Məhkəmə qərarları › İş №2(004)-279/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-279/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-279/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində və xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək əlavə xərclər üçün hər ay 100 manat məbləğində alimentin və mediasiya xərcinin əvəzi olan 50 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, cavabdehlə xx.xx.2009-cu il tarixdə Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Faktiki nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. xx.xx.2020-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bundan sonra xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Ailə quran zaman münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Hazırda cavabdehlə faktiki birlikdə yaşamırlar. O, övladları ilə birlikdə Sabunçu rayon, Südçülük Ramana qəsəbəsi, Rəsul Rza 33 ünvanında valideyninin yanında yaşayır. Cavabdeh birgə nikahdan olan uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. Özü isə heç bir yerdə işləmir. Uşaqlarını çox çətinliklə böyüdür. O, dəfələrlə cavabdehdən uşağının saxlanılması üçün maddi kömək tələb etsə də, o bundan boyun qaçırır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil və qəbul etmir. İddiaçı ilə barışmaq istəyir. Lakin boşanacaqları təqdirdə ümumilikdə alient ödəməyə razıdır. Kiçik oğlu olmamışdan əvvəl iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəllərdə iddiaçının aliment tələbi olmuş, o, əmək haqqısının 1/3 hissəsi məbləğində aliment ödəmişdir. Lakin sonradan onlar barışmış və üçüncü uşaqları dünyaya gəlmişdir. Hazırda da 300 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 404799 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1828 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 653848 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı xx.xx.2010cu il təvəllüdlü X3 adlı övladı vardır. İş materiallarında olan 5 saylı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 659609 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladı vardır. İş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli, AZ-İİİ seriyalı 310218 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 adlı övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4275 nömrəli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh aylıq əmək haqqı bütün növ vergilər tutulduqdan sonra 689,8 (altı yüz səksən doqquz manat səksən qəpik) manat təşkil edir. Yasamal rayon Məhkəməsinin 16(004)-69/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından müəyyən edilir ki, müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilərək 09 iyul 2010-cu il təvəllüdlü X3, 30 yanvar 2013-cü il təvəllüdlü X5 və 16 oktyabr 2021-ci il təvəllüdlü X1 üçün müvəqqəti olaraq hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İşin mübahisəsiz halı odur ki, tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 adında övladları vardır və uşaqlar hazırda anaları İddiaçı yanında qalır. Tərəflər arasında rəsmi nikah xx.xx.2020-ci il tarixdə bağlanmışdır və hazırda nikah qüvvədə olsa da tərəflər ayrı yaşayır. xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən indiyədək aliment tutulmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən müvəqqəti aliment tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, məhkəmə cavabdehin əmək haqqı mələğini və uşaqların mənafeyini nəzərə alaraq qeyd edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehin aylıq əmək haqqı məbləğini nəzərə alaraq qeyd edir ki, iddia tələbi birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X2 üç yaşı tamam olanadək cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində alimentin tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad, 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad), nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) və ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(004)- 69/2022 qərardadı ilə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmasını və qətnamə ilə müəyyən edilmiş aliment məbləği ilə fərqin yaranmasını nəzərə alaraq qeyd edir ki, alimentin tutulması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(004)-69/2022 qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(004)-69/2022 qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar