Məhkəmə qərarları › İş №2(004)-2768/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2768/2024

03.09.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2768/2024 03.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 01 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 01 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2 Kredit Təşkilatı” MMC ilə arasında, iddiaçıya məxsus Bakı Şəhəri Nərimanov rayonu Xətai pr., ev 21, 64 saylı mənzilə dair bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, Bakı Şəhəri Nərimanov rayonu Xətai pr., ev 21, 64 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi, əmlakın üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X2 Kredit Təşkilatı” MMC ilə iddiaçı arasında 19 may 2020-ci il tarixdə 2020/00773 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan Bakı Şəhəri Nərimanov rayonu Xətai pr., ev 21,64 saylı mənzilimi yuxanda qeyd edilən kredit müqaviləsi üzrə girov olaraq ipotekaya qoymuşdur. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı illik anulitit(qrafikə) əsasən, 1350 manat 19 qəpik 36 ay müddətində ödənişlər etməlidir. Qrafik üzrə ödənişləri vaxtı vaxtında etmişdir. Lakin baş vermiş Covid 19 pandemiyası ilə əlaqədar ödənişlərdə gecikmələr baş vermişdir. Bu səbəbdən kredit təşkilatı tərəfindən, iddiaçı tərəfdən ödənilməmiş kredit məbləği, ona əlavə olunmuş faizlər və dəbbə pulu hesablanmışdır. Girov qoyulmuş ipoteka predmetinin hərracda satılaraq, müvafiq məbləğin tutulması və yerdə qalan məbləğin iddiaçıya ödənilməsi həyata keçirilməli idi. Lakin iddiaçının təşkilata müraciəti əsasında girov predmetinin hərracda satılması prosessi dayandırılmışdır. Hərracın keçirilməsinədək,’’X2 Kredit Təşkilatı" MMC tərəfindən iddiaçıya rəsmi olaraq 47145 manat 69 qəpik borcumun olmasını bildirdilər. Hərrac dayandırıldıqdan sonra o, müxtəlif ödənişlərlə, ümumilikdə 49000 manatdan çox təşiklata ödəniş etmişdir. Hərrac iddiaçı tərəfindən müraciət əsasında dayandırıldıqdan sonra, 05 iyul 2022-ci ildə yenidən təşkilat tərəfindən iddiaçıya rəsmi müraciət olunmuşdur. Guya iddiaçının onlara kredit üzrə öhdəlik kimi 5500 manat və guya hərracın keçirilməsi əsnasında 6431 manat 74 qəpik "xxxx" MMC-ə ödənilmiş xidmət haqqının iddiaçı tərəfindən ödənilməli olması bildirilmişdir. Bildirmək istəyir ki, 19 may 2020-ci il tarixdə 2020/00773 saylı kredit müqaviləsinin müddəti bitmişdir. Hal-hazırda müqavilə üzrə heç bir öhdəliyim yoxdur. Əksinə hesablanmış artıq faiz və dəbbə pulu iddiaçıdan alınmışdır. Hal-hazırda ekspertiza keçirilərsə bu verilmiş olacaq arayışda öz bariz nümunəsini tapacaqdır. Bu səbəbdən məhkəmədən iddiaçının mülkiyyətində olan və 19 may 2020-ci il tarixdə 2020/00773 saylı kredit müqaviləsinə əlavə müqavilə əsasında gırov(ipoteka) qoyulmuş Bakı Şəhəri Nərimanov rayonu Xətai pr., cv 21,64 saylı mənzilimin üzərindən ipoteka yüklülüyünün götürülməsi zərurəti vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, icra qeydi verildikdən sonra onunla tələbkarla arasında razılaşma olmuş və onun tərəfindən bütün qalıq borcu ödənilmişdir. Belə ki, hərrac baş tutmadığından ipoteka predmeti, ipoteka saxlayana 181 687.50 manata təklif edilmiş, icra qeydi üzrə isə onun borcu 47145 manat 69 qəpik təşkil etmişdir. Borc qat-qat aşağı olduğundan, borcdan qalan əlavə məbləğ Kəpəz BOKT MMC tərəfindən ona ödənilməli idi. MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla ipoteka predmetinin əldə edilməsinə razılıq verilmiş, lakin müddət başa çatana kimi heç bir hüququ hərəkət edilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə Kəpəz BOKT MMC icra şöbəsinə məktub ünvanlayaraq icra sənədinin geri qaytarılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərarla icra sənədi 38 saylı Notariat Kontoruna geri qaytarılmışdır. Göründüyü kimi MMC ipoteka predmetini qəbul etməsinə dair razılıq versə də, qəbul etdiyi təqdirdə ona 140000 manata yaxın pul vəsaitini geri qaytarmalı olacağından, bunu etməmiş və onunla razılaşaraq pulu hissəhissə ödənilməsini təklif etmiş, o isə borcu 47145 manat 69 qəpik təşkil etdiyi halda, ümumilikdə daha artıq, 49000 manat ödənişlər edilmişdir ki, buda borcundan artıq məbləğ təşkil edir. Lakin MMC bundan sonra da, ondan daha artıq faizlərdə tələb edərək, bu günə kimi əmlakını ipoteka yüklülüyündən azad etməmişdir. Odur ki, məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 01 saylı Ərazi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. "xxxx" MMC məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaq iddia tələbini əsassız hesab etdiklərini bildirərək, (etiraza dair hər-hansı sübutlar əlavə edilmədən) iddianın rədd edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 4.mənzil 64 İddiaçı mülkiyətindədir. Mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Dərhal MTK-nın üzvlərinin xx.xx.2019-cu il tarixli ümumi iclasının 2 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Bakı şəh., Nərimanov ray.Xətai prospekti, ev 21 saylı koorperativ yaşayış binasında İ giriş, Xİ mərtəbədə 64 saylı mənzilin verilməsi qərara alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəh., Nərimanov ray.Xətai prospekti, ev 21 saylı koorperativ yaşayış binasında İ giriş, Xİ mərtəbədə 64 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2020/00773 №-li Kredit müqaviləsinə əsasən "xxxx" MMC İddiaçı 36 ay müddətinə 31000 manat məbləğində kredit vermişdir. 1.5. Kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 32%-ai (otuz iki) təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi dərəcəsi 4235 % (qırx iki tam yüzdə otuz beş) təşkil edir. Faizlər kredit məbləğinin Borc alanın hesabına daxil edildiyi tarixdən onun tam ödənildiyi tarixə qədər hesablanır. İş materiallarında olan ipoteka saxlayan "xxxx" MMC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 19 may 2020-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakın 19 May 2020-ci il tarixi 2020/00773 №li Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti ünvan 4. (Yeni qaydalarla AZ1008, Bakl şəhəri, Nərimanov rayonu. Xətai Prospekti 41, M11, m1) 142.7 kv.m. ümumi, 67.2 yaşayış sahəsindən ibarət oları 3 otaqlı, 64 nömrəli mənzil. İpoteka predmeti 220 min manat məbləğində müəyyən edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən, 18 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 142.7 kv.m. ümumi, 67.2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilə (Yeni qaydalarla AZ1008, Bakl şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M11, m1) 2020/00773 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 47145 manat 69 qəpik (qırx yeddi min bir yüz qırx beş manat altmış doqquz qəpik) tutma yönəldilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı Kəpəz Bokt MMC-nin hesabına xx.xx.2020-ci il tarixdə 3720 manat və 30845 manat, xx.xx.2020-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 34000 manat məbləğində pul ödəmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri 38 Saylı Notariat Kontorunun 918 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan qiymətləndiricinin dəvət edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Borclu İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən, 18 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 142.7 kv.m. ümumi, 67.2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilə (Yeni qaydalarla AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M11, m1) mənzilin qiymətləndirilməsi üçün nümayəndə dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, mübahisə predmeti olan əmlak 285000 manət məbləğində dəyərləndirilmişdir. İş materiallarında olan Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Əmlak Hərrac Mərkəzi MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən 64 saylı mənzilin hərracının keçirilməsi MMC-yə tapşırılmışdır. İş materiallarında olan hərrac keçirilməsinə dair bildirişdən görünür ki, ünvan 4 ünvanında yerləşən 64 saylı mənzilin hərracının xx.xx.2021-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. Hərracın ilkin satış qiyməti 285000 manat müəyyən edilmişdir. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə hərrac keçirilməsi bildirilmiş və əmlakın ilkin satış qiyməti 285000 manat müəyyən edilmişdir. İş materiallarında olan hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:00-da hərracın keçiriləcəyi bildirilmişdir. İlkin satış qiyməti 242250 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə edilməsinə dair xx.xx.2021-ci il tarixli təklifdən görünür ki, ünvan 4 ünvanında yerləşən 64 saylı mənzilin təkrar hərracı baş tutmamış və mənzil 181687,50 manata ipoteka saxlayana təklif edilmişdir. Kəpəz BOKT MMC tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, MMC Azərbaycan Respublikası İpoteka Haqqında Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 (iyirmi beş) faiz aşağı qiymətə yəni 181 687.50 (bir yüz səksən bir min altı yüz səksən yeddi manat 50 qəpik) məbləğinə əldə edilməsinə razı olduğunu bildirmiş, eyni zamanda müvafiq sənədləşdirilmənin aparılmasına dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Kəpəz Bokt MMC tərəfindən Nərimanov icra və probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı məxsus xx.xx.2020- ci il tarixli reyestrdə 3M-513 nömrə ilə qeyd edilmiş ipoteka müqaviləsinin icra edilməsi üçün Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 8İ-918 reyestr nömrəli icra qeydi icra şöbəsinə göndərildiyi qeyd edilmiş və borcalan İddiaçı məxsus olan işin Azərbaycan Respublikasının İcra haqqında qanununun 23-cü maddəsinin 23.1.1 bəndinə əsasən geri qaytarılması xahiş edilmişdir. İş materiallarında olan İcra sənədinin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, icra sənədinin Bakı Şəhəri 38 Saylı Notariat Kontorunə qaytarılması qərara alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinə əsasən Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmçinin həmin qərarada qeyd olunur ki, ipotekaya xitam verilməsi halları “İpoteka haqqında” Qanunun 48-ci maddəsində göstərilmişdir. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. (“İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələri). Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. (“İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 04/22 №-li “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadında göstərlimişdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi öhdəliyin təminatı olaraq ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsilə satılmasının mümkün olmadığı və ipoteka saxlayanın əmlakı əldə etmədiyi halda işə düşür. Ona görə də qeyd olunan normanın dispozisiya şərtlərinin yaranması üçün aşağıdakı zəruri əsaslar məcmu halda mövcud olmalıdır: 1) ipoteka ilə yüklü edilmiş əmlak barəsində iki hərracın keçirilməsi; 2) hər iki hərracın baş tutmamış elan olunması; 3) təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi. Həmin əsaslardan hər hansı birinin mövcud olmaması istinad olunan normanın tətbiqini istisna edir. Həmin qərardadda qeyd olunmuşdur ki, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Beləliklə, məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında kredit və bunun əsasında ipoteka müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən borc ödənilmədiyindən notariusun xx.xx.2021-ci il tarixli icra qeydi ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən, 18 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 142.7 kv.m. ümumi, 67.2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilə (Yeni qaydalarla AZ1008, Bakl şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M11, m1) 2020/00773 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 47145 manat 69 qəpik (qırx yeddi min bir yüz qırx beş manat altmış doqquz qəpik) tutma yönəldilmişdir. İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi Əmlak Hərrac Mərkəzi MMC-yə sifariş edilmişdir. İş materiallarından görünür ki, təşkil edilmiş hərraclar baş tutmadığından ipoteka predmeti ipoteka saxlayan "xxxx" xx.xx.2021ci il tarixli məktubla MMC-yə təklif edilmişdir. MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla ipoteka predmetinin əldə edilməsinə razılıq verilmiş, lakin müddət başa çatana kimi heç bir hüququ hərəkət edilməmiş, cavabdeh tərədndən buna dair məhkəməyə hərhansisa sübutlar təqdim edilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə Kəpəz BOKT MMC icra şöbəsinə məktub ünvanlayaraq icra sənədinin geri qaytarılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərarla icra sənədi 38 saylı Notariat Kontoruna geri qaytarılmışdır. Daha sonra icra sənədi üzrə hər hansı hərəkətlərin edilməsi barədə tərəflər tərəflər məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bundan başqa iddiaçı tərəfindən İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edildikdən sonra da, icra qeydi üzrə borcu 47145 manat 69 qəpik təşkil etdiyi halda, Kəpəz BOKT MMC-nin hesabına ümumilikdə 49000 manat ödənişlər edilmişdir. (xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 34000 manat). Göründüyü kimi iddiaçı tərəfindən icra qeydində göstərilən məbləğdən də artıq miqdarda pul ödənilmiş və hazırda da, heç bir borcu yoxdur. Həmçinin məhkəmə icraatı zamanı iddiaçının bildirdiklərindən görünür ki, tərəflər aralarında pulun ödənilməsi barədə razılığa gəlmişlər. Kəpəz BOKT ipoteka predmetini əldə etdiyi halda iddiaçıya müəyyən pul məbləği qaytarmalı olduğundan cavabdeh Kəpəz BOKT MMC bunu icra etməmişdir. Belə ki, ipoteka predmeti ipoteka saxlayana 181 687.50 (bir yüz səksən bir min altı yüz səksən yeddi manat 50 qəpik) manata təklif edilmiş, icra qeydi üzrə iddiaçının borcu 47145 manat 69 qəpik (qırx yeddi min bir yüz qırx beş manat altmış doqquz qəpik) təşkil etmişdir. Belə olan halda borcdan qalan əlavə məbləğ Kəpəz BOKT MMC tərəfindən iddiaçıya ödənilməli idi. İşin hallarından da göründüyü kimi icra qeydi üzrə icraata başlanıldıqdan sonra iddiaçı hətta icra qeydində göstərilən mənbləğdə də artıq məbləğdə pul ödədiyi halda cavabdeh Kəpəz BOKT MMC tərəfindən iddiaçının əmlakı ipoteka yüklülüyündən azad edilməmişdir. Eyni zamanda iddiaçının bildirdiyinə görə həmin MMC iddiaçıdan əlavə məbləğdə pul ödənişlərini tələb edir ki, bu da icra qeydində göstərilməmişdir. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus Bakı Şəhəri Nərimanov rayonu Xətai pr., ev 21, 64 saylı mənzilə dair bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və onun əsasında bağlanmış ipoteka müqaviləsi üzrə borc ödənilmiş və eyni zamanda tərəflər arasında ipoteka müqaviləsinin bağlanılmasına əsas olmuş kredit müqaviləsinin müddəti bitmişdir. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 2020/00773 №-li Kredit müqaviləsi 36 ay müddətinə bağlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka müqaviləsinə xitam verilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbini daşınmaz əmlakın ipotekasına xitam verilməsi hissəsini əsaslı hesab edir və qeyd edir ki, kredit müqaviləsi və onun əsasında bğalanmış ipoteka müqaviləsi üzrə borc ödənildiyindən (artıq məbləğdə), yəni kredit müqaviləsi üzrə öhdəliklər borclu (hazlrkı iş üzrə iddiaçı) tərəfindən icra edildiyindən, eyni zamanda ipoteka saxlayan ipoteka predmetini müəyyən olunmuş müddətdə əldə etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, ipoteka saxlayan ipoteka predmetini əldə etməyə razılığını bildirsə də sonrakı hərəkətlərin edilməsi, yəni müqavilə bağlanması ilə bağlı hər hansı sübutu, hətta müqavilə bağlanmış olsa belə borc məbləğindən artıq məbləği iddiaçıya qaytarılmasına dair hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməsinə razılıq verilsə də hər hansı icra hərəkətləri edilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı çəkilən qərardadında da qeyd edildiyi kimi nəzərə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına gətirib çıxara bilər. Bu səbəbdən hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən ipoteka saxlayan tərəfindən ipoteka predmetinin təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi və ya həmin müddətdən sonra əldə etdiyi halda mülkiyyətçi kimi ipotekaya xitam verilməsini tələb etmək imkanının mövcudluğundan əmin olmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericiliyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. Göründüyü kimi ipoteka saxlayan ipoteka razılığını bildirsə də heç bir hüquqi hərəkət etməmiş, predmetinin əldə edilməsi üçün hərrac təşkilatı ilə heç bir protokol imzalamamışdır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin təminatı kimi 19 may 2020-ci il tarixli, 2020/00773-İP saylı ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş, ünvan 7 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilməli, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən 64 saylı mənzil ipoteka yüklülüyündən azad edilməli və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilməlidir. Həmçinin ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 01 saylı Ərazi İdarəsinə həvalə edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin təminatı kimi 19 may 2020-ci il tarixli, 2020/00773-İP saylı ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş, ünvan 7 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilsin. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən 64 saylı mənzil ipoteka yüklülüyündən azad edilsin və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilsin. İpoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 01 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar