəfindən ödənilən aliment məbləği ayın sonuna kimi ancaq çatır. Bu cür bahalığın baş alıb getdiyi bir vaxta aliment məbləğinin 30 fazinin övladına yox hansısa bir başqa hesaba köçürülməsi maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, birgə nikahdan olan uşağın saxlanılması üçün onun əmək haqqında tutulan alimentin miqdarı orta hesabla 1000 manatdan çox olur. Onun minimal əmək haqqı 3200 manatdır, lakin hər ay əlavə olaraq ödənişlər edilir. O hazırki işin müqavilə ilə işləyir və istənilən vaxt sözü gedən müqavilə dayandırıla bilər və o zaman aliment məbləği həmin miqdarda tutulmayacaqdır. Bu səbəbdən də, hazırki əmək haqqında tutulan məbləğin 30 faizinin övladının adına açılmış bank hesabına köçürülməsini istəyir. Eyni zamanda qeyd edir ki, onun iş yerindən ailə üzvü olaraq övladı da, tibbi sığortalanmışdır və sığorta tərəfindən bütün tibbi xərclər qarşılanır. Odur ki, hazırki halda uşağın saxlanılması üçün təxminən hər ay 700 manat kifayət edəcək məbləğdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizəsi ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-407/2022 saylı, 17.01.2022-cı il tarixli qətnaməsinə əsasən, ilkin iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 29.05.2018-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 1633 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 05.02.2020-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalmasının (saxlanılması) müəyyən edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, 05.02.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulma müddətinin 24.11.2021-ci il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi və qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı SOCAR KBR-də layihə koordinatoru vəzifəsində işləməklə, aylıq minimum 2638 manat (yanvar ayı üçün 4889.10 manat. Mart ayı üçün 5608.28 manat) əmək haqqı alır və 2022-ci il mart ayı üçün aylıq əmək haqqından 1456 manat məbləğində aliment tutulmuşdur. İddiaçı cavabdeh X3 qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.02.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan tutulan alimentin 70 faizi məbləğində pulun cavabdeh X2 xeyrinə, geri qalan 30 faizi məbləğində pulun 05.02.2020-ci il təvəllüdlü X4 adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə iddia tələbinə etiraz etmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. İşin müəyyən edilmiş hallarından və qanunvericiliyin sadalanan normalarınından göründüyü kimi iddiaçıdan aliment şəklində tutulmalı olan onun aylıq gəlirinin məbləği «2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə uşaqların saxlanması üçün müəyyən edilmiş 193 manat yaşayış minimumu həddindən əhəmiyyətli dərəcədə artıqdır. Tutulmalı olan aliment məbləğinin 30 faizinin uşağın adına açılacaq bank hesabında yerləşdirilməsindən sonra, yerdə qalan aliment məbləği hazırkı vəziyyətdə uşağın minimal tələbatları ilə yanaşı, onun əvvəlki yaşayış şəraitinə uyğun təminatını da tam təmin etməyə imkan verir. Bu qənaətə gələrkən məhkəmə uşağın yaşının az olmasını və həmin yaşa uyğun tələbat səviyyəsini nəzər alır. Bunlarla yanaşı, məhkəmə qeyd edir ki, uşağın adına açılacaq bank hesabında yerləşdirilən aliment məbləğinin özü də ailə qanunvericiliyinin müddəalarına görə, uşağın əmlakı sayılır və uşaq böyüdükcə, həmin hesabda toplanmış məbləğ onun artan tələbatlarının ödənilməsi məqsədilə istifadə edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarın 8.9-cu bəndində göstərilir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 №-li 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 6.2-ci bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərətindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Plenum qeyd edir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə həmçinin qeyd edir ki, alimentin tutulma qaydasının dəyişdirilməsi məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını, eləcə də birgə nikahda anadan olmuş uşağın qanunla qorunan maraqlarını və mənafeyini rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı 05.02.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin 30 faizi X4 adına bankda açılmış hesaba köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 05.02.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin 30 faizi X4 adına bankda açılmış hesaba köçürülsün. Alimentin tutulma qaydasının dəyişdirilməsi məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar