Məhkəmə qərarları › İş №2(004)-2728/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2728/2021

29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2728/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 sentyabr 1997-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan üç uşaqları anadan olmuşdur. 05.07.1998-ci ildə anadan olmuş X3 hazırda yetkinlik yaşına çatmışdır. X4 17.03.2003-cii ildə anadan olmuşdur. X5 isə 11.12.2009-cu ildə anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin 09.03.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 17.03.2003-cii il təvəllüdlü X1 və 11.12.2009-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsi qət edilmişdir. Həmin vaxt cavabdehin uşaqların xərclərinin qarşılanmasında ona kömək edəcəyini və bu məsələdə aralarında hər hansı problem olmayacağını düşünərək, uşaqların saxlanması üçün aliment tələb etməmişdir. Lakin, bu illər ərzində uşaqlar böyümüş və onların xərcləri də artmışdır. Cavabdeh faktiki olaraq Sulutəpə qəsəbəsindəki həyətdə ayrıca tikilmiş evdə yaşayır. Yəni, hər ikisi bir həyətin içindəki iki ayrı evdə yaşayırlar. Uşağın normal qaydada qidalanması, geyindirilməsi, xəstələndikdə müalicəsi, əyləncə və istirahəti, təhsili üçün hər ay konkret məbləğdə vəsait tələb olunur. Özü isə həmin xərcləri təkbaşına ödəyə bilmir. Bu mənada konkret məbləğdə alimentin müəyyən edilməsi uşağın maraqları baxımından çox vacibdir. Ona görə də alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək 19 saylı şəhər poliklinikasında müalicə aldığı üçün işin icraatının müvəqqəti dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci, maddələrinin tələblərini, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından 1 övladları anadan olmuşdur: 11.12.2009-cu il təvəllüdlü X5. Tərəflər arasında nikah pozulmuşdur, cavabdeh uşağına maddi cəhətdən kömək etmir. Ailə qanunvericiliyinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi əsaslı olub qismən təmin edilməli, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat aliment tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Alimentin tutulma müddəti 30.03.2020-ci il tarixdən aparılmalı və alimentin tutulması dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan 11.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulma müddəti 30 mart 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar